Xatun

 

Kimsənin sənəti ucuzlaşırmağa haqqı yoxdur

 

Nəzakət Teymurova "bəziləri özlərini müğənni adlandırmaqla bizlərə problem yaradır" deyir

 

Xalq artisti Nəzakət Teymurova Avropaya yollanır. Xanəndə konsert verəcəyi ölkələrin adlarını açıqlamasa da, proqramlar üçün yeni ifalar hazırladığını deyir. Avropanın iki ölkəsində olacaq: "İndidən ətraflı söz deyə bilmərəm. Çünki təşkilat komitəsi proqramın hansı məkanda və hansı tarixdə keçiriləcəyini dəqiqləşdirir. Təxmini versiyaya görə, konsertin noyabrda keçirilməsi gözlənilir. Səfərə hazırlaşıram və inanıram ki, uğurlu olacaq".
Xatırladaq ki, ötən ildən Azərbaycan Milli Konservatoriyasında müəllim kimi çalışan Opera və Balet Teatrının solisti Nəzakət Teymurovanın tələbələri artıq bir sıra muğam müsabiqələrinin qalibləri olublar. A.Zeynallı adına Musiqi Kollecində də 3 ildən bəri tələbələr yetişdirdiyini diqqətə çatdıran xanəndə xanım sənət aləminə nəzər yetirdi. O qeyd etdi ki, son illər oxuyanların sayı çoxalıb. İfaçı hesab edir ki, onların əksəriyyətinin nə səsi, nə də qabiliyyəti var: "İndi səhnəyə çıxmaq, mahnı oxumaq çox "asanlaşıb". Amma baxırsan ki, çoxunun nə səsi, nə musiqi duyumu, nə də səhnə mədəniyyəti yerindədir. Belələri özünü müğənni alandırmaqla bizlərə də problem yaradırlar. Ümumiyyətlə, oxumağı həddindən artıq ucuzlaşdırıblar".
Nəzakət Teymurova hesab edir ki, müxtəlif düşüncə tərzinə malik bu müğənnilər özlərinə kənardan tamaşa etməyi unudurlar."Əgər bir dəfə özlərinə kənardan baxsalar, necə gülünc göründüklərinin fərqinə vararlar. Mənim bildiyim sənət və sənətkar həmişə müqəddəs, hörmətə layiq olub. Kimsənin sənəti bu qədər ucuzlaşdırmağa haqqı yoxdur", - deyə o əlavə etdi. Xanəndə hesab edir ki, vəziyyətin bu həddə gəlib çıxmasında özəl televiziya kanallarının rolu az deyil: "Vaxt vardı, efirə çıxmaq prestij sayılırdı. Amma indi kim gəldi, pulunu verib efirə çıxır. Nəticədə nə baş verir? Tamaşaçının musiqi zövqü korlanır. Çünki bu müğənnilər onlara ayrılan efir vaxtından istifadə edərək bayağı musiqiləri seyrçiyə həzm elətdirməyə çalışırlar. Təəssüf ki, bəzən seyrçi də onların dalınca gedir. Bu da zövqsüz mahnıların ayaq açmasına gətirib çıxarır".
Nəzakət Teymurova hesab edir ki, şou-biznesdə bugünkü vəziyyət ailədən də yan keçmir. "Yoldaşımın musiqiyə böyük hörmətinə baxmayaraq, mənim ailəmdə də zaman-zaman problemlər yaşanır. Doğrudur, qəti olaraq sənətdən uzaqlaşmağımı hələlik şərt olaraq qarşıma qoymayıb. Sadəcə, mövcud vəziyyət bəzən gərginlik yaradır", - deyə o bildirdi. "Bəs hər hansı qadağalarla üzləşmisinizmi?" Sualı cavablandıran N.Teymurova "bu, əsasən səfərlərlə bağlı olur. Qızım tək qalmasın deyə, bəzən mən də uzaq səfərlərdən imtina edirəm", - dedi.
Öyrəndik ki, musiqinin çətinliklərinə görə müğənni qızının bu sənət yollarında əziyyət çəkməsini istəmir: "Hər bir valideyn kimi, mənim də arzularım var. Açığı, qızımı həkim görmək istəyirəm. Buna baxmayaraq, musiqi duyumu var, piano da çala bilir. Sadəcə, özü üçün öyrənsin, etiraz etmirəm. Amma müğənni olmasının qəti əleyhinəyəm".
Opera sənətinin çətinliyindən danışan ifaçı qeyd edir ki, burada xanəndənin ifası adi müğənninin ifasından seçilməlidir: "Çünki opera səhnəsində biz hansısa əsəri ifa etməklə yanaşı, obrazı da canlandırırıq. Yəni tamaşaçı məni səhnədə Nəzakət Teymurova kimi görüb, qəbul edir. Operada isə mən Leylinin və ya Şahsənəmin taleyini yaşayıram. Onların dərdini, duyğularını tamaşaçıya çatdırmalıyam.
Əlbəttə, seyrçi bu fərqləri hiss etməlidir

 

Ayna.-2007.- 23 avqust.-S.8.