Rəhimqızı Z.

“Sarı gəlin”in sarı simi:

 

Mütəxəssislər mahnının tarixi haqqında müxtəlif versiyalar söyləyirlər

 

Əsrlərdir müxtəlif musiqiçilərin avazında dolaşan "Sarı gəlin" mahnısının kimə məxsus olduğu barədə müxtəlif versiyalar söylənilir. Tarixən söylənilən fərziyyələr musiqinin ladının klassik Azərbaycan musiqisinə yaxın olduğunu göstərir. Amma ermənilərin bu istiqamətdə son illər apardıqları "təbliğat kampaniyası" dünya musiqiçilərinin diqqətini bir az başqa səmtə yönəldib. Azərbaycan musiqisi ilə öz milli köklərini zənginləşdirməyə can atan ermənilərin bu iddialarının yersiz olduğunu sübuta yetirməkdən ötrü kiçik araşdırma apardıq: tarixi vərəqlədik, din xadimləri, tarixçilər mahnının əsl ifaçılarından biri ilə görüşdük.
Aldığımız bilgilərə görə, ruslar XIX əsrin 20-30-cu illərində Osmanlı torpaqlarına girərək Ərzuruma qədər əraziləri zəbt ediblər. Rəvayətlərə görə, bu illərdə türk qoşununun başçılarından biri slavyan gözəlinə aşiq olub "Sarı gəlin" adlı şeir yazıb. Sonra ona musiqi həyatı verilib.
Eyni zamanda, iddia edilir ki, "sarı" sözü rəng anlamında işlədilmir, bu ifadə insanın daxilindəki "sarı sim"ə eyham vurur. Adətən insanların həssas məqamında bu özünü göstərir. Yəni "sarı" sözü şeirdə rəmzi məna daşıyır. "Sarı gəlin" insanın içindəki məhəbbət, nəciblik ən xoş keyfiyyətlərin məcmusu kimi başa düşülür. Tarixin bəzi məqamlarında "Sarı gəlin"in qadın gözəlliyinə ünvanlandığı da fərziyyə kimi irəli sürülüb.
Din xadimlərinin fikri isə belədir ki, "Qurani-Kərim"in Bəqərə surəsi - "Dirildən sarı inək" hissəsi var. "Sarı" sözünü din xadimləri Həzrət Fatimeyi-Zəhranın xarakteri ilə əlaqələndirirlər. Yəni onun bütün namuslu, nəcib cənnət qadınlarının rəhbəri olduğu qeyd edilir. Həmin sarı rəng bütün nəcib keyfiyyətləri özündə birləşdirmiş xanımların rəmzidir. Bu baxımdan "Sarı gəlin"in nəcib qadınlara ithaf edilmiş ürək sözü kimi tarixdə öz yerini tutduğu söylənilir.
Milli Konservatoriyanın elmi-tədqiqat laboratoriyasının rəhbəri Abbasqulu Nəcəfzadənin fikrincə isə, "Sarı gəlin"in söz musiqisi XVI əsrin məşhur dövlət xadimi, sərkərdə şairi Şah İsmayıl Xətaiyə məxsusdur. O deyir ki, Şah İsmayıl sarayda rəqqasə qızların oyununa baxarkən orada sarı rəngli libasda bir qız onun diqqətini özünə çəkib. O andaca Xətai belə bir əsər yazıb. Eyni zamanda, Şah İsmayıl azərbaycanlı xanımın saçının ucunu hörmədiyini yazmaqla rəqqasə qızı nəzərdə tutduğuna eyham vurub.
Musiqiçi İbrahim Qasımovun fərziyyəsində bu məqam öz əksini tapır. Ud ifaçısı onu da əlavə etdi ki, bu fakt Əzizə Cəfərzadənin tarixi əsərində yığcam şəkildə öz əksini tapıb.
"Eyni zamanda, Anadolu türkləri musiqi əsərinin onlara məxsus olduğu barədə müəyyən dövrlərdə iddialarla çıxış ediblər.
Amma tarixi yazılarda buna rast gəlinməyib", - deyə İ.Qasımov bildirdi.
Abbasqulu Nəcəfzadə isə öz növbəsində bildirdi ki, "Sarı gəlin" muğam ladı üzərində köklənib: "Muğamların Azərbaycana məxsus olduğunu nəzərə alsaq, bir o qədər baş sındırmamalıyıq. Sadəcə, faktı doğrultmalıyıq".
"
Sarı gəlin"in müasir dövrümüzdə ən gözəl ifaçılarından biri, xalq artisti Akif İslamzadənin məsələyə baxışı isə bir az fərqli oldu: "Tam əminliklə deyərdim ki, "Sarı gəlin" mahnısının tarixi İslamdan əvvələ gedib çıxır. Amma bəzi musiqiçilər elə hesab edirlər ki, bu əsərin 150-200 illik tarixi var. İntonasiyasına görə, mahnı çox arxaikdir - 3-4 notun üzərində qurulub. VII əsrin əvvəllərində "sarı" sözü rəmzi mənada "böyük", "dağ" anlamında qəbul edilib. Qədim türk anlayışında isə "sarı" "kübar", "incə" deməkdir. Bizdə bu ifadə iki anlayışda - "rəng" "ürəyimin sarı siminə toxunma" kimi istifadə edilir. İslamdan əvvəl Oğuz tayfalarının ortaq bir mədəniyyəti olub. Tarixi mənbələrdə göstərilir ki, oğuzlar daha çox bu intonasiyada musiqi mədəniyyətini inkişaf etdiriblər mahnı zamanla formalaşaraq günümüzə gəlib çıxıb. O vaxt qıza elçiliyə gedəndə 35 yaşlı qız anasının yox, nənənin yanına gələrdilər. Görünür, ilk dəfədən sevgi oxu daşa dəyən cavanlardan biri "səni mənə verməzlər, ay nənən ölsün, sarı gəlin" deyə belə bir musiqi yaradıb".
A.İslamzadə xatırlatdı ki, mahnını ötən əsrdə yaşadan ifaçılardan biri babası, qarabağlı Bəbiş Qədimov olub. Anası Sara Qədimovanın arxivində qorunan musiqi əsəri Akif İslamzadənin lent yazılarında yaşayır.

 

Ayna.-2007.-28 avqust.-S.8.