Behbudqızı S.

 

Milli kino günüdür

 

Əbülfəs Qarayev: "İlk dəfədir 1980-ci illərlə müqayisə apara bilirik"

 

Dünən Azərbaycan kinosunun 109 illiyinin rəsmi tədbiri "Azərbaycan" kinoteatrında baş tutdu


   
   
Mərasimin əvvəlində iştirakçılara ötən 1 il ərzində kino sahəmizdə baş verən yeniliklər, gerçəkləşən ideyalar barədə videomaterial şəklində məlumat verildi. Təbii ki, ən mühüm hadisə kimi ölkə prezidenti İlham Əliyevin 23 fevral 2007-ci il tarixdə imzaladığı "Kino sahəsinin inkişafı haqqında" sərəncamı qeyd olundu. Daha sonra premyerası baş tutmuş yeni filmlərimiz ("Milli bomba", "Məhkumlar"), Azərbaycan kinosunun inkişafında xidmətləri olmuş sənətkarların yubileyləri barədə məlumatlar (Roman Karmen, Əlisəttar Atakişiyev, Eldəniz Zeynalov, Hacıbaba Bağırov, Gülbəniz Əzimzadə), çəkilişləri gedən tammetrajlı bədii filmlərin çəkiliş prosesindən fraqmentlər ("Hökmdarın taleyi", "Günaydın, mələyim", "Qala", "Cavid ömrü", "Cavadxan") təqdim olundu.
   Daha sonra mədəniyyət turizm naziri Əbülfəz Qarayev kino xadimlərini peşə bayramı münasibətilə təbrik etdi: "Prezidentin məlum sərəncamından sonra kino sənətkarlarımız arasında birlik, ruh yüksəkliyi hisslərinin genişlənməsini müşahidə etməmək olmur. Hazırda "Azərbaycanfilm" kinostudiyasının potensialını 1980-ci illərlə müqayisə etmək mümkündür. Son 20 il ərzində ilk dəfədir 1 ildə 7 tammetrajlı bədii film çəkilir".
   Nazir kino adamlarını kinosevərləri əmin etdi ki, gələn il "Azərbaycanfilm" kinostudiyası tam yenilənmiş, modern tərzdə təmir təchiz edilmiş vəziyyətdə yeni filmlərin çəkilişinə başlayacaq, "Nizami" kinoteatrı kino kompleksi səviyyəsinə qaldırılacaq, Dövlət Film Fondu isə yeni binada fəaliyyətini davam etdirəcək. "Nizami" kinoteatrının əsaslı təmir layihəsi bu ilin noyabrında tam hazır şəkil alaraq ictimaiyyətə açıqlanacaq. "Filmfond"un yeni binasının isə artıq 6- mərtəbəsi tikilməkdədir.
   Nazir bəyan etdi ki, gənclərə meydan verilməsi prosesi gələn il daha da genişləndiriləcək. Əgər bu il 5 nəfər gənc rejissora müstəqil film istehsal etmək şəraiti yaradılmışdısa, 2008-ci ildə onların sayı 8 nəfər olacaq. Nəzərə alsaq ki "Debüt" studiyası fəaliyyətini bərpa edib, bu proqnozların gerçəkləşməsi çətinlik törətməyəcək.
   Ə.Qarayev qeyd etdi ki, gələn il istehsalata buraxılacaq filmlərin sayı keyfiyyəti nazirliyin yaratdığı ekspert şurasının üzvləri tərəfindən müəyyənləşdiriləcək.
   Hər il olduğu kimi, kino veteranlarına nazirliyin pul mükafatları təqdim edildi. Tədbirin sonunda isə "Bu meydan, bu ekran" müsabiqəsində qalib seçilmiş filmlərin adları açıqlandı. Bunlar "Yalançılar", "Küçə", "İkinci doğuluş", "Ev" qısametrajlı filmləridir.

 

Həftə içi.-2007.-3 avqust.-S.8.