Mükərrəmoğlu M.

 

Yeni televiziya filmləri

 

 

"Şamaxı abidələri"

 

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyində 2007-ci ilin tematik planında nəzərdə tutulan "Şamaxı abidələri" etnoqrafık-sənədli televiziya filminin çəkilişləri başa çatıb. IX əsr qala abidəsi olan "Qaleyi Bəyqurd", Şirvanşahlar dövrünün istehkam qalaları, eləcə də "Qız qalası" adlandırılan "Gülüstan" qalası lentə alınıb. Uzaq əsrlərdən günümüzə qədər yetişən, adət-ənənələrimizin qorunub yaşandığı Şamaxının Avaxıl kəndində toy, şax bəzəməsi, bəy tərifi mərasimləri filmə daha da rəngarənglik qatacaq. Şirvan-Abşeron xalçaçılıq məktəbinə mənsub məşhur Şirvan kilimlərinin toxunduğu Sis kəndindən yaşlı qadınlar toxuculuq sənətimizlə bağlı hana ətrafında söhbətlər aparır, ilmələrdən, kilim üçün seçilən rənglər, onların təbii üsulla hazırlanmasından danışırlar. Filmin yaradıcı heyəti Şirvan muğam məktəbinin gənc ifaçılarını bir yerə toplayaraq söz-sənət məclisi qurublar. "Şamaxı abidələri" televiziya filminin ssenari müəllifı Zərnişan Azayevanın sözlərinə görə Göylər kəndinin "Pirmərdəkan", şair Nəsiminin qardaşının uyuduğu Şah Xəndan türbələri, Seyid Əzim Şirvaninin qəbirüstü abidəsi, eyni zamanda 7 günbəz məzarlığı filmdə öz ekran həllini tapacaq.

Montaj prosesində olan filmin rejissoru Elşən Zeynallı, operatoru Mətləb Yaqubovdur.

 

"Rövşən Behcət"

 

Muğam, bəstəkar və xalq mahnılarının mahir ifaçısı olan Rövşən Behcətə həsr olunan sənədli televiziya filmində müğənninin sənət yolu, taleyindən söhbət açılır. 16 yaşında ailəsilə birlikdə Cənubi Azərbaycandan Şimala köçən Behcət film boyu həyatının müxtəlif dövrlərini xatırlayır. İlk çıxışları Gəncə Dövlət Dram Teatrı səhnəsində olan "Göy-göl" ansamblındakı uğurları danılmazdır. Film boyu xalq artisti İslam Rzayev Rövşən Behcət haqqında xoş xatirələrini danışır, sənətinə göstərdiyi ehtiramını bildirir. Filmdə arxiv materiallarından, 50-ci illərin xronikalarından, eləcə də Rövşən Behcətin lent yazılarından geniş istifadə olunacaq. Çəkilişləri Gəncə, Hacıkənd, Samux və Bakıda aparılan filmdə müğəninin sənət dostlarıyla görüşlərinə də xüsusi yer ayrılıb.

Filmin ssenari müəllifi Camal Yusifzadə, rejissoru Miri Rzayev, operatoru Adil Abbasovdur.

 

                 Xalq qəzeti.- 2007.- 4 avqust.- S. 5.