Məhərrəmova T.
Üzü qocalığa doğru...
Rasim Balayev, Xalq artisti: "Sənəti
kütlənin səviyyəsinə endirmək olmaz!"
O sənətə gələn
vaxtlarda meyarlar belə ölçülmürdü.
Tələblər çox sərt idi. O zaman nə
mənasız kliplər ekran əsəri kimi təqdim olunur, nə
klip qəhrəmanları özlərini Hollivud ulduzları
hesab edir, nə də klipmeykerlər özlərinə reyissor
deməyə cəsarət edirdilər. O zaman böyük
səhnəyə yollar uzun-uzadı öyrənmə
proseslərindən keçirdi. Bu ciddi sınaqdan
keçmək də hər kəsə müyəssər
olmurdu.
Belə bir zamanda sənət
kahkəşanında görünən cavan bir oğlan ilk
çəkildiyi ekran əsəri ilə hamını heyran
qoydu. O vaxt adı xalqa heç nə deməsə də, bu
gün onu hamı tanıyır. Tanınmış kino aktyoru,
Xalq artisti Rasim Balayevi deyirik.
- Ötən
həftə Kino Günü qeyd olundu. Bu bayramı daha
çox sevinc və ya nostalyi hisslərlə qeyd etdiniz? Yoxsa,
sıradan olan bir bayram idi?
- Sıradan olan bayram idi. Düzdür, kino çəkilir, müəyyən
işlər görülür, kinoya dövlətin
qayğısı var. Bununla belə, sıradan olan bayram idi.
Çünki bu gün kinoda mənim
istədiklərim yoxdur.
- Sizin istədikləriniz nədir ki?
- İstədiyim odur ki,
filmlər çəkilsin. Kinostudiyanın
həyətini satanlar pulu ciblərinə qoymasınlar. Kino camaat üçün çəkilir. İndi çətin zamandır. Kinoteatrlar işləmir. Camaat filmlərə
kinoteatrda baxa bilmir. Ümumiyyətlə,
insanlar kinoteatra gedə bilmirlər. Vaxt
vardı filmin primyerası anşlaqla keçir,
tamaşaçılarla görüşlər olurdu. İndi belə şeylər yoxdur. Əvvəllər prokatlar vardı. İndi onlar da yoxdur. Daha
doğrusu, SSRİ dağılandan sonra çox şeylər
itdi.
- Çox ümidsiz
danışırsınız. Ancaq kino ilə
əlaqəli adamların çoxu bu gün kinomuzda
irəliləyişin olduğunu vurğulayır, inkişafdan
danışırlar.
- İnkişaf
deyəndə diqqət var, filmlər çəkilir. Müəyyən
məhsullar da var. Son vaxtlar bir neçə film
çəkilib. Məsələn, son
vaxtlar çəkildiyim filmlər bir dəfə
"Azərbaycan" kinoteatrında, bir dəfə də
"Soyuz"da göstərilib. Ondan sonra
filmlər televiziya ekranlarına çıxıb. İstərdim ki, camaat bu filmlərə kinoteatrlarda
baxsın. Ona görə də bu gün kino
sahəsində çox şey ürəyimcə deyil. Problemlər çoxdur. Mövzu
etibarı ilə beynəlxalq standartlara cavab verən kino
çəkmək lazımdır. Bu
gün danimarkalının başa düşəcəyi
problemi azərbaycanlı nə cür həll edir? Elə mövzular götürülməlidir ki, onu
azərbaycansayağı həll edəsən. Bir az qınımızdan çıxmaq
üçün ümumbəşəri mövzular
seçməliyik. Xeyir, şər,
məhəbbət ümumi mövzudur. Bunu
Azərbaycan kinosu və ya teatrı nə cür həll edir?
Beynəlxalq bazara çıxmaq üçün
yüksək professionallıq, çəkilən filmə bir
qədər ticari baxmaq lazımdır: bu mal beynəlxalq
aləmdə qəbul olunacaqmı? Biz filmi
təkcə öz ölkəmiz üçün
çəkməməliyik.
- Deyirsiniz ki, camaat kinoteatrlara getmir.
Bəs nə üçün əyləncəli proqramlar,
şoular, müxtəlif konsertlər keçiriləndə
elə həmin salonlarda adam əlindən
tərpənmək olmur? Hətta
tələbatı nəzərə alıb belə
proqramları 3-4 gün təkrar da təqdim edirlər.
- Camaatın zövqü korlanıb. Oxumağı bacarmayan müğənni oxuyur. Qəribədir ki, camaat da həmin konsertə gedir.
İndi camaat ciddi filmlərə baxmaq
istəmir. Qadın paltarı
geyinməklə səhnəyə çıxıb
insanları güldürürlər. Ədəbsiz
lətifələr əsasında səhnəciklər
hazırlayırlar. Bir sözlə,
insanların zövqünü korlayırlar.
- Bütün bu təbliğatlarda
kimi günahkar görürsünüz? Qınağınız
kimlərə qarşıdır?
- Ümumi bəladır. İpi əldən vermişik. Sənət
xalqdan, kütlədən bir addım irəlidə
olmalıdır. Sənəti
kütlənin səviyyəsinə endirmək olmaz. Ancaq bu gün sənət kütlənin
səviyyəsinə enib.
- Hazırda kinoya gənclər
cəlb olunub. Onların səviyyəsi necə,
sizə qane edirmi?
- Ümid verən gənclər var.
Sənədli filmlər, qısa və tam metraylı
filmlər çəkirlər. Bu sahədə
güclü rəqabət olmalıdır.
Ümumiyyətlə, kinoya az pul
buraxılır. Ucuz ətin isə
şorbası olmur. Məsələn,
Moskvada 1 milyon 500 min dollara çəkilən film bizdə 250
min manata çəkilir. Çəkiliş
meydançasına çıxan aktyora hər gününə
görə 3 manat pul ödənilir. Aktyor
da bu pulla, çəkildiyi dağın başında,
yalnız pomidor, çörəklə dolanır. Məmurlar öz maaşlarını dünya
səviyyəsinə qaldırırlar, ancaq aktyorların
maaşı haqqında düşünmürlər.
- "Bu gün
sənətə gəlsəydim, heç bir uğur qazana bilməzdim"-
bu sizin sözlərinizdir. Sizə elə
gəlmirmi ki, bu fikriniz bu gün sənətə üz tutan
gəncləri ümidsizliyə sürükləyə
bilər?
- Nə bilim vallah... Mən
özümdən danışmışam. Ona görə demişəm ki, kinoya
çəkilmişəm və tamaşaçılar məni
kinoaktyor kimi tanıyır. Əgər
ötən əsrin 90-cı illərində sənətə
gəlsəydim, harada oynayacaqdım? Yəqin 1-2 il gözləyib özümə yeni bir
sənət, ya da bir ticarət obyekti tapacaqdım.
- Siz gərək ki, filmlərin
özəl prodüser mərkəzlərinə həvalə
olunmasının da əleyhinəsiz? Müsahibələrinizin
birində bu mərkəzlərdə istehsal olunan filmləri
hətta "oyuncaq filmlər"
adlandırmısınız.
- Mən bu filmlərin
çəkilişində heç bir fərq görmədim. Dedilər ki, filmləri çəkəcəyik,
satacağıq, beynəlxalq arenaya çıxacağıq.
Ancaq heç nə dəyişmədi. Prodüser mərkəzlərinə ayrılan pulu
kinostudiyaya versəydilər, heç olmasa, kommunal
xərclər ödənilərdi.
- Rəhmətlik Rasim Ocaqov
müsahibələrinin birində "indiki zamanda kino
çəkmək ağılsız işdir"- demişdi. Bəs kinoya çəkilmək istəyənlər
nə deyir?
- Ola bilsin ki, sənət adamları
müəyyən bir çətinliklə rastlaşarkən
emosionallıq göstərib belə deyirlər. Mən bütün çətinlikləri bir-bir
sadalamaq istəmirəm. Adi bir misal deyim: kinostudiyanın
çox gözəl kostyum sexi vardı. O sex lap köhnə
illərin geyimlərini əks etdirən
şöbələrə bölünmüşdü. Müəyyən film çəkiləndə
oradakı paltarların çoxundan istifadə olunurdu. Bu
gün gedib ora baxın: naftalin olmadığından kostyumlar
bərbad hala düşüb. Birinin kürəyi
yox, birinin qolu və s. Bu elementar bir detaldır. Adicə bir detal görürsən ki, kinonun bədii
dəyərinə nə qədər mənfi təsir
göstərir. Uzun illərin
baxımsızlığı, soyuqqanlı münasibət
nəticəsində bir film çəkəndə nə
qədər çətinliklərlə
qarşılaşmalı olursan. Yəqin
Rasim müəllim də o baxımdan deyib.
- Son vaxtlar hansı filmlərdə
çəkilmisiniz? Belə demək olarmı ki, bu gün
Rasim Balayevin bir qədər kölgədə qalmasında
və ya filmlərə az
çəkilməsində yaxşı ssenarilərin
olmaması da rol oynayır?
- Belə də demək olar. Yaxşı ssenarilər olanda çəkilirəm.
Düzdür, aralarında
ürəyimcə olanı da var, olmayanı da. Son vaxtlar
"Küçələrə su səpmişəm",
"Hüseyn Cavid", "Qala" filmlərində
çəkilmişəm. "Küçələrə
su səpmişəm" artıq ekranlara çıxıb.
"Hüseyn Cavid" filminin istehsalı da
başa çatdırılıb. Ancaq 6
aydır eşidirəm ki, filmin montayı gedir. Gah İrana, gah Rusiyaya yollanırlar. Nədənsə başa gəlmir. "Qala" filminin də istehsalı yaxın
vaxtlarda başa çatacaq.
- Demisiniz ki, mən bəxtə,
taleyə inanan adamam. Taleyinizdən daha nə
istəyirsiniz?
- Allah nə
qədər ömür veribsə ləyaqətlə
yaşamaq. Bu qədər çalışmışam. Bundan
sonra da ləyaqətlə çalışmaq
istəyirəm. Qəbr evinə qədər Allah-təala
şüurumu əlimdən almasın. Bir də ... bir az
işləmək istəyirəm. Əvvəlki
yaradıcılıq atmosferini arzulayıram. Mən bir az
hal-əhval adamıyam. Tez ruhdan düşdüyüm kimi, ruh
düşkünlüyündən tez bir zamanda
çıxmağı da bacarıram. Bir xətdə olan adam
deyiləm. Bilirsinizmi, mənim işim var. Guya mən
işləyirəm, gəlirəm, müəyyən ictimai
işlərlə məşğul oluram. Amma
əsl işimdən ayrı düşmüşəm
deyə bəzən özümü lazımsız,
bəzən gücsüz hesab edirəm. İki klipdə
çəkilib, bir rol oynayıb yekə-yekə
sənətdən danışan adamlara yazığım
gəlir. Çünki mən bu sənətin içinə
girdikcə hiss edirəm ki, hələ heç nə
etməmişəm. Elmdə də elədir. İnsan nə
qədər az bilir, ona elə gəlir ki, çox şey
öyrənib. Müəyyən şeyləri biləndən
sonra görür ki, hələ heç nə bilmir.
Doğruçu, əsl sənətin içinə vardıqca
görürsən ki, sən heç kimsən. Amma bu gün
ekranlardan çox yekə-yekə sözlər deyirlər. Biri
deyir ki, gedib "Oskar" gətirəcəyəm, biri deyir
ki, nə bilim nə edəcəyəm... Bu mənada o
adamların ağzını yummaqda gücsüzəm.
Gücsüzəm ona görə ki, eləmək istədiyim,
bacara biləcəyim işlə istədiyim kimi
məşğul ola bilmirəm. Belə bir söz var:
"Ümid axırıncı ölür". Hələ
ki, ümidlə yaşayırıq. Amma mən yenə də
inşallah deyirəm. Mənim tənəzzül dövrüm
də, renessans dövrüm də olub. Yenə də
inkişaf dövrüm olmalıdır. Məndə belə
bir inam var. Bu inam artıq utopiya deyil. Bu inamı yaradan
səbəblər var. Allah ömür versə, yenə də
öz sözümü demək istəyirəm. Və
mənə elə gəlir ki, deyəcəm.
-
İşinizlə, kinomuzun problemləri ilə bağlı
sadaladıqlarınız elə bilirəm ki, bu gün
doğum gününüzü - 59 yaşınızı qeyd
etməyə mane olmayacaq?
- Allaha
şükür edirəm ki, bu günə qədər
gəlib çıxmışıq. Ancaq üzü
qocalığa doğru gedirik. Sevinməyə nə hacət?
Kaspi.-2007.-8 avqust.-S.16.