İsveçrədə 33-cü Beynəlxalq Folklor festivalında Azərbaycan

musiqiçilərinin çıxışları yüksək qiymətləndirilmişdir 

 

Azərbaycanın İsveçrədəki səfirliyindən bildirmişlər ki, avqustun 20-dən 26-dək Friburq şəhərində 33-cü Beynəlxalq folklor festivalı keçirilmişdir. Azərbaycan da daxil olmaqla bu festivalda Kanada, Seneqal, Şri-Lanka, Rumıniya, Vyetnam, İspaniya, Portuqaliya və Şimali Kiprdən folklor qrupları iştirak etmişlər. Festivalda ölkəmizi Mircavad Cəfərovun rəhbərliyi ilə "Cəngi" folklor rəqs qrupu və muğam ifaçıları təmsil etmişlər.

Festivalın ilk günü Friburqun mərkəzi küçəsində Seneqal və Şri-Lanka folklor qrupları ilə yanaşı, Azərbaycanın "Cəngi" rəqs qrupu da çıxış etmişdir. Həmin gün yüksək səviyyəli qonaqlar üçün təşkil edilmiş konsertdə "Cəngi" qrupu Azərbaycanın milli rəqslərini ifa etmişdir. Həmçinin xanəndələr Bəyimxanım Mirzəyeva və Rövşən Məmmədovun ifa etdikləri muğamlar sürəkli alqışlarla qarşılanmışdır. Növbəti gün "Romande" radiosu gənc xanəndələrimizin ifasını lentə almışdır. Sonra əlifba sırası ilə öndə Azərbaycan musiqiçiləri olmaqla digər ölkələrin folklor qrupları şəhərin mərkəzi hissəsindən keçmişlər. Friburq Universitetinin binasında festivalın rəsmi açılış mərasimi olmuş və iştirakçı ölkələrin dövlət bayraqları qaldırılmışdır. Açılış mərasimində "Cəngi" qrupu rəqslərimizi ifa etmiş və muğamlarımız səslənmişdir. Friburqun "Freiburger Nachrichten" qəzetinə müsahibəsində "Cəngi" qrupunun rəhbəri M.Cəfərov Azərbaycanın mədəniyyəti, o cümlədən muğamları və milli rəqsləri barədə məlumat vermişdir.

Avqustun 22-23-də keçirilmiş qala-konsertlərdə folklor qrupları çıxış etmişlər. Hər iki qala-konsert zamanı çıxış edən ölkə haqqında tamaşaçılara video-görüntü ilə qısa məlumat verilmişdir.

Festival çərçivəsində ayrıca muğam konserti olmuşdur. Konsertdə isveçrəlilər, həmçinin Azərbaycan diasporunun səfirliyinin nümayəndələri iştirak etmişlər.

Festivalın maraqlı tədbirlərindən biri avqustun 25-də keçirilmişdir. "Cəngi" qrupu Friburq şəhərinin küçələrində çıxış edərək, yerli sakinlərə Azərbaycanın milli rəqslərini öyrətmişdir. Həmin gün "Romande" radiosu ilə Azərbaycanın milli musiqisi canlı olaraq səsləndirilmişdir. Sonra "Cəngi" qrupu Friburq şəhərinin mərkəzi küçələrində iki konsert proqramı ilə çıxış etmişdir.

Avqustun 26-da festivalın qaydalarına uyğun olaraq iştirakçılar İsveçrə ailələri tərəfindən qonaq dəvət edilmişlər. Daha sonra festivalın yekun konserti keçirilmişdir. Konsert Azərbaycanın "Cəngi" qrupunun çıxışı ilə başa çatmışdır. Tədbirdən sonra iştirakçılar üçün təşkil olunmuş qəbulda hədiyyələr verilmiş bununla da festival başa çatmışdır.

Festivalın gedişi yerli mətbuatda geniş işıqlandırılmışdır. Jurnalistlər Azərbaycan musiqiçilərinin ifaları haqqında xoş sözlər yazmışdır.

 

Respublika.- 2007.- 30 avqust.- S. 3.