İnformasiya texnologiyası və
dövlətçiliyin inkişafı konsepsiyası
Azərbaycan informasiya texnologiyalarını
özünün prioritet
sahələrindən biri
elan edib. Ölkə Prezidenti
bununla bağlı ortaya konkret proqram da qoyub.
Azərbaycan bir neçə
ildir ki, həmin strateji məqsədi elan edib və onun
yerinə yetirilməsi
üzərində işləyir.
Dünyanın qabaqcıl informasiya
texnologiyasına sahib olan
ölkələrlə əlaqələr
genişlənir və
paralel olaraq Azərbaycana ən müasir texnologiyanın gətirilməsi yönündə
addımlar atılır.
Azərbaycanın bu işə böyük diqqət yetirməsi müasir dövlətçiliyin inkişafı
və informasiya cəmiyyətinin qurulmasının
tələbləri ilə
bağlıdır. Rusiya prezidenti
Vladimir Putin də bu yaxınlarda öz ölkəsi qarşısında yeni məqsəd qoyub. O,
2015-ci ilə qədər
Rusiyanın informasiya texnologiyaları sahəsində
liderlər sırasına
çıxmasını vacib
saydığını bəyan
edib. V.Putin də bunun üçün konkret proqram üzrə hərəkət etməyi
tapşırıb. Rusiyanın indi
diqqət yetirdiyi məsələyə Azərbaycanın
artıq bir neçə ildir ki, önəm verməsi bizim dövlətçiliyin müasir
tələblər səviyyəsində
möhkəmləndiyini sübut
edir. Bunun kökündə isə ümumiyyətlə,
dövlətin hansı
istiqamətdə inkişaf
etdirilməsi fəlsəfəsi
durur.
İndi daha aydın surətdə görünür
ki, Azərbaycan müasir cəmiyyət quruculuğu ilə dövlətçiliyin möhkəmləndirilməsi
arasında sıx bağlılıq görür. Bunları bir-birindən
ayırmaq mümkün
deyil. Cəmiyyətin müasirləşməsi ilk növbədə onun informasiya texnologiyalarına
yiyələnməsinə bağlıdır.
Belə ki, müasir cəmiyyətlərdə kommunikasiya
məsələsi fundamental əhəmiyyət daşıyır.
Cəmiyyət birbaşa kommunikasiya
şəbəkəsindən asılıdır. Kommunikasiya strukturunun
qurulması isə informasiya texnologiyalarına
yiyələnməyi tələb
edir. Müasir inkişaf etmiş
cəmiyyətlərdə bu,
sübut olunan amildir. Cəmiyyəti artıq informasiya
ilə idarə etdikləri kimi, cəmiyyətin özü
də informasiya üzərində bərqərar
olur. Daha qabaqcıl kommunikasiya
texnologiyasına sahib olan
cəmiyyət daha potensiallı sayılır.
Ona görə də yeni müstəqillik əldə etmiş ölkələr üçün
informasiya texnologiyası
məsələsi strateji
xarakterlidir.
Azərbaycan informasiya texnologiyasına uşaqların yiyələnməsi
yönündə ciddi
işlər aparır. Təhsil sisteminin
yeniləşməsində bu, əsas məqamlardan
birini təşkil edir. Orta məktəblərin kompüterləşməsi milli
proqram kimi qəbul edilir. Bu proses özlüyündə
məktəblərdə şagirdlərin
informasiya ilə işləməsi vərdişi
yaradacaq. Kompüterlə kiçik yaşlarından
ünsiyyətdə olmaq
uşağın təfəkkürünü
bu istiqamətdə daha həssas edir. Böyüyəndə onun informasiya
texnologiyalarına yiyələnməklə
yanaşı, yaradıcılıq
üçün də
imkanları yaranır,
Odur ki, indidən məktəblərin
kompüterləşməsinə milli səviyyədə diqqət yetirmək gələcək cəmiyyətin
qurulmasında çox
önəmli bir addımdır. Azərbaycanın dövlət olaraq bu yolu tutması
isə uzaqgörən
siyasətin təzahürüdür.
Göründüyü kimi, informasiya texnologiyalarına yiyələnmək
məsələsinin kökündə
təhsil sistemi durur. Təhsil sisteminin yeniləşməsi
birbaşa bu sahədə köklü dəyişikliklərə gətirib
çıxaracaq. Özlüyündə informasiya cəmiyyətinin
formalaşmasının optimal yolu bundan ibarətdir.
Azərbaycan müasir təhsillə
yüksək texnologiyalara
sahib olmaq siyasətini
bir-birindən ayırmadan
apardıqca onun bütövlükdə inkişaf
potensialı artmalıdır.
Cəmiyyətlə dövlətin
birliyini təmin edəcək bu proses insanların mənəvi-əxlaqi ortaqlığını
da saxlamalıdır. Müasir cəmiyyətlərdə kültürün
məhz bu aspekti aparıcı rol oynamaqdadır. Həmin tendensiyanı da bütövlükdə dini
fundamentalizm və dözümsüzlüyün baş
qaldırmamasının əsas
şərti kimi qəbul etmək olar.
Beləliklə, Azərbaycanda dövlətçiliyin
informasiya cəmiyyəti
qurulması ilə vəhdətdə inkişaf
etdirilməsi müasir
bəşəri tələblərə
tam uyğundur. Onu da qeyd edək
ki, Azərbaycan Güney Qafqazda bu səviyyəyə çatmış yeganə
dövlətdir. Bölgə
liderliyinin geniş təməlləri qoyulmaqdadır.
Xəzər.- 2007.- 11 avqust.- S.
12.