Mükərrəmoğlu M.
Məni yaşadan sənətimdir
Yalçın Əfəndiyev - 70
Ömür də çay kimidir. Gözünü açıb görürsən, illər axıb gedir, hər şey xatirəyə dönür. Yaradıcı adam üçün isə bu ömür yollarından yadigar qalan sənət əsərləridir. Yalçın Əfəndiyev də beləcə 70 ilin nə vaxt gəlib ötüşdüyünü yuxu kimi təsəvvür edir. Bircə təsəllisi budur ki, filmləri xalqın milli sərvətinə çevrilib. Həyatının mənasını da elə bu əsərlərin varlığında görür. Beləcə 70 yaşın sənətlə bağlı xatirələrini qəlbində yaşadan sənətkarın xidmətlərinin dövlətimiz tərəfindən qiymətləndirilməsi onun yaradıcılığı üçün stimul olub. Ali komsomol mükafatı, əməkdar incəsənət xadimi və nəhayət, bu günlərdə xalq artisti fəxri adına layiq görülməsi bu sənətkarın yaradıcılığının səviyyəsi barədə çox şeylər deyir. Yalçın Əfəndiyev Azərbaycan kinosunun istedadlı, professional rejissorlarındandır. Onun yaradıcılığı ilə tanışlıq deməyə əsas verir ki, bir rejissor kimi çəkdiyi filmlərdə milli ruh, Azərbaycan tarixinə realist yanaşma, yüksək sənətkarlıq gətirdi.
Yalçın Əfəndiyev
bitkin təbiətə
malik insan olduğundan, onun yaradıcılığında da bu aydın
hiss olunur. Baxmayaraq ki, o,
1966-cı ildə sovet kino məktəbində təhsil
almışdı, ancaq yaradıcılığında
sosialist ideologiyasından tamamilə uzaq idi. Çünki o, bu
xalqı sevir və filmləri ilə bunu bir daha
təsdiqləyirdi.
Rejissorluq da ki, çox
mürəkkəb bir sənətdir. Bunu xırdalamağa
bəlkə də ehtiyac yoxdur. Bir məsələni demək
istəyirəm ki, rejissor dünyanın hadisələrinə
öz nəzərləri ilə diqqət yetirən
sənətkardır və ona görə də çox vaxt
deyirlər ki, film öz rejissoruna çox bənzəyir. Yəni
həlim xasiyyətli rejissor çətin ki, qəddarlıq
təbliğ edən film çəksin. Əslində, elə
Yalçın müəllimin filmlərində də onun
təbiətinin elementləri var. Onun filmlərində boş,
mənasız kadrlar tapmazsan. Filmlərinin hər kadrında,
hər epizodunda o, əsas mahiyyəti unutmur və bu detallar
birləşərək tam bitkin bir əsərə
çevrilir.
Yalçın
Əfəndiyev "Xalq artisti" fəxri adına 70
yaşı tamam olduğu bu günlərdə layiq
görülüb. Cənab Prezidentimizin bu təltifı kino
ictimaiyyətinin ürəyincə oldu. Çünki sənət
dostları, elə onun sənətini sevənlər də
Yalçın müəllimin işgüzar, istedadlı
sənətkar olduğunu yaxşı bilirlər.
40 ildən çoxdur
Yalçın Əfəndiyev Azərbaycan milli kino
sənətinin inkişafına xidmət edir. İndinin
özündə belə yeni ssenarilər üzərində
işləyir. Mədəniyyət və Turizm Nazirliyinin
ssenarilərin qəbulu üzrə ekspert Şurasının işində
iştirak edir, üstəlik Mədəniyyət və
İncəsənət Universitetində pedaqoji fəaliyyətlə
məşğul olur.
Yalçın
Əfəndiyevin sənət yolu "Azərbaycanfılm"
kinostudiyasından başlanıb. O vaxt studiyanın Redaksiya
Kolleksiyasına rəhbərlik edən Yusif
Səmədoğlu Eldar Quliyevlə ona "Səməd
Vurğun" filmini çəkməyi tövsiyə edir. Eldar Quliyevlə birgə təhsil almışdılar
və birgə studiyaya dönmüşdülər. Yalçın Əfəndiyevin müəllimi
Lev Kulişov və
Boris Belokurov olmuşdu.
Hər ikisi müqtədir sənət adamları idilər. Beləcə, "Səməd Vurğun" sənədli
filmi ilə Yalçın Əfəndiyev
ilk sənət addımı
atır. Film xronikal-sənədli materialların
bolluğu ilə deyil, Səməd Vurğun yaradıcılığına
yeni baxış kimi əlamətdar oldu. Gənc rejissorlar təsdiq
etdilər ki, onların işləmək
həvəsi və istedadları var. Sonra ardıcıl olaraq sənədli filmlər çəkən rejissor, özünü təsdiq etdi. Bir rejissor kimi milli kinomuzun yaradıcıları sırasına
daxil oldu. "Qayıdışına inanırdı" filmini əslən Cəbrayıl
rayonundan olan Sovet İttifaqı Qəhrəmanı C.Əhmədovun
qəhrəmanlıqla dolu
döyüş yoluna
həsr etmişdi.
"Azərbaycan, Azərbaycan!" filmini isə operator Zaur Məhərrəmovla çəkmişdi.
Bir az
tarixdən, bir az bu günümüzdən
bəhs edən bu ekran əsəri
sənədli kadrların
dili ilə çox həqiqətləri
andırırdı. Üstəlik, burada Rəsul Rzanın "Təbrizim"
şeirindən verilən
parça senzuranın
diqqətindən yayınmasa
da, böyük çətinliklə onu qoruyub saxlamaq mümkün olmuşdu.
Film 1974-cü ildə Ümumittifaq
kinofestivalının laureatlarından
biri oldu. "Naxışların yaddaşı" filmi isə Moskvada keçirilən festivalın
mükafatını qazandı.
Yalçın müəllimin filmləri
Moldovada, Litvada keçirilən festivallardan
da uğurla dönmüş, mükafatlar
qazanmışdır.
1976-cı ildə
S.Vurğunun 70 illiyi münasibətilə ekranlaşdırdığı
"Yaxşı ki, dünyada Səməd Vurğun var" filmi bizim sənədli
kino tariximizin çox uğurlu nümunələrindəndir. Bu film böyük şairin həyat və yaradıcılıq yolunun
bir növ ekran salnaməsidir. Burada S.Vurğun haqqında məşhur rus yazıçıları öz
fikir və mülahizələrini bildirir,
onun həyatından çox əlamətdar anları ekrana gətirir. Fadeyev öz çıxışlarının
birində - "Yaxşı
ki, dünyada Səməd Vurğun var" deyir. Bu film haqqında yəqin
ki, kinotədqiqatçılar
öz sözlərini
deyəcəklər. Və yəqin
ki, "Ağ pələnglə görüş"
birgə sovet-Vyetnam filmi haqqında daha geniş bəhs edəcəklər.
Bu filmin Yalçın
Əfəndiyev yaradıcılığında
xüsusi yeri vardır.
Yalçın Əfəndiyev geniş diapazonlu rejissordur. Onun filmlərində
təbiət, insanlar olduğundan da gözəldirlər. Bir müddət
"Azərbaycanfilm"in xronikal-sənədli
və elmi kütləvi filmlər istehsalı birliyinə rəhbərlik edib.
O dövrdə, tariximizə,
mənəvi dəyərlərimizə
həsr edilən onlarla filmi yüksək
professionallıq, səviyyəlilik
fərqləndirmişdir. Yalçın müəllim də bir neçə filmə məhz bu dövrdə quruluş vermişdir.
"Dönüş" filmi isə Anadoluda doğulmuş Anadolu Əbilovaya həsr olunmuşdur.
Bu filmdə Anadolu
xanımın Atatürkdən
ad alması çox sonradan maraqlı epizod kimi filmə
daxil edilmişdir.
Filmdə Süleyman Dəmirəlin
də Anadolu xanım haqqında fikirləri əks olunub. Yalçın Əfəndiyev "Xatirələr sahili" adlı bir bədii
filmə də quruluş vermişdir.
Bu film gənc dostlar haqqındadır.
Ataları müharibədə həlak olmuş bu gənclər onları birləşdirən
səbəbin mahiyyətini
yaxşı başa düşürlər."Xatirələr sahili" öz lirik, romantik, bir qədər də nostalji hisslərin toplandığı
bir filmdir.
Yalçın Əfəndiyevin filmlərini sadalamaq fikrində deyilik. Amma bir həqiqəti demək istəyirik ki, onun yaradıcılığının
bizim kino sənətində öz məxsusi rolu var. Ömrünün 70-ci ilini
başa vurmuş bu təcrübəli sənətkar bu gün də yaradıcılıq axtarışındadır.
Mustafabəy Topçubaşov haqqında film çəkməyə
hazırlaşır. Deyir ki,
indi yaradıcılıq üçün geniş imkanlar açılıb.
Əsas da budur ki, sənət
adamları hiss edirlər
ki, onların yaradıcılığı dövlətimiz
tərəfindən dəstəklənir.
Mən özüm də
bu münasibəti görürəm. İlk fəxri adı - "Əməkdar incəsənət
xadimi" adını
ümummilli lider Heydər Əliyev, "Xalq artisti" adını isə böyük öndərin
siyasi kursunun davamçısı, möhtərəm
Prezidentimiz İlham Əliyev verdi. Mən bütün kinosevərlər, kino ictimaiyyəti adından Azərbaycan kino sənətinin inkişafına
göstərdiyi qayğıya
görə möhtərəm
Prezidentimizə öz
dərin minnətdarlığımı
bildirirəm. Biz sənət adamları çalışacağıq ki,
möhtərəm Prezidentimizin
bu etimadını yeni-yeni əsərlərimizlə
doğruldaq.
Xalq qəzeti.- 2007.- 15 avqust.- S. 4.