Qarabağa gedən heyətdə olmamağıma çox təəssüflənirəm

Xalq artisti Fəxrəddin Manafovun Milli Kino Günü ad günü ərəfəsində APA-ya eksklüziv müsahibəsi

- Sabah (bu gün) Azərbaycanda Milli Kino Günüdür. Bu gün həm Sizin 52 yaşınız tamam olur. Ad gününüzü kino meydançasında qeyd edirsiniz?

- Əlbəttə, kino meydançasındayam. Elçin ƏfəndiyevinHökmdarın taleyifilmini yekunlaşdırırıq. O filmdə həm aktyor kimi oynamışam, həm aktyorlarla müəllim kimi işləmişəm.

- Xaricdən dəvət alırsınız?

- Ən çox Rusiyada filmlərə çəkilirəm. Moskvadan tez-tez dəvətlər gəlir. Avqustun 3-də yenə Moskvaya gedirəm. Səfərimin müddəti 10-15 gün olacaq. Artıq orada çəkildiyim 10 seriyalı film tamamlanmaq üzrədir. Həmin film günün ən gəlirli mövzusundan bəhs edir. Filmin rejissoru Aleksandr Kasadkindir.

- Sonuncu baxdığınız Azərbaycan filmi hansı olub?

- Sonuncu dəfə Rüstəm İbrahimbəyovunBir cənub şəhərifilminə baxmışam. Yeri gəlmişkən, o filmdə özüm çəkilmişəm.

- Sizcə, prezidentin kinonun inkişafı ilə bağlı sonuncu sərəncamı bu prosesə necə təkan verəcək?

- Bütün kino işçiləri buna görə prezidentə təşəkkür etməlidir. Biz bu sərəncamı çoxdan gözləyirdik, mənə elə gəlir ki, bu, kinonun inkişafına böyük təkan verəcək. Mən gələcəkdə Azərbaycan kinosunun öz yerini tutacağına inanıram. Azərbaycan kinosuna vəsait qoyulacaq. Bu vəsait isə məhz dövlət tərəfindən verilməlidir.

- Azərbaycanda potensialından yetərincə istifadə olunmayan bir neçə aktyorun adı çəkiləndə Fəxrəddin Manafovun adı ilk sırada olur...

- Mən bu fikirlə razıyam. Bu yaxınlarda Moskvada yaşayan həmyerlimiz , prodüsser Vaqif Əsədullayevin təşəbbüsü ilə tarixi bir filmin çəkilişlərini bitirdik. Həmin filmdə aktyor kontingenti görüb çox sevindim. Orada gənc aktyorların böyük potensialının şahidi oldum. Pontomim Teatrının gənc bir aktyoru var, adı Pərvizdi, çox gözəl aktyordu. Potensiallı gənc aktyorlarla işləmək lazımdır. Onunla işləməməyin günahı isə bu gün aramızda Rasim Ocaqovun olmamasıdır. Məndən keç kim inciməsin, ancaq bu gün Azərbaycanda rejissor yoxdur. Rejissor aktyorla işləməlidir. Çox təəssüf ki, belə rejissor yoxdur. Azərbaycan kinosunun beynəlxalq arenaya çıxa bilməməsinin əsl səbəbi məhz rejissor yoxluğudur.

- Azərbaycanda filmlərin dublyajı Sizi qane edirmi?

- Bizdə bir Eldəniz Rəsulov var, yenə o, nəsə bir görə bilir. Onun bu məsələlərdə əməyi var. Bugünkü dublyajın səviyyəsi məni qane etmir. Yəni texniki imkanlar baxımından çatışmazlıqlar çoxdur. Dublyajda süni səslər, süni qışqırtılar olmamalıdır. Bizim dublyaj aktyorları ilə işləmək lazımdır, inanın ki, bizdə dublyaj olunan filmlərə baxmaq olmur.

- Sizin dünya arenasına çıxa bilməyən, amma buna qadir bəşəri aktyor olduğunuzu deyənlər var...

- Artıq mənim yaşım ötüb, 52 yaş az deyil. Hardasa mənimlə eyni yaşda olanlar xoşbəxtdir, belə bir dövrə gəlib çıxıb. Bizdən əvvəlkilər istəsələr belə, bunu əldə edə bilməyiblər. Məsələn, Səməndər Rzayev, Həsənağa Turabov, Həsən Məmmədov çox böyük aktyorlar olub. Lakin onlar istəsəydilər , dünya arenasına çıxa bilməzdilər. Bu gün isə belə imkanlar var. Ancaq bu, çox böyük vəsait tələb edir. Heç olmazsa, Azərbaycanda belə bir film çəkilsəydi... Bircə görə bilsəydilər ki, dünyanı maraqlandıran problemi çəkə bilən bir rejissorumuz o filmi yaradan aktyor ansamblımız var... Axı buradan kənara çıxmırıqsa, bizi kim görəcək? Biz varlığımızı internet vasitəsilə göstərməyəcəyik ki...

- Sizə belə bir şərait yaradılsaydı, məsələn, Tom Kruz qədər məşhur ola bilərdiniz?

- Tom Kruz mənim yanımda uşaqdır. Sən Allah, Tom Kruz kimdir? Onun ətrafında işləyən professional psixoloqlardan tutmuş, bilim ssenari müəllifləri, rejissorlar olsa Azərbaycanda hər il yeddi demirəm, 70 Tom Kruz çıxar.

- Bu yaxınlarda tamaşaçılar Sizi klipdə gördü...

- Çəkildiyim klip Rasim Ocaqova həsr olunmalı idi. Çox təəssüf ki, “Rasim Ocaqova ithaf olunurtitrini çıxarıblar. Bizim silsilə yaratmaq ideyamız var idi. Filmlərdən rejissor, bəstəkar, aktyorlara həsr olunmuş mahnı ilə qurulmuş kompozisiyanın adını klip qoyurlar... Çox təəssüf ki, Zülfiyyə Xanbabayeva onun prodüsseri bu mətni oradan çıxardılar.

- Növbəti dəfə belə təklif gəlsə, razılaşacaqsınız?

- Əgər dəyərli bir olsa razılaşaram. Bir ki, mənim bu klipə razılaşmağım başqa söhbət olub. Zülfiyyə Xanbabayeva ilə görüşdük, xeyli söhbət etdik. Bizim fikrimizdə “Təhminə-2” ideyası var idi. Həmin vaxt Rasim Ocaqov yenicə dünyasını dəyişmişdi, bu da mənə çox pis təsir etmişdi.

- Klip ürəyinizcə oldu?

- Heç bir şey insanın ürəyincə olmur.

- Azərbaycan ziyalılarının bu yaxınlarda Dağlıq Qarabağa səfəri oldu. Sizə belə bir təklif gəlsəydi, necə qarşılayardınız?

- Qarabağa gedən heyətdə olmamağıma çox təəssüflənirəm. Mən Xankəndində anadan olmuşam. Bu səfərin olacağını əvvəldən bilsəydim, gedib iki ayağımı bir başmağa dirəyib deyərdim ki, məni aparsınlar. Növbəti dəfə belə bir səfər olsa, böyük məmnuniyyətlə gedərəm. 15-20 il ömrüm qalıbsa, öz torpağımızı görmək istəyirəm.

- Xankəndində haraları görmək keçir ürəyinizdən?

- Orda keçmişdən kimisə görə biləcəyimə inanmıram. Mən orada anadan olmuşam, təxminən 5-6 yaşında oradan çıxmışam. Şuşaya gedib ayaqlarımı Cıdır düzündən üzü aşağı sallamaq istəyərdim. Balından, meyvəsindən yeyib, çayında çimərdim. Bizim evimiz Xankəndindən 7-8 kilometr aralıda, Qar-qar çayının kənarında idi. Mən elə həmin evdə 1955-ci il avqustun 2-də, Azərbaycanın Milli Kino Günündə anadan olmuşam.

- Mətbuata niyə müsahibə vermirsiniz?

- Heç özüm bilmirəm axı, niyə sizə müsahibə verdim...

 

Bizim yol.-2007.-2 avqust.-S.15.