Təranə

 

Yaşadığımız hər dəqiqə keçmişə dönəcək

 

Azərbaycan səhnəsinin Müsyo Yordanının fikrincə, hər şey hələ irəlidədir

 

Əgər reyissor Şamil Mahmudbəyov dəvət etməsəydi, Sergey Yurskinin Azərbaycan kinosu ilə heç bir bağlılığı olmayacaqdı. Bizim tamaşaçılar onu "Dərviş Parisi partladır" filmindən tanıyır, Hətəmxan ağanın qonağı olan fransız alimi Müsyo Yordanın başına gələn əhvalatlarla bu filmdə tanış olurlar.

Hazırda isə Moskvada yaşayan məşhur aktyor və reyissordan avtoqraf almaq üçün hər gün pərdə arxasında uzun bir növbə düzülür. Müxtəlif yaş və ixtisas sahibləri, tələbələr ona yaxınlaşırlar. Gələcək aktyorlar Rusiyanın Xalq artistindən xeyir-dua istəyir, tələbə biletlərinə avtoqraf atmasını xahiş edirlər. S.Yurski qımışaraq "Axı buna məktəbin direktoru imza atıb" - desə də xeyri olmur. Bitib-tükənməyən axın yorulmadan S.Yurskinin sözlərini eşitməyə, az da olsa onun diqqətini çəkməyə can atır. Ondan ümumiyyətlə əl çəkmək istəməyən yurnalistlərlə görüşdə isə ilk növbədə suallarla tanış olmaq istəyir: "Ona görə ki, eyni mövzuda danışmaqdan yorulmuşam".

 

- Sergey Yuryeviç, bilirsinizmi, sizin haqqınızda "Gözəl aktyordur, heyif ki, çox az çəkilir" - deyirlər. Sizin özünüz necə düşünürsünüz?

- Nə üçün çəkilməliyəm? Görünür siz özünüz də çoxdandır ki, kinoya getmirsiniz.

- Teatrda işlər necə, çoxdurmu?

- Həddən artıq çoxdur, mən bir neçə teatrda - Kiçik Teatrda, Müasir Pyeslər Məktəbində, "Art həmkarları - 21" teatrlarında çalışıram. Artıq öz həmkarlarımla qərara almışıq ki, işi qurtarmaq lazımdır. Məncə vaxtdır...

- Siz heç zaman dərs verməmisiniz?

- Lazım olanda bir az işləmişəm. Ancaq bu, mənim ixtisasım deyil.

- İndi nəsə yazırsınızmı?

- Çox yazıram. Bu ilin payızında "Qərb ekspresi" kitabını qurtaracağam. Bu memuar artıq iki ildir ki, "Oktyabr" yurnalında çap olunur. Kitabın əsasını "Puşkinin səsi povesti" təşkil edir. Mənim daimi işim "Yeni qəzet"də müntəzəm köşə yazıları yazmaqdır. Bir sözlə, məktublar mənim həyatımın mühüm bir hissəsini təşkil edir.

- Sizin konsert proqramlarınız vardı. Xatırlayıram ki, orda Puşkinin şeirlərini oxuyurdunuz. Bu gün bu, kiməsə lazımdırmı?

- Moskvadan başqa hamıya lazımdır. Moskva xüsusi şəhərdir. Mən əvvəlki kimi həmin konsert proqramı ilə çıxış edir və demək olar ki, bütün dünyanı gəzirəm. Təkcə keçən il bu, 120 min kilometr məsafəni əhatə eləmişdi. Son illər həmin proqramı Berlində, Budapeştdə, Kiyevdə, Peterburqda göstərmişəm.

- Demək olarmı ki, teatr quruluşları sizi son zamanlar daha çox təsirinə salıb?

- Artıq "təsirə salıb" demək çətindir. Hər şey get-gedə darıxdırıcı olur. Mənə elə gəlir ki, teatr zahirdə çiçəklənir, ancaq içərisi bir o qədər qaranlıqdır. Ona görə də təəccüblü, heyranedici şeylərə çox nadir hallarda rast gəlirsən. Düzdür, hərdən yaddaşda qalan tamaşalar da olur. Teatr yaşayır. Əgər mənə nə vaxtsa elə gəlsə ki, heç nə xoşuma gəlmir, onda səhnədən dərhal uzaqlaşacağam.

- Eyni sözləri kino haqqında da deyərsiniz?

- Mənə elə gəlir ki, kifayət qədər çox filmdə çəkilmişəm. Çəkildiyim vaxtlarda bütün dünya kinematoqrafın cazibəsinə düşmüşdü. Orda da cazibə istisna hallardadır.

- Yəqin elə buna görə də çoxdandır çəkilmirsiniz?

- Kinonu necə adlandırmaq olar? Süyetli bədii film? Beləsi artıq çoxdan yoxdur.

- Siz "Görüş yerini dəyişmək olmaz", "Məhəbbət və göyərçinlər" filmlərini əsl ekran əsəri kimi misal göstərmək istəyirsiniz?

- Kino dövrü keçməyib. Həmin filmlərdən sonra mən "Çernov" filmini çəkmişəm. "Yevgeni Onegin" də uğurlu olub. Mən detektiv əleyhinə deyiləm. Əgər ssenari xoşuma gələrsə, məmnuniyyətlə çəkilərəm. Hazırda "Dovyenko" kinostudiyasından təklif almışam. İnanıram ki, çəkilməyə gücüm çatacaq.

- Komediya rolları - sizin stixiyanızdır?

- Hə, mənim stixiyamdır. Ostap Bender də mənim sevimli obrazımdır. Mən kinoda 30, teatrda 70, televiziyada 100 rol oynamışam. Deyə bilərəm ki, onlardan cəmi 10-unu xatırlamaq istəmirəm.

- Sergey Yuryeviç, həyat yoldaşınız və qızınız haqqında nəsə soruşmaq olarmı? Qızınız Daşa sizin ardınızca gedərək aktrisa oldu. Onun addımını bəyəndinizmi?

- Həyat yoldaşım Natalya Tenyakova məni qınadı ki, Daşanı bu yoldan çəkindirmədim. Özü isə buna çox çalışdı. Mən istədim ki, o, seçimini özü etsin. Baxmayaraq ki, indiki cavan aktrisaların vəziyyəti çox ağırdır. Çünki rollar yoxdur. Yazılan rollar da özündə əhəmiyyətlilik əks etdirmir. Doğurdanmı, biz yalnız teatrda və kinoda bunları göstərib: "Bu, qadın taleyidir" - deyə bilərik. Bu qadın taleyi deyil - faciədir. Cinslərin müharibəsidir. Qadınlar bunun nəticəsində aqressiv olurlar. Kişilər üçün qadın əşya və dəzgahdan başqa bir şey deyil. Qadın üçünsə kişi zənginlik mənbəyidir. Və yaxud bu qaranlıqdan yaxa qurtarmaq üçün pilləkəndir, vəssalam.

Natalya isə Kiçik Teatrda çalışır. Onunla səhnədə çox tərəf-müqabil olmuşuq. O, həmçinin "Müasir pyeslər məktəbi"ndə hazırladığım tamaşada da oynayır. Nataşa bu günlərdə "Qızıl maska" mükafatına layiq görülüb. Biz bir yerdə çox işləyir və qastrollara çıxırıq. Həmçinin Daşa da Moskva Bədii Teatrında çalışır. O da həmçinin bizimlə tamaşalarda oynayır. Qızım ailəlidir. Hələlik isə nəvəmiz yoxdur.

- Sizcə bizim kinematoqrafın keçirdiyi böhran, maliyyə qıtlığı, yoxsa "zəmanəmizin qəhrəmanı"nın olmaması ilə bağlıdır?

- Bu sual məni çoxdan narahat edir. Cavabını da bilmirəm. Ancaq gərək müzakirə edək. Əvvəllər bizim kinoda müharibə qəhrəmanları vardı - amansızlıqla mübarizə aparan, vətən uğrunda vuruşan, canından keçən qəhrəmanlar. Onları sonradan böyük xalq istedadları əvəz elədi. Onda ölkəyə elə gəlirdi ki, rus torpağında lampanı icad edən, dahiyanə şeirlər yazan, parlaq sərkərdələr doğulur. Ancaq bu təsəvvürlər özünü doğrultmadı. Ekrana kommunal mənzillərdən kənara çıxa bilməyən, heç nə uğrunda mübarizə aparmağı bacarmayan balaca adamlar çıxdı. Mənim özümə də bu zaman adi sıradan olan rollar tapşırıldı. Ancaq istisnalar da oldu - Ostap Bender, Vikniksor... İndi isə bu cür qəhrəmanlar yoxdur.

- Bəs Bender bu günün qəhrəmanı ola bilərmi?

- O əvvəlki kimi müvəffəqiyyətsizliyə məhkumdur. İndi adamlar öz tapşırıqlarını kəskin ağılla yerinə yetirməyi xoşlamırlar. Hamı daha çox pul əldə etmək istəyir. Əgər Bender sadəcə pul qazanmaq istəsəydi, o bu qədər maraqlı olmazdı. 1970-80-ci illərdə elə qəhrəmanlar yarandı ki, onları oynamaq mənə qismət oldu. Onlar səbirli, dözümlü qəhrəmanlar idi. Sonra çərənçi qəhrəmanlar zamanı yetişdi. Bir-birinin ayağından çəkən, bir-birini yıxmağa çalışan adamların tribunası yarandı.

- Onlar kimlər idi?

- Uğur qazananlar? Kim ki, bunu bacardısa o insanlar. Rus dilində "müvəffəqiyyət" və "bacarmaq" sözləri çox gözəl fərqlənir. Mən onları hər iki mənada "qaliblər" adlandırardım. Nəticədə bizim bugünkü qəhrəmanımız - yarı cinayətkar, yarı onlarla mübarizə aparan insan yetişdi. Cinayətlə mübarizədə biz amerikalılara uduzuruq. Onlar mürəkkəb, psixoloyi, inamlı polis rollarını çox gözəl oynayırlar. Təkcə bir qəhrəman qalır - cinayətkar. Killer. Və yaxud heç bir sərhəd tanımayan insan. O, amansızdır. Məncə, Fridrix Nitsşe bizim kinomuza baxsaydı, bir daha başına hava gələrdi.

- Doğrudanmı, bu gün bizdə yaxşı filmlər yoxdur?

- Var. Ancaq onlar insanları cəlb edirmi? Yox! Çünki qəhrəman yoxdur. Heç müəllifin özü də qəhrəman deyil. Yenə də ümidimi itirmirəm. Mənə elə gəlir ki, yaxın illərdə incəsənətin bütün sahələri üzrə ustalığın yüksək inkişafı baş verəcək.

- Ancaq sizdə bu gün üçün nəsə yaratmaq arzusu baş qaldırmırmı?

- Bu arzu təkcə məndə baş qaldırmır. Mən hərdən yüngül vodevillər qoyduğuna görə çalışdığım teatrı və başqa teatrları qınayıram. Bunlar xırda şeylərdir, insanları yalnız əyləndirir. Əxlaqa sığmayan bu qəbil tamaşaları səhnədə görmək insana əzab verir. Bəlkə də bütün bunlara hazırda heç birimizdə olmayan boş vaxtlarda baxmaq olar. Mən indi nə etmək istərdim? Zarafatlaşmaq. Ona görə ki, ətrafda bu qədər mənfiliklərin olduğu vaxtda ciddiliklə dərs keçmək mənasız işdir. Yeganə çarə bütün bunları zarafatla əvəzləməkdir. Bu ruhda çoxlu hekayələr yazmışam.

- Siz keçən il Yaponiyada tamaşa hazırladınız. Özünüz üçün dünyanın Şərq düşüncəsindən nəsə götürməyə müvəffəq oldunuzmu?

- Səbr və bütün danışdıqlarım haqqında mühakimə yürütməyim bunun nəticəsidir. Bilirsinizmi, avropalılarla yaponlar arasında fərq nədədir? Məsələn, avropalı çiçəyi müəyyən məsafədən görür və fikirləşir: "Forması necə maraqlıdır". Və onu öyrənməyə başlayır. Amma yapon ondan soruşur: "Siz nə üçün o çiçəklə maraqlanmırsınız?" - "Necə!" - avropalı cavab verir. "Hə, mən iki il yalnız onunla məşğul olmuşam". - "Yox, siz başqa şey haqqında yazmısınız, siz onu öldürmüsünüz, onun haqqında yalnız canlı olanda danışmaq olar". Ona görə də yaponlar həmişə şəkil çəkirlər. Heç nəyi dəyişmədən, heç nəyə toxunmadan, hər şeyi canlı görərək çəkirlər.

- Həyatda sizi yuxunuzdan nə məhrum edə bilər?

- Xəstəlik. Elə gecə olub ki, ürəyim ağrıdığından bircə dəqiqə də yatmamışam. Mən həmin dəqiqələrdə Kaçalovun vətəndaş müharibəsi haqqında xatirələrini oxumuşam. Onun müharibənin dəhşətləri barədəki hissləri ilə yaşamışam. Bununla da ürəyimin ağrısı keçib.

- Həyat gözəldirmi?

- Çox gözəldir. Mən həyatın gözəllikləri haqqında keçmiş zamanda danışmağı sevmirəm. Çünki bu gün yaşadığımız hər dəqiqə də keçmişə dönəcək. Hər şey irəlidədir.

 

Kaspi.-2007.-30 avqust.-S.16.