Xoşbəxt sənətkar
Bildiyini heç kimdən
əsirgəməyən Maestro Niyazinin
anadan olmasının 95 illiyi qeyd edildi
Azərbaycan musiqi
sənətinə böyük musiqiçilər bəxş
etmiş Hacıbəyovlar nəslinin övladı idi o. Gözünü dünyaya açandan musiqi səsi
eşitmiş, ailələrində musiqiyə hədsiz
hörmət görmüşdü. Atası Zülfüqar
bəy böyük nüfuz sahibi idi. 1911-ci ildə
bəstəkar Zülfüqar Hacıbəyovun başçılıq
etdiyi Azərbaycan opera truppası mütəmadi olaraq
Tiflis şəhərində çıxışlar edirdi.
Bakıya gəlib-getmək çətinlik
yaratdığından Zülfüqar bəy ailəsini
Tiflisə köçürməli oldu. Zülfüqar
Hacıbəyovun Tiflisdəki evində doğulan uşağa
Knyaz adını qoydular. İllər ötəndən sonra bu
ad dünyanı dolaşan "Niyazi" oldu.
Zülfüqar
Hacıbəyovun Bakıdakı evi uzun müddət
görkəmli adamların görüş yeri kimi
tanınırdı. M.Maqomayev, Ə.Haqverdiyev, Mirzə
Cəlil, H.Cavid, A.Şaiq, H.Ərəblinski,
A.Şərifzadə, S.Ruhulla və başqaları bu evdə
tez-tez görüşərdilər. Belə
görüşlər adətən gözəl
xanəndələrin - C.Qaryağdının,
S.Şuşinskinin, H.Sarabskinin ifaları, Qurban Pirimovun
tarının yanıqlı sədaları ilə yadda
qalardı. Yeni milli operalar və musiqili komediyalar ilk
dəfə bu evdə dinlənilib müzakirə edilərdi. Balaca Niyazinin uşaqlıq illəri həmin musiqi
məclislərində keçər, xatirəsində unudulmaz
izlər buraxardı. Gələcəyin böyük
sənətkarı bu görkəmli adamları sonralar
tanıyacaq, onların Azərbaycan musiqisinin,
incəsənətinin inkişafında göstərdiyi
xidmətləri başa düşəcəkdi.
Niyazi
əvvəlcə skripka çalmağı
öyrənmişdi. Lakin atasının və
əmisi Üzeyir bəyin ürəkdən müdafiə etdikləri
başqa bir həvəs ona üstün gəldiyindən bir
ara Port-Artur qəhrəmanı Səməd bəy Mehmandarov,
top artilleriyasının atası, artilleriya generalı
Əliağa Şıxlinski kimi hərbçi də olmaq
istəmişdi. Sonralar deyirmiş ki,
"Təbiətimdə sərt nə varsa, hərbçi
olduğum o uşaqlıq çağlarımdan,
xasiyyətimdə yumşaq, həlim nə varsa, 12-13
yaşımda Şefferlinqdən aldığım skripka
dərslərimdən qalıb".
Atasının
və əmisinin məsləhəti ilə 1926-cı ildə
Moskvaya gedən Niyazi görkəmli musiqiçi Mixail Qnesinin
bəstəkarlıq sinfinə daxil olur. Paytaxtın
qaynar musiqi həyatı - opera tamaşaları, simfonik musiqi
və kamera musiqisi konsertləri gəncin istedadının
inkişafına müsbət təsir göstərir. 1929-30-cu
illərdə isə Niyazi bəstəkarlıq
sahəsində biliyini zənginləşdirmək
üçün Leninqradda Q.Popovun və P.Ryazanovun
apardığı məşğələlərdə
iştirak edir.
1931-ci ilin
axırlarında Niyazi səhhətinə görə
Leninqraddan Yerevana gəlir və imtahan verərək Yerevan
Dövlət Konservatoriyasında Stepanyanın
bəstəkarlıq sinfinə qəbul olur. Lakin o, tezliklə
Dağıstan MSSR Xalq Maarif Komissarlığı elm,
ədəbiyyat və incəsənət bölməsinin
müdiri təyin edildiyindən dərsləri
yarımçıq qoymalı olur.
Niyazi
gecə-gündüz işləmək yanğısı
ilə alışırdı. Anası da onunla birlikdə
Dağıstana gəlmiş, həkim kimi uşaq
bağçasında işə düzəlmişdi. Onda
Niyazinin 20 yaşı vardı. Bu yaşda adətən
yalnız xoş gələcək haqqında
düşünür, uğursuzluqlara inanmırlar. Niyazi
də xoş sabah ümidi ilə yaşayırdı.
Niyazi Bakıya
döndükdən sonra yaradıcılıq arzularını
uğurla həyata keçirdi. 23 yaşlı gənc Azərbaycan
Bəstəkarlar İttifaqına üzv seçildi. O, eyni
zamanda kino və teatr musiqisi sahəsində fəal
çıxış etdi. Niyazi atası Zülfüqar
bəylə birlikdə ilk səsli bədii film olan
"Almaz" üçün musiqi yazdı,
həmçinin, diriyorluq fəaliyyətinə başladı.
Çox
keçmədən M.Maqomayevin "Nərgiz" operası
Moskvada ilk Azərbaycan dekadasının proqramına daxil
edildi. Niyazi ongünlüyün yekun
konsertində də böyük
müvəffəqiyyətlə diriyorluq edərək
Vətənə özünün ilk və layiqli
mükafatı-"Şərəf nişanı" ordeni
ilə qayıtdı. O, tükənməz eneryisi və fitri
istedadı ilə simfonik orkestrimizə 46 il
başçılıq etdi.
İstedadlıların
dostu
1961-ci
ilin yanvarı. Niyazi Leninqradın məşhur Dövlət
Akademik Opera və Balet Teatrının diriyor pultu arxasına
keçir və gənc Azərbaycan bəstəkarı Arif
Məlikovun "Məhəbbət əfsanəsi" baletinin
tamaşasını hazırlamağa başlayır. Az
sonra göstərilən bu əsər sovet musiqi - xoreoqrafiya
sənətinin böyük hadisəsinə çevrilir.
Zəmanəmizin ən böyük bəstəkarlarından
sayılan A.Məlikov illər ötəndən sonra həmin
hadisəni xatırlayır: "Professional musiqimizin qısa
müddətdə inkişaf etməsində Niyazinin
əvəzsiz rolu olub. Konservatoriyanın 3-cü kursunda
oxuyarkən yazdığım "Balet suitası"
maestronun diriyorluğu ilə səsləndirildi. Bu, məni
yeni-yeni əsərlər yazmağa ruhlandırdı. Sonralar
bir neçə əsərimdə də Niyazi diriyorluq etdi.
Konservatoriyanı bitirəndə isə
"Məhəbbət əfsanəsi" baletini yazdım.
Leninqrad teatrı bu əsəri tamaşaya hazırlayarkən
öz müəllif hüququmdan istifadə edib Niyaziyə olan
hörmət və məhəbbətim naminə əsərin
maestronun ifasında səhnəyə qoyulmasını
istədiyimi bildirdim. Təklifim qəbul olundu. Əsərimin
Leninqrad səhnəsində premyerası böyük uğur
qazandı".
Niyazini izləyən
uğurlar bir-birinin davamı idi.
1974-cü
ildə R.Taqorun eyniadlı əsəri əsasında
yazdığı "Çitra" baletinin musiqisinə
görə, maestro C.Nehru adına mükafata layiq
görüldü. "Çitra" baleti Moskvada Kreml
teatrının böyük səhnəsində göstərildi.
Baletin ilk tamaşasında iştirak edən R.Taqorun qız
nəvəsi Nandita Kripalani tamaşadan sonra "Baletin
musiqisində Rabendranat Taqorun əsl poetik yaradıcı ruhu
hökm sürür" - deyə qeyd etdi.
Bu günün
bəstəkarlarının çoxu Niyazinin evində əsl
məktəb keçdiklərini ürək
açıqlığı ilə etiraf edirlər. Niyazi
biliyini kimsədən əsirgəməzdi. O, istedadı olan
adamlarla dost idi. Tanışlıqla, dostluqla sənətdə
özünə yol tapanları qəbul eləmirdi. Maestro
güclü yumor hissinə də malik olub. Bir qədər tünd
xasiyyətli olsa da, kinli deyildi. Eneryi ilə, cazibə ilə
dolu olan maestro pult arxasına keçəndə "məni
yaşadan budur" deyərdi.
Taleyin
Həcər qisməti
Qəlbinə
hakim kəsilən sevdanın işartıları
Mahaçqalada işləyəndə yaranmışdı.
Orada yaşayan ziyalılar bir-birlərini uzaqdan-uzağa da olsa
tanıyırdılar. Bir gün anası Böyükxanım
oğlanları ilə birlikdə İran
səfarətxanasını təmsil edən
Əlisgəndər və Rəşid adlı
ziyalıların evinə qonaq getdi. Onların
Həcər adlı bir bacıları da vardı. Həmin
gün bu iki gəncin baxışları
qarşılaşdı. Niyazi o gündən bu evə daha
tez-tez gəlməyə başladı. Çox
keçmədən məsələdən duyuq
düşən qardaşlar Niyazini soyuq qarşıladılar.
O evdən ayağı kəsilsə də, qəlbindəki
sevdaya hökm verə bilmədi. Gənclər gizlincə
məktublaşmağa başladılar. Bir gün
Həcərin sevgi dolu məktublarının birində
"deyəsən, qardaşlarımın xidməti işi
ilə bağlı İrana köçəcəyik" -
deyə intizarlı xəbəri Niyazi üçün
ağır dərd oldu. Səhərədək
gözünə yuxu getmədi və Həcərə məktubunda
"Gəl qaçaq!" deyə təklif etdi.
Bu qərara ki
gəlmişdilər, onları daha heç nə
maraqlandırmırdı. Bilirdilər ki, güzəranları
ağır olacaq. Niyazi ailələrinin saysız
qayğıları haqqında çoxdan
danışmışdı Həcərə. Ancaq bunlar
qızı qorxutmurdu. Çünki arada dəyişməz
sevgi vardı.
Bu evlilik nə
az-nə çox düz 51 il davam elədi.
Sıxıntını da, çətinlikləri də
birgə yaşadılar. Zülfüqar bəyin
Bakıdakı ikiotaqlı mənzili darlıq
elədiyindən onlar bir müddət kirayə də
qaldılar. Pulsuz-parasız günlərdə çox
çətinliklər gördülər. Hətta Niyazinin işin
çoxluğundan, yorğunluq və qayğılar
üzündən vərəmdən əziyyət
çəkdiyi günlər də oldu. Həcər də bu
çətin günlərdə onunla birgə
xəstələndi, onunla birgə sağaldı. Bircə
dəfə də şikayətlənmədi. O, Niyaziyə
çətin, əzablı günlərin dostu oldu.
Təzadlı xasiyyətlərinə dözdü. Bir
qədər tündməcaz xasiyyətli bu insanın
bütün şıltaqlıqlarını uddu. Hərdən
də dilinin acılıqlarını bal kimi daddı. Niyazinin
sənət dostları - Q.Qarayevlə, F.Əmirovla sonradan
sərinləşən münasibətlərini
həmişə tənzimləməyə
çalışdı.
Həcər
xanım xatırlayırdı: "Üzeyir bəyin
övladı olmadığından o, bütün
məhəbbətini Niyaziyə həsr etmişdi. Onun
istedadına inanaraq sənət yolunu düzgün
istiqamətləndirmişdi. Ancaq hər ikisinin
ətrafında olan bəzi insanlar onların
münasibətlərini gərginləşdirməyə
cəhd ediblər. Xoşbəxtlikdən bu, o qədər
də uzun çəkməyib. Məsələn, Niyazi
"Arşın mal alan"ı işləyərək
əsərdə müxtəlif dəyişikliklər
etmişdi ki, ekranda gözəl səslənsin. Amma bəzi
naxələf adamlar Üzeyir bəyin yanına gedərək
ona deyiblər ki, Üzeyir bəy, bu,
biabırçılıqdır. O, hətta özündə
cəsarət tapıb "Arşın mal alan"ı da
təhrif etməkdən çəkinmir. Beləliklə,
onların arasına inciklik toxumu səpirdilər. Niyazi bunu
çox ağır yaşayırdı. Hərdən də
uşaq kimi kövrələrək məndən soruşurdu:
"Axı onlar niyə anlamaq istəmirlər ki, mən
nə etdiyimi bilirəm?" Niyazi "Arşın mal
alan"ın ictimai baxışına getmək itəmirdi.
Deyirdi ki, Həcər, əgər musiqi barədə bəd
danışsalar, özümü saxlaya
bilməyəcəyəm. Onu güclə yola gətirdim.
Film başa
çatandan sonra Üzeyir bəy Niyazini bağrına
basdı. Sevincindən danışa bilmirdi. Təkcə bu
sözləri dedi: "Ay səni, qoçaq oğlan. Çox
sağ ol, hər şey yerində idi". Niyaziyə elə
bil dünyanı bağışladılar".
Niyazi
xoşbəxt sənətkar olub. Onu hər yerdə
sevirdilər. O, insanlarla münasibətini çox
səmimiliklə qurmağı bacarırdı. Həyat yoluna
Həcər xanım kimi vəfalı bir qadın
çıxmışdı. O, taleyin bu qismətindən
razıydı. Hər ikisi uşaqları çox sevirdi. Amma
Tanrı onlardan övlad payını əsirgəmişdi.
Övladsızlıq ağrısını unutmaq
üçün kimsəsiz bir körpəyə valideynlik
etmək istəmişdilər. "Uşaq evi"ndən
götürdükləri uşağa öz əmisinin
adını vermişdi Niyazi. Ancaq sevib-əzizlədikləri,
heç nəyi əsirgəmədikləri bu uşaq onlara
dərddən başqa bir şey vermədi...
Ömrünün son
illərində ürəyi maestronu yaman incidirdi. Vəfalı
Həcər xanım həmin çətin
dəqiqələrdə həmişə yanında olurdu.
Ağrıyan ürəyinə dərman idi bu
qadın. Ancaq son anda istəməsə
də, əcəllə barışmalı oldu. Qaça bilmədilər taleyin bu qismətindən.
Görəcəyi işləri
yarımçıq qaldı Niyazinin. Əcəl bir az aman versəydi, kim bilir
Azərbaycanımızı onun sərhədlərindən
nə qədər kənarda tanıdacaqdı.
Unudulmaz maestro
Dünən Niyazinin 95 illik
yubileyi yaşadığı, hazırda mənzil-muzeyə
çevrilən ünvanda qeyd olundu. Maestro ilə
yaradıcılıq ünsiyyətində olan insanlar -
sənət dostları, onu tanıyanlar, sevənlər onunla
bağlı xatirələrini dilə gətirdilər. Niyazinin yazdığı əsərlər
səsləndi. Haqq dünyasına
qovuşan bəstəkarın ruhu isə
unudulmadığı üçün bir daha rahatlıq
tapdı.
Kaspi.-2007.-21 avqust.-S.16.