Kim deyir
ki, qadından bəstəkar olmaz
Üzeyir
Hacıbəyov bu sözləri Ağabacı Rzayevanın ilk
mahnısını dinlədikdən sonra demişdi
Xalqın yaddaşı onun
musiqisində qorunur. Hər mahnı bir
insan qəlbinin
tərcümanı olsa da, hər yeni
ifaçısının səsi, nəfəsi ilə təzələnir,
Allahın bəxş etdiyi şirin bir avazla yenidən
doğulur. Açılması mümkün
olmayan sirdi bu. Xalqın adına yazılan
bu nəğmələrdə hər kəs öz
könül çırpıntılarını eşidə,
öz ruhunu onlara köçürə bilər. İnsanların qəlbinə yaxın olan belə
nəğmələrin bir çoxunu da o yazıb -
Ağabacı Rzayeva. Toy, bayram ovqatlı,
sevgi mövzulu bu mahnılar indi tez-tez
səsləndirilməsə də insanların qəlbinə
həmişəlik köçüb.
Çətin
illər
- Ailədə altı uşaq
olmuşuq. Babam Mirzə Fərəclə
nənəm Güləndam uşaqların başına
pərvanətək dolanırdılar. Amma evdə
yenə Ağabacının yeri ayrı idi- deyə
bacısı Ruqiyyə xanım xatırlayır: -
Nənəm hərdən onun incə, hamar barmaqlarını
sığallayıb, qohumu Ruxsarə Mirzəbabayevanı
yadına salırdı. O, Əhmədxan Bakıxanovun
ansamblında işləyirdi. Nənəmin
Ruxsarənin piano çalmasından çox xoşu
gəlirdi. Çox istəyirdi ki,
Ağabacı da onun kimi pianoçu olsun. Hərdən
məqamı düşəndə Mirzə Fərəcə
deyirdi ki, Ağabacını apar Üzeyir bəyin yanına.
Ondan piano çalmağı öyrənsin.
Rüxsarə elə yaxşı çalır
ki, xoşuma gəlir.
Mirzə Fərəc də
"Sən heç bilmirsən, bu çalıb-
oxuyanların arasında nə həlləm-qəlləm
işlər var. Belə zərif, incə ruhlu insan onlara
dözə bilməz. Qoy hələ
dərslərini oxusun" - deyə cavab verirdi.
Babası uzaqgörən, həssas adam idi. Hələ uşaqlıq
dünyasından ayrılmamış nəvəsinin
tərtəmiz ürəyinin olduğunu görür, qorxurdu
ki, Ağabacı musiqi sənətinin yolunu tutsa, bəlalarla
qarşılaşar. Mirzə Fərəc
istəyirdi ki, Ağabacı yaxşı təhsil alsın,
başqa bir peşəyə yiyələnsin. 8 yaşına çatanda onu
"Çadrovı"da (İndiki Mirzəağa Əliyev
küçəsi) yerləşən 38 saylı
ünas-türk məktəbinə qoydular.
- Babam dünyasını
dəyişən ərəfədə atamı
çağırıb musiqi ilə məşğul
olmamasını tapşırmışdı - deyə bu
ocağın yeganə sağ qalan nümayəndəsi
Ruqiyyə xanım xatırlayır: - Babam atama deyirdi ki,
mühasibsən, elə mühasibliyini də elə. Atam
isə çalıb-oxumağı sevən,
xoşqılıq adam idi. O,
ömrünün axırına qədər tarını
yerə qoymadı və babamdan fərqli olaraq, bu musiqi
alətilə rəftar etməyi bizə də öyrətdi.
Ağabacı Bakı Pedoqoyi
Texnikumunu bitirəndə ölkənin hər yerində
savadsızlığın ləğv olunması
üçün kurslar açılırdı. Az-çox
təhsil görmüş adamlar ehtiyacı olan
kəndlərə müəllim göndərilirdi. Texnikumu bitirən Ağabacı Kürdəxanı
kənd məktəbinə ibtidai sinif müəllimi təyin
olundu. O zaman kənd yerlərində qızların
müəllimlik etmələrinə xor baxır, onları bu
işdən perikdirmək üçün müxtəlif
vasitələrə əl atırdılar. Ağabacının
da güzəranı Kürdəxanıda xoş keçmirdi.
Ona maneçiliklər yaradırdılar. Bir gün yenə dərsdəymiş. Qəflətən atəş səsi eşidilir.
Sinif otağının
pəncərəsindən atılan güllə gənc
müəllimənin yanından sivişib divara dəyir.
Onun gözünü qorxudurdular ki,
Kürdəxanıdan getsin. Ağabacı
bundan sonra da orada qalıb müəllimliyini davam etdirmək
istəyirmiş. Ancaq ona
göndərilən xəbərdarlıqların
ardı-arası kəsilmir. Bundan sonra
Ağabacını Saray kənd məktəbinə
göndərirlər...
1934-cü ilin isti yay
günlərinin birində ailələri Maştağadakı
bağlarında olarkən şəhərə gedən
İsmayıl günortadan keçmiş geri dönür. Ağabacı hiss edir ki,
atası sözlü adama oxşayır. İsmayıl
da onları çox intizarda saxlamadan, - "Üzeyir
bəylə görüşdüm", - deyir. "Konservatoriyada xalq musiqi şöbəsi
açıb. Deyir ki, oğlanlar az da
olsa gəlir, ancaq heç kəs öz qızını musiqi
məktəbinə buraxmır. Üzeyir bəy
mənə tapşırdı ki, böyük
qızlarını gətir yanıma, yoxlayım; əgər
qabliyyətləri varsa, qəbul edək burada oxusunlar, sonra
onları görüb həvəsə düşənlər
də tapılar". Doğrudan da belə
oldu. Üzeyir bəyin qarşısında
ilk imtahanlarını verən bacılar sentyabrda xalq musiqisi
şöbəsində oxumağa başladılar. 1935-ci ildə Üzeyir bəyin köməyilə
Ağabacı Rzayeva Azərbaycan radiosunun Xalq
Çalğı Alətləri Orkestrinə işə
düzəldi.
O zaman Bakıda qızların
musiqiçi olmasına yaxşı baxmırdılar. Ağabacı ilə Ruqiyyə əllərində
tar-kamança şəhərin
küçələrindən keçib məktəbə,
işə gedib-gələndə onlara dikilən soyuq,
qınaqdolu baxışları görüb
sıxılırdılar. Bununla belə
heç biri tutduqları yoldan dönməyi
ağıllarına belə gətirmirdi. Onlar
1938-ci ildə Moskvada keçirilən birinci Azərbaycan
mədəniyyəti və ədəbiyyatı
ongünlüyündə iştirak edib uğurla geri
döndükdən sonra qızlarını musiqi
məktəbinə gətirən valideynlərin sayı
artdı.
Kaş bu
sənətə gəlməyəydim...
- Bir dəfə qardaşım
əsgərlikdə yazdığı bir şeirini
Ağabacıya göndərərək mahnı
bəstələməsini xahiş etmişdi. Şeir
Vətən mövzusunda idi. Ağabacı
da bu şeirə musiqi yazmışdı, ancaq
göstərməyə utanırdı ki, birdən Üzeyir
bəy "bu da bəstəkar olub" - deyər. Hacı Xanməmmədov bizimlə bir yerdə
oxuyurdu. O gedib Üzeyir bəyə deyir ki, Ağabacı
yaxşı bir mahnı yazıb, bizimçün
çalıb-oxuyur, ancaq sizə göstərməyə
utanır. Üzeyir bəy Ağabacını
çağırıb: "Ver bura melodiyanı
görüm" deyərək əsəri dinlədikdən
sonra sevinclə dillənir: "Kim deyir ki, qadından
bəstəkar olmaz?" Ağabacının ilk
melodiyası uğurlu oldu. Üzeyir bəy
onunla məşğul olmaq üçün həftədə
2 gün vaxt təyin etmişdi. Həm də
tapşırmışdı ki, get "Kürd Şahnaz"
və ya "Bayatı-Şiraz" muğamı üzrə
bir mahnı yaz. Ağabacı da evdə oturub
işləyirdi. Evimiz qonaqlı-qaralı
olsa da, Ağabacı elə bil evdə heç kəs yox
imiş kimi öz işiylə məşğul olurdu. Əsərləri yazır, sonra aparıb Üzeyir
bəyə göstərirdi. Onun
əsərlərini orkestrlə Gülağa Məmmədov,
Məmməd Salmanov oxuyurdu. Ağabacı özü
isə orkestrdə tar çalır, həmçinin diriyorluq
edirdi. Ağabacı daha çox romanslar
yazırdı. O, Azərbaycanda romans yazan ilk qadın
sayılır. O, romansları muğam üstündə
yazırdı. Onun 300-ə yaxın əsəri
vardı. 55 romans yazmışdı. Ağabacıdan sonra romans yazmaq bəstəkarlar
arasında dəb düşdü.
Böyük Vətən
müharibəsinin ən dəhşətli illəri - 1942-43-cü
illər Ağabacı Rzayevanın bəstəkar
ömrünün çox məhsuldar dövrü oldu. Bir-birinin
ardınca yeni əsərlər yazır, aparıb
müəlliminə göstərir, ondan
məsləhətlər alırdı. Artıq
bəstəkar kimi tanınmağa başlayırdı. Bəstələrinə kimsə "zəifdir"
demirdi. Amma deyirdilər ki,
Ağabacının musiqilərinin əsil müəllifi o
deyil, müəllimidir. Üzeyir bəy özünün
bəzi əsərlərini tələbəsini adına çıxır. Ağabacı
bu yersiz söhbətlərdən çox
sıxılırdı. Amma əli
işdən soyumurdu. Özünə
təsəlli verirdi ki, vaxt olacaq, həqiqət yalana qalib
gələcək.
1942-ci ildə
bəstələdiyi "Ey pəri" mahnısını
əvvəlcə Şövkət Ələkbərova oxudu. Sonra, onun
başqa ifaçıları da oldu. Töhvə
Əliyeva, Tükəzban İsmayılova da "Ey
pəri"ni oxudular. Bir
gün nədənsə repertuardan çıxarıldı.
Ağabacı bunun səbəbinin anlaya bilmirdi.
Azərbaycanda çox məşhur olan "Ey
pəri" bir müddət radio dalğalarında
eşidilmədi. Sonra həmin mahnı
yenidən səsləndi. Ancaq bu
dəfə İrandan gəldi onun sədası. Orada yaşayan müğənni qız, bu
mahnını Cənubi Azərbaycanın xalq mahnısı
kimi oxuyurdu. Bundan sonra həmin
mahnını yenidən radioda səsləndirməyə
məcbur oldular.
Ona qarşı
maneələr ömrünün sonunadək bitmədi. Hərdən artıq
söz-söhbətlərdən bezəndə, yorulub-usananda
gileylənirdi: "Eh, kaş ömrüm boyu kənddə
qalıb müəllimlik eləyəydim, amma bu
sənətə gəlməyəydim!"
1947-ci ildə Üzeyir
bəy dünyasını dəyişdi. O vaxt Ağabacı Rzayeva
dördüncü kurs tələbəsi idi. Üzeyir
bəyin vəfatı tələbələrinə
ağır zərbə oldu. Ağabacı
da güclü sarsıntılar keçirdi. Konservatoriyada hər şey ona əziz
müəllimini xatırladırdı. Bir
tərəfdən də bəstəkarın
yetirmələrinə maneçiliklər
törədənlər tapıldı. Üzeyir
bəydən sonra Ağabacı daha orada qalmadı. Müəlliminin xatirəsinə ehtiramını
isə ona həsr etdiyi yeni əsəriylə dilə
gətirdi. Bu, Üzeyir Hacıbəyova
yazılan ilk ithaf əsəriydi.
Üzeyir bəy dünyadan
köçəndən sonra da Ağabacı Rzayeva yenə
əvvəlki kimi gözəl əsərlər
bəstələyirdi. Bir vaxtlar onun yazdıqlarını müəllimin adına çıxanlar daha deməyə
söz tapmırdılar. Amma gənc
bəstəkara qarşı maneçiliklər davam edirdi.
Kişisiz evin
sahibi
Ağabacı Rzayeva
təkcə bəstəkar kimi yox, həm də ictimai xadim
kimi tanınırdı. Onu dönə-dönə deputat
seçdilər; Bəstəkarlar İttifaqı
tərəfindən Hüsü Hacıyev
küçəsində, bəstəkarların binasında
mənzil verildi.
Böyük bir ailə
gözünü onun qazancına dikmişdi. Maddi
vəziyyəti heç vaxt o səviyyədə olmurdu ki,
ailə qayğılarından qurtulsun, yalnız
yaradıcılığı ilə məşğul olsun.
Kişisiz evin sahibiydi Ağabacı. Həyat həmişə onu öz buxovunda
saxlayırdı.
- Onu istəyənlər çox idi.
Evimizə elçilər gəlib-gedirdi. Ancaq Ağabacı ailə qurmağa
tələsmirdi. Qonşuluqda bir neft
mühəndisi vardı. Həmin adam
demişdi ki, onun qazancı mənə lazım deyil, yenə
də ailəsinə sərf edər. Ağabacı bir gün
mənə dedi ki, adamlar həmişə belədir. Əvvəlcə belə deyirlər, sonra dönüb
başqalaşırlar. Əgər mən olmasam,
ailəni kim dolandırar?
Həyatı boyu istedadı
olanlara kömək etdi. Qulu Əsgərov, Zeynəb Xanlarova və
başqaları sənətə gələndə
Ağabacının qayğısını
gördülər. O heç zaman etdiyi
yaxşılıqların əvəzini gözləməzdi. Heç kimdən umacağı olmazdı.
Ağabacı
təbiətcə mülayim, sakit, ciddi və təmkinli idi. Kövrək,
rəhimli ürəyi hamının
yaxşılığını istəyərdi. Heç vaxt əsərlərini götürüb
qapıları döyməz, onların
səsləndirilməsi üçün kimsəyə
ağız açmazdı. İncikliyi
olanda da kimsənin qəlbinə toxunmaz, dərdini
içində çəkərdi. Görənlər
təəccüblənərdilər: "Elə bil heç
bu dünyanın adamı deyil", - deyərdilər. Biz gənc yaşlarımızda
çoxlarının qəbul etmədiyi bir sənətə
gəldik. Əlimizdə tar-kamança
tutub məktəbə, konsertlərə getdik. Bəlkə bu idi bizim qismətimizi bağlayan... 4
bacıdan yalnız mən - özü də 42 yaşında
ailə qurdum. Ağabacı isə bu
aləmin zövq-səfasını ürək dolusu
yaşamadı. Nə bir evin xanımı
oldu, nə də bir ocağın anası. Ancaq hisslərini heç vaxt büruzə
verməzdi. Nə taleyindən
gileylənər, nə ailə qurmadığına,
oğul-uşaq sahibi olmadığına görə
peşmanlığını dilə gətirərdi.
Onun bir mahnısı var ki,
toyları-şənlikləri onsuz təsəvvür etmək
mümkün deyil. Bu, "Evimizə gəlin gəlir"
mahnısıdır. O bütün qızların ən
şirin arzusu olan bu səadəti həyatında yaşamasa
da, onları nəğmələrində yaratdı. Bəstəkar uşaqlara "Günəşin
eşqi" adlı bir pyes də yazdı. Özü analıq səadətini dadmasa da,
həssas qəlbilə onları dərindən duyduğunu
göstərdi. Onları bir ana kimi oxşadı,
əzizlədi, nəvaziş göstərdi
əsərlərində.
- 1975-ci ilin
martı bizim üçün faciəli oldu - deyə
bacısı danışır. - Anam dünyasını
dəyişdi. Elə həmin ilin iyulunda Ağabacıya
poliklinikadan zəng vuraraq hansısa xəstəlik
əleyhinə iynə vurmaq istədiklərini dedilər.
Ağabacı da poliklinikaya getdi. İynə vurdurub evə
qayıtdı. Axşam hərarəti yüksəldi. Gecə
saat ikidə "təcili yardım"
çağırmalı olduq. Ağabacını
xəstəxanaya apardıq, ancaq həkimlərin
müalicəsi fayda vermədi. Hərarəti gah
yüksəlir, gah enirdi. Üç gün sonra
gözlərini həmişəlik yumdu.
Ağabacının
dərdi doğmaları üçün, ən çox da
mənim üçün dözülməz oldu. Aradan uzun
illər ötsə də bu ağrı mənim
üçün həmişə təzədir.
Həmişə fikirləşirəm ki, bacım öz
əcəlilə köçmədi bu dünyadan, onun
həyatına qəsd etdilər. Onu çoxdan bəri aradan götürməyə
çalışırdılar.
Bəstəkarın
dəfni izdihama çevrildi. Ağabacı Rzayevanı
yalnız əsərlərilə tanıyanlar da onunla
vidalaşmağa gəldilər. Onu ikinci Fəxri Xiyabanda
dəfn etdilər. Bəstəkar Fikrət Əmirov
Ağabacıya son sözünü dedi: "Raha yat, əziz
bacımız, pak insan. Bizi səni heç vaxt
unutmayacağıq".
Kaspi.-2007.- 7 avqust.- S.16.