Sənəti
kütlənin səviyyəsinə endirmək olmaz
O,
sənətə gələn vaxtlarda meyarlar belə
ölçülmürdü. Tələblər
çox sərt idi. O zaman nə mənasız kliplər ekran
əsəri kimi təqdim olunur, nə klip
qəhrəmanları özlərini Hollivud ulduzları hesab
edir, nə də klipmeykerlər özlərinə rejissor
deməyə cəsarət edirdilər. O zaman böyük
səhnəyə yollar uzun-uzadı öyrənmə
proseslərindən keçirdi. Bu ciddi sınaqdan
keçmək də hər kəsə müyəssər
olmurdu.
Belə bir zamanda sənət
kahkəşanında görünən cavan bir oğlan ilk
çəkildiyi ekran əsəri ilə hamını heyran
qoydu. O vaxt adı xalqa heç nə deməsə də, bu
gün onu hamı tanıyır. Tanınmış kino aktyoru,
Xalq artisti Rasim Balayevi deyirik.
- Ötən həftə Kino Günü qeyd
olundu. Bu bayramı daha çox sevinc və ya nostalji
hisslərlə qeyd etdiniz? Yoxsa sıradan
olan bir bayram idi?
- Sıradan olan bayram idi. Düzdür,
kino çəkilir, müəyyən işlər
görülür, kinoya dövlətin qayğısı var.
Bununla belə, sıradan olan bayram idi. Çünki
bu gün kinoda mənim istədiklərim yoxdur.
- Sizin istədikləriniz nədir ki?
- İstədiyim odur ki, filmlər
çəkilsin. Kinostudiyanın
həyətini satanlar pulu ciblərinə qoymasınlar. Kino camaat üçün çəkilir. İndi çətin zamandır. Kinoteatrlar işləmir. Camaat
filmlərə kinoteatrda baxa bilmir. Ümumiyyətlə,
insanlar kinoteatra gedə bilmirlər. Vaxt
vardı filmin primyerası anşlaqla keçir,
tamaşaçılarla görüşlər olurdu. İndi belə şeylər yoxdur. Əvvəllər prokatlar vardı. İndi onlar da yoxdur. Daha
doğrusu, SSRİ dağılandan sonra çox şeylər
itdi.
- Çox ümidsiz
danışırsınız. Ancaq kino ilə
əlaqəli adamların çoxu bu gün kinomuzda
irəliləyişin olduğunu vurğulayır, inkişafdan
danışırlar.
- İnkişaf deyəndə
diqqət var, filmlər çəkilir. Müəyyən
məhsullar da var. Son vaxtlar bir neçə film
çəkilib. Məsələn, son
vaxtlar çəkildiyim filmlər bir dəfə
"Azərbaycan" kinoteatrında, bir dəfə də
"Soyuz"da göstərilib. Ondan sonra
filmlər televiziya ekranlarına çıxıb. İstərdim ki, camaat bu filmlərə kinoteatrlarda
baxsın. Ona görə də bu gün
kino sahəsində çox şey ürəyimcə deyil.
Problemlər çoxdur. Mövzu
etibarı ilə beynəlxalq standartlara cavab verən kino
çəkmək lazımdır. Bu
gün danimarkalının başa düşəcəyi
problemi azərbaycanlı nə cür həll edir? Elə mövzular götürülməlidir ki, onu
azərbaycansayağı həll edəsən. Bir az qınımızdan çıxmaq
üçün ümumbəşəri mövzular
seçməliyik. Xeyir, şər,
məhəbbət ümumi mövzudur. Bunu
Azərbaycan kinosu və ya teatrı nə cür həll edir?
Beynəlxalq bazara çıxmaq üçün
yüksək professionallıq, çəkilən filmə bir
qədər ticari baxmaq lazımdır: bu mal beynəlxalq
aləmdə qəbul olunacaqmı? Biz filmi
təkcə öz ölkəmiz üçün
çəkməməliyik.
- Deyirsiniz ki, camaat kinoteatrlara getmir. Bəs
nə üçün əyləncəli proqramlar, şoular,
müxtəlif konsertlər keçiriləndə elə
həmin salonlarda adam əlindən
tərpənmək olmur? Hətta
tələbatı nəzərə alıb belə
proqramları 3-4 gün təkrar da təqdim edirlər.
- Camaatın zövqü korlanıb. Oxumağı bacarmayan müğənni oxuyur. Qəribədir ki, camaat da həmin konsertə gedir.
İndi camaat ciddi filmlərə baxmaq
istəmir. Qadın paltarı
geyinməklə səhnəyə çıxıb
insanları güldürürlər. Ədəbsiz
lətifələr əsasında səhnəciklər
hazırlayırlar. Bir sözlə,
insanların zövqünü korlayırlar.
- Bütün bu təbliğatlarda kimi
günahkar görürsünüz? Qınağınız
kimlərə qarşıdır?
- Ümumi bəladır. İpi
əldən vermişik. Sənət
xalqdan, kütlədən bir addım irəlidə
olmalıdır. Sənəti kütlənin
səviyyəsinə endirmək olmaz. Ancaq
bu gün sənət kütlənin səviyyəsinə enib.
- Hazırda kinoya gənclər cəlb olunub. Onların səviyyəsi necə, sizə qane edirmi?
- Ümid verən gənclər var.
Sənədli filmlər, qısa və tam metrajlı
filmlər çəkirlər. Bu sahədə
güclü rəqabət olmalıdır.
Ümumiyyətlə, kinoya az pul
buraxılır. Ucuz ətin isə
şorbası olmur. Məsələn,
Moskvada 1 milyon 500 min dollara çəkilən film bizdə 250
min manata çəkilir. Çəkiliş
meydançasına çıxan aktyora hər
gününə görə 3 manat pul ödənilir. Aktyor da bu pulla, çəkildiyi dağın
başında, yalnız pomidor, çörəklə
dolanır. Məmurlar öz
maaşlarını dünya səviyyəsinə
qaldırırlar, ancaq aktyorların maaşı haqqında
düşünmürlər.
- "Bu gün sənətə
gəlsəydim, heç bir uğur qazana bilməzdim"- bu
sizin sözlərinizdir. Sizə elə
gəlmirmi ki, bu fikriniz bu gün sənətə üz tutan
gəncləri ümidsizliyə sürükləyə
bilər?
- Nə bilim vallah... Mən
özümdən danışmışam. Ona görə demişəm ki, kinoya
çəkilmişəm və tamaşaçılar məni
kinoaktyor kimi tanıyır. Əgər
ötən əsrin 90-cı illərində sənətə
gəlsəydim, harada oynayacaqdım? Yəqin 1-2 il gözləyib özümə yeni bir
sənət, ya da bir ticarət obyekti tapacaqdım.
- Siz gərək ki, filmlərin özəl
prodüser mərkəzlərinə həvalə
olunmasının da əleyhinəsiz? Müsahibələrinizin
birində bu mərkəzlərdə istehsal olunan filmləri
hətta "oyuncaq filmlər"
adlandırmısınız.
- Mən bu filmlərin
çəkilişində heç bir fərq görmədim. Dedilər ki, filmləri çəkəcəyik,
satacağıq, beynəlxalq arenaya çıxacağıq.
Ancaq heç nə dəyişmədi. Prodüser mərkəzlərinə ayrılan pulu
kinostudiyaya versəydilər, heç olmasa, kommunal
xərclər ödənilərdi.
- Rəhmətlik Rasim Ocaqov
müsahibələrinin birində "indiki zamanda kino
çəkmək ağılsız işdir"- demişdi. Bəs kinoya çəkilmək istəyənlər
nə deyir?
- Ola bilsin ki, sənət adamları
müəyyən bir çətinliklə rastlaşarkən
emosionallıq göstərib belə deyirlər. Mən bütün çətinlikləri bir-bir
sadalamaq istəmirəm. Adi bir misal deyim: kinostudiyanın
çox gözəl kostyum sexi vardı. O sex lap köhnə
illərin geyimlərini əks etdirən
şöbələrə bölünmüşdü. Müəyyən film çəkiləndə
oradakı paltarların çoxundan istifadə olunurdu. Bu
gün gedib ora baxın: naftalin olmadığından kostyumlar
bərbad hala düşüb. Birinin
kürəyi yox, birinin qolu və s. Bu elementar bir detaldır.
Adicə bir detal görürsən ki, kinonun
bədii dəyərinə nə qədər mənfi
təsir göstərir. Uzun illərin
baxımsızlığı, soyuqqanlı münasibət
nəticəsində bir film çəkəndə nə
qədər çətinliklərlə
qarşılaşmalı olursan. Yəqin
Rasim müəllim də o baxımdan deyib.
- Son vaxtlar hansı filmlərdə
çəkilmisiniz? Belə demək olarmı ki, bu gün
Rasim Balayevin bir qədər kölgədə qalmasında
və ya filmlərə az
çəkilməsində yaxşı ssenarilərin
olmaması da rol oynayır?
- Belə də demək olar. Yaxşı
ssenarilər olanda çəkilirəm.
Düzdür, aralarında
ürəyimcə olanı da var, olmayanı da. Son vaxtlar "Küçələrə su
səpmişəm", "Hüseyn Cavid", "Qala"
filmlərində çəkilmişəm. "Küçələrə su
səpmişəm" artıq ekranlara çıxıb.
"Hüseyn Cavid" filminin istehsalı da
başa çatdırılıb. Ancaq 6
aydır eşidirəm ki, filmin montajı gedir. Gah İrana, gah Rusiyaya yollanırlar. Nədənsə başa gəlmir. "Qala" filminin də istehsalı yaxın
vaxtlarda başa çatacaq.
- Demisiniz ki, mən bəxtə, taleyə inanan
adamam. Taleyinizdən daha nə istəyirsiniz?
- Allah nə qədər ömür veribsə
ləyaqətlə yaşamaq. Bu qədər
çalışmışam. Bundan sonra da
ləyaqətlə çalışmaq istəyirəm. Qəbr evinə qədər Allah-təala
şüurumu əlimdən almasın. Bir də ... bir az işləmək istəyirəm. Əvvəlki yaradıcılıq atmosferini
arzulayıram. Mən bir az
hal-əhval adamıyam. Tez ruhdan
düşdüyüm kimi, ruh
düşkünlüyündən tez bir zamanda
çıxmağı da bacarıram. Bir xətdə
olan adam deyiləm. Bilirsinizmi,
mənim işim var. Guya mən işləyirəm,
gəlirəm, müəyyən ictimai işlərlə
məşğul oluram. Amma əsl
işimdən ayrı düşmüşəm deyə
bəzən özümü lazımsız, bəzən
gücsüz hesab edirəm. İki
klipdə çəkilib, bir rol oynayıb yekə-yekə
sənətdən danışan adamlara yazığım
gəlir. Çünki mən bu sənətin
içinə girdikcə hiss edirəm ki, hələ heç
nə etməmişəm. Elmdə də
elədir. İnsan nə qədər az
bilir, ona elə gəlir ki, çox şey öyrənib. Müəyyən şeyləri biləndən sonra
görür ki, hələ heç nə bilmir. Doğrusu, əsl sənətin içinə
vardıqca görürsən ki, sən heç kimsən.
Amma bu gün ekranlardan çox yekə-yekə
sözlər deyirlər. Biri deyir ki, gedib "Oskar"
gətirəcəyəm, biri deyir ki, nə bilim nə
edəcəyəm... Bu mənada o adamların
ağzını yummaqda gücsüzəm.
Gücsüzəm ona görə ki, eləmək istədiyim,
bacara biləcəyim işlə istədiyim kimi
məşğul ola bilmirəm. Belə bir
söz var: "Ümid axırıncı ölür". Hələ ki, ümidlə yaşayırıq.
Amma mən yenə də inşallah deyirəm.
Mənim tənəzzül dövrüm də,
renessans dövrüm də olub. Yenə
də inkişaf dövrüm olmalıdır. Məndə belə bir inam var. Bu inam artıq utopiya
deyil. Bu inamı yaradan səbəblər
var. Allah ömür versə, yenə də öz
sözümü demək istəyirəm. Və
mənə elə gəlir ki, deyəcəm.
- İşinizlə, kinomuzun
problemləri ilə bağlı sadaladıqlarınız
elə bilirəm ki, avqustun 8-də 59 yaşınızı
qeyd etməyə mane olmadı?
- Allaha şükür edirəm ki, bu
günə qədər gəlib çıxmışıq. Ancaq üzü qocalığa doğru gedirik. Sevinməyə
nə hacət?
Mövqe.-2007.- 11-13 avqust.-S.13.