Rəcəbov O.
Kütləvi
musiqi təhsili və tərbiyəsi - dünən, bu gün,
sabah
Bəstəkar, pedaqoji
elmlər doktoru, professor, əməkdar müəllim
“Musiqi təhsilinin vəzifəsi -
ilk növbədə musiqiçi deyil, insan
yetişdirməkdir”. Bu dahi ideyanın, mənalı
və məntiqli sözlərin müəllifi böyük
Ukrayna pedaqoqu, akademik V.A.Suxomlinskidir. Sadə, lakin elmə
əsaslanan bu fikir, keçən əsrin ortalarında
deyilməsinə baxmayaraq, bu gün də öz əhəmiyyətini,
aktuallığını itirməyib. Bu gün
respublikamızda 300-ə yaxın uşaq musiqi
məktəbləri mövcuddur və bu tədris
ocaqlarında təhsil alanlar mü?yyən
dərəcədə musiqi sənətinin incilərilə
tanış olmaqla öz mədəni səviyyələrini
artırırlar. Lakin onlar ümumtəhsil
məktəblərində oxuyan şagirdlərin cüzi bir
hissəsini təşkil edir və heç də respublikamızda
olan uşaq və yeniyetmələrin hamısını
əhatə etmir. Deyilə bilər ki, ümumtəhsil
məktəblərimizdə musiqi və təsviri
incəsənət fənləri tədris olunur. Bəli,
elədir! Lakin necə tədris olunur? Həftədə bir
saat “Musiqi”, bir saat da “Təsviri incəsənət”
fənləri böyüməkdə olan
nəslin estetik tərbiyəsinin formalaşmasına,
inkişafına nə dərəcədə təsir edə
bilər? 1945-ci ildə Xirosima və Naqasaki adalarına atom
bombaları atılandan sonra Yaponiya dövlətinin
uşaqların estetik tərbiyə sistemi sahəsində
qəbul etdiyi bir qərarı fakt kimi bir daha
xatırlatmaq istəyirəm. Bəlkə də həmin atom
bombaları başqa bir ölkəyə, yaxud Allah
eləməmiş, Azərbaycana atılsaydı, həmin
ölkələr uzun on illər, hətta yüz illər
özlərinə gələ bilməzdilər. Lakin Yaponiya
hökuməti bağçalarda və ümumtəhsil
məktəblərinin tədris planlarında “Musiqi” və
“Təsviri incəsənət” fənlərinin hər
birinə həftədə üç saat ayırmaq
qərarına gəldi. Nə üçün?
Ona görə ki, bu
başbilənlər böyüməkdə olan nəsli
gözəlliyi duya bilən, ondan zövq alan, onu yarada
bilən şəxsiyyətlər kimi görmək
istəyirdilər. Onlar həmin nəsli gələcəyin
fəhlələri, mühəndisləri, alimləri,
sənətkarları kimi görmək istəyirdilər.
Yəni,
bədii və estetik zövqü formalaşmış
insanın istər fəhlə, istər mühəndis, alim,
yaxud hansı sənət sahəsində
çalışmasından asılı olmayaraq istehsal etdiyi,
yaratdığı məhsul da gözəl və
yüksək zövqlərə cavab verə bilən
olmalıdır. Baxın, 1945-ci ildə dövlət
tərəfindən qəbul edilmiş yuxarıda
adıçəkilən qərarın nəticəsi
artıq neçə on illərdir ki, göz qabağındadır.
Heç bir yeraltı sərvətləri olmayan Yaponiya
iqtisadiyyatı bu gün Amerikanı da arxada qoyub. İntellektin
isə incəsənət vasitəsilə daha asan inkişaf
etdirilməsi artıq çoxdan pedaqoji və psixoloji
elmlərə məlumdur. Deyirlər ki, varlı
təbii sərvətlərə malik olan dövlətlərdə
intellektual inkişaf, təbii sərvətləri olmayan
dövlətlərdən geri qalır və həmin
millətlər arasında elmi tərəqqiyə
etinasızlıqla yanaşma və ümumiyyətlə, bu
sahədə kütləvi tənbəllik
özünü bütün dövrlərdə
göstərir. Yenə Yaponiya təcrübəsinə
qayıdaq. Heç bir təbii sərvəti
olmadığı üçün bu millət yaşamaq
uğrunda ağılla və məntiqlə mübarizə
aparır. Ağlını, intellektini, məntiqini, fantaziyasını,
işgüzarlığını inkişaf etdirməklə,
bu xalq qabaqcıl dövlətlər sırasına
çıxa bilib. Bu gün tez-tez respublikamızda təkrar
olunan “İnsan kapitalı” ideyası çox gözəl
ideyadır. Lakin bu, söz olaraq qalmamalıdır.
Artıq ümumtəhsil
məktəbləri üçün uzun illər
gözlənilən keyfiyyətli “Musiqi” dərslikləri
hazırlanıb və 2007-ci ilin sentyabrında onlar
məktəblilərə veriləcək.
I-VIII siniflər
üçün keyfiyyətli “Musiqi” dərsliklərinin,
nəhayət ki, hazırlanması çox gözəldir.
Lakin “Musiqi” fənninin keyfiyyətlə tədrisi
üçün dərsliklə bərabər, not
müntəxəbatların, fonomüntəxəbatların,
müasir elektron dərsliklərin, “Metodikanın” yaradılması
artıq bu günün vacib problemlərindəndir. Bu
problemləri isə ağılla və elmi surətdə
həll etmək lazımdır. Bir qədər də yeni
“Musiqi” dərslikləri haqqında. Bu gün “Musiqi”
dərsliklərinin yaradılmasına tanınmış
musiqiçilər, alimlər, metodistlər cəlb olunduğu
üçün onun keyfiyyətli olması artıq
faktdır. Lakin bu dərsliklərin hamısına yalnız
bir orta məktəb mü?lliminin həmmüəllim kimi
cəlb edilməsi əlbəttə ki, çox mənfi hal
kimi qəbul edilməlidir. Bakı şəhərində bu
sahədə çox gözəl və savadlı
mü?llimlər vardır. Məhz onların hər birini
müxtəlif siniflər üzrə “Musiqi”
dərsliklərinin hazırlanması prosesinə cəlb
etmək lazımdır. Bir qədər “Musiqi” fənnini
məktəblərimizdə tədris edən
müəllimlər haqqında. Təəssüf olsun ki, bu
sahədə də vəziyyət bir o qədər də
ürəkaçan deyildir. Belə ki, fəaliyyət
göstərən 5000-ə yaxın məktəblərimizin
haradasa 20 faizində bu fənni mütəxəssislər
tədris edirlər. Qalan 80 faiz məktəblərimizdə,
xüsusən kənd rayonlarında bu fənn əlavə
dərs yükü kimi başqa fənn mü?llimlərinə
tapşırılır. Kağızda bu fənn “tədris”
olunur, əslində isə, “Musiqi” fənni demək olar ki,
tədris olunmur. Biz kimi aldadırıq? Əgər fənni
tədris edən mütəxəssis yoxdursa, onda ən yüksək
keyfiyyətli dərslik, dərs vəsaitləri kimə
lazımdır? Bu gün sayı-hesabı olmayan ali təhsil məktəblərində
bu ixtisasın genişləndirilməsinə nəyə
görə imkan verilmir? Nəyə görə bu
sahədə olan kadr qıtlığını aradan
qaldırmaq üçün universitetlərin
tərkibində, Türkiyədə olduğu kimi,
“Konservatoriya”lar açılmır? Bu gün 5000 orta
ümumtəhsil məktəblərimizə heç olmasa,
haradasa 3000 musiqi mü?llimi lazımdır. Bu sahədə
isə respublikamızda çox az mütəxəssislər
hazırlanır. Bəs bu çatışmazlığı
necə aradan qaldırmaq olar?
İlk
növbədə kənd rayonlarında olan pedaqoji təmayüllü
orta ixtisas məktəblərində “Musiqi” müəllimi
ixtisası verən fakültələrin yaradılması,
“Bakı Musiqi akademiyası”nda musiqi-pedaqoji fakültəsinin,
mövcud pedaqoji təmayüllü universitetlərdə bu
ixtisasla əlaqədar fakültələrin yaradılması
problemin həllinə kömək edər.
Təəssüflər olsun ki, Təhsil Nazirliyində bu
gün musiqi təhsilinə nəzarət edən bir qurum,
hətta bir mütəxəssis belə yoxdur. Ona görə
də, Təhsil Nazirliyində “Musiqi” fənnindən başqa
bütün fənlərin problemləri sahəsində
işlər görülür. Bu gün “Musiqi” fənni
nazirlikdə yetim adamı xatırladır. “Musiqi”
fənninə Təhsil Nazirliyində olan bu münasibət
orta məktəblərdə hökm sürən ögey
münasibətdə özünü göstərir. Halbuki, “Musiqi” fənninin düzgün tədrisi
digər dəqiq və humanitar fənlərin daha asan
mənimsənilməsinə, bu biliklərin uzun müddət
yadda qalmasına, şagirdlərin məntiqinin,
fantaziyasının, yaradıcılıq
qabiliyyətlərinin və şəxsiyyət kimi inkişafına
səbəb ola bilər. Bu deyilənlər artıq elmi
axtarışların nəticələridir. D.B.Kabalevskinin
belə bir fikri vardır: “Uşaqlarımız mədəni
olarsa, bütün xalq mədəni olar”.
Hər bir fənnin
tədrisi xüsusi fundamental elmi axtarışlarının
nəticələrinə əsaslanmalıdır. Təəssüflər olsun ki, son zamanlar musiqi
pedaqogikası və metodikası sahəsində mü?yyən
dissertasiyalar hazırlanaraq müdafiə edilsə də,
Azərbaycan pedaqoji elmində əvəzolunmaz işlər
görmüş, görkəmli alimlər yetirmiş
Təhsil Problemləri İnstitutunda “Musiqi təlimi və
təsviri incəsənət” şöbəsinin olmaması
bu sahədə kompleks nəzəri və tətbiqi
tədqiqatların aparılmasına maneçilik
göstərir. Bir həqiqəti yaddan çıxarmaq olmaz
ki, elmə əsaslanmayan tədris heç kimə lazım
deyildir. O cümlədən,
incəsənətlə təmasda olmayan, ondan
bəhrələnməyən dəqiq elmlərin tədrisinin
keyfiyyətli olması haqqında müsbət fikir
söyləmək olmaz. Ümumtəhsil
məktəblərində “Musiqi” fənninə
həftədə bir saat ayrılması gülüncdür və
bu fənnin qarşısında qoyulmuş məqsəd və
vəzifələrin həyata keçirilməsinə imkan
vermir. İncəsənət fənlərinə
həftədə, heç olmasa, iki saat
ayrılmalıdır. Onda fənlər arası əlaqə
prinsipindən, musiqinin imkanlarından istifadə etməklə
riyaziyyat və ana dili fənlərinin qavranılmasını
da asanlaşdırmaq mümkündür.
Ümumtəhsil
məktəblərində “Musiqi kursları”nı açmaqla
incəsənət sahəsində daha çox
uşaqların iştirakına nail olmaq olar və bununla da,
musiqinin kütləviliyinə mü?yyən mənada
müsbət təsir göstərilər. Sovet
dövründə dörd ildən bir “Məktəblərin
mahir və rəqs bayramları” keçirilirdi. Bu bayramlarda
yüz minlərlə şagird iştirak edirdi və yekun
konsert Bakının mərkəzi stadionunda olurdu.
Nədənsə, bu gözəl ənənələr
artıq yaddan çıxarılıb. Halbuki, Baltikyanı
ölkələrdə “Məktəblilərin mahnı və
rəqs bayramları” hər il keçirilir. Bu bayramlar musiqi
tərbiyəsinin kütləvi inkişafına böyük
təsir göstərir.
Məktəblilərin
kütləvi musiqi inkişafında musiqi ilə
əlaqədar müntəzəm həftəlik televiziya
verilişlərinin aparılmasının çox
böyük əhəmiyyəti vardır. 1977-ci ildən
1992-ci ilə qədər Azərbaycan Dövlət
Televiziyasında “Məktəblilərin Musiqi Klubu”
adlı ayda iki dəfə efirə çıxan bir veriliş
var idi. Bu verilişlərdə şagirdlər ayda iki
dəfə musiqi korifeyləri, alimlər, rəssamlar və
digər məşhur şəxsiyyətlərlə canlı
şəkildə görüşür və musiqi ilə
ünsiyyətdə olurdular. F.Əmirov, Niyazi, Q.Qarayev,
A.Məlikov, D.Kabalevski və digər
şəxsiyyətlər həmin verilişin qonağı
olmuşdular. Nədənsə 1992-ci ildə veriliş
ləğv olundu. Bu gün isə telekanalların
əksəriyyətində tamaşaçılar restoran
müğənnilərinin villaları və
xalqımızın mənəviyyatına, estetik-musiqi
tərbiyəsinə mənfi təsir göstərən
üzdəniraq “yaradıcılıqları” ilə
tanış olmağa məcburdurlar. Bəstəkarlarımızın
yaradıcılığının xalqımızın, o
cümlədən böyüməkdə olan nəslin
diqqətinə çatdırılması sahəsində
telekanallar tərəfindən demək olar ki, kifayət
qədər iş görülmür. Bir
mütəxəssis kimi hesab edirəm ki, Azərbaycanda
“Mədəniyyət” televiziya kanalının
açılmasının vacibliyi artıq zərurətə
çevrilib. Bəlkə, bu kanalda professional
bəstəkarlarımızın əsərləri
təbliğ olunar?
Kütləvi musiqi
tərbiyəsinin inkişafında məktəblərin
filarmoniya konsertlərində, Opera və Balet, Musiqili Komediya
və digər teatrlarının tamaşalarında
müntəzəm iştirak etmələrinin çox
böyük əhəmiyyəti vardır. Artıq
neçə on illərdir ki, ümumtəhsil
məktəbləri adları çəkilən
mədəniyyət ocaqlarının ünvanlarını
yaddan çıxarmışlar. Əgər ümumtəhsil
məktəbləri, heç olmazsa, ayda iki dəfə bu
mədəniyyət ocaqlarının konsertlərində,
tamaşalarında iştirak edərlərsə,
görün mədəniyyətimizin inkişafına necə
böyük təkan verilər?!
Məqaləni
mü?llimim, dahi bəstəkar və pedaqoq, akademik
D.B.Kabalevskinin sözlərilə bitirmək istəyirəm:
“Musiqi - estetik tərbiyəsi ilə məşğul olmaq
çox asandır, lakin buna bütün ömrü həsr
etmək lazımdır”.
Yeni Azərbaycan.-2007.-17 avqust.-S.9.