Xəlilzadə F.
Dünyasını
dəyişmiş müqtədir ifaçılarımız
barəsində düşünəndə həmişə
bir fikrin üstündə dayanmalı oluram: gedən nəfəs,
qalan səsdir. Biz nəslin tanıdığı
xanəndə və müğənnilər olub
ki, onların cismani yoxluğu o qədər də bilinməyib. Çünki o unudulmaz insanlar oxuduqları mahnıların,
nəğmələrin sədasında
həmişə yaşamaqdadırlar.
Əbülfət Əliyev,
Rübabə Muradova, Sara Qədimova, Şövkət Ələkbərova,
Səxavət Məmmədov
onları necə aramızda hiss etməyə bilərik. Mahnıları, muğamları,
bunların qovuşuğunda
ölməzlik qazanmış
avazları, səsləri
yaşayır. Bu sırada xalq artisti , muğam və bəstəkar mahnılarımızın mahir
ifaçısı, məlahətli
səsə və şirin avaza məxsus Məmmədbağır
Bağırzadə dayanmaqdadır.
Yaxşı yadımdadır ki,
ötən əsrin
70-ci illərində onun
musiqi aləminə gəlişi necə təmtəraqla, rəğbətlə
qarşılanmışdı. Bəlkə də Məmmədbağır Bağırzadə
yeganə sənətkarlarımızdandır
ki, birinci dəfə xalq tərəfindən yüksək
hörmətlə, məhəbbətlə, sevgi
ilə qarşılandıqdan
sonra rəsmilər tərəfindən tanındı.
Toydan, el şənliklərindən başlanan
yollar böyük konsert salonlarında, rəsmi məclislərdə, ekran
və efirdə təşəkkül tapdı.
Əgər əvvəllər
sevdiyi, seçdiyi qəzəlləri, şeirləri
ifa edirdisə, sonralar şairlər, bəstəkarlar arzulayırdılar
ki, onların mahnılarını məhz
Məmmədbağır Bağırzadə
ifa etsin. O da yadımdadır ki, toy dəvətnamələrinin
altında yazılardı:
"Məmmədbağır Bağırzadənin iştirakı
ilə". Bu o demək idi
ki, toya getmək istəməyən
də məhz Məmmədbağırın səsini
eşitmək üçün
o məclisə üz tutardı. Bu faktdır. Məmmədbağır Bağırzadə hansı toyda iştirak edirdisə, səsinin işığına
yüzlərlə, minlərlə
pərəstişkar yığılardı.
İştirak etdiyi toylarda həmişə toy sahibinin siyahısına
birinci onun adı düşərdi. Ən yüksək məbləğdə pul yazdırardı. Məmmədbağır
Bağırzadə Nardaran
kimi ənənələrə sadiq,
muğam, qəzəl
bilicilərinin yetişdiyi
bir ocaqdan pərvazlanmışdı. Ona
görə də halal yaşadı. Heç vaxt öz yolundan sarpmadı.
İndi bu ləyaqətli şəxsiyyət
barəsində keçmiş
zamanda danışmaq ağırdır. Amma əbədi hökmləri
kim pozub ki? Özü necə oxuyurdu: "Kimlərə qaldı dünya?" Onun yumşaq səsinin ahəngində süzülən
sualların yanıqlı
tişələri bu gün də adamın ürəyinə
sancılır. İstər-istəməz Məmməd
Aslanın misralarını
xatırlayır:
Udar padişahdan gədaya kimi,
Eyləməz kimsəyə
güzəşti dünya.
Böyük Səməd
Vurğun isə deyirdi: "Əldən-ələ keçər vəfasız dünya".
Amma bu vəfasız
dünyanın bir etibarını da danmaq olmaz. El
qəlbində yaşayanlar
ölmürlər, eləcə
nura qənşər bir ömür sürürlər.
Vaxtilə "Axtarma məni"
mahnısı ilə məşhurlaşan, əsl
pərəstiş ünvanına
çevrilən Məmmədbağır
Bağırzadə qısa
ömründə muğamlarımızın,
xalq və bəstəkar mahnılarının
mahir ifaçısı
kimi təkcə Azərbaycanda deyil, xarici ölkələrdə
də geniş şöhrət taparaq
sevildi. Onun uşaqlıq və gənclik dostları, eləcə də müəllimləri, yol göstərənləri, ustadları
xatırlayırlar ki,
Məmmədbağır həyatda
da, sənətdə də həmişə məsuliyyətli olan alicənab insan və xanəndə idi. Korifey sənətkarımız
Yaqub Məmmədov Məmmədbağır Bağırzadəni
hələ 12 yaşında
ikən ifa etdiyi "Heyratı"ya qulaq asanda
heyrətlənərək demişdi:
"Nəhayət, axtardığım
səsi eşitdim, avazı tapdım".
Xalq artisti Əlibaba Məmmədov Məmmədbağır Bağırzadə
sənətini yüksək
qiymətləndirərək onun yoxluğunun milli musiqimizdə əbədi olaraq bilinəcəyini söyləyir.
Nə acılar ki, repertuarında 200-dən yuxarı mahnı, təsnif, muğam lentə alınmış bu unudulmaz sənətkar yeni mahnıları bir daha oxumayacaq.
Kaman ustadı Habil isə "ikinci Məmmədbağır
olmayacaq" deyir.
Əlbəttə, bu,
yanlış bir fikirdir ki, əvəz
olunmayan adam yoxdur. Yaradıcılıq
baxımından bu sözləri qəbul etmək mümkün deyildir. Xüsusilə, ifaçılıq elə
bir sahədir ki, burada hər
kəsin özünəməxsus
yolu, izi, səsi, məharəti var. Məmmədbağır
nə oxuyubsa, həm yaxşı və özünəməxsus
ifa edib, həm də hər bir mahnıya
öz möhürünü
vurub. Bəlkə də geniş tamaşaçı kütləsi
onu gözəl xanəndə kimi tanıyıb sevirdi. Halbuki Məmmədbağır
Bağırzadə həm
də istedadlı bəstəçi və şair idi. Sözə, musiqiyə son dərəcə ciddiliklə yanaşırdı.
Uzun illər onun bu məziyyətləri
barəsində geniş
danışan olmayıb.
Ancaq yaxın dostları, həmkarları
bilirdilər ki, Məmmədbağır Bağırzadə
adətən, öz mahnılarını oxuyur.
Təkəbbürlük, mənəmlik, müəyyən
iddialar təbiətinə
yad olduğuna görə özü də bu barədə
söz açmazdı.
Doğrudur, klassik, müasir bəstəkar və şairlərimizin yaradıcılığına müntəzəm
müraciət edirdi.
Füzulidən üzü
bəri neçə-neçə Azərbaycan şairinin qəzəl və şeirlərinə
musiqi həyatı vermişdi. Xüsusilə də, şairə
Zivər Ağayeva ilə qurduğu yaradıcılıq ünsiyyəti
nəticəsində milli
musiqi sənətimizin
neçə gözəl
inciləri yaranmışdı.
Məmmədbağır Bağırzadəni
ekrana, efirə gətirən, onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyevi
ehtiramla xatırlamamaq
mümkün deyil. Həmişə yaradıcı gənclərə,
istedadlılara dayaq olan, onların sənət meydanında hərtərəfli fəaliyyət
göstərməsinə çalışan
Ələkbər Tağıyev
Məmmədbağır Bağırzadənin
qolundan tutaraq ona ilk xeyir-duasını vermiş, musiqi meydanında özünəməxsus fəaliyyət
göstərməsi üçün
can yanğısı ilə çalışmışdır.
Xanəndə də öz növbəsində,
Ələkbər Tağıyevin
qayğısını unutmamış,
ustadının tövsiyələrinə
əməl etmiş, mahnılarını da dərin rəğbətlə
oxumuşdur. Bununla bərabər, Məmmədbağır
Bağırzadə böyük
şövqlə Oqtay
Kazımovun, Nəriman
Məmmədovun, Tahir
Əkbərin və digərlərinin mahnılarını
da öz repertuarına salmışdır.
Sənət biliciləri
təsdiqləyirlər ki,
Məmmədbağır Bağırzadə
mahnı seçimində
olduqca həssas və diqqətcil idi. Hər bir
məclisin, tədbirin
ab-havasına, təmayülünə uyğun
mahnıların ifasına
üstünlük verərdi.
Bu xüsusiyyət onu həmkarlarından fərqləndirirdi.
Əsgərlərlə görüşdə
vətənpərvərlik, rəsmi tədbirlərdə
xalq, millət, gənclər arasında olanda lirik mahnılar
oxuyardı. Hələ
onun iştirak etdiyi el şənlikləri,
toylar tamam başqa bir aləm olardı.
Azərbaycan musiqi
mədəniyyətində özünəməxsus yer tutan, ifa
etdiyi mahnıların
əksəriyyətinə möhürünü
vuran, cəmi 55 il yaşamış xalq artisti Məmmədbağır
Bağırzadə ifa
etdiyi mahnılarında
əbədi ömür
tapmış, həmişəyaşarlıq
qazanmış sənətkarlarımızdan
biridir. Onun böyük məhəbbətlə
ifa etdiyi "Azərbaycan oğluyam"
mahnısı vətən
torpağının dərinliklərinə,
vətən səmasının
ucalıqlarına hoparaq
həmişə səslənəcək,
yerdən-göyəcən
boy atacaqdır. Həqiqətən də,
gedən nəfəs,
qalan səsdir. Bu səsin işığında
Məmmədbağır Bağırzadənin
nurlu sifəti gözlərimizdən çəkilməyək.
Azərbaycan.-2007.-28 avqust-S.7.