Bayramova Z.
Milli dirijorluq məktəbinin banisi
Maestro Niyazi ötən
əsrin əvvəllərində dünyaya gəlib.
Azərbaycan musiqi sənətində böyük
əsərlər yaradan dahi simaların müasiri olmuş,
onların yaradıcılıq uğurları, sözsüz
ki, maestroya da təsirsiz qalmamışdır. Üzeyir
Hacıbəyov, Müslüm Maqomayev, Soltan Hacıbəyov,
Rauf Hacıyev kimi böyük sənətkarların
müasiri olaraq, XX əsrdə etdiyi yeniliklər Azərbaycan
sənət tarixinin, demək olar ki, ən uğurlu bir
səhifəsidir. Bildiyimiz kimi, Niyazinin yeniyetməlik illəri
Azərbaycanın səfalı guşələrindən olan
Şuşada keçmişdir. Bu məkanın xoş iqlimi,
qeyri-adi təbiəti Şuşadan saysız sənətkarların
sənətə vəsiqə almasına yol açmışdır.
Sənət tariximizə diqqət etsək, görərik ki,
böyük sənətkarların əksəriyyəti,
məhz bu torpaqda dünyaya gəlmişlər. Ana laylası
kimi balacaların qanına hopan muğam, klassik musiqi
nömrələri, sözsüz ki, Niyazi dünyasından da
yan ötməmişdir, O, musiqi sənəti tarixində
adını iftixarla çəkdiyimiz Zülfüqar
Hacıbəyovun ailəsində dünyaya gəlmiş, bu
soyadın davamçısı kimi yeni bir səpkidə
özünü təqdim edə bilmişdir.
Qeyd edim ki, Niyazi 14
yaşında ikən Moskvada Qnessinlər adına Musiqi
Texnikumuna daxil olmuş, 1931-ci ildən bu dərs
ocağını bitirmişdir. Özünə hər zaman
məsuliyyətlə və tələbkarlıqla yanaşan Niyazi
Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda
və Yerevan Konservatoriyasında təhsil almışdır. 1934-cü
illərdə isə ali musiqi təhsilinə
yiyələnmək məqsədilə Azərbaycan
Dövlət Konservatoriyasına daxil olmuşdur. Onun
keçdiyi bu yolun, təhsil illərinin maestronun musiqiçi
kimi formalaşmasında və
zənginləşməsində rolu əvəzsizdir.
Niyazi
özünəməxsus ifa tərzi ilə həm
bəstəkar, həm dirijor kimi şöhrət tapmış,
böyük əsərlərin müəllifinə
çevrilmişdir. Onun əldə etdiyi nailiyyətlər
zəhmət və istedadı ilə həyata keçsə
də, böyük sənətkarın nəslində olan
ifaçıların da onun yaradıcılıq
imkanlarını büruzə verməyə
şərait yaratmışdır. Sənətlə
bağlı müəyyən fikir mübadilələri,
yaradıcılıq axtarışları, birgə
layihələr Niyazinin sənətkarlıq
xüsusiyyətlərinin daha da parlamasına, erkən
yaşlarında ikən böyük səhnələrdə
alqışlarla qarşılanmasına səbəb
olmuşdur.
Niyazinin sənət yolu Azərbaycan Dövlət Simfonik Orkestri ilə bağlıdır. O, qeyd etdiyimiz orkestrə fasilələrlə rəhbərlik
etmiş və onun baş dirijoru
olmuşdur. Niyazinin ifaçılıq fəaliyyəti
Azərbaycan Dövlət
Opera və Balet Teatrının səhnəsindən də
yan ötməmişdir.
Belə ki, o, bu teatrda
bədii rəhbər
və baş dirijor vəzifələrində
çalışmışdır. Onu da vurğulayım
ki, 1961-ci ildə Niyazi Leninqrad Opera və Balet
Teatrının baş
dirijoru təyin olunmuşdur. Bir müddət orada çalışan sənətkar
1979-cu ildən Azərbaycan
Dövlət Filarmoniyasının
direktoru kimi fəaliyyətini davam etdirmişdir. Niyazi bəstəkarlıq və
dirijorluq fəaliyyətinə keçən əsrin 30-cu illərindən
başlamış, orijinal yaradıcılıq üslubu
ilə əsərlərin ideya-emosionallıq məzmunu
cəhətdən yüksək temperamentlə
səsləndirilməsinə nail olmuşdur. Onun repertuarı
olduqca zəngin və geniş olmuşdur. Qərbi Avropa və
rus klassiklərinin, müasir bəstəkarların
əsərləri Niyazi yaradıcılığında
müstəsnalıq təşkil edir.
Niyazi Azərbaycan
bəstəkarlarının bir çox simfonik və musiqili
səhnə əsərlərinin kantata və oratoriyalarının
ilk ifaçısı olmuş, bu əsərlərin şərh
edilməsində özünəməxsus orijinal
ifaçılıq üslubu yaratmışdır. Azərbaycan
milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı
ilə bağlıdır. Onun traktirovkasında milli
bəstəkarların bir çox əsərləri, o cümlədən,
Üzeyir Hacıbəyovun "Koroğlu" operası
Azərbaycan musiqisinin qızıl fonduna daxil edilmişdir. Maestronun
Azərbaycan Opera və Balet Teatrının
səhnəsində hazırladığı Müslüm
Maqomayevin "Nərgiz", Qara Qarayevin
"Vətən", Fikrət Əmirovun “Sevil” operaları,
eləcə də, Qara Qarayevin "Yeddi gözəl"
və "İldırımlı yollarla" baletləri
böyük uğur qazanmışdır. 1961-ci ildə Leninqrad
Opera və Balet Teatrında Arif Məlikovun "Məhəbbət
əfsanəsi" baletinin ilk tamaşasını
hazırlamışdır. Bəstəkar, həmçinin,
Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin "Qaratoxmaq
qadın", Cüzeppe Verdinin "Aida" operalarına,
İstanbul Opera və Balet Teatrında türk
bəstəkarı Ə.Sayqonun "Koroğlu"
operasının ilk tamaşasına və "Yunis
İmrə" oratoriyasına dirijorluq etmişdir.
Niyazinin adı
Azərbaycan musiqisində ilk simfonik əsərlərinin
müəllifi kimi çəkilir. Onun milli simfonizmin
təşəkkül və inkişafında böyük rolu
olmuşdur. Niyazinin "Rast" simfonik muğamı,
zəngin ifa melodiyası emosional təsir gücü
baxımından məşhurlaşmışdır. Rast
simfonik muğamı müəllifin idarəsi ilə bir
çox xarici ölkələrdə səslənmiş,
Çexiyanın "Suprafon", ABŞ-ın
"Rikorde" musiqi şirkətləri tərəfindən
qramafon valına yazılmışdır. Nizami Gəncəvinin
eyni adlı poemasının motivləri üzrə
yazdığı "Xosrov və Şirin" operası
musiqi dramaturgiyasının çoxplanlı olması psixoloji
gərginliyi ilə fərqlənir.
Niyazi dram
tamaşalarına, kino-filmlərə musiqilər
yazmışdır. O Azərbaycan mahnılarını
"Kəklik", "Qaragilə", "Xumar oldum",
"Ay bəri bax" və s. simfonik orkestr üçün
işləmiş, 1935-ci ildə "Rast" və
"Şur" muğamlarını nota
köçürmüşdür. O, Azərbaycan musiqisinin
ifaçı problemlərinə dair məqalələrin
müəllifi kimi də tanınmışdır.
Maestro,
mübağiləsiz desək, dünyanın bir çox
ölkələrində məşhurlaşmış,
beynəlxalq müsabiqələrdə iştirak etmiş,
dünya miqyasında mükafatlara layiq
görülmüşdür. Maestro geniş
dünyagörüşünə malik sənətkar idi.
Azərbaycanın
sənət tarixinə bir çox dirijorların adı
həkk olunsa da, Niyazi bu məktəbin yaradıcısı
və əvəzsiz ifaçısı olduğuna
görə, maestro ifadəsi qeyri-ixtiyari olaraq onun isminin
qarşısına əlavə edilir. Maestronun 95 yaşı tamam olur. Bu ərəfədə
ruhu bizimlə yaşasa da, yaratdığı əsərlər,
təməlini qoyduğu
məktəb Niyazinin müasir sənət dünyamızda cisminin də varlığını
təsdiqləyir.
Niyazinin bu günə qədər nota köçürülməmiş musiqi əsərləri mövcuddur. Onlardan bir qismi ev-muzeyi tərəfindən
diskə yazılıb,
notlara köçürülübdür.
Yaxın
gələcəkdə isə
şəxsi arxivlərdən,
eləcə də, özünün şəxsi
arxivində olan müəyyən musiqi nömrələri sənətsevərlərə
təqdim olunacaqdır.
Niyazi irsinin tədqiqinə hər zaman ehtiyac vardır.
Çünki bu irs o qədər
zəngin və çoxşaxəlidir ki,
zaman ötdükcə
Niyazi dünyasına müraciət ediləcək.
Səs.- 2007.- 21 avqust.- S. 12.