Nura həsrət ömrünü
qəlbinin gözü ilə zinətləndirən
gözəl
Mətanət Tağıyeva: "10-15 il
öncə sponsor tapsaydım, gözümün
işığını qaytara bilərdim"
İnsan heç kimə
söyləmək istəmədiyi duyğularını,
sözə çevirə bilmədiyi hisslərini oxuduğu
şeirlərdə, dinlədiyi mahnılarda tapırsa,
onları mütləq sevir, yaddaşına, qəlbinə
köçürür. Onun şerləri və
mahnıları bu cür məhrəm, hər
dərdbilməzlə bölüşülməyən
duyğular çələngidir.
AMEA Nəsimi adına Dilçilik
İnstitutunun elmi işçisi, filologiya elmləri
namizədi Mətanət Tağıyevanın ən
böyük ümidi odur ki, yazdıqlarını
həmişə kimsə oxuyacaq, efirdə
səslənəcək, insanlar eşidəcək... Ancaq
bütün bunlar onu həyata bağlayan yeganə
təsəlli deyil.
-
Özünüzü həvəskar şair və
bəstəkar adlandırırsınız, yoxsa
peşəkar?
-
Şeriyyətdə həvəskaram. Vahid Əziz
özünü peşəkar-həvəskar adlandırır.
Mənsə özümə həvəskar-peşəkar
deyərdim. Mən filologiya fakültəsini qurtarmışam.
Bilmirəm, mənə şair demək nə qədər
düzgündür. Uşaqlıqda biologiyanı sevirdim. Hələ musiqi məktəbində təhsil alarkən məndə yazıb-yaratmaq həvəsi vardı. Orta məktəbi bitirəndə hansı ixtisası seçəcəyim haqqında çox fikirləşirdim. Məktəbi qurtaranda demək olar ki, artıq gözümün işığını tamamilə itirmişdim. Musiqi məktəbini bitirəndə gözdən əlillərin not əlifbasından da xəbərim yox idi. Bu qüsurum Musiqi Akademiyasında mənim üçün problemlər yaradacağını və Brayl əlifbasının yazı formasını bildiyimə görə universitetin filologiya fakültəsinə daxil oldum və düşündüm ki, iki ürəyi bir köksdə daşımaq mümkündür.
- Siz Milli Elmlər Akademiyasının və Bakı Dövlət Universitetinin himnlərinin müəllifisiniz. Bunu sifarişlə eləmisiniz, yoxsa sadəcə, həvəs idi?
- Mən futbol azarkeşiyəm. Hər bir xarici futbol
komandasının öz himninin olduğunu bilirdim.
Universitetdə oxuyanda latın dilini öyrənmişəm.
Latın dilində 800 ilə yaxındır ki,
səslənən məşhur tələbə himni var. Fikirləşirdim ki, əgər qaranlıq orta
əsərlər dövründən gələn bir musiqi bu
günə qədər yaşayırsa, nəyə
görə müasir dövrdə universitetin himni olmasın?
1994-cü ildə universitetin 75 illiyi münasibətilə
həmin himnin sözlərini və musiqisini yazdım.
Himni əvvəlcə auditoriyalarda oxuyurdum, tələbə
dostlarım və müəllimlərim də bəyənirdi.
Hamı mənə deyirdi ki, bu, mütləq işıq
üzü görməlidir. 1996-cı ildə universitetin
himninə rəy almaq üçün bəstəkar Tofiq
Quliyevin yanına getdim. O, çox tərəqqipərvər
adam idi. Məni səmimi qarşıladı və
həmişə gənclərə dəstək olduğunu
bildirdi. Tofiq Quliyev himnə çox gözəl rəy verdi.
Himn ilk dəfə 2000-ci ildə universitetin 80 illik yubileyi
münasibətilə keçirilən tədbirdə
səsləndi. Mənim üçün sevindirici haldır
ki, bu himnin sözləri, bəstəkarın adı
universitetin daxilində lövhədə asılıb. Hər
səhər himni səsləndirirlər.
Bu himndən
sonra Beynəlxalq Universitetin rəhbərliyi də öz
təhsil ocaqları üçün himn yazılmasını
sifariş verdi. Onlar üçün də himn yazdım.
2001-ci ildə aspiranturaya daxil olandan sonra akademiyanın da
himnini yazmaq qərarına gəldim. Fikirləşdim ki,
akademiya bizim elm məbədidir, nə üçün onun
himni olmasın?
- Himnin
"İrs" Folklor Ansamblının ifasında
səslənməsini özünüz istədiniz?
- Mən
ansamblın bədii rəhbəri Sidqi Mustafayevin
tələbəsi olmuşam. Sidqi müəllim ansamblla
birlikdə himnin üzərində işlədi,
müğənni Şəbnəm Tapdıqova da ifa elədi.
Ansambl hal-hazırda Milli Elmlər Akademiyasının bütün
tədbirlərində çıxışına həmin
himnlə başlayır. Biz dövlət himnlərinin simfonik
orkestrin ifasında səslənməsinə artıq
alışmışıq. Qeyri-dövlət
əhəmiyyətli müəssisələrin himni isə
adətən estrada orkestrinin ifasında səslənir. Ancaq
Sidqi müəllim akademiyanın himninə müraciət
edəndə hiss etdim ki, o, köklərə qayıdır.
Bildiyimiz kimi, himn yanrı ilk dəfə eramızdan
çox-çox əvvəl Yunanıstanda yaranıb. Təbii
ki, o zamanlar nə simfonik, nə də estrada orkestri olub. Himn
yalnız xalq musiqi alətlərində və xorun ifasında
səslənib. Sidqi müəllim 2500 ildən sonra doğrudan
da köklərə qayıdıb. Himni eşidəndə
sanki mənə dünyanı bağışladılar.
-
Yazdığınız mahnıları hansısa
müğənnilər oxuyurmu?
-
Bəstələrim efirdə səslənib. Mənim
üçün çox sevindirici hal idi ki, XXI əsrə keçəndə
Dövlət Televiziyasında ilk səslənən mahnı
"Yeni il gəlir Azərbaycana" adlı bəstəm
oldu. Həmin mahnını Mübariz Tağıyev öz qrupu
ilə ifa elədi. Daha sonra bu mahnı Mübariz
müəllimin tələbəsinin ifasında da
səslənib. "Bəri bax" qrupu da bu mahnımı yeni
oranyimanda təqdim elədi. Həmçinin "Yeni
ulduz"ların ifasında səslənən
mahnılarım da var.
-
Mahnılarınız müğənnilərin ifasında
səslənəndə hisslərinizin dinləyiciyə
çatdırılması baxımından razı
qalırsınızmı?
- Hər bir
bəstəkar mahnı yazanda bilir ki, onu hansı
müğənni oxuyacaq. Ona görə də ifalar məni
tamamilə qane edir.
- Şeir,
mahnı yazmaq sizin üçün vərdişdir, yoxsa
ruhunuzun ehtiyacı?
- Adətən
8-10 yaşında uşaqlarda şeir yazmaq həvəsi olur.
Yadımdadır, məktəbə gedərkən
məktəblə metro arasındakı məsafədə
məndə həmişə şeir yaranırdı.
Böyüdükcə qafiyəni, vəzni öyrəndim.
Ondan sonra daha gec-gec yazmağa başladım. Artıq
şeirə nisbətən musiqi məndə daha çox
yaranırdı. Əgər 1-2 şeir yazırdımsa, 10-15
mahnı yazırdım. Ancaq bu şeirlər fərqli idi.
Uşaqlıqda gördüyümü yazırdım.
Böyüdükcə isə yaşadığım
hisslərimi, duyğularımı qələmə
alırdım. Düzdür, o vaxt daha çox təbii
alınırdı. İndi isə şeirlərim daha çox
standarta cavab verir. Bu gün şer yazmaq mənim
üçün ruhun ehtiyacından doğan vərdişdir.
-
"Qatar" şeriniz hansı hisslərin təsirindən
yaranıb? "Ümidlərlə, xəyallarla dolan
qatar"ınızın səfəri çoxmu
uzaqlaradır?
- Bu şeir
mənim təxəyyülümün məhsulu idi. Onu da deyim
ki, bu şeiri bədahətən və ya bir günə
yazmamışam. "Qatar" məndə hissə-hissə
yaranıb. Qəlbimə, duyğularıma yaxınlıq
baxımından bu şeri çox sevirəm.
- Futbol
azarkeşi olduğunuzu dediniz. Bilmək olarmı, hansı
komandaya azarkeşlik edirsiniz?
-
Ənənəvi olaraq, "Neftçi" komandasına.
Çünki o, milli futbolumuzun bayraqdarıdır. Bu il
çempion olmasa da, 70 illiyi ərəfəsindəki
yarışlarda ona uğurlar arzulayıram.
- Siz
həmçinin lüğət tərtibi ilə də
məşğul olursunuz. Yəqin ki, intellektiniz bu işdə
köməyinizə çatır.
-
Təvazökarlıqdan uzaq da olsa belədir. Dissertasiya
müdafiə edəndə opponentim, Pedaqoyi Universitetin
prorektoru Vilayət Əliyev dedi ki, biz hər adamı
lüğət şöbəsinə
götürmürük. Mənə elə gəlir ki,
lüğət şöbəsində elə adamlar
işləməlidir ki, onun lüğətdən başı
çıxsın. Mən Azərbaycan və İtalyan dili
lüğətləri üzrə işləyirəm.
- Hansı
işinizi daha çox sevirsiniz - şeir, mahnı
yazmağı, yoxsa lüğət tərtibini?
-
Əslində hamısını çox sevirəm.
Sadəcə, yorulanda dəyişirəm. Lüğəti
qoyub şer yazıram, şeri saxlayıb mahnı yazmağa
keçirəm. Ancaq bütün hallarda şeirlə
lüğət tərtibini müqayisə etmək
istəmirəm. Elmi məqalələr yazmaqdansa
lüğətlə məşğul olmaq daha
yaxşıdır. Çünki lüğətin
auditoriyası genişdir, onu bütün xalq oxuyur.
- Daha çox
hansı vaxtlarınızda şeir, mahnı
yazırsınız: kədərli, yoxsa şən olanda?
- Çox vaxt kədərli olanda
yazıram. Kədərim də
səbirsizliyimlə bağlıdır. Artıq
səhhətimdəki problemlə barışmışam.
Olur ki, hansısa arzularıma vaxtında
çatmıram, bax, onda yaman səbirsiz oluram. Qabaqlar məni incidənlərdən inciyirdim. Deyirdim, yəqin başadüşməzlikdən
edirlər. Məmurların qəbuluna gedib
danışan kompyuter proqramı istəyəndə rədd
cavabı alırdım. Deyirdilər ki,
niyə kompyuterdən ötrü müraciət edirsiniz,
gözünüzə şəfa istəyin. Sonradan bir
sponsor mənə kompyuter verdi. Bizdə mütəxəssis olmadığı
üçün həmin proqramı tam quraşdıra
bilmirlər. Amma mən yavaş-yavaş
kompyuterdə işləyirəm. Gözdən
əlillərə aid qəzet və yurnalları mənim
üçün Moskvadan gətirirlər. Danışan
proqram 5 il bundan qabaq çox baha idi. Şükür Allaha, mən onu 100 manata ala bildim.
- Sponsor tapmaq
asandırmı?
- Baxır
hansı sahədə... Əvvəllər daha çətin
idi. İndi elmlər namizədi olduğuma görə sponsor
daha tez tapılır. Bəlkə də 10-15 il bundan qabaq
sponsor tapsaydım, yarı da olsa, gözümün
işığını qaytara bilərdim. Bir sponsor məni
müalicəyə göndərdi. Gözümün
işığı tam bərpa olmasa da ağrıları,
yorğunluğu qismən azaldı.
- Daha çox
küskün, yoxsa nikbin adamsınız?
- Realist
olmağa çalışıram. Gözümün
işığının qayıtmayacağına görə
bədbinəm. Yaş ötdükcə isə bu problem daha da
çətinləşir. Ancaq mahnılarıma və
şeirlərimə görə təskinlik tapıram.
Bilirəm ki, yazdıqlarımı kimsə oxuyacaq, efirdə
səslənəcək, insanlar eşidəcək.
-
Arzularınız nədir?
- Öz
şəxsi evimin olmasını istəyirəm.
Kiminləsə həyat qurub-qurmayacağımı
bilmirəm. Qursam daha yaxşıdır, qurmasam...
Rusiya
Reabilitasiya Mərkəzinə getmək istəyirəm.
Həmin mərkəzdə gözdən əlillərə
şəfa verə bilmədikdə heç olmasa,
qəlblərinin gözünü açmağı
bacarırlar. Orada bütün sahələrdən dərs
keçirlər. Məsələn, gözdən
əlillər maşınların motorlarını yığır,
dülgərliklə, dizaynla məşğul olur, tortu
bəzəmək kimi zərif işin öhdəsindən
gəlirlər. Ancaq bizdə çox adamların bundan
xəbəri yoxdur. Mən də həmin mərkəzdə
oxuyaraq danışan kompyuter proqramını
öyrənmək, daha sonra öyrətmək
istəyirəm. Həmçinin mahnılarımın
oranyemanını özüm etmək istəyirəm.
Təbii ki, arzuların hamısına yetmək mümkün
deyil. Ancaq bacardığım qədər istədiyim kimi
yaşamaq istəyirəm.
Kaspi.-2007.-15 avqust.-S.16.