Qaliboğlu E.

 

Yaradıcı adamları birləşdirən stimul yoxdur

 

Əsgər Əsgərov: "Sanki sənət söhbətləri də qeybə çəkilib"

 

"Xalq Cəbhəsi"nin bugünkü qonağı Akademik Milli Dram Teatrının rejissoru Əsgər Əsgərovdur. Onun teatr sənəti ilə bağlı maraqlı qənaətləri var. Rejisorla Azərbaycan teatrının dünyaya yeni səviyyədə çıxışının gərəkliyi ərəfəsində teatrlarımızın ideya və biçim axtarışları mövzusunda söhbət etdik.

- Bu gün Azərbaycan teatrının hərtərəfli inkişafının gərəkliyindən, perspektiv imkanlarından tez-tez danışılır. Teatrların köklü təmirinə başlanılıb, yeni ideyalar, dünya teatrları ilə əlaqələrdə yeni səviyyədə əməkdaşlıq üfüqləri görünür. Şəxsən mövcud gedişat sizə nə deyir?

- Artıq Azərbaycan teatrlarının dünya teatrları ilə yarışına start verilib. Bu gün bölgə teatrlarımız da əsaslı təmirə dayanıblar. Bundan sonra teatrlarımız fəaliyyət şəraiti, texniki avadanlıq sarıdan beynəlxalq teatrlar səviyyəsində hazır olmalıdır. Teatrların binaları həm də yenidən inşa olunur, müasir texniki avadanlıqlarla təmin edilir. 1-2 ildən sonra teatrlarımız yaradıcı baxımdan da estafeti mütləq qəbul edəcək. Gerçəkdir ki, artıq burada geriyə yol yoxdur. Hesab edirəm ki, teatrın potensial qüvvələrinin imkanlarına, nəyə qabil olması məsələsinə mütləq yenidən baxılmalıdır, "ələnmələr" getməlidir, yaxşını pisdən ayırmaq lazımdır. Məhz bu səviyyədən sonra teatrlarımızın dünya arenasına çıxarılmasından danışmaq olar.

- Akademik Milli Dram Teatrı həmişə Azərbaycan teatrlarının hər mənada öndə gedəni hesab edilib. Amma bu gün teatrın böyüklüyünü, əvəzsizliyini, başqalarından fərqliliyini təyin edən sizcə, nədir?

- Düzdür, bizim teatr həm yaşına, həm də tutduğu mövqeyə görə həmişə flaqman olub. Ənənəni bu gün hər kəs bir cür anlayır və qəbul edir. Biri deyir vaxtilə burda Abbas Mirzələr, Ələsgər Ələkbərovlar çalışıblar, onların ənənələrini saxlamaq lazımdır. Amma hansı ənənələri? Əgər müasir dövrdə başqa bir oyun üslubu, tərzi tələb olunursa, deməli, hardasa bu ənənələr fərqli bir tərzdə saxlanılmalıdır. Hər halda bunun dəqiq biçimini deyə bilmərəm. Biz demirik ki, keçmişə top ataq, onu dağıdaq. İndi yeni ifadə vasitələri, üsulları, aktyor oyunu mövcuddur. Bu gün psixotexnikadan artıq bütün dünya teatrlarında istifadə olunur. Artıq aktyor sənəti böyük bir elmə çevrilib. Aktyorun öz üzərində işləməsini bir tədqiqatçının mövzu üzərində işləməsi ilə müqayisə etmək olar. Hər bir aktyor öz rolu üzərində dönə-dönə işləyir, fikirləşir, axtarır, nəhayət, tapır. Rejissorun qurduğu hər bir əsər də elmi tədqiqat işinə bərabərdir. Bu sənət nümunələri çoxillik araşdırmalardan sonra meydana çıxır. Bütün yenilikləri mütləq nəzərə almaq lazımdır. Bu səbəbdəndir ki, teatr sənəti olduqca çətin bir prosesdir. Teatrların təmiri başa çatmadığından hələ daha dərindən düşünməyə və birdəfəlik köklənməyə böyük vaxt imkanımız var.

- Dünyadakı yeni yaradıcılıq nəfəslərinin Azərbaycan teatrlarına tətbiqi nə dərəcədə mümkündür?

- Bütün inkişafların təməlində mütləq nədənsə bəhrələnmə olur. O baza hər bir mərhələdə, hər bir cərəyanda dominant rol oynayır. Tutalım, yunanların amfiteatrdan başladığı inkişaf mərhələsi bir çox Avropa teatrlarında indi də dominant rolunu oynayırsa, Azərbaycanın da özünün vaxtilə olmuş meydan tamaşaları dominant rolunu oynayacaq, teatrlarımızın qabağa getməsinə, buradan təkanını almasına, inkişafına kömək edəcək. Amma indi səhnədə şah obrazını yaratmaq üçün şahın tacını, saqqalını qoymaq, səhnədə şah sarayını yaratmaq və s. artıq tamaşaçıları nəyəsə konkret inandırmır. Artıq bunun ifadəsi üçün yeni orta bir məxrəc tapıb təqdim etmək gərəkdir. Onu da deyim ki, bu məsələ artıq dünya praktikasında yeni deyil.

- Bəs bu vaxtacan olan qayda təbiilik sayılmırsa, o zaman əsil təbiilik necə olmalıdır? Yazda Bakı Kamera Teatrının təqdimatında Şekspirin "Otello"suna baxdım, orada Otello və digər surətlərin çoxu müasir Avropa geyimmlərində idilər. Həmçinin Gənclər Teatrının "Mürafiə vəkilləri"nin müasir variantı da bu tipdədir, haradasa dediyiniz o standarta da uyğun gəlir. Amma bu müasirlik nə dərəcədə teatr təbilliyi hesab oluna bilər?

- O tamaşaya mən də baxmışam. Bütün bunlar rejissorun yozumudur. Olur ki, rejissor bu gun üçün həmin problemi səhnəyə gətirir ki, məsələ necə aktualdır. Bu gün Şekspirin əsərlərinin müasir variantları səhnələşdirilir, filmləşdirilir. Baxırsan ki, sözlər yerindədir, amma müəyyən fərqlər var. Firmada gedən proseslər müasir Hamleti mübarizəyə sövq edir. Əmisi atasının firmasını ələ keçirmək istəyir. Müasir telefonlar, avtomat tapançalar; bütün bunlar 500 il əvvəl mövcud olan problemin bugün də ölmədiyini, əksinə, təəssüf ki, mövcud olduğunu göstərmək üçün rejissorların yozumlarıdır.

"Otello"nu oxuyub görürəm ki, onun doğulduğu Mavritaniya sivilizasiyanın önündə gedən ölkə idi. Artıq oranı ingilislər gəlib zəbt etmək istəyəndə bunlar deyiblər ki, buyurun, götürün. Yəni ki, savaş olmayıb. Belə səviyyəyə qalxan ölkədən çıxmış Otello gəlib düşmənin tərəfində sərkərdəlik edir. Nə dərəcədə bu, düzgündür: hansısa bir Yaqonun yaratdığı dəsmal qalmaqalına uyur, məsələni araşdırmadan Dezdemonanı öldürür.

"Kral Lir" də Kral Lir ağıllı bir dövlət başçısıdır, birdən-birə necə olur ki, bütün hakimiyyətindən imtina edir, hər şeyi üç qızına verir, özünə heç nə saxlamır. Hansı kəs bunu edər? Biz bunu eləyərikmi: tutalım, sabah uşağını evləndir, özün evdən çıx get. Heç olmasa, özünə bir otaq saxlayarsan ki, yaşaya biləsən. Amma bu boyda kral tamam hər şeydən imtina edir. Görəsən, kral niyə bütün hər şeydən imtina edir? Bunların səbəbini səhnədə göstərmək daha çətin, dərindir.

Hamletə əyan olur ki, atasını öldürən əmisidir. Görəsən, Hamletin yoxlamaları niyə bu qədər uzanır, əmisini niyə axırda öldürür? Doğrudan da Şekspirin "niyələrinin" çoxunun cavabı var və bunları araşdırmaq olar. Bunlardan birinə varaq. Şekspirin dövründə deyirdilər ki, insana hakimiyyət Allah tərəfindən verilir. Əgər bu, kraldırsa, deməli, Allah belə məsləhət bilib. Kral Lir Allaha qarşı çıxır. Deyir, hakimiyyəti mənə Allah verməyib, özüm almışam. İnanmırsınız, hakimiyyətdən imtina edim, gəlim bir də oturum. Və imtina edir, yenidən hakimiyyətə gəlmək uğursuz alınır. Bu, daha dərin, böyük problemdir, nəinki təqdim edəsən ki, qoca kişi idi, ağlı çaşmışdı, üç qızı vardı, hər şeyi onlara verdi, küçələrə düşdü, sərgərdan oldu. Amma burada motiv daha dərindir, Allaha qarşı üsyan var.

- Əslində bu böyük nümüunələrdən sonra yeni əsərlər yaranmaq əvəzinə getdikcə bu tipli əsərlər üzərində yozumlar aparılır. Belədə həm də dünyada eyniləşmə bəlası artır.

- Müasir dramaturgiya bəzən elə bir bəsit forma alır ki, əgər o, sözün əsil mənasında varsa, hamı ondan beşəlli yapışardı. Bu gün vaxtaşırı Azərbaycanın bir çox teatrlarında müasir dramaturqlara müraciət olunur. Bir var deyəsən, böyük istedadlar kənarda qalıb, diqqət yoxdur.

Olsaydı, görünərdi. Hələ ki, bir partlayış yoxdur. Bəzən yalançı şişirtmələr olur, amma ki, partlayış olmur. Onlar da dramaturqları deməzdim təkrarlamağa çalışırlar, çox zaman yaxın düşmürlər. Amma görürsən ki, ordan nəsə götürdü, burdan nəsə götürdü; baxırsan ki, özününkü deyil.

- İstək odur ki, təməl üstə yeni, güclü, xəlqi əsərlər yaransın.

- Görmürük, ona görə ki, bu gün öz Füzulimizi, Nəsimimizi, Cavidimizi, Sabirimizi və başqalarını dərk edib onları tam mənasıyla ortalığa çıxara bilmirik, nəinki onlardan qidalanaq. Çoxları bunları oxumur.

Dramaturq yazmalıdır, rejissor meydanda olanları bilməlidir, təhlil etməlidir. Yəni axtarışlar hər zaman davam etməlidir. Bəzən görürsən ki, sanki sənət söhbətləri də qeybə çəkilib. Sanki yaradıcı adamları birləşdirən bir stimul yoxdur. Yaxud birinin ürəyi doludur, amma ürəyini boşaldacağı adam yoxdur.

- Bu gün güzərançılığın psixologiyası adamlara daha çox təsir etməkdədir.

- Sənətdə iz qoymuş adamlar da süd gölündə üzməyiblər, onların da hər birinin kifayət qədər maddi qayğıları olub.

- Yaradıcıcılığınızda təzə nə yeniliklər var?

- Rafiq Babayev haqqında filmi başa çatdırdım. Film "Lider"də çəkilmişdi, 50 dəqiqəlik idi. Hamı tərəfindən bəyənildi. Bu yaxınlarda Abdulla Şaiqin "Eloğlu"sunu səhnələşirdim. Bir neçə tədbirlərə rejissorluq etdim. Bəzən bu tədbirlər doğrudan da tamaşaya bənzər bir iş olur.

Hazırda Gəncənin 2500 illiyi ilə bağlı "Şəhər günü" adlı monumental bir tədbirin rejissorluğu mənim boynumdadır.

Teatra bir neçə əsər təqdim etmişəm. Teatrın rəhbərliyi hansını bəyənsə, o da gerçəkləşəcək. Aqata Kristinin "Tələ" əsərini başlamaq istərdim. Həmçinin rəhbərliyə Şekspirin "Romeo və Cülyetta" əsərinini də təqdim etmişəm.

- Bir aktyorun başqa-başqa teatrlarda çalışmasına necə baxırsınız?

- Sovet dövründə də bu, olub. Xüsusən bu, bölgə teatrları üçün yaxşı əlamətdir. Bölgəyə gedən aktyor orada istedadlı bir aktyoru görür, onun sorağını Bakıya gətirir. Bu, həmin aktyorun talantının görünməsi, bilinməsi üçün yaxşı bir imkan olur.

- Başqa teatrların tamaşalarına gedirsinizmi?

- Çalışıram dəvət olunduğum tamaşalardan qalmayım. Amma gərək mümkün qədər yaxşısına gedəsən. Yəni gedib qeyri-adidliklə rastlaşacaqsansa, baxmağa dəyər

 

Xalq cəbhəsi.-2007.- 30 avqust.-S.14.