Qəhrəmanlı G.
Muğamda Alim möcüzəsi
Muğam çox
xanəndəyə həyat verib, çox musiqiçiyə
yol göstərib, çox insana həmdəm olub. Muğamla şöhrətlənən,
həm də muğama şöhrət
gətirən sənətkarlar
da az olmayıb.
Xalq belə sənətkarları öz
ölçüsü ilə
dəyərləndirib, adını
təkrarsız oxuduğu
muğamla qoşalaşdırıb:
Islamı Segahla, Cabbarı Mahurla, Mirzə Məmmədhəsəni
Şurla, Seyidi Çahargahla...
Hər bulağın suyunun öz dadı, öz ləzzəti olduğu kimi, hər xanəndənin də öz yolu, öz
nəfəsi, öz yeri olub. Onlar
muğamı yaşadıblar,
zənginləşdiriblər, nəsildən-nəsilə,
eldən-elə ötürüblər.
Amma etiraf etməliyik ki, hələ heç kim muğamatı dünyaya tanıtmaqda Alim Qasımov səviyyəsinə yüksələ
bilməyib. O, özündən əvvəlki
ustadların irsini, müasirlərinin yaradıcılığını
öyrənə-öyrənə,
xalqın muğam bulağının hər
gözündən su içə-içə bütün dünya xalqlarını muğam möcüzəsi ilə sehirləmiş, minlərlə
tamaşaçını ayağa
qaldırıb uzun müddət onu alqışlamağa məcbur etmişdir.
Alim D.Sostakoviçin,
M.Rastropoviçin aldıqları
beynəlxalq YUNESKO mükafatına
layiq görünən
nadir sənətkardır.
Alimin böyüklüyü
ondadır ki, nə beynəlxalq festivallarda qazandığı
qələbələr, nə
aldığı mükafatlar
onu dəyişdirməyib,
elə əvvəlki ampluasında qalıb: sadə, təvazökar, bir az da
sadəlövh!..
Alim öyrənmək
dəlisidir. O, Hacı
Məmmədovun, Bəhram
Mansurovun, Hacıbaba Hüseynovun əlindən
su içib. Mən onun uşaq
sadəlövhlüyü ilə
Hacı Mayılın,
Baba Pünhanın söhbətlərinə diqqət
kəsildiyinin şahidi
olmuşam. Mən onun heyran-heyran Ağakərim Nafisin oxumasına qulaq asdığını görmüşəm.
Bu baxımdan onu qədim yunan filosofu Sokratla müqayisə etmək olar. Sokrat nə qədər ki, çoban idi, hər yerdə öyünürdü ki, mən hər şeyi bilirəm, məndən çox bilən yoxdur. Amma elə ki,
elmə bələd oldu, bir alim
kimi şöhrətləndi,
etiraf etdi ki, bilmədiklərimi ayağımın altına
yığa bilsəm başım aya dəyər.
Alim də bu yaxınlarda verdiyi müsahibəsində
neçənci dəfə
təkrarladı: muğam
elə bir dəryadır ki, onu tam öyrənmək
üçün bir ömür bəs etməz. Odur ki, bu gün
də mən özümü şagird hesab edirəm, hamıdan, hətta ən gənc ifaçılardan belə
öyrənirəm.
Yox, bu gəlişi
xoş olmaq üçün deyilməyib,
bu Alimin özüdür. Onun yenicə parlayan ulduzumuz pianoçu cazmen Şahin Növrəsli ilə iş birliyi planı bunun əyani göstəricisidir.
Muğam oxuyan çoxdur. Amma Alimdən yoxdur! Niyə? Çünki Alim üçün heç bir çərçivə, sərhəd
yoxdur. O, oxuyanda mövcud bütün sərhədləri vurub dağıdır. Muğamatın
nəyə qadir olduğunu özünün
məlahətli səsinin
bütün çalarlarında
göstərməyi bacarır.
Bacarır demək azdır, o, oxumur, o, yaradır,
o, yaşayır, o, yaşadır, o, uyuyur, həm
də dinləyicilərini
də özü ilə birlikdə öz dünyasından ayırıb sehrli bir aləmə aparır. Elə bir aləmə ki, o aləmdən
ayrılanda hər bir dinləyici dərin boşluqda olduğunu hiss edir.
Çox vaxt ona muğamın alimi deyirlər. Yox, əsla yox! O, musiqi sənətinin alimidir. Alim estradanı da, klassik musiqini
də, cazı da, roku da,
qədim dərvişlərin
bəstələrini də,
operanı da, operettanı da, aşıq havalarını
da eyni şövqlə
tamaşaçıya çatdırmağın
ustasıdır.
Buna görədir ki, dünyanın məşhur musiqiçiləri
Alimlə bir yerdə çıxış
etməyi özlərinə
şərəf bilirlər.
Bu da bir
həqiqətdir ki, Alimin muğam dünyasında möcüzələr
yaratmasına qısqanclıq
edənlər (Alim heç zaman onlara cavab verməyib)
onun yaradıcılığının
bu istiqamətinə kölgə salmaq üçün hay-haray da saldılar. Məncə, onların cavabını Musiqi Akademiyasının rektoru
F.Bədəlbəyli yaxşı
vermişdi: Alim Qasımov harada nə oxumasından asılı olmayaraq əla oxuyur.
Sonralar Alim Qasımovun saraydakı konsertlərində həmin
qısqancların necə
heyranlıqla ona qulaq asdıqlarını görüb Alimin böyüklüyünün nəticəsinə
sevinmişəm.
Alimin səsi də, ifası da möcüzədir, çoxları demişkən,
Allah vergisidir. Bir baxın: Ağabala Abdullayev “Zabul Segah”ın,
Yavər Kələntərli
“Şur”un, Rübabə Muradova “Hümayun”un, Yaqub Məmmədov “Mənsuriyyə”nin mahir ifaçıları idilər. Alim Qasımov isə “Rast”da da,
“Bayatı Şiraz”da da, “Mahur”da da, “Şur”da da... möcüzələr
yaradır. Hələ
onun oxuduğu, oxuduğu yox, yaratdığı bəstəkar
mahnılarını, xalq
havalarını, xüsusilə
“Apardı sellər Saranı” mahnısını
demirəm...
Indi 50 yaşlı sənətkar (aman Allah, nə tez oldu bu
50 il!) yol üstündədir. Dahi Üzeyir bəy Hacıbəyovun 100 yaşı
tamam olacaq “Leyli və Məcnun”
operasını ciyərparası
Fərqanə xanımla,
çin, yapon, iran, hindistan, alman... musiqiçiləri
ilə birlikdə hazırlamaq üçün
Fransaya gedir. Sonra isə Amerika səfəri başlayacaq. Ipək yolu layihəsi davam edir...
Səfərin uğurlu
olsun, qardaşım!
50 yaşın mübarək!
Allah sənə uzun ömür versin ki, dünya
xalqlarının mənəvi
sərvəti etdiyin muğamatımız yeni möcüzələrlə zənginləşsin.
Azadlıq.-2007.- 10 avqust.-S.12.