Cavadlı N., Abdulla H.

 

Mən qəddar tamaşaçıyam


Alim Qasımov:
 “Yaşım bəlkə də 50-dən ikiqat çoxdur”


“Mən hazır olmayanda Azərbaycan tamaşaçısının qarşısına çıxmıram”


Alim Qasımovla müsahibə təşəbbüsü irəli sürüləndə, bəlkə də kollektivdəki yazarların hamısı bunu özü etmək arzusunda olduğunu dilə gətirdi. Amma bu xoşbəxtlik məhz bizə nəsib oldu. Xanımına telefon açdıq. Əvvəl bizi söhbətə tutdu. Dedi ki, Alim çox kaprizni olduğu üçün onunla müsahibə etmək istəyən jurnalistləri birinci özüm danışdırıram. “Şablon suallar verəndə xoşlanmır, sonra mənə deyir ki, sənin jurnalistindən xoşum gəlmədi” söyləyən Tamilla xanıma onun “başını uca edəcəyimizə” söz verdik.

Razılıq alandan sonra mobil nömrəsinə zəng etdik. Bizimlə əlaqə saxlayacağına söz verdi. Bir neçə saatdan sonra əlaqə saxladı və Cəfər Cabbarlı adına Kinostudiyanın qarşısındakı balaca kafedə görüşdük. Deyəsən, bu gün (müsahibə avqustun 9-da götürülüb-red.) Alim müəllimin mətbuat günüydü. Jurnalistlər çox idi. Hamıya qarşı mehriban və anlaşıqlı yanaşırdı. Biz müsahibəni ayrılıqda götürəcəyimizi dedik, razılaşdı. Bəlkə də bu, qeyd etməyə hazırlaşdığı 50 yaşın - müdriklik dövrünün həssaslığı idi, bəlkə də öz xarakteri idi, heç kimin xətrinə dəymək istəmirdi. Bizdən əvvəlki həmkarlarımızı yola saldıqdan sonra “başlayaq” deyə sual etdi. Başladıq...

- 50-ni haqlayan Alim Qasımov sufilərin dililə desək, şəriət, təriqət və ya mərifət yolundadır, yoxsa həqiqətin-kamilliyin astanasındadır?

- Nə qəliz sual verdiniz?! (gülür). Mənə elə gəlir ki, insan hara çatır, kimdi, nə oldu, bunlar dillə izah oluna bilməz. Məni dinləyənlər deyirlər ki, sən dərvişsən, sufisən, nə bilim kimsən. Amma mən onu bilirəm ki, bu musiqi məni hardasa bir az sakitliyə, səbrli olmağa, insanlarla imkan olan qədər yaxşı münasibətdə olmağa məcbur edir. İndi mən hardayam, onu deyə bilmərəm.

- Ümumiyyətlə, bu barədə düşünmüsüzmü?

- Mən düşünmüşəm ki, insan nə qədər cismanilikdən uzaqlaşsa, bir o qədər daxili rahatlığını tapa bilər. Amma nə qədər çalışıramsa, əlləşirəmsə, hələ də çarpışmadayam. Dediklərimə, düşündüklərimə hələ tam çata bilməmişəm. Özümlə döyüşürəm.

- Hansı məqamlarda və zamanlarda cismanilikdən uzaq olursuz?

- Məşqdə olanda o aləmdə oluram və məşqdən sonra görürəm ki, çox rahatam, heç bilmirəm mənim cismani nəyim var, nəyim yoxdu. Bir də konsertdən sonra yaxşı oluram. Konsertdə ki, bir az o aləmə daxil oluram, sonrakı aura da çox rahat olur. İndi saatla, günlə davam edir bu rahatlıq, onu deyə bilmərəm.

- Bildiyimizə görə, özünüzün doğum gününü dəqiq bilmirsiniz. Bunun özü də bir mistikadır, yoxsa təsadüfdür?

- Bilmirəm deyəndə ki, məncə, doğrudan da bilməli deyiləm. Çünki məni dünyaya gətirən ata-ana da bunu bilmir. Elə deyiblər ki, Nabur kəndində biçin vaxtı doğulmusan. Mən də bir-iki adamdan soruşmuşam ki, biçin nə vaxt biçilir, deyiblər ki, havadan asılıdır, bir ay-ay yarım o tərəf bu tərəfi də ola bilər. Yazıblar da bir tarix - avqustun 14-ü.

- Günü bilməsəniz də doğum ilinizi yəqin bilirsiniz...

- Yox, ili də ola bilsin ki, dəyişdiriblər...

- Hər halda, 50 rəqəmi var ortada və yubileyə hazırlaşırsınız. Həqqanəs yaşınız 50-di, bəs özünüz özünüzə nə qədər yaş verirsiniz?

- İndiyə qədər, çox vaxt bilmirəm, özümü evdəkilərə göstərmək üçün ya nə, demişəm ki, mən ki, bu musiqinin əziyyətini daşımışam, onu sevdirmişəm, yaşım bəlkə də ikiqat-üçqat çoxdur. Çünki bizdə mənəvi daşıyıcılar həmişə görmüşük ki, yaşlı adamlarda olub. Tarçalan da, kamançaçalan da, oxuyan da. Muğamsevərlərdən maştağalı Sabir var idi, çayxanası da vardı. Rəhmətlik Seyid Şuşinskinin dostuydu, mənə deyirdi ki, sən 45-50 yaşında oxuyacaqsan. Onda cavan idim, 25-30 yaşım vardı, deyirdim ki, yox e, bu pərdələrdə ki, mən zəngulə vururam, istəyirəm tərgidəm sənəti. İndi rəhmətliyin sözü özünü doğruldur, görürəm ki, o vaxt oxuduqlarım fiziki olub. Amma indi daxili aləmdə ola bilsin, o pərdələr, o səslər olmasın məndə, amma görürəm ki, yaş özünü göstərir.

- Alim Qasımov üçün zaman problemi varmı?

- Nə mənada deyirsiniz?

- Yəni gerçəklikdən ki, ayrılıb səssizliyə düşürsünüz, onda zaman qalırmı?

- Gerçəklikdən ayrılandan sonra tamaşaçı qarşısında ayrı aləm yaşayırsan. Onda ay, il, tarix görünmür.

- Sualı ona görə verdik ki, İmadəddin Nəsimi 47 yaşında kamilliyə çatmışdı. Bəs 50 yaşına çatan Alim Qasımov necə kamillik barədə düşünürmü?

- Mənə elə gəlir, onu hər bir kəs düşünür. Amma çatıb-çatmamağı heç kim dilinə gətirib deməz ki, mən kamiləm. Özüm deyə bilmərəm ki, mən kamiləm, kamilləşmişəm.

- O səssizlikdə sizinlə danışan ikinci Alim nəsə deyirmi?

- Deyir. Bunu kamillik kimi düşünsəm, böyük çıxar. Ola bilsin, yaş məcbur edir buna. Mən indi yaşı götürüb kamilliyə qatsam, özünütərif çıxar. Bəlkə yaş məcbur edir ki, bir az səbrli olmuşam, gənclik çılğınlığından qalmışam, o demək deyil ki, mən kamilləşmişəm.

- Siz özünüzə kənardan baxırsınızmı?

- Mən o suala konkret cavab verə bilmərəm. Çünki mənimlə oturub-duran, məni dinləyən insanlar, ailəm bu suala yaxşı cavab verə bilər, nəinki mən. Onu deyə bilərəm ki, əlbəttə, cavanlığımda olan çılğınlığım, insani baxışlar, sənət baxışları ayrı bir aləm idi. Amma indiki aləm, yenə deyirəm, bəlkə də yaşın təsiri altındadır. Ona görə də gücüm çatmır deyəm ki, mən kamilləşmişəm. Yəni hünərin vardı, o yaşda kamilləşəydin.

- Qızınızla tərəf müqabili olanda sətiraltı söhbətləriniz olurmu? Muğamın öz dili var axı...

- Gecə-gündüz o söhbətlərlə məşğuluq. Həmişə ki, bir yerdə olmuşuq, səhnədə, məşqdə, elə bu birliyə öyrənib o. Ona görə də ayrı-ayrılıqda ola bilsin ki, tamam başqa sənət nümayiş etdiririk, amma birlikdə istər-istəməz hər ikimiz o auraya tabe oluruq. O auranın sözlə izahını deyə bilmərəm.

- Mümkündürmü ki, elə bir vəziyyət çatsın ki, Fərqanə xanımla o aləmə düşəsiniz və qayıtmaq mümkün olmasın. Qızınızın həyatı baxımından özünüzdə bir günah hiss eləməzsiniz ki?

- Ola bilsin ki, məşqdə-filanda nəsə olsun və bu zaman biz məşqi bir-birimizə çox hörmətlə başa vururuq. Amma səhnədə biz konkret fikirli oluruq. Yəni ki, yola getməliyik. Ola bilsin ki, balaca bir yorğunluq olsun, onda bir balaca əlindən tutub qaldıra bilərəm. Amma bizə nəsib olan fikir ki var, onu başa çıxmalıyıq. Bu zaman mən demirəm ki, qız xeylağıdır, mənim övladımdır.

- Yəni kompromis yoxdur...

- Yox. Burda belə şeylər kənara qoyulur. Bu, tək məndən asılı deyil, biz həm də tar-kamançayla o münasibətdəyik. Bağışlamaq yoxdur. Həyatda mən ona çox şeyi bağışlayaram, amma sənətdə yox.

- Niyə?

- Çünki mən özüm də bir tamaşaçıyam, həm də qəddar tamaşaçı. Özüm özümü yola verə bilmərəm. Bu, məndən asılı deyil.

- Bəs kimdən və nədən asılıdır?

- Həmişə içimdə sənət aləmindən narazı qalan bir duyğu var. Buna ikinci Alim deyim, hiss deyim, ya nə, bilmirəm. Onun tələbatı ucbatındandır ki, çox vaxt mən Azərbaycanda konsertləri gec-gec verirəm, gec-gec oxuyuram, cəmiyyətə qoşula bilmirəm, dost-aşnadan incikliklər olur. Onun istəyilə oturub-dururam mən.

- Amma cəmiyyət sizi tələb edir.

- Eləyir. Amma hələ O deyir ki, mən hazır deyiləm. O tamaşaçıya ki, içimin tələbatı var, mən ona hazır olmayanda çalışıram ki, Azərbaycan tamaşaçılarının qarşısına çıxmayım.

- Asılılıqdan söz düşmüşkən, Alim Qasımov həyatda kimdən asılıdır?

- Həyatda mənəvi cəhətdən bilmirəm Ona çatmışıq, çatmamışıq... Hamımız Allahdan asılıyıq.

- O aləmə düşəndə də Allahdan asılı olursunuz?

- Yüz faiz...

- Allahın pıçıltılarını eşidirsinizmi?

- Vallah, pıçıltıları deyə bilmərəm, bir onu bilirəm ki, Allah bizim üçün hər şeyi yaradıb. Əsas odur ki, bizim bəsirət gözümüz, istəyimiz, niyyətimiz düz olsa, onu biz həyatda, konsert vaxtı, məşq vaxtı, istədiyimiz vaxtı istədiyimiz arzulara çata bilərik.

- Sizin bəsirət gözünüz açıqdırmı? Yoxsa yalnız məşq, konsert zamanımı açılır?

- Açıqlığını bilmərəm, amma həmişə demişik ki, bizim bəsirət gözümüzü aç. Mən bəsirət gözünü görsəm, onda olar filfilo. Yəni kantamani-çintamani işvəra(gülür). Yəni onu deyə bilmərəm. Onda başlayaram özümdən deməyə. O mənlik deyil.

- Xanəndə oxuyanda niyə onun burnundan qan açılmalıdır?

- Ola bilsin oxumaqdan gəlib, ola bilsin orqanizmdəndi. Təsadüfən əlimi burnuma çəkəndə gördüm, dedim yəqin mənim axır günümdü. Fərqanəyə xəbər elədim, o da deyir alma yeyirdim, gördüm çağırırsan, qoydum gəldim köməyə. Ondan sonra daha da yaxşı oxudum. Köməyi gördüm, bildim ki, ölsəm də sahilə çıxaracaqlar məni, başladım ondan da yaxşı oxumağa.

- Sahilə, yəni gerçəkliyə?

- Hə da... Mən sözü tapmadığıma görə, loru dildə dedim.

- Alim müəllim, bayaq sakit məqamlardan danışdınız, o sakit məqamı “Bəstə nigar”, yoxsa “Bayatıkürd” qəmi yaradır?

- Onu mən muğamla əlaqələndirə bilmərəm. Ola bilər ki, sakitliyin içində çox böyük bir enerji də ola bilər. Sakitlik o demək deyil ki, mən həyatdan küsdüm, yox. Böyük bir canlanma da ola bilər.

- Yəni “Qatar”da olduğu kimi, eləmi?

- Hə... Səbrli olmaq o demək deyil ki, ancaq sakitlik var. Səbrin içərisində görmədiyimiz çox şeylər var.

- Bəs bunu sizdə muğam yaradıb?

- Muğam çox şeylər edib. Mənim sənətim çox kömək edib mənə. Camaatın məhəbbəti məni bir insan kimi yaxşı olmağa məcbur edib. Hələ yaxşı olmamışam, amma buna məcbur edir məni.

- Yaxşı olmağın açması nədir?

- Yaxşı odur ki, öz işinlə məşğul ol, qeybət eləmə, heç kimin pisliyini istəmə.

- Mənəvi kamillik?

- Bəli. Kimsənin qəlbinə dəymə. Burda nə var ki? Çətin heç nə yoxdur. Biz özümüzü salırıq çətinliyə, başlayırıq onun-bunun sözünü danışmağa.

- Niyə sizə Azərbaycanda konsert vermək çətindir? Bunun səbəbi nədir?

- Çətinlik odur ki, Azərbaycanda tamaşaçılar məni tez-tez radioda, televiziyada eşidirlər. Mən oxuduqlarımı öz süzgəcimdən keçirməsəm tamaşaçım adiləşər. Ona görə də mən ələyib-ələyib çalışmışam ki, tamaşaçı fikirləşmədən, birbaşa sənətin yağını-qaymağını verim.

- Tamaşaçı bunu götürə bilirmi?

- Yəqin götürə bilir ki, bu qədər tamaşaçı əmələ gəlib. Söhbət konsertdən gedəndə mən Azərbaycanda 100-150 nəfərdən başlamışam. İndi bu olub 2000-2500 nəfər.

- Siz öz üslubunuzda ifaya təzə başlayanda çox tənqidlər olurdu. Necə təsir edirdi sizə, necə yardız keçdiz o auranı?

- Üslub deyəndə ki, vallah, mən indi də demirəm ki, bu, mənim üslubumdur. Bax, indi biz burda üç nəfərik, hərənin öz fikri, öz baxışı, öz siması var. Ola bilsin, səmimiliyim, özüm kimi olmağım bir üslub yaradıb. Yəni istər-istəməz biz səhnədə özümüzü yığışdırmalıyıq, oturuşumuza-duruşumuza fikir verməliyik. Bu şeyləri sındırdığım üçün yəqin ki, üslub olub. Mən heç də peşman deyiləm ki, səhnədə səmimiyəm, rahatam.

- Ola bilərmi ki, tamaşaçını da öz auranıza salasınız? Türkiyədə mövlanəçilər vardı, bax o vəziyyətə düşəsiniz tamaşaçılarla birgə?

- Çatdırsam, mən özümü xoşbəxt edərəm. Amma elə tamaşaçılar var ki, deyirlər ki, bizi Allahla qovuşdurdun, məni Günəşə apardın, məni işıqlı aləmə, yaxud qaranlığa apardın. Cürbəcür tamaşaçılar var. Ola bilsin ki, mənə bu qədər getmək qismətdir. Bundan sonra bəlkə yaradıcılığımda yeni bir pəncərə açılarsa, istərəm ki, tamaşaçıları da tamam sərbəstləşdirim, onlar hamısı cismanilikdən çıxıb daxili aləmə girsinlər. Orda da aləm başqa cürdür... İndi qismət varsa olar, yoxsa yenə də şükür, neynəməliyik?!

- Bəs yeni pəncərəni açmaq haqda düşünürsünüzmü?

- Bu zorrama deyil, ustanı çağırım burdan pəncərə açdırım. Bu, Allahın qismətidir və mənim zəhmətimdir. İnsan çox şeyi sabah eləmək haqda fikirləşir. Mənim də içimdə sabah eləmək istədiyim çox şeylər var. İndiyə qədər elədiklərimi, necə gəldiyimi fikirləşməmişəm. Əksinə, sakit oturub musiqi ifa eləmişəm, həm ordan ruzi gəlib, həm də mənim öz mənəvi tələbatım təmin olunub. İndi də ola bilər ki, maddi tərəfi bir qədər uzaqlaşdıraram, onun yerinə güclü mənəviyyat gələr, bu da Allahın qismətidir.

- Azərbaycanda əvvəllər 100-150 tamaşaçınız olduğunu söylədiniz, Avropada necədi vəziyyət?

- Orda da belə olub. Elə olub 50 nəfər üçün oxumuşuq. Amma səmimi oxumuşuq və 50 nəfəri 5 min nəfər görmüşük, xaltura eləməmişik. Görünür, bu da Allahın əziyyətimizin əvəzinə verdiyi bəxşişdir ki, həm burda, həm orda tamaşaçılar artmaqdadır. Gələcəkdə bir səfərimiz var, Amerikanın ştatlarında 2500-4000-lik zallarda çıxış edəcəyik. Elə yerlər var ki, orada ancaq simfonik orkestrlər çıxış edib, folklor o zallara çıxmayıb. Düzdür, orda çıxış həm həyəcanlı, həm də məsuliyyətli olacaq, amma həmişə arzusunda olmuşam bunun. Yoyomanın “İpək Yolu” ansamblı var, onlarla əməkdaşlıq hesabına o zallara çıxmışıq. O ansambla da bizi Firəngiz Əlizadənin “Dərviş” əsəri aparıb çıxarıb. Ona görə Firəngiz xanıma da təşəkkür edirəm.

- Bizimlə amerikanların, avropalıların muğama baxışında fərqlər nədədir? Çünki muğam Şərq musiqisidir...

Yeni Mü­savat.- 2007.- 12 avqust.-S.11.