Bayramova Z.
Cabbar Qaryağdıoğlu –
muğamın bənzərsiz ifaçısı
Ölkə Prezidentinin
ötən gün imzaladığı sərəncama
əsasən, Azərbaycan musiqi sənəti tarixində
müstəsna rol oynayan XIX əsrin görkəmli
xanəndəsi Cabbar Qaryağdıoğlunun xatirəsinin
əbədiləşdirilməsi və onun qəbirüstü
abidəsinin ucaldılması, həmin ərazidə
abadlıq işlərinin görülməsi və paytaxt
küçələrindən birinə onun adının
verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda,
Mədəniyyət və Turizm Nazirliyinə
sənətkarın həyat və
yaradıcılığı haqqında sənədli film
çəkmək, Milli Elmlər Akademiyasına isə
xanəndə ilə bağlı kitabın hazırlanması
tapşırılmışdır. Azərbaycan musiqi
sənətinin görkəmli nümayəndələrinə
dövlət tərəfindən göstərilən bu
qayğı milli mədəniyyətimizin təbliğ
edilməsi və onun daha da inkişaf etdirilməsi
məqsədi daşıyır. İstər müasir dövrümüzdə
yaşayan istedadlı sənətkarlar, istərsə də
dünyasını dəyişmiş vəsənət
tariximizdə iz salmış korifeylər döylət
tərəfindən yad olunaraq, onlara qayğı
göstərilir.
Cabbar
Qaryağdıoğlu Azərbaycanın ikinci konservatoriyası
hesab edilən Şuşa şəhərində boyaqçı
ailəsində anadan olub. Xanəndə 1935-ci ildə
Azərbaycan xalq artisti adını almış, dövlət
tərəfindən "Şərəf nişanı"
ordeni ilə təltif edilib.
Qeyd edim ki,
xanəndəçilik sənəti ona irsi olaraq
keçmişdir. Belə ki, sənətkarın atası
Məşədi İsmayıl dini mərasimlərdə
iştirak edən gözəl səs sahibinə malik
şəxs idi. Onun etdiyi xırdalıqlar, avazlı ifası
balaca Cabbarın da uşaqlıq illərində
yaddaşına izlər salmış və onda musiqiyə olan
həvəs oyatmışdır. Cabbarın musiqi təhsili
almasında, qeyd etdiyimiz kimi, dövrün tanınmış
simalarının rolu müstəsnadır. Bu baxımdan, Cabbar
Qaryağdıoğlunun xanəndə kimi
yetişməsində Məşədi Məhəmmədin
də özünəməxsus yeri vardır.
Müğənnilik
sənətinə kifayət qədər bələd olan
gənc Cabbar artıq gənclik illərində
şöhrət tapmış Sadıqcan, ilə ilk
dəfə olaraq, Xandəmirov teatrında təşkil
olunmuş xeyriyyə gecəsində çıxış
etmişdir. Həmin gecədə müğənni
"Heyratı" muğamını qeyri-adi bir
məharətlə ifa etmiş, bütün
iştirakçıların diqqətini cəlb etmişdir. O
zamandan Cabbar Qaryağdıoğlunun şöhrəti
artmış, Azərbaycanın hər yerindən onun
ifasını dinləmək üçün konsert salonlarına
axışırdılar. O, peşəkar bir sənətkar
olaraq, Bakı, Gəncə, Şamaxı, Ağdaş və
digər məkanlara dəvət olunur. Cabbar
Qaryağdıoğlunun tez bir zamanda
məşhurlaşması və onun güclü səs
tembrinə malik olması, Azərbaycan xalq mahnı və
muğamlarının köklərinə dərindən
bələd olmasından irəli gəlirdi. Cabbar
Qaryağdıoğlu Hacı Hüsü, Bülbülcan,
Məşədi İsi kimi zəngin yaradıcılıq yolu
keçmiş sənətkarlardan biridir. O, hər
şeydən əvvəl, böyük muğam ustası idi.
Muğamatın incəliklərini, onun texnikasını
dərindən bilən Cabbar Qaryağdıoğlu muğamın spesifik
xüsusiyyətlərini və müxtəlif
hissələrini məharətlə oxuyur, onlardan lazımi
şəkildə istifadə edirdi. Azərbaycan muğam
sənəti tarixində Cabbar Qaryağdıoğlunun
ifasında səslənən "Bayatı-Qacar"
muğamını çox orijinal bir şəkildə,
məhz Azərbaycan musiqisinin xüsusiyyətlərini
nəzərə alaraq, ifa etmişdir. Onun ifasındakı
"Dəşti", "Cahargah" muğamları
ustalıqla təqdim olunmuşdur. Qeyd olunan muğamlara
sürəkli zəngulələr vuraraq, dəstgahın
ən çətin gediş-gəliş yollarını
orijinal bir tərzdə gəzişmişdir. Ömrünün,
demək olar ki, sonuna qədər Cabbar Qaryağdıoğlu
sırf bu sənətlə məşğul olmuş,
Azərbaycan musiqi sənəti tarixinə muğamları
dəstgah şəklində daxil etmişdir. Onun ifa etdiyi muğamların
hər birində musiqinin ritminə uyğun bir şəkildə
qəzəllər seçmiş və o, ifasında
şeriyyətə xüsusi diqqət yetirmişdir.
Belə ki, ifa olunan
musiqidə sözlərin məzmun və mənasına xüsusi
diqqət yetirilməlidir. Müğənni Füzulinin,
Sədinin, Nizaminin, Şirvaninin qəzəllərindən
istifadə edərək, hər bir muğamın yeni bir
məzmun üzərində dinləyicisinə təqdim
etmişdir. Cabbar Qaryağdıoğlunun ifa etdiyi
muğamlarında sözləri məharətlə
vurğulaması, ahəng qanununa uyğun bir
şəkildə avazını yüksəltməsi
xanəndənin bir daha ustalığını təsdiq
edən amillərdən biridir. Daim dinləyicilərinin
qarşısında orijinal və zəngin repertuarla
çıxış edən xanəndə ifa etdiyi musiqi
nömrələri sırasına türkmən, özbək,
ləzgi, gürcü dilində olan mahnıları da daxil
etmişdi.
Cabbar
Qaryağdıoğlu istedadlı müğənni olmaqla
yanaşı, həm də təşkilatçı kimi
fəaliyyəti də diqqətdən yayınmır. Belə
ki, o, Azərbaycan Dövlət Konservatoriyasının ilk
təşkilatçılarından biri olmuş, bu təhsil
ocağında musiqi dərsləri deyərək, bütün
qüvvəsini istedadlı musiqiçilər nəslinin
yetişməsinə sərf etmişdir. Xanəndə
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında və radio verilişləri idarəsində
uzun illər solistlik etmiş, eyni zamanda, Azərbaycan
Dövlət Konservatoriyasının elmi-tədqiqat
kabinəsinin məsləhətçisi olmuşdur.
Yarım əsrdən
artıq bir dövr topladığı 270-dən çox xalq
mahnısını, musiqi parçasını həmin tədqiqat
kabinəsinə təqdim edərək, Azərbaycan xalq musiqi
fondunu zənginləşdirmişdir. Onun 30-dan çox
mahnısı görkəmli bəstəkarımız
Üzeyir Hacıbəyov və Müslüm Maqomayev
tərəfindən nota salınmışdır. Bütün
bunlarla yanaşı, Cabbar Qaryağdıoğlu opera və
operretta yazan bəstəkarlarımıza yaxından
köməklik etmişdir. Məşhur rus bəstəkarı
R.M.Qlyer "Şahsənəm" operasını
bəstələmək üçün Bakıya gəldiyi
zaman Cabbar Qaryağdıoğlunun və görkəmli tarzən
Qurban Pirimovun ona köməkliyi olmuşdur. Cabbar Qaryağdıoğlu
bir çox qədim Azərbaycan notlarını və
təsniflərini Qurban Pirimovun müşayiəti ilə
Qlyerin qarşısında oxumuş və operanın
yaranmasında ona köməklik göstərmişdir.
Sonralar Qlyer bu haqda
yazırdı ki, operada istifadə etdiyim mahnıların, demək
olar ki, hamısı Azərbaycanın qədim mahnılarıdır
və onları mənə məşhur xanəndə, Cabbar
Qaryağdıoğlu vermişdir. Cabbar Qaryağdıoğlu
xalq musiqisinin ən gözəl nümunələri olan
təsnif və mahnıların toplanmasına xüsusi
həssaslıqla yanaşmışdır. O, 1934-cü
ildə altı ay müddətində professor
Bülbülün rəhbərlik etdiyi Azərbaycan musiqisini
öyrənən elmi kabinetə 220 xalq mahnısı və
təsnif, 70-ə qədər xalq musiqi parçası
vermişdir. Həmin musiqi nömrələrinin Qurban Pirimovun
müşayiəti ilə xanəndə ifadə etmişdir.
Cabbar Qaryağdıoğlunun ifa etdiyi 300-ə qədər
mahnı və təsnifə Bülbül fonovalika yazdırmış,
bəstəkar Səid Rüstəmov isə nota
köçürmüşdür. Cabbar Qaryağdıoğlu
tərəfindən fonovalika yazılmış 50 xalq
mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən
elmi kabinet tərəfindən "Azərbaycan xalq
nəğmələri" başlığı altında
ayrıca kitab şəklində çap edilmişdir.
Bütün bunlarla yanaşı, Cabbar Qaryağdıoğlu
keçirilən müsabiqələrdə və olimpiadalarda
da iştirak etmiş, böyük uğurlar
qazanmışdır. Cabbar Qaryağdıoğlunun
yaradıcılıq yoluna diqqət etdikdə,
görürük ki, onun fəaliyyəti çox
şaxəlidir. O xanəndə, bəstəkar, eləcə
də, şair kimi tanınmışdır. Onun "Var"
rədifli məşhur qəzəli xanəndələr
tərəfindən məharətlə ifa olunmuş və bu
gün də xalq musiqi ifaçılarının
repertuarına daxildir.
Cabbar
Qaryağdıoğlunun adı dünya şöhrətli
musiqiçilər olan E.Karuzo, F.Şalyapin, B.Cili kimi
böyük müğənnilərlə bərabər
çəkilir. 20 yaşından etibarən sırf
sənətkarlıqla məşğul olan xanəndə 70-75
yaşlarında belə özünəməxsus olan səs
təravətini, gözəlliyi qoruyub-saxlaya bilmişdir. Belə
bir sənətkarın şəninə dastanlar deyilmiş,
şeirlər yazılmışdır. Güclü dramatik-tenor
səsə malik olan Cabbar Qaryağdıoğlu Azərbaycan muğam
sənətində özünəməxsus bir oxu üslubu
yaratmışdır. Şərq vokal sənətinin
ustadı zirvəsinə yüksəlmiş,
neçə-neçə muğamlara öz nəfəsini
əlavə edərək, musiqi tariximizdə
ustad-sənətkar adını qazanmışdır. Onun
yaratdığı məktəbdən
bəhrələnən sənətkarlar isə Cabbar
Qaryağdıoğlu ənənələrini davam etdirməyə
və yaşatmağa çalışmışlar.
Təbii ki, musiqi
sənəti tarixinə çox muğam ustaları ayaq
açmışlar. Lakin Cabbar Qaryağdıoğlunda olan
səs diapozonu, ifa üslubuna heç bir xanəndədə
təsadüf olunmur. O, həqiqətən də, sənət
aləmində böyük bir məktəbin yaradıcısıdır.
Belə bir sənətkarın adını əbədiləşdirmək,
onu ruhən yaşatmaq Azərbaycan musiqi sənətinin
təməlinin möhkəmlətməsinə xidmət
göstərir. Heydər Əliyev Fondunun Prezidenti Mehriban
xanım Əliyevanın təşəbbüsü və
diqqəti nəticəsində, bildiyimiz kimi, Cabbar
Qaryağdıoğlunun səsi yazılmış qromofon
valları yeni üslubda olan disklərə
köçürülmüş, çox nəfis bir
tərtibatla yaradılaraq, dünyanın müxtəlif
ölkələrinə təqdim olunmuşdur. Qeyd edim ki,
hazırlanan bu nümunələrdə Cabbar
Qaryağdıoğlunun həyat və
yaradıcılığına da xüsusi diqqət
yetirilmiş, Azərbaycan, rus və ingilis variantında
təqdim olunmuşdur.
Mehriban xanımın
layihələri əsasında həyata keçirilən
ideyalar Azərbaycan milli musiqisinin, xüsusilə də,
muğam sənətinin inkişaf etdirilməsinə təkan
verdi. Qeyd etdiyimiz kimi, ötən gün Prezident İlham
Əliyevin imzaladığı bu sərəncam da məhz
Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələrinin
xatirəsini əbədiləşdirmək
məqsədinə xidmət edir. Cabbar Qaryağdıoğlu
kimi sənətkarlar bizim xalqın ən sevilən və
hörmət bəslənilən simalarıdır.
Səs.- 2007.- 18 avqust.- S. 12.