Məhərrəmova T.

 

Çörək pulunu Şuşa həsrətindən çıxaran insan

 

Valeh Məmmədov, rəssam: "Tamaşaçı teatra əylənməyə gəlir, tərbiyələnməyə yox"

 

Təbiət Tanrının ən böyük möcüzəsidir. Min bir rəngi, göz oxşayan mənzərələri ilə insanı valeh edən bu gözəllik sirli bir aləmdir. Rəssam Valeh Məmmədovun əsərləri isə bu gözəlliyin kətan üzərində donub qalan əksidir. Fırça ilə, kətanla dostluğu lap uşaqlıqdan başlayan rəssamın bu həvəsinə sonralar teatra olan sevgisi qarışıb. Səhnə işçilərindən birinə çevrilərək ömrünü həmişəlik Şuşa Dövlət Musiqili Komediya Teatrına bağlayıb.

 

- Teatr rəssamı olmaq çoxmu çətindir?

- Çox çətindir. Teatr rəssamı olana qədər başqa cür fikirləşirdim. Burda rəssamdan o qədər də əl qabiliyyəti tələb olunmur. Teatrda əsasən intellekt lazımdır. Gözəl çəkməyə bilərsən, gözəl əl qabiliyyətin olmaya bilər, amma çox gözəl teatr rəssamı ola bilərsən. Ona görə teatr rəssamlığı ilə yaradıcı rəssam arasında böyük fərq var. Teatrda tamaşaya tərtibat verə bilmək üçün bu sahə barədə anlayışın olması lazımdır. Reyissorlar var ki, çox vaxt rəssam dəvət eləmirlər, tərtibatı özləri verirlər. Teatr rəssamı olmaq üçün güclü əl qabiliyyətinə malik olmaq lazım deyil. Dekorasiyaları çəkən icraçı rəssamların isə mütləq əl qabiliyyəti olmalıdır. Əgər tərtibatı sən verirsənsə, onun əli sənin düşüncələrini əks etdirməyi bacarmalıdır. Onun intellekti olmasa da olar. Çünki tərtibatçının intellektini icraçının əl qabiliyyəti tamamlamalıdır. Əlbəttə, ikisi bir yerdə olsa, daha yaxşıdır.

- Siz tərtibatı verərkən öz fantaziyalarınızdan istifadə edirsiniz, yoxsa adətən müəlliflə reyissorun dediklərinə əməl edirsiniz?

- Teatr kollektiv sənətdir. Reyissorun da fikri şərtdir. İkinci müəllif reyissordur. Reyissorla mütləq razılaşırsan. Əsas isə müəllifdir. Tərtibat əsl reyissorun başında tamaşa hazırlanmamışdan bir neçə ay əvvəl hazırdır. 2-3 günə onu səhnəyə köçürür. Hər reyissor belə deyil. Bir var beynindəkini köçürürsən, bir də var səhnədə axtarırsan.

- İlk dəfə hansı tamaşanın tərtibatını vermisiniz və necə alınıb?

- İlk dəfə Şuşa Dövlət Teatrında "Arşın mal alan"a tərtibat vermişəm. Tamaşa da, tərtibat da çox gözəl hazırlanmışdı. Həmin tərtibat Şuşada qaldı. Tamaşanı isə Şuşada oynaya bilmədik. Sonra Gənc Tamaşaçılar Teatrında oxşar tərtibat hazırlayıb premyeranı keçirdik. Burada eyni tərtibatı eləmək mümkün olmadı. Çünki ona imkan yox idi. Burda bütün tamaşaların tərtibatı demək olar ki, oxşardır. Çünki fikrimizdən keçəni edə bilmirik. İstəklərimizlə imkanlarımız üst-üstə düşmür. Çox gözəl tərtibat fikirləşə bilərsən, ancaq onu harda göstərə biləcəksən? Buna imkan yoxdur. Pulumuz olsa, indikindən 10 dəfə artıq tərtibat verərik. Dövlət Teatrı statusu qazanandan sonra bu teatrda 19 tamaşaya tərtibat vermişəm. Ondan qabaq isə təxminən 50 tamaşanın tərtibatçı rəssamı olmuşam.

- O vaxt dərnək tamaşalarında hazırladığınız tərtibatla bu günkü tərtibatlar arasında nə fərq görürsünüz?

- Fərq çoxdur. Şuşada xalq teatrı olanda "Əsli və Kərəm" oynandı. Bu tamaşa çox yüksək səviyyədə hazırlanmışdı. Onun tərtibatında ürəyimizdən keçənin hamısını verə bilmişdik. Dövlət teatrı heç o səviyyədə tamaşa hazırlamayıb. Bəlkə də onu Şuşada hazırladığımız üçün belə idi.

- Yeri gəlmişkən, tamaşalarınız sırasında "Güllələnmiş heykəllərin fəryadı"nın tərtibatı daha zəngin idi. Sizcə həmin tamaşada tərtibat istədiyiniz kimi alınmışdı, yoxsa yenə də nəyisə həyata keçirə bilməmişdiniz?

- O tamaşada maliyyə problemi olmayıb. Hazır olandan sonra çatışmazlıqları görürsən. Əlbəttə, səhvlər çox idi. Fikirləşirəm, yenidən olsaydı, o səhvləri düzəldərdik. Ancaq bir də olmayacaq.

- Tərtibat verdiyiniz bütün tamaşalara baxanda çatışmazlıqları görürsünüz, yoxsa yalnız Şuşa ilə bağlı tamaşalarda səhvlər sizə daha qabarıq görünür?

- Həmişə fikirləşirdik ki, pulumuz olsaydı belə edərdik, elə edərdik. Pulu bəhanə edirdik. Bu dəfə elə oldu ki, reyissor Loğman Kərimovla, Yadigar Muradovla, müəlliflə, II reyissor Nazir Rüstəmovla söhbət etdik. Gördük ki, bəhanə yoxdur. Şuşa ilə bağlı nə varsa, ortaya qoyub Şuşanı göstərmək lazım idi. Biz Şuşanı tikanlı məftillərdə - türmədə göstərdik. Fikirlərimizə müəyyən qədər nail olduq.

- Cüzi çatışmazlıqlar nə ilə bağlı idi?

- Cüzi yox, çox çatışmazlıqlar vardı. Elədiklərimiz fikirləşdiklərimizin yanında az idi. Düzdür, teatrda yenilik elədik. Fikirləşdiklərimizi həm səhnədə aktyorların oyunu ilə, həm də ekranda göstərdik. Ekranla da, səhnə ilə də nə qədər imkan varsa, Şuşanı göstərməyə çalışdıq. Şuşa nə təhər olub; bu gün dustaqdır, həmin gözəlliklər hamısı dustaqdır və s. Həmçinin təklif eləmişdilər ki, o məftillər qırılsın, Şuşada bayraq sancılsın. Razılaşmadıq. Axı o məftillər qırılmayıb...

- Siz ancaq reallığın tərəfdarısınız? Sizi fantaziya, ümumiyyətlə, maraqlandırmır?

- Burda realist olmaq lazımdır. Elə şeylər var ki, onun haqqında fantaziya yürütmək olar, çünki orda fakt yoxdur. Fakt olan yerdə fantaziya artıqdır. Fantaziya deyib ayrı şeyləri edə bilərdik. Ancaq burda fakt göz qabağındadır.

- Siz hansı yanrda tamaşalara tərtibat verməyi xoşlayırsınız?

- Mən komediyanı sevən adamam. Bəlkə də bu, şuşalı olmağımla bağlıdır. Şuşalılar bir az zarafatı xoşlayırlar. Faciəni kim xoşlayar ki? Bu gün tamaşaçı bir növ əylənməyə gəlir, tərbiyələnməyə yox. Mən kiməm ki, ora gələnə tərbiyə verəm? Tamaşa zalında elə adamlar oturur ki, onların dırnağı bildiyini mən bilmirəm. Mən ona necə tərbiyə verə bilərəm? Mən onu yalnız əyləndirə bilərəm. Teatrın işi dünən də bundan ibarət idi, bu gün də. Camaatın düşünməyə vaxtı yoxdur. Tamaşaçı düşünməyə bir dəfə gələr.

- Əsərlərinizi yaxşı alırlar?

- Evimə qonaq gəlsəniz bu evdə rəssamın yaşadığını bilməzsiniz. Bəlkə fırçamın çox olduğunu görüb rəssam evi olduğunu bilərlər. Evdə karandaşla çəkdiyim bircə şəkil də yoxdur. Evə kim gəlirsə, gördüyü şəkli götürüb gedir. Çoxunu da pay verirəm. Əsər yığıb indi sərgiyə gətirə bilmərəm. Çünki məndə əsər qalmır.

- İşlərinizdə sizə fantaziya, romantika lazım olmur?

- Gənclik illərində olurdu. Onda ayrı şeylər fikirləşirdim. Sonra yavaş-yavaş reallığa dönürsən.

- Əsərlərinizi heç bir sərgiyə çıxarmamısınız?

- Şuşada olan vaxtlar Şuşa qalereyasında 10 əsərim vardı. O vaxt ermənilər Xankəndində ittifaq yaratmışdılar. 2-3 aydan bir gəlib əsərlərimi aparırdılar. Şuşada ilk dəfə sərgidə iştirak etdim. Daha sonra Moskvada, Bolqarıstanda sərgilərin iştirakçısı oldum.

- Bu günün özündə teatr rəssamı olmaq sizin üçün nə qədər maraqlıdır?

- Maraqsızdır. Bu yalnız mənim işimdir. 90-cı ildən işləyirəm. Bu gün Şuşa teatrında məndən staylı işçi yoxdur. O vaxt işləyənlərin heç biri artıq bu teatrda işləmir. Çünki özfəaliyyət dərnəyi olanda həvəskarlar toplaşmışdı. Mən dərnəkdə gedən tamaşaların tərtibatını verirdim. Çünki teatrın ayrıca teatr rəssamı dəvət etməyə imkanı yox idi. Ona görə də onlara kömək edirdim. Özüm isə 9 il Şuşa emalatxanasında rəssam işləmişəm. Teatr açılandan sonra Yadigar müəllim məni dəvət elədi. Dedi ki, onsuz da teatrın nə işi varsa sən görürsən, həm teatrda, həm də emalatxanada işlə. Mən də teatrda işlədiyim üçün emalatxanadan çıxdım. Onda ümidlər vardı. Sən demə, hamısını havayı fikirləşirdik. Ortada fakt var. Fakt odur ki, çox az maaş alırsan. Ömür də gedir...

- Bəs niyə müstəqil rəssam kimi çalışıb özünüzü dolandırmırsınız?

- Elə onunla dolanıram. Yoxsa teatrdan aldığım məvacib yol pulumuzu da ödəməz. Bakıya gələndən sonra ev şəraitimə görə işləməyə o qədər də imkan yoxdur.

- Ən çox hansı mövzuda çəkirsiniz?

- Ən çox Şuşanı çəkmişəm. Elə indi də çəkirəm. Bəlkə Şuşanı məndən çox çəkən yoxdur. Bu mövzuda onlarla işim var. Orada olanda Şuşanı heç vaxt çəkmirdim. Bu günsə... İçimdəki həsrətdən başqa, Şuşanın necə olduğunu göstərmək istəyirəm. Şuşanın elə yerləri var ki, onu hər adam görməyib. Mən o yerləri çəkib göstərməyə çalışıram. Həmin yerlər mənim yadımdadır. Mən onları göstərməsəm, kim göstərəcək? Bu mənim borcumdur.

- Şuşanın şəkilləri kətan üzərində, yoxsa daha çox səhnə tərtibatında istədiyiniz kimi alınır?

- "Pənah evi", "Şuşa dağlarını duman bürüdü" və "Güllələnmiş heykəllərin fəryadı"nda Şuşanın tərtibatını çox gözəl vermişik. İnanın ki, ona baxan bəzi tamaşaçılar ağladı. Onlar Şuşanı görə bilmişdilər. Mən buna sevindim. Şuşalıların 90 faizi ancaq tərtibatı görməyə gəlirdilər, tamaşaya baxmağa yox.

- Sizinçün Şuşa ilə bağlı şəkillər yalnız həsrətinizə son qoyan təsəllidir?

- Həm odur, həm də çörəkdir.

- Demək olarmı rəssam olmağınızda elə Şuşa təbiətinin rolu olub?

- Mən əvvəl rəssam yox, aktyor olmaq istəmişəm. Tələffüzümdəki qüsur buna mane oldu. Sonra musiqiçi olmaq istəmişəm, bu da alınmayıb. Rəssamlığın da əlimdən gəldiyini görəndən sonra "nə fərqi var?" - deyib rəssamlığı seçmişəm. Bir də Şuşada doğulmağım burda əsas rol oynayır. Şuşada doğulub şair, musiqiçi, bəstəkar, heç olmasa rəssam olmamaq ayıbdır. Ən azı tar çalan olursan. İstəyib olmursan, elə doğulursan.

- Bu gün necə, səhnəyə çıxmaq istəyirsiniz?

- Hansı reyissor gəlirsə, mənə rol təklif edir. Hətta Loğman Kərimov da dedi ki, heç olmasa səhnəyə çıx, o baş-bu başa get-qayıt. Razılaşmadım. Bundan sonra səhnəyə çıxmaq olmaz. Bilirsinizmi, mən bu sənəti bütöv sevirəm. Aktyorluğu, dramaturgiyanı, şeiriyyəti, rəssamlığı - bunların hamısı birləşir. Biri ilə məşğulam. Biri olmasa, o biri ilə məşğul olacağam.

- Əgər vaxtınızı daha çox teatra həsr etməsəydiniz, nə qazanardınız?

- Kaş elə edəydim! Tez-tez bu barədə fikirləşirəm. Ancaq teatr xəstəlikdir, daxil oldunmu, ayrıla bilmirsən. Bizdə geriyə yol yoxdur.

 

Kaspi.-2007.-10 avqust.-S.16.