Alim Qasımov: İndi yüksəyə yox, dərinə getmək istəyirəm

 

Bu gün Azərbaycanın xalq artisti Alim Qasımovun 50 yaşı tamam olur. Dünən prezident İlham Əliyev muğamın inkişafındakı xidmətlərinə görə görkəmli sənətkarı "Şöhrət" ordeni ilə təltif edib.

   "Cənab prezidentin məni "Şöhrət" ordeni ilə təltif etməsi çəkdiyim zəhmətə, əziyyətlərə verilən yüksək dövlət qiymətidir. Məncə, bundan böyük nailiyyət yoxdur. Prezident mənə "Şöhrət" ordeni verməklə muğam sənətinə böyük dəyər verdiyini bir daha göstərdi". Bu sözləri dünən Alim Qasımov APA-ya açıqlamasında deyib.

   Xalq artisti Alim Qasımovun 50 illik yubileyi ərəfəsində APA-ya verdiyi müsahibəni oxuculara təqdim edirik.

   - Alim Qasımov özünü neçə yaşında hiss edir?

   
- Bu mənim əhvalıma, yaşadığım günə bağlıdır. Baxır, hansı gün necə yuxudan qalxıram, necə yatıram. İndi daha yaşın yox, günlərin fərqi var. Bu gün neçə yaşında olduğumu belə bilmirəm.

   - 50 illiyinizlə bağlı "Şöhrət" ordeni gözləyirsiniz?

   
- Necə məsələhətdirsə, elə olar. Mən dövlətdən heç ummuram, çünki heç bir şey etməmişəm. Bircə ibadət zamanı dualarımda istəklərimi deyirəm. Bəlkə cavan vaxtı şöhrət haqqında düşünürdüm, amma indi yüksəyə yox, dərinə getmək istəyirəm. Məndən olsa yuxarı yox, aşağı gedərəm. Ümumiyyətlə, insan üçün həyatda dəqiq yer yoxdur. Bunun enişi, yoxuşu, küləyi, istisi var. Mən stabillikdə yaşayan adam deyiləm. İstəyirəm ki, kimdənsə nəsə ummaq hissini içimdən çıxarıb tullayam. 50 yaş kimdənsə nəsə ummaq vaxtı deyil. Qoy, ömrümüzün qalan hissəsini kimsədən nəsə ummadan yaşayaq.

   - Yaşınızın artması sənətdə fəaliyyətinizin zəifləməsinə səbəb olmaz ki?

   
- Mən tamaşaçılarımı naümid qoymamağa çalışacağam. Daha böyük layihələrlə onların qarşısına çıxmağa hazırlaşıram. 51 yaşıma kimi Azərbaycanda böyük bir konsert təşkil etmək istəyirəm.

   - Muğama bugünkü diqqətdən razısınız?

   
- Bu gün muğamın təbliği prosesi gedir. Əvvəl-axır haqq yerin tapacaq. İstedadlı gənclər üçün qapılar açılacaq. Bu gün zəhmət çəkənə qapılar açılıb, inkişaf gedir. İndiki çoxluqdan qorxmaq lazım deyil, onların içindən bir-iki nəfər yetişəcək.

   - Nəvələrinizin arasında muğam ustası olmaq istəyəni var?

   
- Beş nəvə sahibiyəm, onların hamısının içində bu həvəs qaynayır, ancaq hansının bu yolun yolçusu olacağını deyə bilmərəm. Bu sənətə sahib olub, məni ötsələr, ancaq xoşbəxt olaram. Tək nəvələrim yox, Azərbaycanın hansı gənci gəlib məndən irəli keçsə, mənim üçün çox böyük şərəf olar.

   - Muğam məktəbi yaratmaq fikrinizdən daşınmamısınız ki?

   
- Yox. Mənim sənətdə yaratdıqlarım da ayrıca məktəbdir. Muğam məktəbi açacağam. Artıq bunun üçün ayrılan binanın təmir işləri yekunlşamaq üzrədir. Fəaliyyətə zaman başlayacağımız barədə dəqiq məlumat verə bilmərəm. Ancaq çox güman ki, mərkəz kimi işləyəcək. Tələbələrimi məhz bu mərkəzdə hazırlaşdıracağam.

   - Heç sənətdən ayrılmağı düşünmüsünüz?

   
- Əlbəttə düşünmüşəm, indi düşünürəm. Bu fikir hər an beynimdən keçir. Sənətdən uzaqlaşsam, bir az da mən qulaq asaram. Ancaq insafla yanaşmaq lazımdır, əgər əlimdən gəlirsə, bir şey yarada bilirəmsə bu işi etməliyəm. Buna görə işləyirəm, başqa cür olsaydı, bu yükü çiynimdən atmaq istərdim. Mən dincəlmək xatirinə sənəti ata bilmərəm. zaman qismət olsa, onda sənətdən ayrılacağam. Əslində hər həyəcanlı anımda sənətdən ayrılmaq beynimdən keçir. Həmişə o anlarda "kaş burdan sağ-salamat qurtaraydım" deyirdim. Sevilib yüksəldikcə məsuliyyət hissi artır. Bəzən beş dəqiqəlik oxumağım üçün o qədər həyəcan keçirirəm ki, qurtarandan sonra düşünürəm, heç dəyməzmiş. Amma növbəti dəfə yenə bu təkrar olunur. Məndən asılı deyil bu.

   - İndi hansı layihələr üzərində işləyirsiniz?

   
- Avqustun 16-dan 25-ə qədər Fransaya səfər edəcəyəm. Orada "Leyli Məcnun" layihəsi hazırlayacağıq. Yarım saat ərzində qızım Fərqanə ilə birgə əsas hissələri oxuyacağam. Növbəti səfərim isə Amerika Birləşmiş Ştatlarına olacaq. Amerikanın müxtəlif ştatlarında 15-ə yaxın konsert verəcəyəm. Hazırda hər iki səfərə ciddi-cəhdlə hazırlıq görürəm.

   - Yubileyinizi kimlərlə qeyd edəcəksiniz?

   
- Öz ailəm, qohum tanışlarımla keçirəcəyəm. Kiçik bir dairədə 50 yaşımı qarşılayacağam. Yubileyimin dövlət səviyyəsində keçirilməsi nəzərdə tutulub. Bu tədbir sentyabra təsadüf edəcək. Ancaq tədbirini günü məkanı müəyyənləşməyib.

   - 50 yaşınız tamam olur. Özünüzə arzulayardınız?

   
- Özümə ağıllı, kamallı, imanlı, dinli, heç kəsə bir ziyan vermədən ömrümü başa vurmağı arzulayıram.

 

525-ci qəzet.- 2007.- 14 avqust.- S. 1; 3.