Aliyə

 

Əşyaların dilində susan adam

 

Azərbaycan mədəniyyətində min dürlü sənətkarlar olub, var və olacaq. Amma "Ələkbər əmi" ömrünün sonuna kimi uşaq heyranlığını qoruya bilmiş, ilin günün bu vaxtı uşaq olub uşaqlara qoşula bilən hələ ki, yeganə aktyor idi. Allahın qarışqasını belə reallığın gərginləşdirib qara-qara boyadığı bir vaxtda bu adam ağappaq geyinib nağıl şahzadəsi ola bilirdi, nağıl dünyasında ürəkdən sevinə bilirdi. Ən maraqlısı da o idi ki, uşaqlar onu az qala nağılla reallığın sərhədində dayanmış qəhrəman kimi "mifləşdirmişdi" və ona görə də Kukla Teatrının afişasından belə bir tədbir adı oxumaq olurdu - "Ələkbər əmi ilə görüş".

Hər şeyin zamanla bağlılığı var, bundan qaçmaq olmur, hətta bizim üçün həqiqət zamanla bağlıdır. Məsələn, sağlığında bu "görüş"ün şou tərəfini görərdim, ölümündən sonra Ələkbər Hüseynovun "Ələkbər əmisi ilə görüş" dönüb aktyorun qopa bilmədiyi uşaq dünyası ilə bizim qopa bilmədiyimiz gerçəklikdən uzaq bir dünya ilə təmas sərhədi oldu. Yəqin elə ona görə hətta absurdluğa qədər real bir tamaşada ("Bala başa bəla") Cəmil kimi roluna baxmayaraq aktyor Ələkbər Hüseynov "Ələkbər əmi" kimi dünyadan köçdü.

Bu ilin yaz ayında Ələkbər əmi ad gününü keçirdi. Bütün qəhrəmanları, sirdaş kuklaları - iynə sapdan tutmuş şərab şüşəsinə qədər - hamısı burada idi. Ələkbər əmi kostyum geymişdi. Bir-bir bu əşya qəhrəmanları dindirir, əzizləyir, bu arada bu əşyaların tarixçə əhvalatlarını - köhnə tamaşalarını zala yığılmış dostlarına xatırladırdı. "Uşaqların çoxunda kiçik yaşlarında belə xəstəlik olur - onlar əşyaları canlı bilir, onlarla canlıymış kimi davranırlar. Sonra bu xəstəlik keçir. Bu adamda isə hələ davam edir" deyə düşünmüşdüm. Amma elə böyüklər dünyadan köçən adamlarla canlıymış kimi davranmırlarmı, deyə indi düşünürəm. Nədir bu nostalji anım yazılan, qəbirlərə yazılan şeirlər, arvadların "lay-lay" deyə ağı oxşamaları? Bəlkə ətrafımızdakı cansız əşyaları biz öldürmüşük?

Yəqin o zaman geyimli yubilyar bu barədə düşünmürdü uşaqların dövrəsində atılıb-düşüb sevinirdi. "Bu dəqiqə onlar haqda düşünürlərsə, mən o haqda düşünürəm. Təsadüfü deyil, Parisə çatan kimi, Disneylendə getdim. Oradan çıxmaq istəmirdim. Saat 11- Disneylend bağlanır atəşfəşanlıq olur. Uşaq kimi ağlamaq tutmuşdu məni. Olmaz mən nağıl qəhrəmanları ilə elə burada yaşayım?". Bunlar aktyorun Fransaya səfərindən sonra söylədikləridir. Qeyd edək ki, Ələkbər Hüseynov UNİMA Beynəlxalq Kukla Assosiasiyasının Azərbaycanı təmsil edən katibi idi. Dostu rejissor Namiq Ağayevin sözlərinə görə, Ələkbərin vaxtilə ən böyük arzularından biri Barış Manço ilə birgə dünya uşaq hərəkatına qoşulmaq idi, düyaya çıxmaq idi. O, bu çıxış qapısının açarı zarafatla "qızıl açar" adlandırırdı Fransa səfərindən sonra bu açarı qazandığını söyləyirdi. Qızıl açar”lı adamda heç olmasa təbəssüm olmalı idi can ağrıları ilə əlləşsə Ələkbərə bu "təbəsüm"ü bu ilin martında qıydılar.

Ələkbər Hüseynov teatr fəaliyyətinə Haqverdiyevin "Pəri cadu" pyesindəki Qurban obrazı ilə başlamışdı. Daha sonra aktyora və rejissora (Namiq Ağayev) böyük uğur gətirən "Bülbül" (H.X.Andersen) tamaşasında Nağılçı və Çin imperatorunu oynayır. Bu rejissor Namiq Ağayevlə maraqlı işbirliyi olur. Sən demə, bu həm də sirr birliyi imiş. Namiq müəllimin bu sirr barədə söylədiklərini telefon dəstəyini qulağıma sıxıb dinləyirəm - sanki qulağımı dərin quyuya dayamışam: "Onun ölümü mənə çox təsir etdi, "qəfəs"dəki Elnur mənim şəxsi sirrimi aparmışdı. Ələkbər bizim kukla sirrimizi, yaradıcılıq sirrimizi apardı. "Bülbül" tamaşasında bir lələk var. Ələkbər o lələyi götürüb Bülbülün həqiqətini tamaşaçılara danışır. Sonda lələyi üfürüb yerə salır. Bizim tamaşaya bir neçə gün qalmış tapdığımız lələyin qəribə tarixçəsi var idi. inanmazsınız, yox yerdən qabağımıza çıxmış bu lələkdə həqiqətən mistik nəsə bir güc var idi. Bu bizim yaradıcılıq sirrimiz idi. Ələkbər elə adam idi ki, onunla dostluq həm yaradıcılıq dostluğu idi. Köhnə 26-lar bağında saatlarla gəzib teatrdan, sənətdən söhbətlər edirdik. O, hind fəlsəfəsi ilə, sufiliklə maraqlanırdı, Şərq fəlsəfəsi dünyagörüşünə meylli idi. Namaza da belə böyük maraqla başladı".

"Bülbül"dən sonra Ələkbər Hüseynov N.Bədəlovun "Qara rəngin nağı" tamaşasında Aydını, "Tıq-tıq xanım" tamaşasında Dirijor Müğənnini, "Qar qız" (Ostrovski) tamaşasında Lel rolunu oynayır. Rejissor kimi isə V.Haufun "Yalançı şahzadə", T.Ağayevin "Qoçaq Əhməd", H.X.Andersenin nağılla əsasında "Kral" monotamaşasına, "Cik-cik xanım", "Səadət quşu", "Möcüzəli tamaşa" pyeslərinə quruluş verir. "Keçəlin toyu" tamaşasında Keçəl roluna görə, "Bülbül" tamaşasındakı roluna görə beynəlxalq festivallardan mükafatla qayıdır. "Bala başa bəla" tamaşasındakı qəhrəmanı ilə teletamaşaçıları heyrətləndirdi. Bu teletamaşada Ələkbər Hüseynov əhvalatın komik (ata İzzət Nəfisli oğlunu cəbhədən qorumaq üçün ən gülünc versiyaya əl atır- guya oğlu qadına çevrilib) realist (cəbhə qorxuludur, Cəmil ora getmək istəmir və hər şeyə razıdır) - absurd (ana İzzət Nəfisli onunla qızı kimi davranır və ona layiqli namizədlər seçmələyir (?)-sürrealist qatlarını (sən demə bunlar yuxu imiş) lay-lay keçən mürəkkəb bir obraz yaradır. Onun çıxılmaz və gülünc situasiyaya düşən qəhrəmanı ən müxtəlif psixologiya, məntiq və düşüncələr toqquşmasında vizual və psixoloji deqradasiyaya uğrayır. Ələkbər Hüseynov qəhrəmanı ilə teletamaşanın müxtəlif qat-tərəflərinin mərkəzində dayanır və tamaşanın ideya-müvazinətini qoruyur. Teletamaşanın uğuruna ilk imza atanlardan biri o olur. Hərçənd ki, aktyor Ələkbər Hüseynovun "Ələkbər əmi"si onun bütün qəhrəmanlarına arxa çevirib öz dünyasına qatılır yəqin bu dünyaya olan sevgisi kimi o biri qəhrəmanlarını-obrazlarını üstələyir. O, tamaşalarında tamaşaçılarını hər şeyin canlı olduğuna inandırıb. Ona görədir ki, bu gülməli, körpə uşaqlar kədərli deyillər. Ən yaxşı nağıllarda ölüm olmur. Onlar sadəcə burada deyil. Yəni, "Ələkbər əmi burada yoxdur. Amma Ələkbər əmi ölmür".

 

Kino+.- 2007.- 17 avqust.- S. 12..