Ələddinqızı N.
Mədəniyyət və Turizm Nazirliyi etiraz məktubu ünvanlayıb
"Tək nazirlik deyil,
damarında azərbaycanlı qanı axan hər bir kəs bu
cür təxribatlara qarşı ən sərt formada etiraz
etməlidir "
İngiltərənin
məşhur Britaniya ensiklopediyasında və rusiyalı alim
Kiril Tomovun "Yaradıcı ittifaqlar: Sovet
bəstəkarların professional təşkilatları,
1939-1953-ci illər" kitabında Qara Qarayevin erməni
bəstəkarı kimi təqdim edilməsi ilə
bağlı Mədəniyyət və Turizm Nazirliyi etiraz
məktubu ünvanlayıb. Mədəniyyət və Turizm
Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun
məlumatına əsasən, məsələ ilə
bağlı Azərbaycanın hər iki ölkədəki
səfirliklərinə bu işlə məşğul olmaq
üçün məktub göndərilib. Nazirlik, eyni zamanda,
həmin ölkələrin mədəniyyət
nazirliklərinə və müəlliflərə etiraz
məktubu da göndərib: "Tək nazirlik deyil,
damarında azərbaycanlı qanı axan hər bir kəs bu
cür təxribatlara qarşı ən sərt formada etiraz
etməlidir.
Biz buna öz etirazımızı çatdırırıq və çatdıracağıq da".
Qeyd edək ki, Rusiyalı alim Kiril Tomovun
"Yaradıcı ittifaqlar:
Sovet bəstəkarların professional təşkilatları,
1939-1953-ci illər" kitabının
249-cu səhifəsində Stalin
mükafatı üzrə
Yaradıcı Şuranın
üzvləri sadalanarkən müəllif Rusiyadan bəstəkar Şostakoviçin,
Ukraynadan opera müğənnisi Litvinenko-Velegemountun,
Belorusdan opera müğənnisi Aleksandrovskayanın,
Ermənistandan isə
Qara Qarayevin bu şuraya üzv olduğunu yazıb. İngiltərənin məşhur Britaniya ensiklopediyasında da
azərbaycanlı bəstəkarlar
haqqında bölmədə
Qara Qarayev erməni kimi təqdim olunub.
Səs.- 2007.- 29 avqust.- S. 12.