Çiçək B.
Şəhər
mühiti məni sıxır
“Şöhrət” ordenli
xanəndə Alim Qasımov deyir ki, sakit mühitdə
yaradıcılıq həvəsi yüksəlir
Bu günlərdə 50
yaşını qeyd edən xalq artisti,
"Şöhrət" ordeni ilə təltif olunmuş Alim
Qasımov söyləyir ki, yaşlanmaqdan qorxmur. Dediyinə
görə, əksinə, ona elə gəlir ki,
məsuliyyəti azalır: "Etiraf edim ki, mənə
50-dən artıq yaş vermirlər. Hərdən
fikirləşirəm ki, belə ağır janr, ağır
bir musiqi ilə məşğul olan adam kimi indi mənim 120
yaşım olmalıydı. Yəni gördüyüm iş,
həyat tərzi, yaşatdığım musiqini
nəzərə alsam, deyə bilərəm ki, mən
çox yaşamışam".
Söhbət əsnasında öyrəndik ki, bu yaşda onu
narahat edən məsələlər var. Xanəndənin
dediyinə görə, narahatlığı
görəcəyi işlərlə bağlıdır:
"Məsələ ondadır ki, tutduğum proqramların
öhdəsindən gəlib-gələ bilməyəcəyim
məni düşündürür. Hələ 50 yaşdan
sonra tutduğum proqramlar yoxdur. Özümə
maraqlıdır ki, görəsən, bundan sonrakı proqramlar
necə olacaq? Hansı addımlar atılacaq? Özüm
də nəyin necə olacağını
izləyirəm".
Yaradıcılığı barədə söhbət açan
xanəndə deyir ki, əslində o, muğamın heç
bir sirrini açmayıb. Amma çalışır ki, bu
sahədə bacardığını etsin. A.Qasımov
söyləyir ki, qızından başqa da
tələbələri var. Dediyinə görə,
şəxsən ondan dərs almasalar da, ondan
öyrənənlər də az deyil. Yeri gəlmişkən,
xanəndə deyir ki, onun müəllimi olmasa da,
başqalarından çox şey öyrənib.
Məlum olduğu kimi, xanəndə konsert verərkən
səhnədə bardaş qurub oturur. Bu
məsələyə aydınlıq gətirən
A.Qasımov söyləyir ki, bu, bədahətən baş
verib: "Bir dəfə Belçikada olarkən gördük
ki, səhnə yerdə qurulub. Dedik ki, biz yerdə otura
bilmərik, stul gətirin. Bizimlə razılaşaraq stul
gətirməyə getdilər. Onlar gələnə
qədər yerdə oturub bir qədər məşq etdik.
Gördük ki, bu ayrı aləmdi. Bu vəziyyətdə
həm mən, həm də tar və kamança
ifaçıları rahat olurlar. O konserti yerdə verdim. O
gündən də "yerdəyik".
İstirahəti barədə "Olaylar"a söhbət
açan A.Qasımov deyib ki, onun üçün istirahət
hər yerdə var. Amma qısamüddətli: "Bu, yarım
saat, ya da bir gün ola bilər. İstirahət etməyi
bacarmıram. Ümumiyyətlə, bunun yolunu bilmirəm.
Xörəklərə gəldikdə isə, mən
düyünü plov kimi deyil, daşma kimi
bişiriləndə sevirəm. Özümü saxlaya
bilməyəndə ona ət də qatıram. Amma
çalışıram ki, çox enerjili yemək
olmasın. Çünki fiziki iş az görürəm. Onu
deyə bilərəm ki, iştaham həmişə var.
Bütün xörəkləri də yemək
istəyirəm".
"Məlumdur ki, adətən kənd yerlərində
doğulmuş insanlar sonradan şəhərdə yaşasalar
da, ömürlərinin son günlərini doğulduqları
yerdə başa vurmağı üstün tuturlar. Bəs Alim
Qasımov ömrünün ixtiyar çağını harada
keçirmək istəyərdi?" sualını
cavablandıran xanəndə qeyd edir ki, bu günə
qədər ömrünün çox hissəsini rayonlarda
keçirib. "Ona görə də adətən insanlarla
çox sakit yerlərdə görüşüb,
söhbət etməyə çalışıram.
İnsanların gur olduğu yerlərdən uzaq, sakit
yerlərdə olmaq daha yaxşıdır. Belə
yerlərdə mənəviyyat var. Mənəviyyat qalan
rayonlarda düşünülmür ki, harada otura
bilərəm. Fikirləşmirsən ki, bura otluqdu, nəmdi,
şalvarım bulanar. Ona görə də mənim belələrinə
münasibətim daha yaxşıdır. İnsanda
yaradıcılıq həvəsi belə yerlərdə
baş qaldırır" deyən A.Qasımov bildirir ki, son
vaxtlar şəhər mühiti onu sıxır.
Şəhərdə hər şeyi bəyəndiyini desə
də, xanəndə düşünür ki,
şəhərdə sanki hamı əsəbi və
gərgindir. Söhbət əsnasında öyrəndik ki, o,
bu gərginliyi öz üzərində də hiss edir. Ona
görə də bu hallardan qaçmağa
çalışır: "Tanrımla danışa bilmərəm,
ondan həmişə kömək diləyirəm. Hər şeyi Tanrı yaratdığı
üçün üzümü
ona tuturam".
Ayna.-2007.-18 avqust.-S.21.