Babayeva T.
Məşhur cazmenin piano arzusu
Şahin Növrəsli:
"Keyfiyyətli royalda
çalmaq üçün
ya Musiqi Akademiyasında, ya da Caz Mərkəzində
işləməli oluram"
Bir zamanlar, sosializm
dönəmində caz burjua elementi sayılaraq, qadağan
edilmişdi. İndi isə caz nəinki sərbəst
şəkildə dinlənilir, hətta özündə
bütün stilləri,
janrları, melodiya və ritmləri birləşdirən
hərtərəfli musiqiyə çevrilib.
Cazsevərlərin ən sevimli günləri isə ildə
bir dəfə müxtəlif
ölkələrdə düzənlənən beynəlxalq
caz festivallarıdır. Həmin festivallar caz
həvəskarlarına öz kumirləri ilə görüşmək,
yeni "səslərlə" tanış olmaq imkanı
verir. Belə festivallardan biri dünya şöhrətli
"Montreux Jazz Festival"dır. İsveçrənin Montre
şəhərində artıq 41-ci ildir ki, baş tutan
festival ildən-ilə əhatəsini genişləndirir
və tamaşaçılarının görüşünə
daha rəngarəng formada gəlir. Bu il isə nüfuzlu musiqi
festivalında Azərbaycanın müxtəlif caz qrupları
da çıxış edib. Yerli cazmenlərimizdən biri -
Şahin Növrəsli
isə festivalın müsabiqə bölməsində
iştirak edərək,
ikinci yerin sahibi olub. Müasir
Azərbaycan cazının
ən məşhur simasına çevrilməyə
bäşlayan pianoçu
yarış təəsuratlarını və
gələcək planlarını bizimlə
bölüşdü.
- İsveçrənin Montre
şəhərində keçirilən caz festivalında dünyanın ən
məşhur caz ustaları çıxış edirlər.
Bu, çox məşhur və nüfuzlu festivaldır. Bu il
Azərbaycan cazmenləri həm festivala, həm də
müsabiqəyə qatıldılar.
Ümumiyyətlə,
Montre caz festivalı onunla
fərqlənir ki, burada təkcə caz ifaçıları
deyil, bütün janrların
nümayəndələri çıxış edirlər.
Konsertlər iki həftə davam edir. Montreyə həm də
çoxlu turistlər gəlir. Əksəriyyəti məhz
caz festivalına görə bu şəhərə
yığışırlar. Şənlənirlər, bayram
edirlər... Bu festivalda həm dünya ulduzlarının
ifalarını, həm də ən sadə musiqiləri dinləmək
mümkündür.
- Amma sənin festivalda
iştirakın müsabiqə ilə əlaqədar idi...
- Festival
çərçivəsində pianoçular, gitara
ifaçıları və vokalçıların müsabiqəsi keçirilir. Solo-müsabiqədir.
Səhnədə tək, zərb alətlərsiz,
kontrabassız çıxış etməlisən. Seçmə
mərhələsindən yarımfinala keçmək
üçün onların təqdim etdiyi əsəri, öz
kompozisiyamızı və bir blyuz ifa etdik. Bizə verilən
vaxt isə 10 dəqiqə idi. Finalda bu vaxt 5 dəqiqə
uzadılmışdı. Müsabiqənin də
çətinliyi ondadır ki, çox qısa vaxt
ərzində öz bacarığını
göstərməlisən. Caz musiqisi isə improvizasiya
tələb edir. Orada bəstəkarlıq, improvizasiya
məharəti, həmçinin klassik, xalq musiqi biliyi
nümayiş etdirməlisən. Birsaatlıq konsertlərdə
bu mümkündür. Amma 15
dəqiqəlik çıxışda sən gərək royal
arxasına keçən kimi özünü
göstərəsən. Allaha şükür, bu
çətinlikdən uğurla keçə bildim. Çox
sevinirəm ki, Azərbaycanın adını Montre caz
festivalının tarixinə yazdırmağı bacardım.
- Müsabiqəyə qoşulan rəqiblərinin
ifasını necə qiymətləndirərdin?
- Müsabiqəyə 14 ölkədən
16 musiqiçi qatılmışdı. Onların arasında
Almaniya, Polşa, Avstriya, Avstraliya, İsveçrə, Yaponiya,
İsrail, Rusiya, Amerika kimi ölkələrin
musiqiçiləri vardı. Finala isə dörd nəfər
keçə bildi: Azərbaycan, Avstriya, Kuba və Fransa. Birinci
yerə kubalı ifaçı çıxdı. Etiraf
edim ki, nəticədən təəssüfləndim. Avstriya,
Fransa musiqiçiləri yaxşı idilər. Amma kubalı
bizə baxanda güclü musiqiçi deyildi. Mənim də,
kubalının da lent yazısı var, ifalarımızı
müqayisə etmək olar. Düzdür, ikinci yer də
yaxşıdır. Amma mən birinci yeri gözləyirdim.
İfam özümə xoş gəlməsəydi, birinci
yerə də layiq bilsəydilər, razı qalmayacaqdım.
Yarımfinaldakı çıxışım bir o
qədər də xoşuma gəlmədi. Finalda isə
yaxşı çıxış etdim.
- Montre əhli sənin hansı
əsərlərini dinləyə bildi?
- Yarımfınalda
"Sevgi payızı", finalda isə "Klacamu"
kompozisiyasını ifa etdim. "Klacamu" klassika, caz və
muğamın birləşməsindən ibarət bir
əsərdir. Mənim orijinallığım
əlbəttə ki, muğamla bağlı idi. Muğam onlar
üçün çox maraqlı və nadir musiqidir. Finalda
münsiflər heyəti məni Vaqif Mustafazadə,
Əzizə Mustafazadə kimi cazmenləri olan bir ölkənin
növbəti nümayəndəsi kimi təqdim etdi.
- Belə bir nüfuzlu
festivalın müsabiqəsində önəmli yer
tutmağın yaradıcılığında nə kimi
dəyişiklikləri etdi? Demək olar ki, bu, zirvəyə
çatmaq üçün hədd idi?
- Doğrudur, bu festival caz aləminin
ən nüfuzlu festivalıdır. Amma mənim
üçün müsabiqələr o qədər də
böyük rol oynamır. Çünki mən əcnəbi
musiqiçilərin, dünya ulduzlarının lent yazılarını
dinləmişəm, özümü həmişə onlarla
müqayisə edib, üzərimdə işləmişəm.
Təxminən bilirdim ki; hansı səviyyədəyəm. Bu
festivalda da məlum oldu ki, tək mən yox,
ümumiyyətlə, Azərbaycan cazı yüksək
səviyyədədir. Müsabiqələr məni öz
üzərimdə daha çox işləməyə və
dinləyicilərə yeni
layihələr çatdırmağa sövq edir. Əlbəttə,
hər bir musiqiçi hansısa addımı atanda, istəyir
ki, bundan da böyük uğurları olsun. Yəqin ki, birinci
yer də olacaq. Amma mənim məqsədim birinci yeri tutmaq
olmayıb. Mənim həmişə məqsədim öz
musiqimlə, Azərbaycanı xaricdə təmsil
etməkdən ibarət olub. İstəyirəm, çoxlu
konsertlərim olsun ki, beynimdəki ideyaları,
layihələri dinləyicilərə çatdıra bilim.
- Son illər milli cazda
bir canlanma yaranıb. Tez-tez xaricə səfər edirsən,
həmkarlarını dinləyirsən. Bu gün dünya caz
aləmində hansı proseslər gedir?
- Azərbaycanda
üç-dörd ildir, caz musiqisində inkişaf başlayıb.
Buna görə
hörmətli Prezidentimiz İlham Əliyev cənablarına
təşəkkürümü bildirirəm. O, bizım
musiqiyə - istər klassik, istər caz musiqisinə
böyük qayğı göstərir. Caz Mərkəzi
də uğurla işləyir. Hər il yüksək
səviyyəli caz festivalı keçirilir və burada
dünyanın məşhur şəxsiyyətlərini
görmək mümkündür. Bu il isə Yaşıl Teatrın
yenidən qurulması sayəsində konsertlər daha
baxımlı oldu. Dünyada da həmçinin caza maraq, sevgi
var. Pop musiqisi qədər istənilməsə də,
cazın, klassikanın öz yeri var. Bu gün hər bir
kəs çalışır ki, caz musiqisində
orijinallığı ilə fərqlənsin. Heç kim
ötən əsrin 20-30-cu illərinin caz musiqisini ifa etmir. Sintezə
çox üstünlük verilir. Bütün xalqlar öz
musiqisini caza qatmağa çalışır.
- Müsahibələrimizin birində demişdin ki, "Stain Wean" royalında
çalmağı xoşlayırsan və yetərincə
tanınanda yalnız bu royalda ifa edəcəksən.
İstəyinə çata bilmisən?
- "Stain Wean"
mənim ən sevimli royalımdır. "Yamaha" da pis deyil.
Bu iki, royaldan xoşum gəlir.
Amma əfsuslar olsun ki, özümün belə bir
royalım yoxdur ki, təkcə konsertdə yox, məşq zamanı
da həzz ala bilim. Xaricdə konsertlərim olanda müqavilədə
mütləq həmin royallardan birinin
olmasını tələb edirəm. Konsertlərimi həmin
royallarda ifa edirəm. Amma burada mən keyfiyyətli
royalda çalmaq üçün ya Musiqi Akademiyasında, ya
da Caz Mərkəzində işləməli oluram.
- Sənin
qardaşların da
musiqiçidirlər. Musiqiyə sizdə belə maraq
lıardan gəlir?
- Valideynlərim peşəkar
musiqiçilər olmasalar da, musiqi ilə məşğul
olublar. Atam həmişə cavan yaşlarından tar
çalıb, anamın gözəl səsi olub. O, həm
də Azərbaycan musiqisinin yaxşı bilicisidir. Amma biz
musiqi ilə peşəkarcasına məşğul olduq.
Ailədə böyük qardaş olduğumdan musiqiyə
birinci mən getmişəm. Sonra o biri qardaşlarım da
mənə qoşulub. Nurlan həm oxuyur, həm də kamança çalır.
Aslan tarzəndir. Tərlan isə musiqi iiə
məşğul olmasa da, şairliyi var. Ulu babam Mirzə
Ələsgər Növrəs Xurşudbanu Natəvanın
Şuşada keçirdiyi "Məclisi-üns"də
iştirak edərmiş. Orada ən cavan şair olduğu
üçün ona bu təxəllüsü veriblər.
Yəqin incəsənətə həvəs Şuşadan,
Qarabağdan bizə keçib.
- Bildiyimə görə klassik musiqi
təhsili almısan. Cazdan öncə klassika ifa etmisən. Muğamla
cazı sintez edirsən. Bəs klassika ilə cazı bir araya
gətirmək fikrin yoxdur?
- Elədir, mən klassik
məktəb keçmişəm. Klassika ilə çox məşğul
olmuşam, indi də ifa edirəm. Amma konsert verməmişəm.
Yəqin ki, nə vaxtsa belə bir konsert verəcəyəm.
Klassika ilə cazı sintez etmək fikrim olub. Amma
fikirləşmişəm
ki, yox, klassikanı
təmiz ifa etmək lazımdır. Sonra yenə
düşünmüşəm ki, hər halda cəhd
etməyə dəyər.
- Məşhur cazmenlərdən
kiminləsə birgə çıxış etmək
istəyin var?
- Bir layihəm var,
yaxınlarda reallaşdırmaq fikrindəyəm.
Dünya ulduzları ilə lent yazılarımın
olmasını istəyirəm. Cək De Cenet, Qarri Pikop kimi
musiqiçiləriə disk buraxdırmaq istəyirəm.
Yaxın gələcəkdə müqavilə bağlamaq
üçün onlarla əlaqə yaradacağıq.
- Bu yaxınlarda ispaniyalı
prodüsserlə müqavilə bağlamısan...
- Bu müqavilə
çərçivəsində Fransada bir konsertim olacaq. Müqaviləni
müsabiqədən qabaq bağlamışam.
Müsabiqədən sonra mənə bəzi təkliflər
gəlib, yəqin ki, yeni müqavilələr də olacaq.
Həm də müsabiqə fınalçılarının
Amerikada konfransı keçiriləcək. Dörd
finalçı orada görüşəcəyik və hər
birimizə studiyada disk buraxdırmaq imkanı verilib.
- Bakıda konsert vermək fikrin
yoxdur?
- Belə bir fikrim var. "Buta"
Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq
edirəm. Onlar mənim Bakıda,
Moskvada konsertlərimi təşkil ediblər.
Sentyabrın sonlarında "Buta" ilə birgə
Bakıda konsertim keçiriləcək.
Əvvəlcədən açıqlamaq istəmirəm,
tanınmış sənətçilərin iştirakı
ilə böyük bir layihə hazırlayacağıq. Yeri gəlmişkən,
bu günlərdə mənim internet saytım
açılıb. Dinləyicilərim mənim
əsərlərimi sayt vasitəsilə də dinləyə
biləcəklər. "shahinnovrasli.com" ünvanlı
saytda mənim audio, video yazılarım,
müsahibələr,
məlumatlar yer alacaq.
- Tanınmış sənətçilərin
konsertdən öncə müəyyən pozulmayan adətləri
və ya talismanları olur...
- Yaxınlarımın -
valideynlərimin, qardaşlarımın, xanımımın
yanımda olması mənim üçün
səhnəyə çıxmazdan öncə köməkdir.
Həm də konsertdən əvvəl yalnız musiqi,
gözəllik barədə fikirləşmək
lazımdır. Elə gözəl ifa etməlisən ki,
dinləyicilər bu ifadan həzz alsınlar.
Xəzər.- 2007.- 11 avqust.- S. 18.