Mehdixanlı T.
Adil Rza oğlu
İsgəndərov haqqında yazmaq asan olduğu qədər
də çətindir. O, bütöv xarakterə malik
şəxsiyyət idi. Ömrü boyu kiminsə
önündə sınmayıb, sözünü,
amalını, əqidəsini dəyişməyib. Son
nəfəsində daxilində güc, qüvvə
toplayıb, tək bircə bu fikri deyib: "Süleyman
peyğəmbərə qalmayan dünya mənə də
qalmadı". Onu yaxından tanıyanlar bilirlər ki,
mərhum alicənab, qayğıkeş, mərhəmətli
insan olub.
Yeni nəsil üçün onun həyatından, tale
qismətindən bəzi məqamları xatırlatmağı
özümüzə borc bildik. O, Gəncə
şəhərində dünyaya göz
açmışdı. Orta məktəbi başa vurandan sonra
Bakı Teatr Texnikumu, Moskvada A.Lunaçarski adına
Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdi. 34 il
Akademik Dram Teatrında rejissor, baş rejissor, direktor
işləmişdi. Səkkiz ildən
çox "Azərbaycanfilm" kinostudiyasının direktoru
vəzifəsində çalışmışdı.
Neçə-neçə tamaşalara quruluş vermiş,
indi də dönə-dönə xatırlanan səhnə,
kino obrazları yaratmışdı. Məşhur
"Əhməd haradadır?" filmi onun şöhrətini
daha da artırmışdı. Əlli ildən artıq
İncəsənət İnstitutunda dərs demişdi.
Keçmiş SSRİ-nin xalq artisti, dövlət mükafatı laureatı, fəxri adlar, orden və
medallar almışdı. Heç zaman unudulmayan şöhrət
qazanmışdı, xeyirxah insan kimi yaddaşlarda
qalmışdı.
Adil İsgəndərovun həyatından, pedaqoji
fəaliyyətindən, sənətə
məhəbbətindən, sənətkarlığından,
səmimiyyətindən, qətiyyətindən çox
yazılıb. Haqqında ekrandan, efirdən
neçə-neçə verilişlərə baxılıb,
dinlənilib. Bu qeydlərim isə öz
müşahidələrimin, qənaətimin
nəticəsidir. Onu 55 il əvvəl ekranda
görmüşük, tanımışıq, sevmişik.
Əmək adamlarına mədəni xidmət kimi pambıq
tarlasının düşərgəsində səyyar kino
adlanan qrup zəhmətkeşlərə "Uzaq
sahillərdə" filmini göstərirdi.
Həmyaşıdlarımla ekran önündə
əyləşib maraqla, həyəcanla baxırdıq. Film
başa çatandan sonra elə bildik ki, "Mixaylo" indi
də bura gəlib soruşacaq: "Kinoda ən çox
yadınızda kim qaldı?" Cavab belə olardı:
"Səlahətli, nurlu kişi obrazı. O, avam,
görməmiş deyil. Səmimiyyətindən Ancilikaya
inanır, onu mehribanlıqla qarşılayır".
Günlər ötüb keçdi. Adil İsgəndərovu
biri digərinə bənzəməyən rollarda
gördük, özünü həyatda necə var,
eləcə tanıdıq. Ona qarşı
tamaşaçı sevgisi də təsadüfi deyilmiş.
Yeniyetmə Adil hələ 10-12 yaşlarında teatra maraq
göstərmişdi. Gəncə Pioner evində uşaqlar
üçün hazırlanan tamaşalarda fəal iştirak
etmişdi. Orta məktəbin sonuncu sinfində oxuyanda
təşəbbüs göstərir: "Qaçaq
Kərəm"ə "quruluş" verir. Həmin
tamaşaya baxan Cəfər Cabbarlı gənclərin ilk
işini bəyənir, xüsusən Adillə yaxından
tanış olur, onu Bakı Teatr Texnikumunda oxumağa
dəvət edir. Bəzən xırda bir diqqət, qayğı
insanın taleyində fərəhli hadisəyə
çevrilir. O, texnikumda nüfuz qazanır, istedadı, teatr
sənətinə sonsuz sevgisi, marağı ilə
tanınır. Təhsilini
başa vuran ili Moskvada Teatr Sənəti
İnstitutuna daxil olur. Eyni zamanda Vaxtanqov adına
teatrda işləyir. İnstitutu bitirib Bakıya
qayıdanda onu - 26 yaşlı gənci Azərbaycan
Dövlət Dram Teatrına baş rejissor təyin edirlər.
Əlbəttə, istedadına,
qabiliyyətinə, ən vacibi, teatrsevərlər, aktyorlar
tərəfindən sevildiyinə görə. Bədii rəhbər vəzifəsində
işləməyi də gənc rejissora etibar edirlər.
28 yaşında Adil müəllim teatr
sənətində ən böyük uğur qazanır.
Xalq şairi Səməd Vurğunun
"Vaqif" pyesinə verdiyi quruluş orijinallığı
ilə sevilir, dövlət tərəfindən yüksək
qiymətləndirilir. Ona xalq artisti
fəxri adı və dövlət mükafatı verirlər.
Unudulmaz Səməd Vurğundan bu müəqəddəs fikir
yadigar qalıb: "Vaqifi Tanrı yaratdı, mən yaşatdım,
Adil ona əbədi ömür verdi".
Vaqif obrazının bənzərsiz yaradıcısı
Ələsgər Ələsgərov deyərdi: "Adil
İsgəndərov teatrı varlığı qədər
sevir. Verdiyi mizanlar adamın canına sarı yağ
təki yayılır. O, nə qədər yumşaq
təbiətliysə, bir o qədər də sərt
adamdır. Rol bölgüsündə
təkcə aktyorun boy-buxununu yox, həm də səs tembrini,
göz ifadələrini, sifət cizgilərini
nəzərə alır. Adil
İsgəndərov əsl məktəbdir. Fəxr edirəm ki, mən də həmin
məktəbdə bilmədiyimi öyrənmişəm".
A.İsgəndərovun quruluşunda
"Vaqif" tamaşası dönə-dönə
oynanılıb, həmişə də alqışlanıb.
Əsərdən-əsərə daha da şöhrət,
tamaşaçı məhəbbəti qazanan rejissor bir-birinin
ardınca "Həyat", "Fərhad və
Şirin", "Xanlar", "Od gəlini"
tamaşalarına quruluş verib. Onun
"Otello"suna baxmaq üçün dünyanın
çox ölkələrindən Bakıya
gəlmişdilər. Məşhur rus
sənətşünası Aleksandr İvanov
aldığı təəssürat barədə
yazmışdı: "
Bu gün - yəqin gələcəkdə
də - Adil İsgəndərovun böyük sənətkar
kimi xatırlanmasına başlıca səbəb onun
istedadı, yüksək səviyyədə insani
keyfiyyətlərə, xarakterə malik olmasıdır. Onlarla aktyor, rejissor onun qayğısını
görmüşdü. Teatr sənəti
üzrə İncəsənət İnstitutunu
bitirənlərin əksəriyyətinə dərs
demişdi. Tələbələrinə deməzdi ki, bu
jesti, nüansı mənim kimi et. Deyərdi ki, rolun xarakterinə uyğun davran, oyun
göstər. Əgər bacarmırsansa,
sənətdən kənarlaş. Aktyor
bəzən ifasına görə səhnədə əyilir,
yalvarır. Lakin həyat səhnə deyil
. Gərək elə yaşayasan ki, sonralar
peşmançılıq hissi keçirməyəsən.
"Yadınızda saxlayın, yaşamaq
yanmaqdır. Xəcalətli, utana-utana
ömür sürməkdənsə, birdəfəlik
ölmək daha yaxşıdır. Abır-həyanı
gözləyənlər, sənətə sevgisi olanlar
dünyalarını dəyişəndən sonra da
unudulmurlar, ehtiramla xatırlanıb, yad olunurlar.
Respublikanın xalq artisti, tanınmış teatr rejissoru,
ömrünün 70-ci ilini yaşayan Ağakişi Kazımov
demiş: Allah-təala ruhunu şad etsin, Adil
İsgəndərov.
Ötən əsrin 60-cı illərin
əvvəllərində onu C.Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasının direktoru
vəzifəsinə təyin etmişdilər. O, bu
sahədə də yeni era yaratmış,
başucalığı qazanmışdı. Neçə-neçə
kino aktyorların yetişməsinə, formalaşmasına
çalışmışdı. Xalq
artisti, mərhum Lütvi Məmmədbəyov
söyləyərdi ki, Adil müəllimin sənətə
yeni gələnlərin gözlərinə bir dəfə
baxmağı kifayət idi onlara, ya "hə" desin, yaxud
da "yox". Rasim Ocaqov, Tofiq Tağızadə, Arif
Babayev, Rasim İsmayılov və başqaları onun
yetirmələri idi. Kinostudiyanın direktoru
işləyərkən onun arzularından biri də
"Vaqif" əsəri əsasında iki seriyalı
bədii film çəkmək olmuşdu. Amma
niyyəti alınmamışdı. Çünki
baş qəhrəmanın ifaçısı -
Ələsgər Ələkbərov dünyasını
dəyişmişdi. O, illərlə həmin filmin
çəkilişinin həsrəti, niskili ilə
yaşadı.
A.İsgəndərov bənzərsiz kinoaktyor
idi. Onun həvəslə yaratdığı "O
olmasın, bu olsun"da qoçu, "Qara daşlar"da
Xəlilov, "Uzaq sahillərdə" də Posselini,
"Romeo mənim qonşumdur"da Quliyev, "Qanun naminə"də
Kamilov, "Axırıncı aşırım"da
Kərbəlayı, "Dərviş Parisi partladır"da
Hətəmxan ağa, "Arxadan vurulan zərbə"də
Dadaş obrazları kino sənətimiz tarixinə
əbədi yazılıb. O, yaratdığı obrazların
taleyini yaşayanda, çəkiliş zamanında
təkcə qiyafələrini dəyişməyib, həm
də insan psixologiyasının mahir bilicisi kimi kamera
önündə istedad və qabiliyyətini nümayiş
etdirmişdi.
İstedadlı aktyor, rejissor "Əhməd
haradadır?" filminə quruluş vermişdir. O,
xatirələrində yazıb: "Mən kəndlə
şəhər arasında doğmalığı,
illərlə görüşməyən dostların
təsadüfən rastlaşanda sevinc-fərəhini incə
ştrixlərlə təsvir etməyə
çalışdım".
Adil müəllim 50 ildən artıq pedaqoji
fəaliyyətlə məşğul olmuşdu. Onun dərs dediyi yetirmələri milli
teatrımızın, kinomuzun inkişafında var
gücləri ilə çalışmış, istedadlı
aktyor, rejissor kimi tanınmışlar. "Əhməd
haradadır?" filmində sürücü Əhmədi
oynayan Elxan Qasımov müəllimini,
qayğıkeşinı, ustadını ehtiramla
xatırlayaraq: - Ustad sənətkar ilk baxışda qaya kimi
sərt görünərdi. Əslində
isə, ipək kimi yumşaq xarakterə malik insan idi. Tələbələrini əzizi qədər
istəyərdi. Hər birimizin
qayğımıza qalardı. Nəyəsə
ehtiyacımız olub-olmadığını soruşardı.
Biz ona güvənər, arxalanar, adını
qürur hissi ilə çəkər, ardınca inamla
gedərdik. Qəfil əcəl onun da, biz
yetirmələrinin də arzumuzu ürəyimizdə qoydu.
İlin bu vədəsində - 68 yaşında
həyatdan köçdü. Dünya kimə
qalmışdı ki, ona da qalaydı?!.
Otuz ildir görkəmli aktyor,
rejissor, unudulmaz pedaqoq, sədaqətli dost, səmimi insan Adil
Rza oğlu İsgəndərov haqq dünyasına qovuşub. Amma nailiyyətləri, xidmətləri,
qayğıları unudulmur, tanıyanlar tərəfindən
dönə-dönə xatırlanır, yad olunur. Çünki o, insan ucalığına, gərgin
zəhməti ilə sənət zirvəsinə
yüksəlmişdir.
Azərbaycan.-2007.-18 avqust.-S.8.