Mehdixanlı T.

 

Səsin sehri, zəhmətin bəhrəsi

 

Muğam sənətinin yaşı qədimdir. Onun qədrini bilənlər,urvatlı tutanlar da zaman-zaman çox olub. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova, Rübabə Muradova, Yaqub Məmmədov başqaları ifa qabiliyyətlərinə, muğamlarımıza sonsuz sevgiləri olduqlarına görə dərin hörmətlə, ehtiramla xatırlanıb, yad olunurlar. Xalqımız müstəqillik qazandıqdan sonra muğama qayğı, diqqət daha da artıb. YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə muğam sənətinin qorunması, yeni ifaçıların seçilməsi üçün əzəli el müsabiqələrinin keçirilməsi qədirbilən insanlar tərəfindən alqışlarla qarşılanır. Müasir muğam ustaları şərəfli ənənəni uğurla davam etdirirlər. Onlardan biri bu günlərdə 50 yaşı tamam olmuş xalq artisti, "Şöhrət" ordenli Alim Qasımovdur. O, söhbətimiz zamanı dedi:
- Sevinc-fərəhimin həddi-hüdudu yoxdur. Tanrıya şükür edirəm ki, sözə, sənətə, sənətkara qiymət verilən ölkədə yaşayıram. Varlığımdan süzülən bu sözləri çox yerdə demişəm, yenə təkrar edirəm: Prezident İlham Əliyevin məni "Şöhrət" ordeni ilə təltif etməsi çəkdiyim zəhmətə, əziyyətlərə verilən yüksək dövlət qiymətidir. Mənim üçün bundan böyük nailiyyət yoxdur. Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident mənə bu ali mükafatı verməklə bir daha muğama böyük məhəbbəti olduğunu əyani təsdiqlədi.
Oxumaq, müğənnilik mənim qismət payımdır. Amma desəm ki, zəhmətimin, əziyyətlərimin bəhrəsidir, bu daha doğru olar. Elə olub ki, gecələr səhərə qədər yatmamışam. Həm valideynlərim tərəfindən hədə-qorxuya, təzyiqə məruz qalmışam. Çünki saat, vaxt bilməzdim, elə hey sevdiyim musiqiyə qulaq asardım. O vaxtlar da texnika indiki kimi deyildi. Səsi aləmi başına götürərdi. Bir dəfə gecə yarıdan keçəndə rəhmətlik Fatma Mehrəliyevanın ifasında "Kəsmə şikəstə"ni dinləyəndə özümdən asılı olmayaraq, hönkür-hönkür ağladım. Atam səsimi eşidib yataq otağına gəldi. İşığı yandırdı, üzümə elə baxdı, qorxudan bağrım dağlandı. Etiraf edirəm, orta məktəbdə oxuyanda müəllimlərimdən daha çox aşıq Şakirin, Əbülfət Əliyevin, Qulu Əsgərovun, Süleyman Abdullayevin, Ağabala Abdullayevin lent yazılarını dinləyərdim. Sanki havalanardım, quş olub uçmaq istəyərdim. Məni o vəziyyətdə, ovqatda görənlər elə bilirdilər ki, ağlımı itirmişəm. Məni dəli-divanə edərdi rəhmətlik Yaqub Məmmədovun "Mənsuriyyə"si. Bu havanı dinləyəndə gözümün qarşısında nurani, pirani, müqəddəs bir varlıq canlanardı. Baxışlarıyla ardınca getməyə işarə edərdiE Bir dəfə anam bərk qəzəbləndi: "Yığışdır o maqnitofonu, kaseti, gəl əyləş adam kimi çörəyini ye"- dedi. O yönünü çevirən kimi Xan əmimin ifaları yazılmış kaseti götürüb öpdümE
Nəhayət, bəxtim bələdçim oldu. Gəldim Bakıya. Elə hey zil, ahəstə səslə oxumaq istəyirdim. Amma belə bir ünvan tanımırdım. Yol göstərənim yox idi. Axır ki, xeyirxah tapıldı. Onun məsləhəti ilə Asəf Zeynallı adına Musiqi Məktəbinə qəbul oldum. Unudulmaz tarzənlər Bəhram Mansurovdan, Hacı Məmmədovdan dərs aldım. Birinci kursda məktəbimizdə keçirilən müsabiqədə ifalarıma görə birinci yer tutdum. Xalq artisti, mehriban, səmimi insan, mahir müğənni Əlibaba Məmmədov doğması kimi məni sinəsinə sıxdı, alnımdan öpdü. "Sənin gələcək uğurlarına inanıram" - dedi. Ustadların hər birinin təbriklərindən , sənətə həvəsimdən, inamımdan təskinlik tapdım, sevindim, amma arxayınlaşmadım. Gecə-gündüz, vaxt-bivaxt məşq etdim, bilmədiyimi soruşdum, öyrəndim. Gəlib çatdım sənətin şöhrət zirvəsinə, yaşımın bu vədəsinə. Şükürlər olsun, arzularım üzümə gülüb. Qızım Fərqanə ürəyim istəyən tərəfmüqabilimdir. Onun zildən oxumasını eşidəndə kövrəlirəm. Dörd övlad anasıdır. Muğamı, xalq mahnılarını da balaları qədər sevir. Yaxın günlərdə ata-bala gedirik Fransaya, sonra Amerikaya. Allah işimizi avand eləsinE
Bayramlarda sənət korifeyləri Üzeyir bəyin, Bülbülün, Rauf Hacıyevin, Cahangir Cahangirovun, Xan əminin, Əbülfət Əliyevin, aşıq Şakirin başqalarının məzarlarını ziyarət edirəm. Hər dəfə "Segah", "Çahargah", "Rast", "Zabul" oxuyanda üzümü ənginliklərə tuturam. Bu, mənim Tanrıya minnətdarlığımın əlamətidir. Yaradanımızın qismətindən heç vaxt artıq niyyətə düşməmişəm. Dünyanın əksər ölkələrində müxtəlif konsert proqramları ilə çıxış etmişəm. Heç zaman şərəf, şöhrət güdməmişəm, azərbaycanlı olmağımdan qürur hissi duymuşam, millətimizin adını uca tutmuşam, bundan sonra da bu amalla yaşayacağamE
Xalq artisti, neçə-neçə beynəlxalq mükafatlar laureatı, müsabiqələr qalibi Alim Qasımovun ünvanına ad günü, "Şöhrət" ordeni il
ə təltif olunması münasibətilə gələn teleqramların ardı-arası kəsilmir. Biz sevimli sənətkarı təbrik edir, ona daha artıq yaradıcılıq uğurları, cansağlığı arzulayırıq. İnanırıq ki, o, bundan sonra da sehrli səsi ilə, bənzərsiz ifa qabiliyyəti ilə musiqi sənətimizi dünyada tanıtdıracaq, özü daim şöhrət zirvəsində olacaqdır.

Azərbaycan.-2007.-17 avqust.-S.6.