Məhərrəmova T.

 

Bizim öz tamaşaçılarımız var

 

İradə Rəşidova, aktrisa: "Sevgi rollarına daha çox marağım var"

 

Bakı Kamera Teatrı bu mövsümü uğurla başa vurdu. Kollektiv üçün yola saldıqları mövsüm müxtəlif festivallar, səfərlər və yeni premyeralarla yadda qaldı. Ən əsası, bu kollektivdə sənətin fanatı olan, işini sevən gənclər çalışır. Onlar həyatın bütün gözəlliklərini, sevincini, fərəhini səhnədə görürlər. Deyirlər ki, ən çətin anlarımızda səhnə bizim təssəli yerimizdir. Cüzi maaşla dolansalar da, böyük ideyalarla yaşadıqlarını söyləyirlər. Teatrın doğma divarları, hər qarışına bələd olduqları səhnə onlara bütün çətinlikləri unutdurur. Teatrın gənc aktrisası İradə Rəşidova uşaqlıq arzularının gerçəkləşdiyi teatra həm də ümid yeri kimi baxır:

 

- Orta məktəbdə oxuyanda tez-tez dərsdən qalırdım. Sinif rəhbərimiz Əli müəllim çox vaxt yurnalı açıb adımı oxuyanda "teatr çıxarmağa gedib" - deyirdi. Müəllimlər məni başa düşürdü. Onlar sənətimə böyük hörmətlə yanaşırdılar. Coğrafiya müəllimi həmişə deyirdi: "Dərsini özünçün oxu, öyrən, amma mənə şeir de. Sonra nə vaxtsa tanınmış aktrisa olanda televiziya və qəzetə müsahibə verəndə adımı çəkərsən, deyərsən ki, Mahizər müəllimə məndən həmişə şeir istəyirdi". Mən onun hər dərsinə şeir hazırlayırdım. Uşaqlar da böyük həvəslə gözləyirdilər. Həmçinin onlar dərsin sonuna qədər azad olduqlarını bilirdilər. Coğrafiya, insan və kimya fənlərinin imtahanında "Ana və poçtalyon"u deməklə qiymət almışam. Mən şeiri ağlaya-ağlaya deyəndə müəllimlər də kövrəlirdi. Orta məktəbi ortabab qiymətlərlə bitirib, 1-ci test imtahanında iştirak etdim. İnstituta qəbul olanların siyahısında adımı görüncə, sevincimin həddi-hüdudu yox idi. Sonra qabiliyyət imtahanına getdim. Rəhmətlik Həsən Turabov imtahanı qəbul edirdi. "Nə göstərmək istəyirsən" - deyə soruşanda "Romeo və Cülyetta"da Cülyettanın monoloqunu göstərmək istədiyimi söylədim. Monoloqu göstərdim. Yarıda kəsib "şeirə keç" - deyəndə M.Müşfiqin "Gecə düşüncəsi" şeirini söylədim. Sonra da "etüd göstər" - dedilər. Mənim hekayəm də, monoloqum da etüdlərdən ibarət olduğu üçün ayrıca etüdə o qədər də vaxt ayırmamışdım. "Etüd hazırlamamışam" - söyləyəndə "sən imtahana gəlmisən, amma etüd hazırlamamısan" - deyə narazılıqla dilləndilər. "Yaxşı!" - deyib ağlıma bir fikir gəldi. Güllərin arasında kəpənək tutan qız etüdünü göstərdim: "Şıltaq bir qızam. Kəpənək tuturam, sonra kəpənək uçub gedir. Mən gülləri dərməyə başlayıram, axırda da qaça-qaça anamın yanına gedirəm". Etüd deyəsən, Həsən müəllimin xoşuna gəlməmişdi. Mənə "4" qiymət yazdı. Səhnə danışığından isə Ənvər müəllim mənə "5" yazdı. İki "5", bir "4" alıb instituta qəbul olundum.

Fevralın biri ilk dərs ilimiz idi. Yadımdadır, narın-narın qar yağırdı. Sevincimiz hədsiz idi. Dərsimiz də elə vaxta düşmüşdü ki, yuxarı kurs tələbələri qış tətilinə buraxılmışdı. Sanki institut bizim əlimizdə idi. Səhər instituta girib, axşam çıxırdıq. Bacım da yuxarı kursda oxuyurdu. Deyib-gülən, ünsiyyətcil olduğumdan hamı ilə münasibətim vardı. İnstitutu qurtarana qədər yuxarı kurslardan çoxlu tanışlarım oldu.

- Yəqin ki, belə ünsiyyətcil olmağın özünə tez iş tapmağında da köməyinə gəlib. Teatrda işləməyə nə vaxt gəldin?

- Kamera teatrı 92-ci ildə təzə-təzə yaranmağa başlayırdı. Cənnət Səlimova məni teatra dəvət elədi və ştata götürdü. Kollektivin üzvləri də tələbələrdən ibarət idi. İlk tamaşamız "Məkkəyə yol" tamaşası oldu.

- Bir çoxlarından fərqli olaraq, sizə hər şeyin hazırı qismət olmayıb. Belə ki, teatrın formalaşma prosesi gözünüzün qarşısında keçib. Çoxmu çətin idi?

- Çoxlarının həvəsi vardı. Maddi vəziyyəti heç kəs fikirləşmirdi. İndinin özündə də belədir. Bizim uşaqlar fanatdır. Onları həmişə işin mənəvi tərəfi maraqlandırır. Cənnət xanım uşaqlarda bu həvəsi gördüyünə görə teatrı yaratdı. Yoxsa bu uşaqlar Cənnət xanımın ilk tələbəsi deyildilər. Onlara qədər Cənnət xanımın çoxlu tələbələri olmuşdu. "Məkkəyə yol"dan sonra kollektiv Molyerin "Skapenin kələkləri" tamaşasını hazırladı. Rüstəm İbrahimbəyovun "Şirəbənzər" tamaşasını hazırlayanda isə artıq onların məşqlərinə gəlirdim. Biz gecəyə qədər işləyir, yorulmaq nə olduğunu bilmirdik. Hamımızda çox böyük həvəs var idi. Sevinirəm ki, o həvəsimiz hələ də tükənməyib.

- Hazırda çalışdığın teatr təzəcə fəaliyyətə başladığın sənət məkanında nə ilə fərqlənir?

- Böyük fərq var... Geyimlərimizdə, səhnə tərtibatında da bu fərq hiss olunur. Tamaşa qurmaq çətin prosesdir. Ancaq tamaşanı təhvil vermək daha çətindir. Çünki onun həm musiqi, həm səhnə, həm rəqs tərtibatı və s. var. Biz "Məkkəyə yol" tamaşasını meydan tamaşası kimi oynayırdıq. Çünki geyimləri çox vaxt Tədris teatrından prokata götürürdük. İlk paltarların tikilişi "Skapenin kələkləri"nin hazırlanması ilə əlaqədar oldu. Onda ilk tərtibatı da hazırladıq. İndi də həmin tərtibat qalır və səhnənin başqa tərtibatları ilə bir-birini tamamlayır. Əlbəttə, o vaxt kostyumlar, tərtibat hazırlamaq çox çətin idi. İndi isə şükür Allaha, o çətinliklər o qədər də yoxdur. "Xırs quldurbasan" tamaşası üçün də ayrıca kostyumlar tikildi. Artıq bugünkü teatra öyrəşmişəm. Özümü başqa teatrda təsəvvür edə bilmirəm. Başqa bir teatra gedib, hər şeyi təzədən başlamaq mənimçün çox çətindir. Nə qədər bu teatr yaşayır, mən də bu teatrda varam. Yəqin ki, teatra olan həvəsimin daha da artması Cənnət xanımla bağlıdır. Çünki onun bitib-tükənməyən işgüzarlığı bizi işə daha da həvəsləndirir. Hamımızın xoş ünsiyyət yaratmağımızda Cənnət xanımın böyük xidməti var. Həmişə bizə deyir: "Bir-birinizin qədrini bilin. Mən bir gün olmayanda da bir-birinizə kömək etməlisiniz". Yaxşı ki, bu xüsusiyyət bizim kollektivdə var.

- Sizin teatr çox festivalın qalibi və iştirakçısı olub. Sən o festivalların hansının iştirakçısısan?

- İlk dəfə 99-cu ildə Moskvada keçirilən Puşkin festivalında iştirak eləmişəm. Festival ərəfəsində bir həftə Moskvada olduq. Həmin festivalda "Daş qonaq", "Motsart və Salyeri" tamaşaları ilə iştirak elədik. Tamaşalarımız çox yaxşı qarşılandı və biz festivalın "Billur şlyapa" mükafatına layiq görüldük. Tamaşalarımıza baxmaq üçün çoxlu azərbaycanlı gəlmişdi. Sonra İran festivalında iştirak elədik. Festivalda uğurlu çıxışımıza görə mükafat olaraq bizi Məşhəd şəhərinə ziyarətə göndərdilər. Sonralar da İranda bir sıra festivallarda iştirak elədik. Yanvar ayında isə "Zaman" teatrını İmam Rzanın mövludu ilə əlaqədar İrana dəvət etmişdilər. Mən də onlarla getmişdim. Gördüm ki, iranlı tamaşaçıların yadında qalmışam. Çox şadıq ki, İran teatrsevərləri bizi həm sevir, həm də tanıyır. Bu il xaricə altı səfərimiz oldu, hamısı da maraqlı və yaddaqalan oldu. Krımda keçirilən sonuncu "Antik əsərlərin beynəlxalq festivalı"nda "Şah Edip"lə çıxış elədik. Çox böyük alqışla qarşılandıq.

- Bəs burda necə, sizi alqışlayanlar çoxdurmu?

- Burda da bizi sevənlər var. Öz tamaşaçılarımız var, onlar teatra gəlirlər. Tamaşalarımıza baxır və bəyənirlər. Biz öz tamaşaçılarımızdan da razıyıq.

- Ümumiyyətlə, tamaşaçıların teatra bugünkü münasibətindən razısanmı?

- Mən onları qınamıram. Kimin teatra həvəsi varsa, o, teatra gəlir. Hansı şəraitdə olursa-olsun mənəvi tələbatını ödəmək üçün teatra gələnlər çoxdur.

- Adətən teatrınızın tamaşalarında səni baş rollarda görmürəm. Reyissorlar sənə etibar eləmir, yoxsa "kiçik rollarla da böyük sözlər söyləmək olur" prinsipi ilə işləyirsən?

- Bütün rollarım ürəyimcədir. Reyissor mənə nə verirsə, onu oynayıram və oynadığım rolu həqiqətən də sevirəm. İstər epizodik olsun, istərsə də baş rol - hamısını həvəslə oynayıram. Mənimçün ən sevindirici olan odur ki, rollarım tamamilə bir-birinin əksidir. Gah uşaq rolu yaradıram, gah gənc qız rolunu oynayıram və s.

- Bu gün teatr sənin üçün nə deməkdir?

- Pafoslu sözlərdən uzaq olaraq deyə bilərəm ki, balıq susuz yaşamadığı kimi, mən də teatrsız yaşaya bilmərəm. Hərdən deyirəm ki, yaşaya bilərəm, sonra ürəyimin dərinliyində bunun belə olmadığını görürəm. İkinci dəfə həyata gəlsəydim, bəlkə yenə də teatrı birinci plana salardım. Orta məktəbdə oxuyanda aktyorlardan avtoqraf almağı xoşlayırdım. Gənclər Teatrı təzə yarananda onların ilk premyeralarında iştirak eləmişəm. O vaxt Aktyorlar evinə böyük bir aktyor qrupu gəlmişdi. Aralarında sevdiyim aktyorlar və aktrisalar da vardı. Onların bir çoxundan avtoqraf aldım. Aktyorlara aktrisa olmaq istədiyimi deyirdim. Eləsi var, deyirdi ki, çətin sənətdir. Eləsi də var "nə yaxşı" - deyə sevinclə dillənirdi. Yadımdadır, Rasim Balayevə deyəndə, "çox nahaq yerə" - deyə sərt cavab verdi. Mən onun cavabından hirsləndim. Uşaq düşüncəsi ilə ürəyimdə: "Özü tanınmış aktyordur, hamı onu sevir, ancaq mənim sənətə gəlməyimə paxıllıq edir" - deyə fikirləşdim. İndi baxıb görürəm ki, Rasim müəllim düz deyirmiş. Aktrisa olmaq çox çətindir.

- Vaxtilə Cülyettanın monoloqunu böyük həvəslə söyləmisən. Teatrda bu rolu oynamaq arzun yoxdur ki?

- Düz deyirsiniz, o vaxt Cülyettanın monoloqunu hazırlayanda bu obrazı oynamaq ürəyimdən keçirdi. Bəlkə hardasa o hiss hələ də məndə qalır. Çünki həyatda da çox romantikəm. Sevgi rollarına daha çox marağım var. Çünki mən daha çox hisslərlə sevənəm.

 

Kaspi.-2007.-9 avqust.-S.16.