Vüsalə
Reklamın bərbad dili
Hacıəmi Atakişiyev:
“Problemlə bağlı işçi qrupu
yaradılmalıdır”
Çağdaş
dövrümüzdə reklamlar gündəlik
həyatımızda özünəməxsus yer tutur. Reklamı
«mədəniyyətin bir növü» hesab edənlərin
qənaətincə onların insan şüurunun, psixologiyasının
formalaşmasında böyük əhəmiyyəti var. Lakin
həyat tərzimizə və şüurumuza təsir
etmək gücünə malik olan reklamların nizamlanması,
reklam fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi
bərbad vəziyyətdədir. Şəhərin
küçələrində məzmunsuz, heç bir
əhəmiyyət kəsb etməyən reklam löhvələri
və bu löhvələrin harda gəldi, necə gəldi
vurulması ölkədə reklam işinin aşağı
səviyyədə olduğunu göstərir. Konkret misallar da
çəkə bilərik. Məsələn, «Stilin zərif
duyğusu», «Su həyat mənbəyi olaraq qalır»,
«Məndən yoxdur» və s. kimi reklam löhvələrinin
mahiyyətini anlamaq mümkün deyil. Digər bir
tərəfdən, telekanallarda nümayiş olunan bu tip
reklamları da nəzərə alsaq, onda bu sahədə
problemlərin nə qədər ciddi olduğunu görmək
o qədər çətin deyil. Amma nədənsə, reklam
fəaliyyətinə nəzarət etməli olan lazımi
strukturlar bu nöqsanlara göz yumur. Mütəxəssislər
də bu sahədə ciddi problemlərin olduğunu
düşünür.
Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyevin sözlərinə görə, hazırda Azərbaycanda reklam bazarının inkişaf səviyyəsi olduqca aşağıdır: «Reklam bazarının ən yüksək inkişaf səviyyəsi ötən əsrin 90-cı illərində olub. Səbəb «Əsrin müqaviləsi»nin imzalanması ilə bağlı Azərbaycana xarici investorların, böyük şirkətlərin axını idi». O bildirdj ki, 1997-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin Reklam Departamentində peşəkar mütəxəssislərin cəmləşdiyi «Şəhərin dili» şöbəsi yaradılıb. Lakin cəmi 1 il sonra həmin şöbə bağlanıb və məhz bundan sonra ölkədə reklam işinin səviyyəsi aşağı düşüb. H.Atakişiyev hazırda paytaxtın reklam dilinin bərbad olması fikri ilə də razıdır: «Bu problemdən hamı danışır. Amma konkret addım atan yoxdur. Bir neçə dəfə məsələ qaldırdıq ki, şəhərin reklam dili üçün xüsusi layihə proqramı hazırlansın və bu, normativ hüquqi sənəd formasına salınsın. Həmin sənəd bütün reklamvericilərə təqdim edilsin. Fikrimizcə, yazıçı və jurnalist birlikləri, Elmlər Akademiyası, BŞİH Reklamçılar İttifaqı, eləcə də digər uyğun təşkilatların mütəxəssislərindən ibarət işçi qrupu və ya Reklam Şurası yaradılmalıdır. Belə qurumlar xarici ölkələrin əksəriyyətində fəaliyyət göstərir».
Qeyd edilən problemi
tənzimləmək üçün
qanuni
bazanın mövcudluğunu lakin
işçi mexanizminin
olmadığını
bildirən ittifaq rəhbəri,
bunun bəzi əcnəbi reklarmçıların sərbəst fəaliyyətinə şərait
yaratdığını da
deyir: «Bəzən onlar hara
müraciət etmək lazım olduğunu
bilmədiklərini söyləyirlər.
Ona görə də reklam bazarının fəaliyyətini
istiqamətləndirmək məqsədilə
yuxarıda qeyd edilən işçi qrupunun yaradılması vacib məsələdir».
Mərkəz.- 2007.- 8 avqust.- S. 15.