Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Muğam Mərkəzində tikinti işlərinin gedişi ilə maraqlanmışdır

 

AzərTAc xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 15-də Beynəlxalq Muğam Mərkəzinin tikildiyi əraziyə gələrək burada inşaat işlərinin gedişi ilə maraqlanmışdır.
Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırılan möhtəşəm layihələri sırasında xüsusi əhəmiyyətə malik olan bu mədəniyyət mərkəzinin inşası Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. Belə bir mədəniyyət ocağının tikilməsi, muğamın inkişaf və təbliğ edilməsi üçün görkəmli xanəndələr, muğam bilicilərinin iştirakı ilə dəyirmi masa keçirilmiş və Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması qərara alınmışdır. Prezident İlham Əliyev 2005-ci il aprelin 6-da Bakıda Beynəlxalq Muğam Mərkəzinin yaradılması haqqında Sərəncam imzalamışdır.
Beləliklə, xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi, Azərbaycan musiqisinin zəngin fəlsəfi təməl üzərində təşəkkül tapmasında əvəzsiz rol oynayan muğama möhtəşəm abidə ucaldılması istiqamətində ciddi addım atılmışdır. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Bakının möhtəşəm sənət ocaqlarından biri olacaq mərkəzin inşasına başlamazdan əvvəl muğam ustadları ilə mütəmadi görüşlər, məsləhətləşmələr aparılmış, nəhayət Beynəlxalq Muğam Mərkəzinin layihəsi tərtib edilmiş və Heydər Əliyev Fondunda təqdimatı keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin və YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın iştirakı ilə 2005-ci il avqustun 24-də Dənizkənarı Milli Parkda Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur. Bu mərkəzin də inşası əsaslı təmir olunan və yenidən qurulan digər tarixi abidələr və monumental binalar kimi, dövlətimizin başçısının daim diqqətindədir. “Aikon” şirkətinin inşa etdiyi və Azərbaycan-YUNESKO əməkdaşlığının bəhrəsi olan bu mədəniyyət mərkəzinin dizaynında milli musiqi sənətimizin rəmzləri əks olunmuşdur.
Tikintinin gedişi və binanın maketi ilə tanış olan Prezident İlham Əliyev bu mərkəzin memarlıq ansamblının muğamın ənənələrinə uyğun yaradılması, inşaat işlərinin ən yüksək səviyyədə aparılması ilə bağlı tövsiyələrini vermişdir.

 

Xalq qəzeti.-2007.- 16 avqust.-S.2.