Qaliboğlu E.

 

Yabançı mahnılar mentalitetimizi dəyişir

 

Bəstəkar Elnarə Dadaşova: "Əgər bu millətin balalarına xeyir verə bilirəmsə, deməli, qayğı ummağa haqqım var"

Elçin Qaliboğlu

Bəstəkar Elnarə Dadaşova 1952-ci ildə Bakıda anadan olub. İndiki Bakı Musiqi Akademiyasında məşhur bəstəkar Qara Qarayevin sinfini bitirib. Hazırda Musiqi Akademiyasında polifoniyadan dərs deməklə yanaşı həm də ardıcıl olaraq bəstəkarlıqla məşğuldur. Bir neçə kitabın müəllifidir.

- Bəstəkarlıqla pedaqoqluğu birləşdirmək çətindir. Sizdə necə, bu, alınırmı?

- Hazırda ən çətin fənn hesab olunan polifoniyadan dərs deyirəm. İşsiz bir günümü belə təsəvvür edə bilmirəm. Yaradıcılığı hərtərəflilikdə görürəm. Vaxtilə adi təcrübələrimdən metodiki bir iş yazdım, mərhum müəllimim Məmmədsaleh İsmayılova göstərdim. O, çox arzusundaydı ki, bu işi davam etdirim. Yadımdadı, dedi ki, qızım, sən bu işi davam etdirə bilərsən, inanıram. Bu sahədə mənə bir xeyli məsləhətlər verdi. Gördüm ki, musiqiçiliyim elmi yaradıcılığımla üst-üstə düşür. Hazırda yenə elmi yaradıcılıqla da məşğulam. Bu qədər məsuliyyətli işləri görmək üçün ilk növbədə səhhətin qaydasında olması gərəkdir. Amma nə qədər kədərli səslənsə də, deyəsən, səhhət yavaş-yavaş məndən üz döndərməkdədir.

- Amma bütün hallarda yaradıcılıq eşqi insanı tərk etmir.

- Elədir. Mən özümü ancaq bu sahədə tapmışam. Əgər dünyaya gəlmişəmsə və nəyisə özümdən sonra qoyub gedə bilərəmsə, bu işləri görməmək günah olardı. Hərdən dostlar, doğmalar deyirlər ki, sizi çox az görürük. Ömrümün çoxu yaradıcılığa sərf olunur. Tam sakit, səhhətimin problemlərinin olmadığı, müəyyən mənada da maddi qayğılardan azad bir vəziyyətdə yaradıcılıqla daha artıq bir şövqlə, ehtirasla, istədiyim qədər məşğul olmaq istəyirəm. Təəssüf ki, indi çox yerə parçalanmalı oluram.

- Elmi yaradıcılığın yönü barədə danışaydınız.

- Aspiranturada bəstəkar kimi iki iri həcmli əsər yazdım. Bu, o zaman idi ki, hələ Qara müəllim sağ idi. Həm də digər ixtisasım olan musiqinin nəzəri elmləri üzrə müəllim kimi çalışıram. Bir sıra metodiki işlərim var. Ana dilimizdə polifoniya üzrə dərsliklərim var. Bu sahədə ana dilimizdə dərsliklər yox idi. Həmişə bacardığım sahələrdə boşluğu doldurmaq istəmişəm. Yaradıcılığımda bu xətt əsas olub. Görürəm ki, hansısa sahələrdə müəyyən alətlərə az müraciət olunub, yaradıcılıqda onlara geniş yer ayırıram. Fəallığı sevirəm. Yaradıcılıq planlarım çoxdur. İndi hansını gerçəkləşdirib, hansını gerçəkəşdirə bilməyəcəyəm, onu deyə bilmərəm. Yaradıcılığımın yönü Azərbaycan xalq musiqisinə bağlıdır. Dünyaya gözümü açandan, ağlım kəsəndən xalq musiqimizin - muğamlarımızın, xalq rəqslərimizin, nəğmələrimizin vurğunuyam. Bu yöndə tədqiqat aparmaq mənə hədsiz zövq verir, həm də təbii olaraq bilgilərimi artırır, bəstəkar yaradıcılığıma müsbət təsiri olur. Düşünürəm ki, yaxın zamanda daha təkmil şəkildə elmi qənaətlərimi ortaya qoya biləcəyəm.

- Azərbaycan professional musiqisinin təməlini yaradan Üzeyir bəy həm də bu sahədə elmi yaradıcılığın böyük üfüqlərini yaradıb. Azərbaycan xalq musiqisinin əsaslarını tədqiq edib. Bu təməl hazırda nə dərəcədə inkişaf etdirilir?

- Hazırda ladlarla məşğulam. Mənə qədər bu işlə Üzeyir bəy, M.İsmayılov, bir də ötəri olaraq bəzi eli adamları məşğul olublar. Bu yöndə daha çox məşğul olmuşam. Hə yaxşı ki, vaxtında Məmmədsaleh müəllim bu sahə ilə məşğul olacağıma inandıra bildi. Dedi ki, qızım, "sən bunun öhdəsindən gələ bilərsən, yaz". Düzü, o vaxtı bir az tərəddüd etdim. Dedim, bəstəkaram, əsas işim musiqi yazmaqdır. Sonra isə bu sahələrin hər biri ilə məşğul olmağı qərara aldım. Özümü qətiyyən Üzeyir bəylə müqayisə etmək fikrində belə deyiləm: o da vaxtilə öhdəsinə bu cür böyük işləri götürmüş, Üzeyir bəyə layiq də öhdəsindən gəlmişdi. İllərlə Azərbaycan xalq musiqisinin əsaslarının tədqiqi ilə məşğul olub. Beləcə indi hər bir bəstəkar sözügedən sahədə nə isə etməyə girişsə, təbii ki, uğur alınacaq. Heç bir bəstəkar təcrübəsini əsirgəməməlidir. Bu iş davam etdirilməlidir. Amma ki, çətin zamandır. Maddi durumumuz ürəkaçan deyil. Olur ki, vaxtın çoxu güzərana gedir.

- Bütün hallarda aqibətdən, sevdiyin sənətdən, yoldan əl çəkmək olmur.

- Bəli, elədir. Bu, artıq mənim yaşam tərzimdir. Heç bir yaradıcılıq işimi kənara qoya bilmirəm. Bir anımı belə boşuna itirmək istəmirəm. Amma neyləyəsən ki, hər kəsin maddi qayğıları var. Minimal maddi tələbat bizə yetər.

- Azərbaycan musiqisində bu gün yad ladlar artmağa başlayıb.

- Bu, məni də çox narahat edir. Belə yad nəfəslər musiqimizdə artıqlamasıyla var. Təəccüb edirəm ki, milli musiqimizin ruhunda bu qədər zənginlik varkən niyə özgə ladlara, nəfəslərə möhtac olmalıyıq? Sanki bütün efir bu özgə ladları təbliğ etmək yönündə işləyir. Bu saat efirdə gərəkli musiqilərə yad, özgə ladlara müqayisədə az yer ayrılır. Bizdə xalq musiqisinin ciddi əsaslarını açan, təbliğ edən verilişlərin olmasına ehtiyac var. Adamların musiqi zövqü ardıcıl formalaşdırılmalıdır. Biz uşaq vaxtı belə verilişlərə çox qulaq asmışıq. Belə söhbətlərin şəxsən mənə təsiri çox olub. İndi gəlin etiraf edək: görəsən Filarmoniyaya hamımız gedə bilirikmi? Məvacib imkan vermir ki, bütün tədbirlərə gedim. Amma mümkün qədər dəvət olunduğum tədbirlərə gedirəm.

Kütləvi dinləyicilər isə belə tədbirlərə demək olar, gedə bilmirlər. Onların hər birinin min dərdi var. Bilmir aldığı məvacibi neçə yerə bölsün. Bu, həqiqətdir, ona görə KİV-lər məncə, camaatın mənəvi zövqünün yaradılmasına, milli musiqinin davamlı təssübkeşi olmasına var gücüylə çalışmalıdır. İndi eləsi var, evində 2-3 televizoru var. Bayağı havaları biz peşəkar musiqiçilər də eşidirik. Məcbursan, oturursan, avtobusda, yarım saat yol gedirsən, belə mahnılar qulağını dəlir. Əsəbiləşirik, etiraz edirik, amma o bayağı, özgə intonasiyalar beyninə dolur. Tutalım, bizim beynimiz formalaşır, hər şeyi beynimizdən içəri buraxmırıq. Bəs o beyni formalaşmamış uşaqlar? Belə mahnılar uşaqlar üçün hədsiz təhlükəlidir. Hələ demirəm ki, o yabançı mahnılar nə dərəcədə daxili aləmimizi korlayır, dəyişir. İş o yerə çatıb ki, yabançı mahnılar mentalitetimizi dəyişir.

- Bütün bunlar məncə, ölçüsüzlükdən yaranır.

- Qədim yunanlar musiqinin insan psixikasına təsirini çox gözəl bildiklərindən yabançı, həmçinin nikbinlikdən uzaq, bədbinlik aşılayan musiqilərə gənc nəslin qulaq asmasına imkan vermirdilər. Çünki gənclik dövründə belə musiqilər insana xüsusi təsir edir. Amma biz uşaqlarımıza musiqi sarıdan nə gəldi, veririk. Bu, ona oxşayır ki, uşaqlarımıza həm də çürümüş yeməklər verək. Deyirik məmur bizimlə kobud danışdı. Bu, əsasən ondan irəli gəlir ki, o, yaxşı tərbiyə almayıb. Mən çox rast gəlmişəm, musiqi ilə məşğul olanlar insanla tamam başqa cür davranırlar.

- Bir ara Üzeyir bəyin "Azərbaycan xalq musiqisinin əsasları" əsəri Türkiyədə başqa bir müəllifin imzasıyla çap etdirilmişdi. Sizcə, belə hallar nədən yaranır?

- Bunun səbəbi odur ki, meydanda olan gözəl işlərimizi təbliğ edə bilmirik. Məhz təbliğatla ciddi məşğul ola bilmədiyimizdəndir, bu gün kimsə təminat verə bilməz ki, sabah belə hadisələr bir də başımıza gəlməyəcək. Şəxsən mən əsərlərimi dəfələrlə xarici ölkələrə vermişəm, amma sonrakı taleyindən xəbərim yoxdur. Hər halda Azərbaycanda əqli mülkiyyətin qorunması ilə bağlı bundan sonra daha çox işlər görülməlidir. Burada müəllif hüququ ilə bağlı şəhadətnamələr almaq o demək deyil ki, həmin əsərin müəlliflik hüququnun xaricdə qorunmasını tam təmin etmiş oluruq. Dünyadır da, hər şey olur.

- Azərbaycan musiqisinin Üzeyir bəydən sonra yeni zirvələri olub. Bu gedişatı bir musiqiçi olaraq necə dəyərləndirirsiniz?

- Üzeyir bəy bir zirvə idi. Ondan sonra Fikrət Əmirov, Hiyazi, Qara Qarayev və başqa məşhur bəstəkarlar yarandı. Bu, Azərbaycan musiqisinin yeni-yeni zirvələrinin yaranması demək idi. Qara müəlimdən dərs almışam. Onun yüksək erudisiyası, gənclərə bir müəllim kimi daim xeyirxahlıq münasibət bəsləməsi heç vaxt yadımdan çıxmır.

- Sovet dövrünün bəstəkarları əsərlərinə görə yüksək qonorar alırdılar. Siz də belə qonorar almısınızmı?

- 1982-ci ildə bir əsərimə 1500 manat qonorar aldım. Həmin pulun hesabına oğluma dayə tutdum, yaradıcılığımla məşğul oldum. O vaxtdan indiyə kimi bu köməyi hələ ki, şəxsən mən görmürəm. Dövlət təqaüdü üçün bizim ittifaqa cəmi 30 yer ayrılıb, bu da azdır. Bu pula kifayət qədər ehtiyacı olan bəstəkarlarımız var. Əgər bu millətin balalarına xeyir verə bilirəmsə, deməli, qayğı ummağa haqqım var. Xaricdə bəstəkar olaraq işləməyə dəvət almışdım, amma Vətənimdə işləməyi hər şeydən üstün tutduğumdan getməmişəm.

 

Xalq cəbhəsi.-2007.- 29 avqust.-S.14.