Xalqın zövqünü pozan televiziya və radiodur

 

Fəxrəddin Dadaşov, Xalq artisti: "Qarabağ gedəndən sonra muğamımız da zəifləyib"

 

Ötən ayın sonlarında İsveçrədə keçirilən "Montre" festivalında ilk dəfə iştirak edən Azərbaycan musiqiçiləri uğurla vətənə dönməkdən əlavə, gələn il də həmin festivalda iştirak etmək təklifi alıblar. Festivalda müsabiqəyə qatılmayan, sadəcə, konsert proqramı ilə çıxış edən Xalq artisti, Milli Konservatoriyanın dosenti Fəxrəddin Dadaşov gələn il də bu ölkədə baş tutacaq növbəti festivalda Azərbaycanı təmsil edəcəyini bildirdi:

 

- Konsertdə köhnə solistlərdən təkcə biz iştirak edirdik. Bildiyiniz kimi, tanınmış cazmen Şahin Növrəsli festivalda ikinci mükafatı qazandı. Biz isə konsert proqramı ilə çıxış etdik. Festivalda 1930-cu illərin istehsalı olan "Lətif" səssiz filmindəki hadisələri musiqi ilə təqdim etdik. Xalq musiqisindən, muğam və cazın sintezindən ibarət olan kompozisiyaya "Sarı gəlin", "Gözəlim sənsən" və digər musiqilər əlavə olunmuşdu. Dinləyicilər çox məmnun qaldılar.

- Maraqlıdır, siz əsasən kamança ifaçısı ola-ola nə üçün caz festivalına dəvət almışdınız?

- Gərək hər musiqini duyasan. İmprovizə etməyi bacarmalısan. Mən cazı, klassik musiqini və estradanı eyni dərəcədə xoşlayıram. Kamançada muğamlarla cazın sintezini edirəm.

- Hər musiqini duymağın gərəkliyini deyirsiniz. Elə isə siz nə vaxtdan musiqini duymağa başlamısınız?

- Gözümü dünyaya açandan musiqi səsi eşitmişəm. Atam musiqiçi olub. O, nağara çalırdı. Atam dram teatrında, "Muskomediya"da, "Azkonsert"də işləyib, eyni zamanda, "26 Bakı komissarı", "Arşın mal alan" filmlərində çəkilib. 4 yaşımdan 7 yaşıma qədər atamın nağarasını çalırdım. Musiqi məktəbinə daxil olanda atam məni tar sinfinə qoydu. O vaxt tək-tək evlərdə televizor var idi. Musiqini yalnız radioda eşidərdik. Atam ən çox İrana qulaq asar, elə musiqinin səsi ilə də yatardı. O məni təhsil almaqdan ötrü 2 saylı musiqi məktəbinə gətirdi. Müsabiqəni Filarmoniyada keçirirdilər. Musiqi qabiliyyətimizi yoxladılar. Məktəbin direktoru Fatmaxanım müəllimə dedi ki, bu uşağın boyu çox balacadır, 2 il gözləyin, onun boyu artsın, ya da ki, kamançaya qoyun. 58-ci ildə həm musiqi məktəbinə getdim, həm də kamançaya yazıldım. Məni kamança aləti ilə tanış edib həvəsləndirirdilər. 3-cü sinfə keçəndə məktəblilər arasında keçirilən müsabiqənin laureatı oldum. Məktəbi qurtarandan sonra məni Bülbül adına musiqi məktəbinə qəbul etdilər. Həbib Bayramov ifamı eşidib çox bəyəndi. Əhməd Bakıxanov isə dedi ki, boyu çox balacadır, həm də arıqdır, amma çalmağı yaxşı olduğu üçün ansambla qəbul edək. Beləliklə, ansamblda çalmağa başladım.

- Əhməd Bakıxanov vəfat etdikdən sonra ansambla kim rəhbərlik etdi?

- 1973-cü ilə qədər Əhməd müəllimlə işlədim. Onun ölümündən sonra Həbib Bayramov ansambla rəhbərlik etməyə başladı. 94-cü ilə qədər də Həbib müəllimlə işlədim. O, rəhmətə gedəndən sonra ansambl üzvləri Möhlət Müslümovun ansambla rəhbərlik etməsi təklifini verdi. O vaxtdan ansambla Möhlət rəhbərlik edir. Demək olar ki, ansamblı Möhlətlə mən əzizləyib saxlayırıq. Bəzən başqa yerdəki xeyrimizdən imtina edib ansambl üçün çalmışıq ki, təki ansamblı saxlayaq. Axı bu, Üzeyir bəyin vaxtında Azərbaycanda yaranan ilk ansambldır.

- Ansambl fəaliyyətə başlayanda yalnız muğam, xalq mahnıları və rənglər ifa edib. Bəs bu gün repertuarınızda hansı dəyişiklik var?

- Biz həmin yolu yenə də davam etdiririk. Ancaq heyif ki, əvvəlki xanəndələr yoxdur.

- O vaxt ansamblda kimləri müşayiət edirdiniz?

- Xan Şuşinski, Əbülfət Əliyev, Rübabə Muradova, Şövkət Ələkbərova, Yaqub Məmmədov, Hacıbaba Hüseynov və başqa görkəmli xanəndələri müşayiət edirdik. Hacıbaba Hüseynova görə Əhməd Bakıxanovu çox incidirdilər. MK-dan zəng vurub deyirdilər ki, onun üzü qaradır, televiziyaya düşmür. Əhməd müəllim də həmişə deyirdi ki, bizə onun səsi lazımdır, görkəmi yox. O vaxtlar belə şeylər olurdu. Mən ansamblda ən çox Zeynəb Xanlarova ilə işləmişəm. Çoxlu qastrol səfərinə gedirdik. Konsertlərimizin çoxu fondda saxlanılır. 1972-ci ildə Zeynəb xanım ayrıca ansambl yaratdı. Mən həmin ansamblda da çalmağa başladım.

- Yaradıcılığınızın ən yaxşı dövrünü Əhməd Bakıxanovun ansamblında keçirdiyiniz illərə aid edirsiniz, yoxsa Zeynəb Xanlarova ilə birgə çalışdığınız vaxtlara?

- Əlbəttə ki, Əhməd Bakıxanovun ansamblında çaldığım illərə. Üzeyir bəy Azərbaycan professional musiqisinin yaradıcısı olduğu kimi, Əhməd xan da muğamlarımızın, rənglərin, dəramədlərin professoru olub. Ondan sonra belə muğamlar, rənglər eşitməmişəm. Eşitdiyim də ya ərəb, ya da İran musiqisinə aparır. Əsl Azərbaycan klassik muğamatının fundamentini Əhməd müəllim qoymuşdu. Sənətdə qazandığıma görə, Əhməd xanın məktəbinə borcluyam. Çox heyiflər olsun ki, muğamlar Əhməd Bakıxanovun vaxtında eşitdiyimiz kimi deyil. İndi klassik muğamdan çıxıblar. Muğamata yad yanrlar, nəfəslər çox gətiriblər. Xalqın 95 faizi meyxana tipli küçə musiqilərinə meyil edir. Belə musiqiləri Hindistanda olanda eşitmişəm. Türkiyənin özündə İbrahimi böyük sənətkar kimi hamı bəyənir. Dövlət isə onu o qədər qəbul eləmir. Onlar öz milli musiqilərini saxlayırlar. Özəl kanallarda isə belə oxuyanlara yer verirlər. Ancaq milli musiqi, aşıq musiqisi, xalq şərqiləri dövlət kanallarında səslənir. Bizdə isə vəziyyət başqa cürdür. Xalqın zövqünü pozan televiziya və radiodur. Bu baxımdan özəl kanallarda vəziyyət daha pisdir.

- Sizə belə oxuyanları müşayiət etmək təklif olunanda razılaşırsınız?

- Yox, mən onları müşayiət etmirəm. Çox müraciət olunur. Hətta bəzən yaxşı oxuyanlar da ara mahnıları oxuduqları üçün onları müşayiət etməkdən imtina edirəm.

- Bəs bu gün kimi müşayiət etməyi xoşlayırsınız?

- Bir Yaqub Məmmədovumuz vardı... O da getdi... O, Azərbaycan klassik muğamatının banisi idi. O getdi, muğamatımızı da özü ilə apardı. Qoy o birilər məndən inciməsin. Mənimçün cəmi 3 nəfər qalıb: Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abdullayev. Qadınlardan isə Qəndab Quliyeva, Mələkxanım Əyyubovanı müşayiət etməyi xoşlayıram. Qalanlar yolunu azmış oxuyanlardır. Onlar klassik musiqidən kənara çıxırlar. İndi televizora baxanda keçən vaxtları xatırlayıb öz-özümə deyirəm ki, hanı o illər? Uşaq idim, istirahət günləri günorta konsertini həsrətlə gözləyirdik. Radionu açıb əsl muğama, dəstgahlara qulaq asardıq. Tar-kamançanın səsi, xanəndənin muğam oxuması... daha onları eşitmirəm. Elə bil onları yuxuda görmüşdüm.

- Olduğunuz xarici ölkələrdə musiqimizə necə maraq göstərirlər?

- Nə olaydı, bizim də xalqımız muğamatı dinləməyi onlardan öyrənəydi... İnanın ki, konsert vaxtı zalda milçək uçsa səsi eşidilər. Elə diqqətlə qulaq asırlar ki... 99-cu ildə İngiltərədə olanda ən böyük və bahalı salonların birində konsert verirdik. Zalda qabaq cərgədə oturan bir nəfərin gözündə yaş parıldadığını gördüm. Muğam ifa olunub qurtarandan sonra bütün camaat ayağa qalxıb əl çalmağa başladı. Biz pərdə arxasına keçdik. Bir də gördük ki, həmin adam da pərdə arxasına gəlib bizi qucaqlayıb öpərək: "Azərbaycan muğamatına qurban olum" - dedi. Həmin adam İngiltərədəki keçmiş səfirimiz Mahmud Məmmədquliyev idi. O bizdən səfirlikdə konsert verməyimizi xahiş etdi. Həmin gün bütün xarici səfirlikləri bizim muğamata qulaq asmaq üçün səfirliyə dəvət etmişdi. Konsert çox gözəl keçdi.

- Elə ab-havanı gördükdən sonra Bakıya qayıdıb bir az zövqü dəyişmiş, bir az musiqimizə biganə olan publika qarşısında çıxış etmək çətin olmurmu?

- Çox çətindir. Mən ona görə ürək ağrısı tapmışam. Bir neçə ay bundan əvvəl elə bu fikirlər ucbatından mikroinfarkt keçirdim. Evdə öz övladımın da belə musiqilərə qulaq asdığını görəndə, bu mənə daha pis təsir edir. 50 ildən sonra musiqimiz bilmirəm qalacaq, yoxsa yox. Görürəm ki, indidən ölüb gedir. Erməniyə də bu lazımdır. İndi toylarda tar-kamança ilə yox, sintezatorla iş görürlər. Bəylə gəlini də sintezator müşayiət edir. Erməni deyəcək də "tar-kamança mənimdir". Hamısında televiziya günahkardır. Vaxtı-vaxtında muğamatımızı, simfonik, əsl estrada musiqimizi, aşıq musiqisini, kapellanı səsləndirsələr, vəziyyət bu cür olmaz. Hər yoldan ötən televiziyaya çıxıb oxuyur. Rüşvət baş alıb gedir. İncəsənətdə, musiqidə də rüşvət olar? Mən həmişə incəsənətdə və həkimlikdə rüşvətin əleyhinə olmuşam. Çünki bunlar göz qabağında olan sənətlərdir.

- Siz həm də Milli Konservatoriyada xalq musiqimizin tədrisi ilə məşğulsunuz. Tələbələr xalq musiqisini öyrənməyə həvəslidirlərmi?

- Dərs dediyim tələbələrdən çox şey gözləyirəm. Onların gələcəyinə inanıram. Əvvəllər xalq musiqisi batıb gedirdi. Milli Konservatoriya ayrıca fəaliyyət göstərəndən sonra Səyavuş Kərimi çox işlər görüb. Əvvəllər isə Konservatoriyada xalq musiqisinə çox aşağı nəzərlərlə baxırdılar. İndi Milli Konservatoriyaya tələbələrin axını var. Yaxşıların yaxşısı seçilib qəbul edilir. Hətta balaban sinfi də açılıb.

- Bəs öz-özünüzlə tək qalanda kamançada nəyi çalmağı xoşlayırsınız?

- Ancaq klassik muğamları çalmağı xoşlayıram. Şənliklərdə olanda məcburən yolumu azıram. Amma mənə öz muğamatımız lazımdır. Bir söz də deyim: nə qədər Qarabağ vardı, muğamatımız da vardı. Qarabağ gedəndən sonra muğamatımız da zəifləyib. Yaxşı ki, Mehriban xanım muğamatımızın qayğısına qalaraq, onu ölməyə qoymadı. Onun bu xeyirxah addımından sonra muğamlarımız xeyli dirçəldi.

 

Kaspi.-2007.-2 avqust.-S.16.