Azərbaycanın
Xalq artisti Müslüm Maqomayevə
Əziz
Müslüm Maqomayev!
Sizi, müasir
dövrün görkəmli musiqi xadimini yubileyiniz
münasibətilə təbrik edir, sizə xoşbəxtlik,
cansağlığı və uğurlar arzulayıram.
Milyonlarla insana sizi
sevdirən parlaq istedadınız səhnədəki ilk
addımlarınızdan etibarən özünü büruzə
vermiş və sizə ifaçılıq sənətinin
nadir incilərini yaratmaq imkanı bəxş etmişdir.
Yüksək zövqünüz, fitri musiqi mədəniyyətiniz
və çoxşaxəli yaradıcılıq qabiliyyətiniz
sayəsində siz böyük bir dövrün əsl rəmzinə
çevrilə bilmisiniz.
Qısa müddət ərzində siz təkrarolunmaz səhnə görkəmi və olduqca populyar repertuar formalaşdırmış, sovet mahnı ifaçıları arasında öz sözünüzü deyərək unikal bir mövqe qazanmısınız. Sizin sənətinizə həm stadionlarda toplaşan çoxminli dinləyiciləriniz, həm də həmkarlarınız məftun olurdular.
Bəstəkarlıq fəaliyyətiniz şöhrətinizi daha da artırmış və az bir müddətdə pərəstişkarlarınızın məhəbbətini qazanmış bir çox əsərlər yazmağınıza, onları özünəməxsus tərzdə ifa etməyinizə imkan vermişdir. Azərbaycanı vəsf edən məşhur mahnınızda isə doğma diyara olan hədsiz məhəbbətiniz öz əksini tapmışdır.
Zahirən bir-biri ilə uzlaşmayan xüsusiyyətlər heyrətamiz şəkildə sizin şəxsiyyətinizdə cəmləşərək eyni zamanda klassik və estrada musiqisinin ifaçısı, kinoaktyor və opera teatrının solisti, estrada-simfonik orkestrinin təşkilatçısı və ictimai xadim kimi fəaliyyət göstərməyinizə zəmin yaratmışdır. İfaçılıq və bəstəkarlıq fəaliyyəti ilə yanaşı, incəsənətin hər bir sahəsində qüvvənizi sınamaq həvəsinizi "Mənim məhəbbətim melodiya" kitabınız və rəsm əsərləriniz bir daha əyani surətdə nümayiş etdirir.
Biz hamımız haqlı olaraq sizinlə fəxr edirik. Siz artıq bizim canlı tariximizsiniz. İstedadınızın misilsiz yüksəlişinin şahidləri, eləcə də yeni nəslə mənsub azərbaycanlılar sizi həmişə. həqiqi sənətin böyük ustadı kimi dəyərləndirəcəklər.
Ən xoş arzularla,
İlham Əllyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 16 avqust 2007-ci il
Azərbaycan.- 2007.- 17 avqust.- S. 1.