Maestro Niyazinin 95 illiyi qeyd edilib

 

Dünən maestro Niyazinin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib. Niyazinin Ev Muzeyində təşkil olunan tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinın direktor müavini Təranə Qurbanova maestronun həyat və yaradıcılığından söz acıb ("APA").

Muzeyin direktoru Rza Bayramov Niyazinin Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrin heç vaxt unudulmayacağını vurğulayıb. Muzey direktoru bir müddət əvvəl Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Niyazinin əsərlərindən ibarət kitab hazırlandığını qeyd edib. Azərbaycan Bəstəkarlar İttifaqının katibi Aqşin Əlizadə deyib ki, maestro yalnız Azərbaycanda deyil, bütün dünyada özünü təsdiq edib. Əməkdar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlov Niyazinin 100 illik yubileyinin daha geniş şəkildə qeyd olunacağına ümid etdiyini bildirib. Yubiley mərasimində Niyazinin "Vətən nəğməsi", "Arzu" romansı, Ü.Hacıbəyovun "Sənsiz", "Arşın mal alan", Fərhad Bədəlbəylinin Niyaziyə ithaf etdiyi "Prelüd", Qara Qarayevin "Lay-lay" əsərləri səslənib. "Maestro Niyazi adına beynəlxalq festival keçirilməlidir. Çünki onun qoyduğu yolu layiqincə davam etdirmək və onun sənətini qiymətləndirmək hər birimizin borcudur. Düşünürəm ki, hər birimiz əlbir olub tezliklə belə bir layihəni həyata keçirilməliyik". Bunu isə əməkdar incəsənət xadimi, dirijor Yalçın Adıgözəlov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan Milli Konservatoriyası ilə birgə Niyazinin əsərlərindən ibarət silsilə disklər hazırlanır. Y.Adıgözəlov disklərin yaxın aylarda işıq üzü görəcəyini vurğulayıb: "Çox təəssüflər olsun ki, bu illərə kimi Niyazinin bütün əsərləri çox pis vəziyyətdə idi. Ancaq uzun müddətdən sonra onun əsərləri qaydaya salınmağa başladı və bu proses hələ də davam etməkdədir".

 

                  Azadlıq.- 2007.- 21 avqust.- S. 16.