Sevgi
qurtaranda hər şey bitir
Hacı
Murad Yagizarov: "Aktyoru hər adam başa
düşə bilməz"
Respublikanın
Xalq artisti, Dövlət mükafatı laureatı Hacı Murad
Yagizarov, İosif Kobzondan fərqli olaraq, yurnalistlərlə
görüşü
Ya teatr, ya da rinq
- Soyadınız bir qədər
qəribə səslənir.
- Heç bir qəribəlikdən
söhbət gedə bilməz. Sadə bir
familiyadır. Nə qədər Yagizarovlar
var, bizim soyadın daşıyıcılarıdır.
Atam Dağıstandan, Bunatskdandır. Varlı
olduqları üçün 1917-ci ilin sosiolist inqilabından
sonra onun bütün ailəsini Sibirə sürgün
ediblər. Atam o zaman Moskvada ali
təhsil alırmış. O, xeyli cəhd
göstərəndən sonra, Moskvada rəhbər
şəxslərdən birinin qəbuluna
düşərək ailəsini azad etdirə bilib. Sibirdən qayıdandan sonra, o nəslin
nümayəndələrinin yarısı Mahaçqalada,
yarısı Kislovodskda, yarısı Qafqazın başqa
şəhərlərində məskunlaşıb. Atamsa Bakıya gəlib.
- Bildiyimcə, siz idmanla məşğul
olub, hətta çempionluq zirvəsinə yüksəlmisiniz.
Bu karyeradan imtina etməyinizə səbəb
aktyorluq sənətinə önəm verməyinizmi oldu?
- Uşaqlıqdan idmana
həvəskar olmuşam. 12 yaşımda
ikən voleybol bölməsinə yazıldım və
yarışlarda müntəzəm iştirak etməyə
başladım. İdmanın bütün
növlərinə həvəsim vardı. Üzgüçülüyə, sonra isə boksa
həvəs göstərdim. Səylərim öz
nəticəsini verdi. Tezliklə idmanda ilk
uğrumu qazandım: yeniyetmələr arasında boks üzrə "Spartak" Cəmiyyəti
Respublika Şurasının çempionu oldum. Daha
sonra şəhər və respublika çempionu adını
qazandım. İdman ustalığına
namizəd dərəcəsini ödədim. Mütəxəssislərin fikrincə,
idmançı kimi gələcəyimə böyük
ümid vardı. Yaxşı boksçu
kimi yetişə bilərdim. Ancaq bu o
demək deyil ki, mən bu gün idmandan uzaqlaşmışam.
40 yaşımda karate ilə məşğul
olmuşam. Bir ara idmandan
uzaqlaşandan sonra formamı itirdiyimi gördüm. Yaman kökəlmişdim. Ona
görə də, idmandan birdəfəlik ayrılmamaq
qərarını verdim.
- Bəs aktyorluğu necə
seçdiniz?
- Hər şey təsadüf
nəticəsində oldu. İdmanla
məşğul olduğum vaxtlarda hələ
gələcəkdə hansı sənətin dalınca
gedəcəyimi bilmirdim. Oxuduğum 174
saylı məktəbdə nadinc uşaq kimi
tanındığımdan məni məktəbin xuliqanı
adlandırırdılar. Bir gün məktəbimizdə
fəaliyyət göstərən dram dərnəyinin
rəhbəri məni "Sprinter" pyesində Qaçan adam roluna dəvət etdi. Mən
əvvəlcə razı olmadım. Çünki,
dəcəlliyimə baxmayaraq, həddən artıq utancaq
idim. Hətta, dərsə cavab
verəndə sıxılıb-utanırdım. Səhnəyə çıxıb o qədər
adamın qarşısında nəyisə ifa etməyi isə
təsəvvürümə gətirə bilmirdim. Amma dərnək rəhbərinin təkidindən
sonra rolu oynamağa razı oldum. Hamıya
təəccüblü görünsə də rol uğurlu
alındı.
Peşəkar
səhnəyə gəlməyimdə isə görkəmli
aktyor Ələsgər Ələkbərovun böyük
köməyi oldu. Dayım Mahmud onunla yaxın dost idi. O,
dünyasını dəyişən ərəfədə
Ələsgər əmidən xahiş etdi ki, məndə
gözü olsun. Ələskər əmi
dayımın vəsiyyətinə əməl elədi.
Bir gün mənə: "Murad, mən səndə öz
gəncliyimi görürəm. Sən aktyor
olacaqsan. Amma bu çətin yolu
gedəcəksənsə, gərək bircə addım da
nə geriyə, nə sağa, nə də sola
çəkilməyəsən. Qarşında
maneələr çox olacaq, amma gərək
dözəsən".
Beləcə, ilk
xeyir-duanı Ələskər Ələkbərovdan aldım. O, məni kinostudiyaya,
"Uzaq sahillərdə" filminin sınaq
çəkilişlərinə apardı. Sınaq
üçün məni Mixaylo roluna çəkdilər.
Amma baxışda məlum oldu ki, bu rol
üçün çox gəncəm. Bununla
belə filmdə kiçik bir rola, Ələkbərovla bir
səhnədə partizan roluna çəkildim. Reyissor Həbib İsmayılov Mixayloya
çəkildiyim sınaq materiallarına baxıb, məni
"Ögey ana" filmində Çoban roluna dəvət
etdi. Bu filmdə də Ələsgər
əmi ilə birlikdə çəkildim.
- Səhv etmirəmsə, təhsil
almaq üçün üz tutduğunuz Ümumittifaq
Kinematoqrafiya İnstitutunda uğursuzluqla
qarşılaşmısınız.
- Məktəbi bitirən kimi Moskvada
Ümumittifaq Kinematoqrafiya İnstitutunun aktyorluq
fakültəsinə daxil olmaq üçün
göndəriş aldım. Mədəniyyət
Nazirliyindən göndəriş mənə və
Tələbəlik
illərində tamaşalarda oynadığımdan və
filmlərə çəkilməyimlə əlaqədar,
demək olar ki, dərslərə vaxtlı-vaxtında gedə
bilmirdim. Müəllimlər
məşğələlərə getməməyimdən
şikayətlənsələr də, mən artıq
özünü təsdiqləyən bir aktyor kimi
tanınırdım. "Ögey ana"dan sonra
"Mahnı qanadlarında", "Aygün",
"Şosedə əhvalat", "Yun şal",
"Böyük dayaq" filmlərində çəkildim.
- Bu fikri yəqin ki, inkar
etməzsiniz: sizi aktyor kimi kinoda məşhurlaşdıran
"Arşın mal alan" filmindəki
Süleyman obrazıdır.
- Bu mənim kinoda ilk böyük
rolumdur, necə deyərlər, bu obraz həm də
sənətdə bələdçim oldu. Yaxşı
yadımdadır, "Ulduz" filmində çəkilirdim.
Elə həmin vaxtda "Arşın mal alan"da
sınaq çəkilişləri gedirdi. Filmin
reyissoru Tofiq Tağızadə özümü Süleyman
rolunda sınamağı təklif etdi. Sınaq
çəkilişlərində 18 aktyor iştirak edirdi,
mən isə 19-cu oldum. Sonuncu sınaq
günü kinostudiyanın dəhlizlərini dolaşır,
özümə yer tapa bilmirdim. Məlik Dadaşov, Nodar
Şaşıqoğlu, Səyavuş Aslan və bir çox
başqa aktyorlar da bu sınaq çəkilişlərində
iştirak etmişdilər. Nəhayət,
baxış zalının qapısı açıldı
və mərhum reyissor Tofiq Tağızadə
gülümsünərək qapıda göründü.
O, Süleyman roluna təsdiq olunmağımı xəbər
verərək məni təbrik etdi. Ziyalı Süleyman
bəy obrazı belə yarandı və başladım
"Nədir sənin dərdin?"- deyə
oxumağa. Filmin məni
məşhurlaşdırmağına gəlincə, bu
təsadüfi deyildi. Çünki
filmdəki bütün aktyorların oyunu bir-birini
tamamlayırdı.
- Sonradan hansı reyissorların
"komandası"na
düşdünüz?
- Uşaqlıqdan Eldar
Quliyevlə dostluq edir, bir-birimizin evinə gedib-gəlirdik. Eldar Moskvada Kinematoqrafiya
İnstitutunu bitirib gələndən sonra, "Bir Cənub
şəhərində" filmini çəkdi və bu
filmdən başlayaraq onun əksər filmlərində -
"Babək", "Əsas müsahibə",
"Səmt küləyi" və digər filmlərdə
baş və əsas rolların birində
çəkilmişəm. Eldar bu gün də
çıxış etdiyim bütün tamaşalara gəlib
baxır və fikrini söyləyir.
- Peşəkar aktyor kimi gurultulu kino
dövründən ayrılıb bu günün seyrək
tamaşaçı auditoriyası qarşısında oynamaq
sizi sıxırmı?
- Maraqlı sualdır. Biz
bu gün teatra tamaşaçı cəlb etmək
üçün repertuarı tez-tez dəyişməyə
məcburuq. Salonda tamaşaçı
seyrək olanda bizdə ruh düşkünlüyü
yaranır. Ancaq bunu tamaşaçıya hiss
etdirməməyə və bütün hallarda öz oyunumuzu
oynamağa çalışırıq. Peşəmizin
bir üstün cəhəti də odur ki, biz
vəziyyətdən çıxmağı bacarırıq.
Sanki maskalanırıq. Başqasının
cildinə girmək heç kəsə asan
görünməsin. Biz səhnədən
insanları özlərinə tanıdırıq. Bəzən onlar səhnədə özlərini
görür və kəşf edirlər. Belə
adamlar səhvlərini düzəltmək, həyatdan
müsbət keyfiyyətlər əxz etmək
üçün daha tez-tez teatra üz tuturlar. Ona
görə də heç kim
düşünməsin ki, teatr bu gün insanlara lazım
deyil, onu arxa plana keçirmək olar. Teatr
ölməz sənətdir. Əgər
teatr keçən əsrin əvvəllərində
cəhalətin, nadanlığın tufanlarından qurtulubsa,
demək hər zaman yaşayacaq. Hərçənd
bu gün tamaşaçıların zövqünün pis
mənada dəyişməsi biz aktyorlara təsir edir. Təəssüflənirik ki, onlar ancaq yüngül
əyləncələrə meyl edirlər. Bu fikri əlbəttə ciddi adamlara aid etmək
olmaz. Hər kəs öz
səviyyəsinə uyğun hərəkət edir. Yəni bu gün teatrın da ciddi
tamaşaçısı var. Bizə ruhi qida verən də
onlardır.
- Hazırda hansısa filmə
çəkilirsinizmi?
- Almaniyanın
"Bavariya" studiyasında iki filmə
çəkilirəm. Birinci film Hitlerin yaxın dostu, Reyx dövründə
Almaniyanın baş memarı və silahlanma naziri
işləmiş
- Teatr nə qədər canlı
sənət olsa da, siz aktyor kimi şöhrəti kinoda
qazanmısınız. Sizcə daha çox
harada istedad və səy tələb olunur. Teatrda, yoxsa kinoda?
- Bu suala cavab vermək bir
qədər çətindir. İncəsənət
ümumiyyətlə istedad tələb edir. Kino və teatr bir-birinə köməkdir. Kinoda yalandan oynaya bilməzsən. Əgər gözlər fikri tamaşaçıya
düzgün çatdırmırsa, bu, aktyorluq deyil.
İndi kinolar çox az çəkilir. Bu hamının yaralı yeridir. Mən
və dostlarım bu baxımdan işsiz qalmışıq.
Bütün günümüz teatrda keçir.
Aktyor sevdiyi sənətdən ayrılanda ilk
növbədə daxili formasını itirir.
- Gəlin səmimi olaq: maddi
çətinlik və ya hər hansı digər
səbəbdən aktyorluğa vida etmək istədiyiniz anlar
olubmu?
- İnsan
bilərəkdən, sevərəkdən bir sənətə
bağlananda onu heç bir çətinlik qorxutmur. Mən bunu
öz həyatımda görmüşəm. Bu gün aktyorların güzəranı o
qədər də xoş deyil. Bunu hamı
bilir. Ancaq bizi səhnəyə,
sənətə bağlayan bir cazibə var. Bu elə bir
qüvvədir ki, maddi sıxıntılar onunla
müqayisədə çox cılız görünür.
Azərbaycan
vətəndaşı olaraq qalıram
- Deyirlər siz uzun müddət
teatrdan ayrılıb hansısa xarici ölkədə
yaşamısınız.
- Doğru deyil. Bunu
yalnız mənim düşmənlərim uydura bilər.
Məni gözü
götürməyənlər isə istənilən
qədərdir. Mən öz
vətənimdən, evimdən, doğma teatrdan,
nəhayət, sevimli dostlarımdan ayrıla bilmərəm.
Mən Azərbaycan vətəndaşı olaraq
qalıram və Rus Dram Teatrında aktyor kimi fəaliyyətimi
davam etdirirəm.
Bu gün mən Bakının
küçələrini gəzərkən şəhərin
xeyli dəyişdiyini görürəm. Amma bu
şəhərdə elə bir cazibə var ki, onu heç bir
yeni tikili, söküntü dəyişə bilməz. Mən bu şəhərin ruhu ilə
yaşamışam. Bu şəhərin
hər küçəsində, hər döngəsində
ömrümün ən müxtəlif anlarının izi
qalıb. Mən Bakını
gəzirəm, bina-bina, küçə-küçə,
bağ-bağ, illər yadıma düşür. Elə bil, ömür kitabımı oxuyuram.
Qara səhifələr də var bu kitabda, ağ
səhifələr də, kədər də var, sevinc də. Amma bu kitabda bircə səhifəyə görə,
bircə sətirə görə də olsa mən
xəcalət çəkmirəm. Anamın
mənə verdiyi tərbiyəyə sadiq qalıb, bu yolu
şərəflə keçmişəm.
- Haqqınızda belə bir söz
də danışırlar: Münhendə ailənizlə
birlikdə qonaq olarkən ilk dəfə olaraq
"Azadlıq" radiosunun Azərbaycan redaksiyasında rus
dilində müsahibə vermisiniz və hətta orada
işləmək üçün dəvət
almısınız.
- Hazırda ailəm Almaniyadadır. Qızım orda universitetdə oxuyur. Həyat yoldaşım da onunla birgə Almaniyada Balet
Akademiyasında dərs deyən bacısıgildə qalır.
Bir neçə il bundan əvvəl
Münhendə həyat yoldaşımın
qohumlarıgildə olduq. Onda "Azadlıq"
radiosunda çıxış etmək üçün
təklif aldım, razılaşdım. Özüm
haqqında, teatr barədə qısaca danışdıqdan
sonra Dağlıq Qarabağ mövzusuna toxundum. Ondan sonra mənə "Azadlıq"da diktor
vəzifəsi təklif etdilər. İş
maraqlı görünürdü. Çox
şeylər də vəd olunurdu. Ancaq doldurmalı
olduğum anketdə belə bir cümlə vardı:
"Siyasi sığınacaq istəyirəm". Mən isə bunu heç vaxt qəbul edə
bilməzdim. Ona görə də
Münhendə qalmayıb geri döndüm. Sonralar bu barədə eşidənlərin çoxu
məni qınadı. Mən isə bu
gün də peşiman deyiləm.
- Sənət adamları əmək
haqqı ilə dolana bilmədikləri üçün
özlərini başqa sahələrdə də sınaqdan
keçirirlər. Məsələn, bizneslə
məşğul olurlar. Siz necə,
əlavə gəlir dalınca qaçırsınız, yoxsa
özünüzü qurban verdiyiniz sənətin
qazandırdığı maddi dividentlər sizi tamamilə qane
edir?
- Mən bacarıqlı adamlara
çox hörmət edirəm, ancaq ticarət mənim
peşəm deyil. Bir-iki dəfə mənə
qarşılıqlı iş də təklif ediblər. Hansı ki o adamlara mənim adım lazım idi.
Qazanc da yaxşı olacaqdı, amma mən
razılaşmadım. Məncə,
əlavə işlərin verdiyi qazanc sənətin
gözəlliyinə xələl gətirə bilər.
Sədaqətli adam
- Streotip var ki, artistlər
üçün xoşbəxt ailəlik həyatı
istisnadır.
- Bilirsiniz, aktyoru hər adam başa düşə bilməz. Aktyor elə
adamla ailə qurmalıdır ki, onunla əsl dost olsun,
sənətinə hörmət etsin. Bəzi
qadınlar ərlərinə səhnə
münasibətlərini qısqanır, evdə dava-dalaş
salırlar. Axı bu bizim
sənətimizdir. Kənar
münasibətlərdən söhbət gedə bilməz.
Bəzən aktyorların səhnəarxası münasibətləri
barədə şaiyələr də dolaşır. Ancaq bunlar boş söz-söhbətlərdir. Məsələn mən "Aydın"
tamaşasında Gültəkinə qarşı bütün
münasibətləri yalnız obraz
çərçivəsində görürəm.
Başqa cür ola da bilməz.
- Sualım nəzakətsiz
səslənərsə, qabaqcadan üzr istəyirəm:
deyirsiniz ki, səhnədə fikrən də olsa,
xanımınıza xəyanət etməmisiniz. Həyatda
necə, bu "qanunu" pozduğunuz anlar olubmu?
-
Çalışıram ki, həyatda da belə olum. Mən
üçüncü dəfə ailə qurmuşam.
Evləndiyim ilk qadın ziyalı bir ailənin qızı idi.
Amma o uzaq şəhərdə yaşadığı
üçün ayrılmalı olduq. Səbəbi də o idi
ki, heç birimiz vətənimizi tərk etmək
istəmədik. İkinci qadınla aramızda olan
anlaşılmazlıq nəticəsində ayrıldıq. Bu
o demək deyil ki, mən kiminləsə yola gedə
bilmirəm. Yox, hər şey alın yazısı, taleyin
qismətidir.
Cavanlıqda
qadınlara çox vaxt sərf eləmişəm. Sonra
isə özümü yığışdırdım.
Ailəmə sədaqətli adamam.
- Ailədə
ayrılıq olanda hər iki tərəfin bir-birini
günahlandırması təbiidir. Siz qarşı
tərəfi təqsirkar bilməklə yanaşı
özünüzü də günahlandırırsınızmı,
yoxsa necə deyərlər, "Aydan arı, sudan duru"
idiniz.
- Mən
heç kəsi atmamışam. Ancaq müəyyən
müddət keçəndən sonra hiss etmişəm ki,
nə onda, nə də məndə sevgi qalmayıb. Ona
görə də ayrılmışıq. Heç bir
qadın mənim ünvanıma "xain" deyə bilməz.
Çünki mən onlardan dost kimi ayrılmışam.
Elə fikirləşirəm ki, adamlar bir-birini başa
düşərəkdən ayrılanda bir-birinə nifrət
etməməlidirlər. Sevgi qurtaranda isə hər şey
bitir.
Kaspi.-2007.-25-27 avqust.-S.22-23.