Nəzakət

 

Xanəndəlik sənətinin Xanı

 

Azərbaycan muğam sənətinin XX əsrə aid olan nümayəndəsi Xan Şuşinski ötən əsrin nadir səs sahiblərindən biridir. 1901-ci ilin 20 avqust tarixində Şuşa şəhərində dünyaya gələn Xan Şuşinski sənət aləmində qazandığı uğurlara görə sənətin xanı adına layiq görülmüşdür. Bildiyimiz kimi, onun əsil adı İsfəndiyar olmuş, muğam sahəsində xoş avazı, özünəməxsus xırdalıqları, zil və qantallı səsi ilə muğam sənətinin xanı adına layiq görülmüş, gənclik dövründən ömrünün sonuna qədər bu adı özündə qoruyub saxlaya bilmişdir. Xan Şuşinskinin sənət aləmində etdiyi manevrləri nə ondan əvvəlki sənətkarlar, nə də özündən sonrakı ifaçılar təkrar edə bilməmiş, yaratdığı məktəbin sənət dərslərini ondan öyrənərək, xanəndəlik adını qazanmışlar.

Xan Şuşinskinin sənət tarixində qoyduğu izlərin hər biri sənət tarixində əhəmiyyətli yer tutur. Belə ki, onun 1959-cu ildə Moskva şəhərində keçirilən Azərbaycan mədəniyyəti ongünlüyündə tanınmış xanəndələrlə birgə ifa etdiyi "Qarabağ şikəstəsi" bu gün belə diqqətdən kənarda qalmayaraq, Xan Şuşinski sənətinin böyüklüyünü təsdiqləyən amildir. 58 yaşlı sənətkarın “Qarabağ şikəstəsi”ni yüksək bir tonla və məharətlə ifa etməsi Xan Şuşinski sənətkarlığının əsas xüsusiyyətlərindən biridir, Xan Şuşinskinin ifasında Azərbaycan muğamlarının, demək olar ki, hamısı "Mahur-hindi", "Bayatı-qacar", "Dügah", "Segah", "Şikəsteyi-fars" və digərlərini səsləndirmiş, hər biri də xanəndənin xoş avazının ahəngində özünəməxsus çalarlarla təqdim olunmuşdur. İfaçılıq sənəti tarixində Xan Şuşinskinin "Segah" ustası kimi ayrıca yeri vardır. Ona qədər bu muğamı bir çox sənətkarlar ifa etsələr də, sənət tarixində Xan Şuşinskinin ifa etdiyi "segah" özünəməxsusluğu ilə seçilmişdir. Xan Şuşinski muğam ifaçısı olmaqla yanaşı, ritmik musiqi nömrələrini də məharətlə təqdim etmiş, Azərbaycanın konsert salonlarında sənətinə qarşı xüsusi bir məhəbbət hissini oyada bilmişdir. Xan Şuşinskinin repertuarında bəstəkar mahnıları da yer almış, hətta özünün bəstələdiyi musiqi nömrələri də dinləyicilər tərəfindən sevilmişdir. Qeyd edim ki, o,1926-cı ildə Üzeyir Hacıbəyovun bəstələdiyi "Qaragöz" mahnısını ifa etmişdir. Deyilənə görə, Üzeyir Hacıbəyov bu mahnını onun ifasında dinləməkdən yorulmazmış.

Musiqi və oxuma texnikasına yiyələnən xanəndə 40 il Azərbaycan Dövlət Filarmoniyasında solist kimi fəaliyyət göstərmiş, qardaşı Allahyar Cavanşirovla birlikdə Azərbaycanda, Zaqafqaziyada keçirilən olimpiyadalarda, müsabiqələrdə iştirak edərək, uğur qazanmışdır.

Xan Şuşinski sənəti, həqiqətən də, hər zaman diqqətdə olmuş və məhəbbətlə qarşılanmışdır. Onun sənəti, oxuma tərzi ilə əlaqədar bir çox şair və yazıçılarımız xatirələrini yazmış, ona əsərlər ithaf etmişdilər. Mirzə İbrahimov onu "Gözəl sənətkar", Süleyman Rüstəm "Uzunömürlü səs", Süleyman Rəhimov "Milyonların sevimlisi", Əli Vəliyev "Əvəzsiz xanəndə" kimi yazdıqları əsərlərdə qiymətəndirmiş, Xanın sənətinin özünəməxsus xüsusiyyətlərindən, onun qeyri-adi məharətindən söz açmışlar. 78 yaşında ikən dünyasını dəyişən sənətkar gənclik illərində olan eşq-həvəslə ömrünün sonuna qədər sənətdə olmuş, dinləyicilər, pərəstişkarlar qarşısında zəngin repertuarla çıxış etmişdir. Azərbaycan səhnəsinin xanı kimi bu gün də sevilərək yad olunur. Azərbaycan Televiziyası və Radiosunun Qızıl Fondunda saxlanılan lent yazıları Xan Şuşinski sənətini bir daha əbədiləşdirir və onun qeyri-adi səsini yetişən nəslə çatdırır.

 

Səs.- 2007.- 21 avqust.- S. 12.