Bu kino ki var...
Rasim
Balayevə görə qəribə, Anara görə kollektiv,
Amaliya Pənahovanın fikrincə isə çox maraqlı
sənətdir
Kinomuzu yaşadanlar
bayramlarını qeyd edirlər
Avqustun 2-si Milli Kino Günü kimi
qeyd olunur. Uzun illər idi boşluqda havasızlıqdan
boğulan, mədəniyyətimizin yaralı qolu sayılan
kinomuz, nəhayət ki, öz gününü qeyd
etməklə dirçəlmək ərəfəsindədir.
Müasir Azərbaycan filmlərinin tamaşaçı ilə
görüşə gəlməyə
hazırlaşdığı bir vaxtda işin qulpundan
peşəkarların tutması məsələni daha da
sağlama bağlayar. Tumurcuqlamaqda olan filmlərimizə
mütəxəssislər, aidiyyatı olan dövlət
qurumları daha çox diqqət ayırsa, sözsüz ki,
bizim filmlərimiz çiçəkləyər, hələ
üstəlik öz bəhrəsini də verər. Bu gün
kinomuz hansı pilləni qət edib, durumu nə yerdədir,
ümumiyyətlə, yaxın gələcəkdə bu
sahənin inkişafından danışmaq olarmı?. Bax bu
sualları mütəxəssislərin cavablandırması
daha münasib olar. Bir onu deyə bilərik ki, film istehsalı
müştərək əməyin bəhrəsidir. Filmin
uğuru tək rejissordan deyil, operator, müəllif, bəstəkar,
rəssam və işə cəlb olunan aktyor kollektivindən
asılıdır. Amma yenə də bu barədə
mütəxəssislər danışsa yaxşıdır.
Xalq artisti Rasim Balayev:
“Kinomuzun inkişafından
tam razı olmasam da, müəyyən
irəliləyişləri danmaq olmaz. Gələcəyə
nikbin baxmaq lazımdır. Əsl sənətkarı zaman
yetişdirir. Məlum səbəblərdən uzun illər
filmlər çəkilmədi. Təəssüf ki, sonralar
isə bu sahə qeyri-peşəkarların əlinə
düşdü. Bu işi dərindən bilməyən
yaxşı kino çəkə bilməz. Kino qəribə
sənətdir. Fitri istedadın öz yeri, təhsil də
vacibdir. İstedadlı olub məktəb görmədən
şer yazmaq, mahnı oxumaq olar, film çəkmək isə
müşkül məsələdir. Gənc rejissorlar
çoxlu filmlər çəkərək
püxtələşməlidirlər. Uzun müddət
şərait olmasa da indi hər cür imkan var. Amma
gənclərimiz çoxu işin ucuzuna, yəni, reklama,
klipə qaçır. Elələri də var ki, klipdən
elə gözəl bəhrələnir ki, artıq heç
film çəkməyə ehtiyac olmur. Kinoya məhəbbəti
olanlar isə tək kliplə doya bilməz. Böyük film
çəkmək istəyənlər maddi tərəfdən
uduzacağını bilərək bu işin ardınca gedir.
Aktyorlar da filmlərdə yetişməlidir. Bu gün
çəkilən komediya filmlərini ciddiyə almıram. O
filmlər hırıltıdan başqa bir şey deyil, həm
də ömürləri müvəqqətidir. Komediya
filmlərinin çəkilməsinə qarşı
deyiləm. Amma işi görəndə də
peşəkarcasına etmək lazımdır. Komediya tək
güldürməkdən ibarət olmamalıdır, həm
də tamaşaçını düşündürməli,
nəticə çıxarmağa sövq etməlidir. Uzun
illərdir ki, uşaq mövzusunda filmlər çəkilmir.
Belə filmlər yeni nəslin tərbiyəsində
bilavasitə rol oynayır. Mədəniyyət və Turizm Nazirliyində
bu sahədə müəyyən bir plan hazırlanmalı
və bu istiqamətdə iş görülməlidir”.
Xalq yazıçısı Anar
Rzayev:
“Bu gün hər şey
bayağılaşıb. Sovet dövrünün bütün
əziyyətləri və zillətləri hələ də
gözümün önündədir. Çətinlikləri
yararaq bu günə gəlmişik. O vaxtlar ekranda,
qəzetlərdə bu qədər bayağılıq
olmayıb. Elə bil bayağılıq cəmiyyətin
əsas keyfiyyətidir. Kinoda da yəqin ki, bu var. Doğrusu,
televiziyada izlədiklərimizdən bu qənaətə
gəlirəm. Bunlara rəğmən
çalışıram ki, heç olmasa mən öz
işimi peşəkarlıqla görüm. Yazdığım
ssenari əsasında Ramiz Həsənoğlu “Cavid
ömrü” filmini çəkdi. Özümü
tərifləmək istəmirəm, amma bu, çox ciddi bir
əsərdir. Kino isə kollektiv sənətdir. Rejissorun,
aktyorun, bəstəkarın, rəssamın
müştərək əməyinin, zəhmətinin
nəticəsidir. Hər kəs işin ustalıqla yerinə
yetirsə, təbii ki, filmlərimiz kefiyyətli alınar”.
Xalq artisti Amaliya Pənahova:
“Son vaxtlar kinoya yeni
qüvvələr axın edir. Yeni filmlər başlanıb
çəkilməyə. Mən özüm 15 il
fasilədən sonra artıq iki filmə
çəkilmişəm. Kinomuzun inkişaf
edəcəyinə böyük ümidlər
bəsləyirəm. Məncə hələ bir çox
beynəlxalq festivallarda da iştirak edə biləcəyik.
Bayağı adlandırılan filmləri isə heç film
saymıram. Gənc rejissorlardan Xəyyam Abdullayevin
“Nəfəs” filminə çəkilmişəm. Bunu
qətiyyən bayağı adlandırmaq olmaz. Ona görə
yox ki, o filmdə mən çəkilmişəm.
Çünki Əkrəm Əylislinin qələminin
bəhrəsi olan əsər də sanballı idi. Filmin
uğurlu alınması üçün ssenarinin keyfiyyəti
əsas şərtlərdən biridir. Bu filmdə mənfi bir
şey görmədim, əksinə, gənclərin
işə münasibətinin,
işgüzarlığının, isdedadının şahidi
oldum. Məncə film kifayət qədər maraqlı
alınıb. Kino sahəsində gənclərimiz arasında
kifayət qədər potensiallı kadrlar var. Sadəcə,
onlara inkişaf etmək üçün, qol-qanad
açmaları üçün şərait yaratmaq,
kömək etmək lazımdır. Hər işin
başında isə maliyyə məsələləri durur.
Müstəqilliyimizin ilk illərində maliyyə problemlərinin
olması bu sahəni 10 il geri saldı. Kinomuz indi-indi
dirçəlməyə başlayıb və nə
dərəcədə irəliləyəcək onu deyə bilmərəm.
Dövlətin maddi dəstəyi olmasa kinomuz, sözsüz ki,
bayağılaşacaq. Çünki kimin pulu olsa, kinonun
inkişafını güdmədən, ürəyi nə istəyir
onu da çəkəcək. Yəni filminə
küçədən keçən təsadüfi
insanları cəlb edəcək. Belə getsə bu
sənət ölə bilər. Kinomuz o zaman inkişaf
edəcək ki, filmlər dövlət sifarişi və
dəstəyi ilə çəkilə və mövzular da
müəyyən bir qurum tərəfindən
təsdiqlənib qəbul oluna. Habelə, Azərbaycan tarixini
əks etdirəcək filmlər çəkilməlidir.
İndi prodüsser mərkəzləri yaranıb,
bəlkə onlar nəsə bir iş gördü. Amma
hələlik kinomuzun inkişafından danışmaq tezdir.
Azərbaycanda heç kommersiya, film bazarı da yoxdur. Bu
gün kino çəkən mərkəzlər filmlərini
heç bir xarici dövlətə sata bilməyiblər.
Heç filmləri teleşirkətlər də almır.
Beynəlxalq arenaya çıxan filmin bazarı olur. O film
də xərcindən on dəfə artıq gəlir
gətirir. Mən sovet dövrünün adamıyam. O vaxt
mənəviyyat puldan üstün tutulurdu. Bu gün
filmlərimizin dünya bazarına çıxacağına
tərəddüd edirəm. Bəlkə kimsə
çılpaq qız çəkib, filmi düyna bazarına
çıxacaq, ondan gəlir götürəcək. Amma
yenə də burada bir nəfər qazanır, dövlətin
xeyri olmur. Həmçinin, bununla Azərbaycanın imici
yüksəlməyəcək, əksinə, enəcək”.
Bəstəkar Xəyyam
Mirzəzadə:
“İncəsənətdə
yaxşılığın fonu olmur. Bir şey əla olsa da,
yenə də müəyyən təbəqəni qane etmir. Bu
gün Azərbaycan kinosunun inkişafının
peşəkarları qane etməməsi normal haldır.
Bizlər, yaradıcı insanlar hər şeyin
yaxşısını istəyirik.
İncəsənətdə isə
yaxşılığın sonu yoxdur. Azərbaycan kinosu nə
qədər yaxşı olsa da yenə onun sonu olmayacaq. Bu
gün Azərbaycan kinosunun düşdüyü durum məni
qane etmir. Məni narahat edən digər tərəf isə
insanların kinoteatra getməməsidir. Bu gün kinoteatrlar
oyun zallarını əvəzləyir. Orada insanlar tennis
oynayır, restoran açırlar, nə bilim daha nələr.
Bu gün Azərbaycanda normal şəkildə fəaliyyət
göstərən, adını doğruldan bir kinoteatr var, o da
ki, Azərbaycan Kinoteatrıdır. Məsələnin digər
tərəfi odur ki, bu gün kinoya pul xərclənmir. Kinoya
vəsait ayırmaq lazımdır. Bu olmayan təqdirdə
heç vaxt sanballı filmlər
çəkilməyəcək. İş tək dövlət
səviyyəsində aparılmamalıdır. Bura özəl
şirkətlər, qurumlar, sponsorlar da cəlb olunmalıdır.
Sponsorlar toyxanalar, şadlıq evləri
tikdirməkdənsə sanballı bir film
çəkdirsələr daha yaxşı olar. Filmi öz qohum-
əqrəbasına, dost-tanışına deyil,
peşəkarlara çəkdirmək lazımdır. Son
zamanlar özəl filmləri çəkənlərin
çoxu bayağı rejissorlardır. Qeyri-peşəkarlar
işləyir, peşəkarlar isə qalıb kənarda”.
Muğam
Teatrının direktoru Arif Qazıyev:
“Kino öz inkişaf
dövrü olan sənət növüdür. Kinomuzun
inkişafı rejissorların məsuldarlığından,
fantaziyasından, yazılan ssenarilərdən
asılıdır. Yaxşı film
çəkmək üçün isə pul lazımdır.
Demək olar ki, kinomuz yox
səviyyəsindədir, inkişafına da ümid etmirəm.
Bu gün məktəb bitirən operatorlar,
rejissorlar işsiz qalıb. Amma etiraf etmək
lazımdır ki, son iki ildə nəsə bir iş
görmək istəyənlər var. Azərbaycan kinosunu
düyna ictimaiyyətinə tanıtmaq üçün xarici
festivallarda iştirak etməliyik. Şərt
deyil ki, biz orada yer götürək, qalib olaq. Əsas qatılmaq və öz
mədəniyyətini tanıtmaqdır. Bu
işə Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən əncam çəkilməlidir. Bu gün bizdə qohumun filmini, və ya qohumu
filmə çəkmək dəb halı alıb. Filmləri səriştəsizlərin ümidinə
qoymaq olmaz. Kino tariximizi, mədəniyyətimizi,
sosial həyatımızı əks etdirə bilər. Qeyri-peşəkar tərəfindən
ekranlaşdırılan tariximiz gələcək
nəsillərə bərbad halda çatdırılacaq.
Günün aktual mövzularından biri
Qarabağ münaqişəsi ilə bağlıdır.
Tək bədii film deyil, elə sənədli
filmlər də kifayətdir. Sponsorların
filmə pul ayırması üçün mövzular
təsiredici olmalıdır. Bu gün
rejissorlar daha çox komediya janrına qaçır. Görünür bir qədər arsız və
unutqan millətik. Toylarda “Şuşanın
dağları”nı oynayan insanlardan nə
gözləmək olar. İnsan övladını
qınamalı deyil, gülməyi daha çox sevirik.
Yeni Azərbaycan.-2007.-2 avqust.-S.7.