Məhərrəmova T.
Məndə sevgi hissi daha çoxdur
Rada Nəsibova, aktrisa:
"İstəyirəm ki, məndən sonra sənətim
qalsın"
Bu gün istənilən teatrın
səhnəsində istedadlı gənclərə rast
gəlmək olur. "Sənətə
qiymət verən yoxdur" deyənlər nə qədər
çox olsalar da, onlar bu cür sözlərdən
həvəsdən düşmürlər. Əksinə,
nə işlədikləri şəraitin çətinliyi,
nə də əmək haqlarının azlığı
onların əlini işdən soyutmur.
İrəvan Dövlət
Azərbaycan Dram Teatrının aktrisası Rada
Nəsibovanın arzusu nəinki sevib seçdiyi
sənətdə tanınmaq, yaddaşlarda qalmaq,
həmçinin imkanı çatan dərəcədə
teatrın inkişafına kömək etmək,
kölgədə qalan istedadları üzə
çıxarmaqdır:
- Adınız bir az qəribə
səslənir. Yəqin ki, maraqlı bir
tarixçəsi var.
- Bunu mənə çox adam deyib. Uşaqlıqda tez-tez
hind filmlərinə baxmağı xoşlayırdım. Elə ata-anam da hind filmlərini sevib və
adımı da hansısa filmdən götürüblər.
Məni görənlər deyirlər ki, sanki
zahiri görkəmin də adınla eyniləşib. Məni hind qızlarına oxşadırlar.
-
Əyalət teatrının səhnəsindən paytaxt
teatrına gəlməyiniz hansısa təsadüfün
nəticəsi idimi?
- İnstituta qəbul
olmamışdan qabaq - 16 yaşımda Gəncə
Dövlət Dram Teatrında işləyirdim. Həmin
teatrda bir neçə tamaşada oynamışam. Elə həmin illərdə paytaxt teatrlarında
işləmək həvəsim yarandı. Bir müddət müqavilə ilə
"Azdrama"da işlədim. İftixar
Piriyev yenidən İrəvan Teatrına direktor
qayıtdıqdan sonra məni bu teatra dəvət elədi.
Bura gələndən sonra o, hamı kimi mənə də
qayğı ilə yanaşdı, yeni rollar verdi.
Təbii ki, rollar çox olduqca aktyor daha
çox inkişaf edir. Bu teatrda ilk rolum
"Qısqanc ürəklər" və
"Məhəbbət və cinayət" tamaşasında
oldu. Ondan sonra dalbadal bir neçə
tamaşada oynadım. Özümü
doğrultduğum üçün Vidadi Əliyevin quruluş
verdiyi "Sənətim cəmiyyət sinyorudur"
tamaşasında mənə yaşıma uyğun olmayan
ağır bir rol tapşırıldı. Deyilənə görə, yaxşı
alındı. Bu yaxınlarda Vidadi
müəllimin tamaşaya qoyduğu "Təklif"
əsərində yeni bir rol - Natalya Stepanovna rolu mənə
həvalə olundu. Deyilənə
görə, bu rol da çox uğurlu alınıb. Hətta çox adamlar məni o rolda
tanımayıb. Çünki məni
həmişə məhəbbət rollarında
görüblər. Xarakter rolda isə ilk
dəfə görürdülər.
- İlk
dəfə səhnəyə çıxanda hələ teatr
təhsiliniz yox idi. Səhnəyə
belə erkən yol tapmağınız necə oldu?
- Yəqin ki, bütün
aktyorların taleyində olur: uşaq vaxtı güzgü
qabağında şeirlər deyir, öz-özümə
rollar oynayırdım. Teatra gedəndə
məzuniyyət vaxtı idi. Direktor Rafiq Atakişiyev
xarici görkəmcə teatr üçün yararlı
olduğumu bildirib, "bir şeir söylə" dedi. Mən Cəfər Cabbarlının "Ana"
şeirini söylədim. Yəqin
Azərbaycan dilini və ədəbiyyatı yaxşı
bildiyim üçün şeirin deyilişi çox xoşuna
gəldi. Həm də bu şeiri
deyəndə mən yaşayıram. Həmin gün
Rafiq müəllim "Oqtay Eloğlu" əsərini
mənə verib "get oxu, Sevər rolunu yazarsan" dedi. Bəlkə də bəxtim gətirdi. Bu, çox böyük və ağır rol idi.
Düzdür, mənimçün çox
çətin oldu. Üzərimdə
çox işlədilər. Ancaq rol
uğurlu alındı. Səhnəyə
yolum belə başladı.
-
Valideynləriniz bu seçiminizə etiraz eləmədimi?
- Əvvəlcə
xəbərləri yox idi. Sonra attestatımı
alanda birbaşa teatra getdim. Hiss elədim ki, qəbul
olunacağam. Evə gələndə bu
məqsədimi deməyə çətinlik çəkirdim.
Anam həssaslıqla üzümə baxıb
"çox narahat görünürsən" - deyə
maraqlanırdı. Gün ərzində
sözümü deməyə ürək eləmirdim. Nəhayət, ürəklənib söylədim.
Anam da "niyyətin hara, mənzilin ora" -
deyə dilləndi. Doğrusu, belə
asanlıqla razılaşacağını bilməzdim.
Anam sənətə olan məhəbbətimi hiss edirdi. Bu
sənəti çox sevdiyimdən özüm də hiss
edirəm ki, gələcəkdə uğurlarım olacaq.
-
Tələbə vaxtı "Azdrama"da işlədiyinizi
dediniz. Niyə institutu qurtarandan sonra aktyor olmaq istəyən
bütün gənclərin can atdığı o
səhnədə qalmadınız? Özünüz
istəmədiniz, yoxsa rəhbərlik qəbul eləmədi?
- Mən "Azdrama"da
işləmək haqda çox düşündüm. Orada
aktyorları görüb vahiməyə gəlməmək
üçün məzuniyyət vaxtında teatra getdim. Onda Əliabbas Qədirov teatrda olmadığı
üçün məni İftixar müəllim qəbul
elədi. Müqavilə ilə məni
işə götürdülər. "Eşq
və intiqam"da ekspromt bir rol oynadım. Sonradan xırda-para rollarda səhnəyə
çıxırdım. "Azdrama"da
böyük aktyorlarla səhnəyə çıxdım.
Əvvəllər çox
həyəcanlanırdım. Amma ilk rolum
yaxşı alınmışdı. Ancaq
tale elə gətirdi ki, mən İrəvan Teatrında
işləməli oldum. Bu
qismətimdən narazı deyiləm.
- Bir
neçə səhnədə oynamısınız. Onlardan hansı sizə daha doğmadır?
- Mənə İrəvan Teatrı
daha doğmadır. Çünki bu teatra
gələnə qədər
püxtələşməmişdim. Peşəkar
cəhətdən qüsurlarım çox olurdu. Tamaşaçı onu qəbul etsə də,
peşəkar, səhnəyə yaxından bələd olanlar
baxanda dərhal qüsurları tuturdu. Mənə elə
gəlirdi ki, onlar: "Mən bilirəm ki, sənin
daxilində bu var, bunu üzə çıxarmaq
lazımdır" - deyirlər. İrəvan
Teatrında təcrübəm təkmilləşdi. Bu dəfə oynadığım rolu keçən
dəfəkindən də yaxşı oynadım. Ümumiyyətlə, burda cavanlara qayğı var.
Rol problemi də yoxdur.
- İlk
addımlarını Gəncə Teatrında
atmışdınız. Sonradan qonaq kimi də
olsa həmin teatra qayıtdınızmı?
- Mən özüm
gəncəliyəm. Hər dəfə
Gəncəyə gedəndə həmin teatrın kollektivi
ilə görüşürəm. Hətta
qastrola gedib Gəncə Teatrının səhnəsində
"Məhəbbət və ağ ölüm"
tamaşasını oynadıq. Bu tamaşa
ilə bütün rayonları gəzdik. Ordakılar
məni görüb çox bəyəndilər. Həm
də sevinclə: "Rada tamamilə dəyişib, bu bizi
sevindirir" - dedilər.
- Bəs siz
özünüzdə peşəkarlıq cəhətdən
hansı dəyişikliyi hiss edirsiniz?
- Hiss edirəm ki, səhnədə
çox sərbəstliyi öyrənmişəm.
Əvvəl bir az utancaqlıq vardı. İndi isə daxilimdən nə gəlirsə, onu
da əlavə edirəm. İndi Akademik
Teatrın özündə belə, hansı aktyorla
səhnəyə çıxsam, məndə həmin
həyəcan və utancaqlıq hissi olmayacaq.
Əvvəl elə bil bir az qorxu vardı. Sanki onların vahiməsi məni əzirdi. İndi çox sərbəstəm. Bu teatr
mənə sərbəstlik verdi.
- Bəs institut
auditoriyası sizə nə verib? Yalnız
nəzəriyyə?
- Təbii ki, orda
nəzəriyyəni, səhnə
danışığını öyrənirsən. Amma praktika daha yaxşıdır. İkisi bir yerdə olanda daha yaxşı
nəticə verir.
-
"Sənətim cəmiyyət sinyorudur"
tamaşasında yaşlı bir qadın rolunu
oynayırsınız. Gənc bir
qızın yaşlı qadının hissləri ilə
yaşaması asandırmı?
- Çox çətindir. Ümumiyyətlə, qadınlıq yaşını,
analıq hisslərini yaşamaq çətin idi. Mən həmin obrazda ana olmadan Ana oldum. Vidadi müəllim mənimlə rol
üzərində çox işlədi. Analıq
hissindən başqa "sinyora"ya məxsus yeriş,
baxış, əda lazım idi. Siqaret
tüstüsünə dözməyən adam
həmin rolda siqaret çəkirdi. Mən
bütün bunları bacardım. Rol
çox uğurlu alındı. Ümumiyyətlə,
klassika aktyoru çox inkişaf etdirir. Əsərin
özündə xarakter varsa, o özü sənə hər
şeyi verir.
-
Məhəbbət rollarında sizi cəlb edən nədir? Rollarınıza həyatınızdan nəsə
əlavə edirsinizmi?
- Mən həmişə hər
şeyə sevərək yanaşmışam. Uşaqdan
tutmuş böyüklərə qədər - hamıya
qarşı ürəyimdə sevgi var. Kiminlə
söhbət edirəmsə, sevərəkdən
danışıram. Bəlkə
görünüşüm də bunu dediyi üçün
reyissorlar hiss edir. Məndə sevgi hissi daha
çoxdur.
- Heç öz-özünüzə
deyirsinizmi, aktrisa olmasaydınız, başqa sənət sahibi
olardınız?
- Yox... yenə aktrisa olardım. Düzdür, uşaq vaxtı onu dilimə
gətirməkdən qorxurdum. Fikirləşirdim
ki, evdə razı olmayacaqlar. Yaxşı
oxuduğuma görə evdə həkim olmağımı
istəyirdilər. Mənsə
ürəyimdə "nəyin bahasına olursa-olsun,
onları razı salıb aktrisa olacağam" deyirdim. Məktəbdə inşa yazanda "mənim arzum
aktrisa olmaq, filan rolda oynamaqdır" - deyə
yazmışdım. Bundan sonra bu istəyimi dilə
gətirməkdən qorxmurdum.
- Bir
neçə filmə də çəkilmisiniz. Kino sizi teatr qədər cəlb edirmi?
- Eldar Quliyev "Girov"
filmini çəkəndə teatra zəng vuraraq "milli
sifətdə, qarabəniz bir qız lazımdır"
demişdi. Teatrda məni məsləhət gördülər.
Foto və kinosınaqdan uğurla
çıxdım. Düzdür,
mənə həvalə edilən rol epizodik də olsa, Eldar
Quliyevin çox xoşuna gəldi. Ondan
qabaq isə Ramiz Fətəliyevin "Bir anın
həqiqəti" serialında çəkilmişəm.
O filmə çəkiləndə nədənsə
məndə həyəcan olmadı. Bəlkə
də "Azdrama"dakı peşəkar aktyorların
arasında oynadığımdan özümə
təcrübə toplamışdım. Ona
görə məndə qorxu olmadı. Həm
də həmin filmdə kiçik bir epizodda çəkildim.
Bir otağın içində prezidentdən
müsahibə götürürəm. Bu,
kiçik bir anı əhatə etdiyi üçün
həyəcan olmadı. Eldar Quliyevin
filminə çəkiləndə 5 gün Qubada qaldıq.
Çəkilişlərin çətinliyini
görürdüm. Həyəcan vardı,
amma ürəklə yanaşırdım ki, uğurlu
alınsın. Kino mənim çox
xoşuma gəlir. Kinoda çox şey
öyrənmək mümkündür. Ona
görə də həmişə bu sahədə işimin
olmasını istərdim.
- Doğrudurmu,
ömrünü sənətə həsr edən aktrisaların
arzuları adi adamların arzularından fərqli olur?
- Hər bir aktrisa yaxşı
obrazlarla tanınmaq istəyir. İndi
tanınmaq o qədər də çətin deyil. Ancaq bir var bayağı verilişlərə
çıxmaqla, bir də var yaxşı mənada
tanınasan. Mən Hökumə Qurbanova, Barat
Şəkinskaya, Leyla Bədirbəyli, Şəfiqə
Məmmədova kimi tanınmaq istəyirəm. İstəyirəm
ki, məndən sonra sənətim qalsın. Həmçinin imkanım çatan
dərəcədə teatrın inkişafı
üçün də nəsə eləmək
istəyirəm. Hansı aktyor
yaxşıdır, ancaq kölgədə qalıbsa, ona da
kömək etmək istəyirəm. Ailə
səadətinə gəlincə, sənətimi də
ailəmi də, qorumağa çalışacağam.
Kaspi.-2007.-14 avqust.-S.16.