Rafiq Teyyub oğlu Quliyev

 

Azərbaycan musiqi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış pianoçu, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Bakı Musiqi Akademiyasının professoru Rafiq Teyyub oğlu Quliyev 2007-ci il avqustun 19-da ömrünün 73-cü ilində vəfat etmişdir.

Rafiq Quliyev 1934-cü il dekabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Musiqi istedadı erkən yaşlarından özünü büruzə verən Rafiq Quliyev 1942-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində onillik musiqi məktəbinə daxil olmuşdur. 1952-ci ildə bu məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət, Konservatoriyasına qəbul edilmiş, 1957-ci ildə isə konservatoriyanı fərqlənmə diplomu ilə başa vurmuşdur. 1957-1960-cı illərdə Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır. 1960-cı ildə Rafiq Quliyev Zaqafqaziya Musiqi İfaçılarının Birinci müsabiqəsində birinci mükafat alaraq laureat adını qazanmışdır.

Əmək fəaliyyətinə 1961-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında başlayan Rafiq Quliyev ömrünün əlli ilə yaxın bir dövrünü peşəkar musiqiçi kadrlarının hazırlanmasına həsr etmişdir. O, konservatoriyada müəllim, dosent və professor vəzifələrində işləmişdir. 1974-1976-cı illərdə Rafiq Quliyev ərəb ölkələri üçün musiqiçi kadrların hazırlanması məqsədi ilə Misir Ərəb Respublikasına ezam edilmişdir. Bu işin öhdəsindən müvəffəqiyyətlə gələn Rafiq Quliyev Azərbaycan musiqisini layiqincə təmsil etmişdir.

Gənc musiqiçilər nəslinin yetişdirilməsində bütün səy və bacarığını sərf etmiş Rafiq Quliyevin tələbələri respublikamızda və onun hüdudlarından kənarda uğurla çalışırlar. O, Bakı, Sumqayıt və Gəncə orta ixtisas musiqi məktəblərində təhsil alan fortepiano ifaçılarının peşəkarlıq səviyyəsinin yüksəldilməsində də yaxından iştirak etmişdir. Onun Azərbaycanda xaricdə verdiyi ustad dərslərindən fortepiano ifaçıları yetərincə bəhrələnmişlər.

Mahir ifaçı bacarıqlı pedaqoq Rafiq Quliyevin Azərbaycan fortepiano ifaçılığı məktəbinin inkişafında xidmətləri təqdirəlayiqdir. O, pedaqoji işi ilə yanaşı, ömrü boyu konsert fəaliyyəti ilə məşğul idi. Keçmiş SSRİ-nin xarici ölkələrin konsert salonlarında müvəffəqiyyətlə çıxış etmiş Rafiq Quliyev geniş repertuara malik olmuşdur.

Tanınmış pianoçu, istedadlı pedaqoq gözəl insan Rafiq Quliyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin!

 

İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Misir Mərdanov, Əbülfəs Qarayev, Firəngiz Əlizadə, Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Siyavuş Kərimi, Murad Adıgözəlzadə

 

Azərbaycan.- 2007.- 21 avqust.- S. 5.