Sərvaz
Daddıqca dadlanan həyat
Müsahibimiz xalq
şairi Sabir Rüstəmxanlıdır
- Sabir
müəllim, hər dəfə “Ölüm zirvəsi”
romanınız barəsində düşünərkən
belə hesab edirəm ki, o əsəri bir növ
canınız, ruhunuz əvəzi bilərək
araya-ərsəyə gətiribsiniz. Qəribədi
ki, “Ölüm zirvəsi”nin qəhrəmanı Cavad xanın
vətənpərvərlik duyğuları,
düşüncələri həm də Sabir
Rüstəmxanlı ömürlüyünü göz
önünə gətirir...
- Bu, bir tale işidi. Mən on səkkiz-on doqquz yaşında
yazdığım “Vətən” adlı şerimdə Cavad
xanın adını çəkmişəm. O şeir
mənim 1970-ci ildə çapdan çıxan ilk
kitabımın ilk səhifəsində verilib, Azərbaycan
anlayışının, vətən duyğusunun mənim
yaradıcılığımda doğurduğu ilkin
assosiasiyaları özündə ifadə edir.
Məsələn,
Bir əlçim buluddu,
Bir ömür oddu,
bir içim sudu...
Yandıqca odlanan ocaqdı,
Daddıqca dadlanan arzudu,
Bir dərə bahar leysanıdı,
21 Azərin qanıdı,
Cavad xanın qətl yeridi,
Sabirin “fəxriyyə” şeridi,
Dağları dumanda itən
Vətən, vətən...
Yəni hələ o gənclik illərində
bu bilgilər, bu rəmzlər mənim üçün
Azərbaycanın xəritəsini cızırdı,
Azərbaycan obrazı mənim
düşüncələrimdə məhz bu
cizgilərdən, bu adlardan, bu sərhədlərdən
keçirdi. Ömrü boyu məni Cavad xan obrazı
düşündürüb. Hələ 1971-ci ildə Sabir
Poeziya günləri başlananda Şamaxıda - Sabirin
heykəlinin qarşısında mən “Vətən”
şerimi oxumuşdum. Həmin Sabir Poeziya günlərində
çox sevdiyim və ömrünün sonuna qədər
də dostluq elədiyim böyük ədəbiyyatşünas
alim rəhmətlik Abbas Zamanov da iştirak etdirdi. Abbas Zamanov
həm də böyük əqidə, mübarizə adamı
idi. O vaxt Abbas müəllim Ədəbiyyat muzeyinin direktoru
idi. Həmin o şeir məclisindən sonra mənə
tapşırdı ki, sabah gəl mənim yanıma. Ertəsi
gün getdim. İş stolunun siyirməsini çəkdi,
oradan böyük bir portret - şəkil çıxartdı
və məndən soruşdu ki, şerində adını
çəkdiyin Cavad xanın şəklini
görmüsənmi? Dedim: “Yox, mən heç bilmirəm Cavad
xanın şəkli olub-olmayıb”. Abbas müəllim
həmin o iri portreti qoydu mənim qarşıma və dedi ki,
bu, Cavad xanın şəklidi: “Bunu götür, sənə
bağışlayıram. Amma heç kimə demə”.
Çünki hələ o vaxtlar Cavad xanın adının
çəkilməsi yasaq idi. O zaman mən kirayə də
yaşayırdım və təbii, kirayənişin
qaldığım evlər də tez-tez dəyişilirdi.
Bakının elə bir guşəsi yoxdu ki, mən orada
kirayədə yaşamayım. Ancaq kirayədə
qaldığım o evlərin iki dəyişilməz əşyası,
atributu var idi. Hər ikisini divardan asmışdım. Bunun biri
o vaxt həvəskar rəssam tərəfindən
çəkilib hazırlanmış Xətai portreti idi.
Altında yazılmışdı: “Ana dilim qeyrət dilimdi,
mənəvi varlığım, dövlət dilimdi”. Biri
də onun yanından asılmış Cavad xanın
şəkli idi. O illərdən başlayaraq Cavad xan folklor
qəhrəmanlarından da yuxarıda dayanan, Azərbaycan
tarixinin çox canlı bir səhifəsi kimi mənimlə
birgə yaşayıb, mənimlə birgə
böyüyüb. Koroğlular, Nəbilər öz
yerində, ancaq real bir şəxsiyyət, real bir
qəhrəman olaraq Cavad xan mənə həmişə daha
doğma, yaxın olub. Bu duyğu məni necə tutmuşdusa,
80-ci illərin əvvəllərində Moskvada olduğum bir
neçə gün ərzində “Cavad xan” adlı bir poema da
yazmışdım. Amma o vaxt Qlavlit o poemanın “Cavad xan”
adıyla nəşr olunmasına icazə vermədi. Elə
bayaq adını çəkdiyim “Vətən” şerimin
çapına da icazə vermirdilər. Həmin şeri
çox böyük çətinliklə ilk kitabıma daxil
edə bilmişdim. İlk kitabımın redaktoru olmuş
İlyas Tapdıq şahiddi və onun razılığı
ilə o şeir ilk kitabıma daxil edilmişdi. Mən bu
yaxşılığına görə İlyas
Tapdığa minnətdaram. 80-ci illərin
əvvəllərində yazdığım poema da kitabda
çap olunanda əsərin “Cavad xan” adıyla çap
edilməsinə icazə verilmədi. Baxmayaraq ki, poemada Cavad
xanın həyat və fəaliyyəti, oğlanlarıyla
bağlı çox şey qələmə
alınmışdı. Ancaq dedilər ki, heç olmasa Cavad
xanın adını başlıqdan çıxart. Ona görə də əlacsız qalıb
başlığı dəyişəsi oldum və o poema “Qan
yaddaşı” adlı kitabımda “Sönmüş
ocaqların harayı” adıyla çap edildi. İllər
uzunu bu poema mənim yaradıcılıq gecələrimdə
oxunub, televiziya üçün səhnələşdirilib,
Bakı Bələdiyyə Teatrının aktyorları
bu poema əsasında tamaşa hazırlayıb.
Yazdıqlarım içində çox oxunan və sevilən
bir əsərdi. Və mən bu poemanı həmişə
öz poetik yaradıcılığımın zirvəsi hesab
eləmişəm. Ən çox xalq artisti Nurəddin
Mehdixanlının dilindən səslənib. Və mənim
də xəyalımda Nurəddin Mehdixanlı yavaş-yavaş
Cavad xana çevrilib. Onunla Cavad xan haqqında aramızda
çox uzun söhbətlər olub. Nurəddin
həmişə israr edirdi ki, bu əsəri bəlkə bir
televiziya filmi kimi hazırlayaq, ya elə poemanı
səhnələşdirək. Amma son dəfə bu
məsələ üzərinə gələndə mən
dedim ki, Cavad xan haqqında poetik filim yox, ciddi arxiv
sənədlərinə söykənən, geniş bir filmin
çəkilməsini istəyirəm. Bu da çox
çətindi. Tərəddüdlə yanaşırdım.
O poemadan, onun obrazlarından, şeirdən ayrılmaq çox
çətin idi. Hər halda, “Cavad xan”
yazılarkən mən həm arxivdə, həm də Axundov
adına Kitabxanada çox çalışmışdım.
Əlimə düşən kitabları, mənbələri
oxumuşdum. İndi təzələmək lazım gəldi
yaddaşımda olan o faktları, dəlilləri. O vaxt
hələ çap olunmamış və yaxud ortada olmayan bir
sıra kitablara da yenidən baxdım. İndi bu kitabların
sayı xeyli artıb. Məsələn, Dubrovinin
altıcildliyi var. Pottonun “Qafqaz müharibələri” adlı
beşcildliyi var, Azərbaycanda deyəsən bir-iki
nüsxəsi olan Bıtkovun üçcildliyi var, “Qafqaz
Arxeoloji Araşdırmaları Komissiyası”nın on
ikicildliyi, Gürcüstan tarixiylə bağlı kitablar var.
Eyni zamanda, bir çox başqa əsərlər. Bunların
hamısını bir də gözdən
keçirəndən sonra ssenarini yazdım. Amma materiallar o
qədər çox idi ki, gördüm ssenari bitəndən
sonra da ürəyimdə rahatlıq yoxdu. Ssenarini
Mədəniyyət və Turizm Nazirliyinə təqdim
elədim. O ssenari qəbul olunub istehsalata buraxıldı. Amma
bundan sonra mən yenidən oturdum və mənə doğma
olan bu mövzu əsasında yenidən “Ölüm
zirvəsi” romanını yazdım. Roman bitəndən sonra
ssenariyə bir də qayıtdım və ssenaridə bəzi
hadisələrin xronologiyasını dəqiqləşdirdim.
Yəni, roman ssenariyə kömək elədi, ssenari romanı
doğurdu. Deyim ki, 2006-cı ili başa-baş mən bu
yaradıcılıq ağrısının və
yaradıcılıq xoşbəxtliyinin sevinci içində
oldum. İndi də hələ o hadisələrin
içindəyəm. Çünki film çəkilib
qurtarmayıb. Hələ çəkilişlər gedir. Ola
bilsin nə vaxtsa, yəni film çəkilib qurtarandan sonra mən
romana bir də qayıdacağam. Yeni ideyalar, fikirlər də
var. Ancaq təkcə Cavad xan deyil ki?.. Çox
təəssüflər olsun, ömür altmışı
haqlayandan sonra bu fikrə gəlmişəm. Çox
istərdim ki, “Göy Tanrı” romanıyla başlayan bu iş
bir silsiləyə çevrilsin. Çünki “Göy
Tanrı” tanrıçılıqla, Oğuz xanla bağlı
bir tarixi romandı və tariximizin ən qədim bir
dövrünü əhatə edir. “Ömür kitabı”nda da
yenə qədim tariximizə müraciət var. “Ömür
zirvəsi” xanlıqlar dövrü tariximizlə
bağlıdı və nəhayət, “Xətai yurdu”nda da
meydan hərəkatını yazmışam. Ancaq bu arada o
qədər parlaq dövrlər, parlaq
şəxsiyyətlər var ki, illər uzunu onlar haqqında
xeyli bilgi yığmışam, xeyli materiallarım da var.
Təəssüf ki, vaxt məni darıxdırır,
əlimdəki işlər yarımçıq qalır.
Məsələn, difahilər haqqında yazmağa
başladığım əsərimi tamamlamaq
istəyirəm. “Difahi” Azərbaycanda ilk siyasi partiyalardan biri
idi. Bu partiya 1906-cı ildə erməni terrorizminə
qarşı müqavimət təşkilatı kimi
yaradılmışdı. Deyim ki, əsərin xeyli
hissəsini yazmışam. Ancaq filmin çəkilişi
başlanandan bəri qələmi yerə qoymuşam. Sonra
başqa bir kitabım da var. O da
“Vətəndaşlığın əlifbası” adlanır.
Bu əsər bir növ “Ömür kitabı”nın ikinci
hissəsi, sonudur. “Ömür kitabı”nda başlanan
fikirlər, ideyalar burada yekunlaşır. Mən bunları
vaxtilə çalışdığım “Ədəbiyyat
qəzeti”nə və qələm dostlarıma bir növ
hesabat kimi deyirəm. Bilirsinizmi, həyatda
elə məqamlar olur ki, sanki insanın bəsirət
gözü birdən-birə açılır. İndi
birdən-birə hiss edirəm ki, mən ömrü boyu bu
işlərlə məşğul olmalıyammış - ancaq
Azərbaycan tarixini araşdırmalı və onunla
bağlı nəsr əsərləri yazmalıyammış.
Bu tendensiya mənim poeziyamda da var. Təvazödən
kənar səslənməsin, mənim poeziyam Azərbaycan
poeziyasında tarixə bağlılıq baxımından
fərqlənən, vətəndaşlıq duyğusunun daşıyıcısı
olan bir poeziyadı. Elə bilirəm ki, poeziyada
başladığım o iş hələ bitməyib,
tamamlanmayıb. Elə bil ki, şeirlə tarixi
həqiqətlərin hamısını demək mümkün
deyil. Düşündüklərimin şeirlə ifadəsi məni
doyuzdurmurdu. Elə bilirəm ki, xeyli gec
başlamışam bu işə. Amma bundan sonra, hər halda,
bayaq adlarını çəkdiyim kitabları tamamlamaq
arzusundayam...
- “Ölüm zirvəsi”ndə belə bir məqam var ki,
yağı düşmən bir neçə
istiqamətdən Gəncənin üzərinə hücuma
keçir, Cavad xanı yenmək istəyir. Cavad xan Rusiya
hegemonluğu, erməni hiyləgərliyi, gürcü
knyazlarının dönüklüyü ilə
üzbəüz qalır. Belə bir vaxtda o, Şəki,
Şamaxı, Bakı, Naxçıvan, Quba, Qarabağ
xanlarına məktub yazıb, düşmənə
qarşı birliyə çağırır. Ancaq
Azərbaycan xanlarının mənəmlik iddiası
ucbatından Cavad xan təklənir. Nə qədər acı
olsa da, etiraf etməliyik ki, biz Xankəndini, Şuşanı,
Laçını, Kəlbəcəri, Ağdamı,
füzulini, digər rayonlarımızı da həmin
biganəliklə itirdik. “Məndən ötdü - qardaşıma
dəydi” arxayınlığının güdazına getdik.
Məncə, “Ölüm zirvəsi” “bizdən ötüb - vətənə
dəyənlərin” ağrısından doğan bir
elegiyadı...
- Şübhəsiz! “Ölüm zirvəsi” ilk
növbədə bədii əsərdi. Amma, eyni zamanda, tarixi
hadisələrə, dəlillərə,
sənədlərə söykənən bir romandı. Bu
əsərdə uydurmalar demək olar ki, yoxdur. Cavad xanın
dövrünün tanınmış xanları ilə
görüşü olub, özü də
dəfələrlə. Qarabağda, Şuşada da
görüşlər olub. Cavad xanın Qacarla da
görüşdüyü tarixi faktdı. Hətta Qacar onu
Şuşada Bakı xanıyla birlikdə gözdustağı
edib. Əsərdə göstərilən o ayrılıqlar,
mənəmliklər də olub. Bizim bugünkü
bütün ayrılıqlarımızın,
təklənməyimizin kökü oradan gəlir. Çox
təəssüf. Zaman keçir, amma o psixologiya,
birliyimizə mane olan riyalar hələ də qalır.
- Sabir müəllim, bir az öncə xalq
yazıçısı Anarın ssenarisi əsasında
Hüseyn Cavidin həyatı haqqında çəkilmiş
filmə baxdıq. O filmdə iblisliyin əbədi
fəaliyyət sərhədsizliyi bütün
həyasızlığı ilə əks olunub. Necə
deyərlər, iblisliyin daşıyıcıları
dəyişir, mahiyyət etibarilə əməllərsə qalır...
Bu ağrını xalqımız öz tarixi boyu
həmişə çəkib.
- Əvvəla onu deyim ki, böyük dövlətlərin
bizim regionda həmişə güclü marağı olub.
Osmanlı dövləti yaranandan sonra Azərbaycan
ərazisindəki türk dövlətilə onun
arasını vurmaq üçün bütün Avropa
dövlətləri həmişə maraq göstəribdir. Uzun Həsəndən başlamış Şah
İsmayıl Xətai - Sultan Səlim, Topal Osmanla Nadir xan
savaşlarının ssenarisi Avropada yazılırdı.
Və türk dünyasında birliyin olmaması
üçün Avropa dövlətləri dəridən-qabıqdan
çıxırdılar. Üstəlik Rusiyanın da Qafqaz
siyasəti var idi. Və Qafqazdan türkləri,
müsəlmanları təmizləyib, buranı xristianlar
arasında bölüşdürmək,
erməniləşdirmək planı var idi. “Yunan
variantı” deyilən bir variant var idi ki, bu barədə
“Ölüm zirvəsi”ndə ətraflı bəhs olunur. 250 ildən
artıqdır ki, bu regionu ələ keçirmək, buradan
azərbaycanlıları çıxarmaq, bu bölgəni
Rusiyanın bir parçasına çevirmək siyasəti
aparılıb. Bugünkü Qarabağ müharibəsi
də həmin siyasətin davamıdı. Bu siyasətə
çatmaq üçün çox vaxt özümüzü
özümüzə qarşı vuruşdurublar,
özümüzü özümüzə qarşı
düşmən ediblər. Mənim də
“Ölüm zirvəsi”ni yazmaqda məqsədim o olub ki, biz bu
ağrını hiss edək. Əgər o zaman Azərbaycan
xanlıqları birləşsəydilər Gəncədə
o ağır məğlubiyyət olmazdı, beş min
gəncəli məhv olmazdı. 16-17 min gəncəli əsir
düşməzdi, Gəncənin altı
üstünə çevrilməzdi. Orada qadınları,
qocaları, uşaqları aman vermədən qırıblar.
Bu tarix zaman-zaman təkrar olunub. 1918-ci ildə müstəqil
dövətimiz qurulub, onun dalınca Gəncə
qırğınları olub. Uzun illər Gəncəyə
qarşı Moskva psixologiyasından gələn soyuq bir
münasibət olub. Uzun illər bu tarixin öyrənilməsi
yasaq edilib. Yalnız son vaxtlar - Azərbaycan
müstəqilliyini əldə edəndən sonra
Gəncədə Cavad xanın qəbirüstü abidəsi
ucaldılıb. Yaxşı haldı ki, Azərbaycan
dövləti, Azərbaycan Mədəniyyət və Turizm
Nazirliyi Cavad xan haqqında film çəkmək təklifimizi
müsbət qarşıladı, maliyyə
məsələlərini həll etdi. Bu, çox böyük
bir hadisədi. Hesab edirəm ki, bu, film tariximizə
baxış silsiləsindən yeni bir mərhələnin
başlanğıcı olacaq. Nəhayət ki, öz
tariximizə normal baxışa öyrəşəcəyik,
ağa-ağ, qaraya-qara deməyə
öyrəşəcəyik. Bu filim vaxtilə
bölgədə baş vermiş hadisələrə
işıq salacaq. Cavad xan təkcə qəhrəman deyildi,
o, həm də böyük diplomat idi. Cavad
xanın Gəncəsi balaca bir xanlıq olsa da, Gəncə o
vaxt Qafqazdakı hadisələrin mərkəzində
dayanırdı. Hətta Gürcüstan çox böyük
həvəslə Rusiyanı dəvət edəndən sonra, ruslar
gəlib Gürcüstan çarlığını
ləğv eləyib, Gürcüstan çarının varislərini Peterburqa apararaq orada
gözdustağı eləyəndən sonra gürcü
knyazlarının özləri Cavad xana müraciət
ediblər ki, sən möhkəm dayan, biz bu xəyanəti
indi başa düşmüşük, hətta Şah Abbas
Gürcüstanın dövlətçiliyini ləğv
etmədiyi bir halda, rusların bu işi görməsi heç
bir əxlaqa sığmır, sən geri çəkilmə
və biz də sənə kömək edək, bu
xəyanətə qarşı birgə mübarizə aparaq.
Cavad xanın onlara cavabı ibrətamiz bir tarixdi: “Siz iki yüz ildən sonra da
çalışacaqsınız ki, rusları öz
torpaqlarınızdan çıxarasınız, ancaq buna
çətinliklə nail olacaqsınız”. fikir ver, 1804-2004...
İki yüz ildən sonra Gürcüstan torpağından
rus ordusu çıxarıldı. Görün Cavad xan
hadisələri necə uzaqgörənliklə qiymətləndirmişdi...
- “Ölüm zirvəsi”ndə Cavad xan həm də
ziddiyyətli bir insan kimi təqdim olunur...
- Şübhəsiz, Cavad xan iddialı bir insan deyildi. Ancaq o,
ziddiyyətli bir şəxsiyyət idi. Bəzən onu
əzazil bir insan kimi səciyyələndirirlər. Ancaq bu
əzazillik onun taleyindən irəli gəlirdi. Onun
atasının taleyi, qardaşının taleyi, Gəncənin
taleyi... Gəncə-Qarabağ bəylərbəyliyi
bölünmüşdü, Borçalı əldən
çıxmışdı - Nadir şah onu
gürcülərə vermişdi. Qazax-Şəmsəddin
mübahisəli yerlər idi... Bunların hamısı Cavad
xanın çiyinlərinə yüklənmişdi. O, rahat, əhlikefliliklə
yaşamırdı ki... filmə gəldikdə isə
təəssüf ki, romandakı epizodların heç biri orada
yoxdu. film yalnız Gəncənin dörd-beş
gününü əhatə edir.
- Mətbuatdan bilirik ki, Azərbaycan Prezidenti cənab İlham
Əliyev filmin maliyyə çətinlikləri ilə
bağlı müraciətinizi müsbət
cavablandırıb. Belə ki, ölkə
başçısı filmin çəkilişi
üçün lazım olan vəsaitin dövlət
büdcəsindən ayrılması barəsində
göstəriş vermişdir.
- Mən bu barədə fikirlərimi televiziya
vasitəsiylə də bildirmişəm. filmin ssenarisi
təhvil veriləndən sonra onun həcmini, vaxtını
dəqiq müəyyənləşdirmədən
birseriyalı film kimi müqavilə bağlanmış və
planlaşdırılmışdı. Amma sonra gördük
ki, bu həcmdə film çəkmək nəzərdə
tutduğumuz effekti vermir. Mən Milli Məclisdə
büdcə müzakirə ediləndə bu
məsələni qaldırdım, baş nazirə
müraciət etdim, ayrı-ayrı nazirliklərə, iş
adamlarına, müxtəlif instansiyalara fikrimi bildirdim,
məktublar yazdım. Hamıdan cavab belə gəlirdi ki, bu
çox yaxşı, vacib işdi, olmalıdı, bu film
üçün pul verilməlidi. Hətta mənə misal göstərənlər
də oldu ki, bax, görürsünüzmü Qazaxıstan
“Köçərilər” filminə nə qədər pul
xərcləyib? Təəssüf ki, heç kəs
əməli olaraq lazım olan yardımı etmədi.
Hətta Cavad xanın qoruduğu, mənəvi havasını
yaratdığı Gəncədən belə xoş bir
xəbər ala bilmədik. Nəhayət, mən Prezidentə
müraciət elədim. Deyim ki, Cavad xanın
məqbərəsi son illərdə ucaldılıb. Söz
yox, Cavad xanın qədrini bilməsəydi, iqtidar onun
qəbrinin üstündə abidə ucaltmazdı. Yəni,
dövlət Cavad xanın yerini, qədir-qiymətini bilir.
Hörmətli Prezidentimiz İlham Əliyev mənim
müraciətimi müsbət qəbul edərək lazımi
vəsaitin ayrılmasına göstəriş verdi. Mən
televiziya vasitəsiylə demişəm, qəzet
vasitəsiylə də bir daha təşəkkür
edirəm. Bu, bir əməl işidi. Mədəniyyət
millətin varlığının əsas amillərindən
biridir.
Bazar ümidinə kitab, film qoymaq olmaz. Təəssüf
edirəm ki, bu gün rayonlarımızda kino-teatrlar
fəaliyyət göstərmir. film çəkilir, bəs bu
filmlər harada göstəriləcək? Ancaq mən
inamlıyam ki, yaxın illərdə bu kino-teatrlar da bərpa
olunacaq. Kino dünyada milləti tanıtdıran bir
sənətdi. Ola bilsin ki, kitabı oxumurlar, kitabın
tərcüməsi, nəşri çətindi. Ancaq filmdi,
idmandı - bunlar qısa bir vaxt daxilində bütöv bir
millətin, xalqın xarakterini, varlığını
tanıtdırır. Bu baxımdan ölkə
başçısı səviyyəsində “Cavad xan”
filminə göstərilən qayğı məni sevindirdi
və bu münasibət məni inandırdı ki, doğrudan
da yaxın vaxtlarda kino yaradıcılığında
böyük dönüş olacaq. Son vaxtlar
mədəniyyət, ədəbiyyat və incəsənət
sahələri ilə bağlı ölkə
başçısı tərəfindən imzalanan
sərəncamların “Cavad xan” filminə olan qayğıyla
üst-üstə düşməsi məni sevindirir.
Ədəbiyyat qəzeti.-
2007.- 17 avqust.- S. 2; 6