Qaliboğlu E.

 

Radio telekanallar zövqsüz mahnıları təbliğ edirlər

 

Rafiq Sayadoğlu: "Adamların mahnı zövqü sarıdan ciddi düşünə bilməməsi, bu sahədə problemləri daha da düyünə salır"

 

Rəşid Şəfəq: "Azərbaycan musiqisinin köklü ənənəsindən xəbərdar olmayanlar oxumaqla məşğuldur"

 

Bu gün yeni yaranan əksər Azərbaycan mahnılarının ruhca özgələşməsindən demək olar, hamı danışır. Lakin əksər hallarda, yəni toylarda, maşınlarda, ictimai yerlərdə, radio-telekanallarda ən çox eşidilən elə bu mahnılardır. Çox zaman deyirlər ki, camaatın tələbatı bu mahnılara çox qulaq asılmasını gərəkli edir. Amma maraqlıdır, əksər hallarda xəlqi marağı ifadə edən istəklər niyə yerimir? Məgər ictimai zövq adına hər cür mahınların geninə- boluna reklam edilməsi azad düşüncə məntiqi ilə izah edilə bilərmi? Heç təsadüfi deyil ki, SSRİ dağılarkən ifrat bayağı ruhlu, hər cür özgəliyi təbliğ edən mahnılar Azərbaycana elə bu sayaq gəlmişdi. Bu gün hər bir xalqın, dövlətin milliliyini qoruması daha da çətinləşir. Ona görə ki, indi kütləvi informasiya vasitələri daha sürətlə inkişaf edir.

Mahnı bir xalqın ruhunu, mədəniyyətini, hətta onun hər mənada gücünü sübut edən əvəzsiz mənəvi sərvətdir. Musiqinin çox yayılan bu janrının gücünü çox hallarda hind filmlərində görmüşük. Lakin etiraf edək ki, ötən yüzilin 50-60-cı illərindən başlayaraq ta təxminən 80-ci illərə kimi yüksək səviyyədə inkişaf edən mahnı yaradıcılığımız bu gün yerində saymaqdadır. Ciddi mahnıların yaranmaması təbii olaraq soydaşlarımızın əhvalının daim milli kökdə qalmasına təsir göstərir. Şübhəsiz ki, belədə bayağı, şit, ruhsuz, həm mətncə bərbad mahnılar adamların onsuz da zəif, qarışıq əhvallarına hakim kəsilir, onları idarə etməyə başlayır. Bir vaxtlar Səid Rüstəmovun, Cahangir Cahangirovun, Emin Sabitoğlunun, Şəfiqə Axundovanın başqa bəstəkarların ruhsal düşüncəni təsdiq edən, yaşadan mahnıları kimi mahnıların indi görəsən, yaranmamasının səbəbi nədir? "Min bir mahnı" nəşriyyatının direktoru, "Min bir mahnı" kitabının müəllifi Rafiq Sayadoğlu son dövrlərdə yaranan mahnıların həm musiqi, həm mətn sarıdan xüsusiyyətlərini belə xarakterizə edir: "Təəssüf ki, radio telekanallar, eləcə mətbuat çox hallarda bu mövzuda geninə-boluna informasiyalar verir, zövqsüz mahnıları təbliğ edirlər. Adam psixologiyası elədir ki, o, belə şeylərə meyl edir. Uşaqlar üçün belə mahnılara qulaq asmaq daha fəsadlıdır. Adamların mahnı zövqü sarıdan ciddi düşünə bilməməsi bu sahədə problemləri daha da düyünə salır".

"Min bir mahnı" kitabındakı çoxsaylı mahnıların qarışıq şəkildə - yəni populyar, peşəkar bəstəkar mahnıları ilə yanaşı təzə çıxmış müəyyən mahnılarla birgə oxuculara təqdim olunmasına gəlincə, R.Sayadoğlu deyir ki, biz seçimi oxucuların ixtiyarına buraxırıq: "Əgər bu ya digər mahnının ömrü uzundursa, o kitaba salındı-salınmadı, yaşayacaq, zövqsüz mahnı təbii olaraq sıradan çıxacaq. Dinləyicilər arasınla populyarlıq qazanan mahnıların bu kitabda toplanılmasının əsas səbəbi odur ki, qoy bəstəkarlarımızın müəlliflik hüququ pozulmasın. Sabah kimsə bundan sui-istifadə edə bilməsin".

Həmçinin naşir əvvəlki nəşrlərdə buraxılan müəyyən səhvlərin artıq yeni nəşrdə aradan qaldırıldığını bildirir: "Yəni təzə bəstəkarlar tərəfindən yaradılan, hələ insanların ürəyinə yol tapmayan mahnılar buraya daxil edilməyib. Əsas odur ki, mahınının mahnı olması xalq tərəfindən bəyənilsin. "Min bir mahnı"nın sonuncu nəşrində 300 retro mahnısı kitaba əlavə edilib. Belə mahnıların kitaba daxil edilməsi onun yaşamasını şərtləndirir. Bu sahədə axtarışlar yenə davam etdirilir".

Bəstəkar Rəşid Şəfəq bu problemin onu çox narahat etdiyini bildirir: "Hələ 50-ci illərdən başlayaraq Səid Rüstəmovun, Ağabacı Rzayevanın, Cahangir Cahangirovun, sonrakı illərdə Emin Sabitoğlunun başqalarının gözəl bəstəkar mahnıları yaranmağa başladı. Bu gün təəssüf ki, Azərbaycan musiqisinin köklü ənənəsindən xəbərdar olmayanlar daha çox oxumaqla məşğuldur. Sovet dövründə Ələkbər Tağıyev kimi talantlı bir bəstəkar vardı. Amma ali musiqi təhsili olmadığına görə gözümçıxdıya salınmışdı. Amma bu gün yerindən duran bəstəkarlıq edir, həmçinin səsi olmayanlar belələrinin mahnılarını böyük bir şövqlə oxuyurlar. Bəstəkarlıq böyük təcrübə, düşüncə, qabiliyyət, musiqi duyumu, savad tələb edən bir sahədir. Bu gün populyar olan estrada müğənnilərinin mahnıları bir yana, oxuduqları mahnıların mətnlərinə baxırsan, görürsən əksəriyyətində qafiyə yoxdur. Məşhur bir xalq mahınısını, habelə gözəl bir bəstəkar mahnısını oranjiman edib qol-qabırğasını sındırırlar, oxuyurlar. Telekanallar məhz belə mahnıları daha çox yayırlar. Amma özünə hörmət edən ciddi imzalı müğənnilər, xanəndələr belə mahnılara müraciət etməzlər. Müəyyən mahnıların həm intonasiyasında, oxunuş tərzində, həm mətnin sözlərində elə ifadələr olur ki, adam ümumiyyətlə, elə mahnılara ailəsi ilə birgə qulaq asa bilmir. Qabaqlar bədii şura vardı. Yadımdadır, bir dəfə Şövkət xanıma iki yeni bəstəkar mahınısını oxumağa icazə vermədilər. Şövkət xanım həmin mahınaların üzərində çox əziyyət çəkmişdi, hətta o, kövrəlib ağladı da. O dövrdə belə sərt qaydalar vardı. Amma indi belə şeylər yoxdur. Təəssüf ki, Bəstəkarlar İttifaqının mahnı bölümü bu məsələlərlə məşğul olmur. yaxşı ki, vaxtında xalq mahnıları yığıldı, nota salındı. Bu sərvəti isə qoruyub artırmalıyıq. İlk növbədə intellektual şəxslər belə ciddi mahnılara daim sayğılı olmalıdırlar".

 

Xalq cəbhəsi-2007.-15 avqust.-S.14.