Məhərrəmova T.
Əziyyət
çəkən insan üçün yol açılır
Əvəz Abdullayev, bariton: "Xaricdə
publika
qarşısına imtahana, bizdə isə
tamaşaya çıxırsan".
Opera
və Balet Teatrının kollektivi "Münhen Opera
Festivalı"ndan zəngin təəssüratlarla geri
dönüb. Latın Amerikasından tutmuş Koreyaya
qədər opera solistlərinin iştirak etdiyi festivalda
Azərbaycan Opera və Balet Teatrı bir neçə konsert,
həmçinin Cüzeppe Verdinin "Bal maskarad" və
Rossininin "Sevilya bərbəri" operalarını
təqdim edib.
Teatrın solisti,
Əməkdar artist Əvəz Abdullayevlə
söhbətimizə festival barədə
təəssüratlarından başladıq:
Varlıların
entuziazmı
- "Münhen Opera Festivalı"
Avropada hər il keçirilən
nüfuzlu bir festivaldır. Bu festival
Münhenlə Zasburq arasında yerləşən Badendorf
şəhərində keçirilir. Bu
tamaşaların hər biri 7-8 dəfə oynanmasına
baxmayaraq, hər dəfə anşlaqla keçdi. Festivalda çox məşhur diriyorları Münhen
orkestrinin baş diriyoru və Karneliya Fon Festivalın
diriyorları iştirak edirdilər. Final
konsertinə bizim Opera Teatrının orkestri də
dəvət almışdı. Sonuncu
konsert Azərbaycan müsiqisinin daha çox
səslənməsi baxımından əhəmiyyətli idi.
Polad Bülbüloğlu da festivalda iştirak
edirdi. Onun "Eşq və
ölüm" baletindən iki hissə ifa olundu.
- Festivalın
nəticəsi necə oldu? Hər hansı
nominasiya nəzərdə tutulmuşdumu?
- Bayaq dediyim kimi bu dəfə Opera
Teatrının orkestri festivalın final konsertinə
dəvət almışdı. Gələn il
isə festivalın bütün günlərində iştirak
etmək üçün dəvət almışıq. Həmçinin bizi birinci solistlər kimi
dəvət ediblər. Bu, çox
böyük uğurdur.
Nominasiyalara gəlincə,
bu, sadəcə festival idi. Camaat adi bir tamaşa
kimi gəlir, baxır, maraqlanırdı. Almaniyada
bu cür festivalların təşkili sistemi çox
maraqlıdır. Yəni, belə
festivalların keçirilməsində dövlət
maraqlı deyil. Sadəcə, varlı
adamlar yığışaraq istədikləri operalardan
festivallar təşkil edirlər. Burada
əsasən entuziazm rol oynayır. Bizdə
muğam sevildiyi kimi, onlarda da opera sevilir. Ona
görə də belə konsertlərin, festivalların
təşkilinə köməklik edirlər.
- Festival
iştirakçıları musiqimizi necə başa
düşdülər? Azərbaycan musiqisi onlar
üçün anlaşıqlı idimi?
- Almaniyada bizim musiqini gözəl
başa düşürlər. "Sevgilim"
romansını eşidəndə "Bu, nə musiqidir?"-
deyə heyrət edirdilər. Bir çox insanlar bizə bu sualla yaxınlaşırdı.
Arabir də "Siz, Ərəbistana
yaxınsınız" -deyə soruşurdular. Bizim solistlərin səs tembri Avropanın çox
solistlərininkindən yüksəkdir. Ona
görə də ifalarımızı eşidən kimi
"gələn il sizi yenidən dəvət
edəcəyik" dedilər.
- Gərək ki,
siz orkestrin üzvlərindən fərqli olaraq Münhenə
iki ay qabaq yollanmışdınız. Məqsəd
praktika keçmək idi, yoxsa qastrol?
- Praktika məqsədi vardı. Lüdviq Bauman və onun yoldaşı Karneliya
xanım ustad dərsləri keçirdilər. Həmin dərslərdə böyük
məmnuniyyətlə iştirak edirdim. Almanların
əsərlərini oxuyarkən onlar səhvlərimi
düzəldir, istiqamət verirdilər. Bu tamaşalardan
əlavə kultur proqramı
əsasında müxtəlif muzeyləri, qədim yerləri,
Motsartın evini və s. tarixi yerləri gəzdirirdilər. Ümumiyyətlə, təəssüratlar çox
gözəldir.
- Bəzən
belə festivallar, konsertlər sənətçilərin
qarşısında gözləmədikləri qapını
açır. Sizin üçün belə bir sürpriz
olmadı ki?
- Onlar məni birinci solist kimi
dəvət etdilərsə, bu, elə qapı deməkdir.
Bundan əlavə, bir neçə agentlə
-
Maraqlıdır, belə yüksək sənət
məkanından Azərbaycana qayıdanda nə
fikirləşdiniz?
- Havamız çox çirklidir.
- Təkcə
havamı?
- Yox, təkcə hava deyil. Bu gün bizdə şou-biznes daha
üstündür. Bu, bizim
günahımız deyil. Bizdə klassik
musiqinin təbliğati, reklamı çox azdır. "Leyli və Məcnun", "Sevil",
"Koroğlu" kimi tamaşalar oynananda zaldakı boş
yerləri görəndə adama pis təsir edir. Çünki insanlar həmin gün teatrda hansı
tamaşanın olduğundan xəbərsizdirlər.
Təkcə afişalarla iş düzəlmir. Türkiyənin
özündə o qədər tanınmayan popstarlar, meqastarlar
Bakıya gələndə stadion ağzınacan dolur. Qəzetlər yazır, küçələrə
afişalar vurulur. Ancaq "Leyli və
Məcnun" göstəriləndə nə qəzetdə,
nə də televiziyada reklamı gedir.
Bizdə də
belə olsaydı...
-
Həmkarınız Samir Cəfərov qəzetimizə
müsahibəsində "Bakıdakı musiqi ocaqları
yalnız əyalət təhsili verir. Vokal sənətinin
incəliklərini öyrənmək üçün
yalnız Avropaya və ya ən azı Rusiyaya can atmaq
lazımdır" demişdi. Siz də bu
fikirdəsiniz? Yoxsa aldığınız
təhsili mükəmməl hesab edirsiniz?
- Mən ilk təhsilimi Aviasiya
Akademiyasında almışam. İxtisasca
mühəndisəm. Ondan sonra Musiqi
Akademiyasın da məşhur boriton Mürsəl Bədirovun,
daha sonra Fidan Qasımovanın sinfində oxumuşam. Düzdür, Samirin dediyi kimi müəyyən
çətinliklər vardı. Ancaq
Əbülfəs Qarayev nazir təyin olunandan sonra
müəyyən irəliləyişlər var.
Gəncləri təcrübə keçmək
üçün xaricə göndərirlər. Mübadilə mədəniyyəti olmalıdır.
İstərdik ki, xaricdən də solistlər,
diriyorlar gəlsin, onların ifalarına qulaq asaq və biz
də ora gedək.
Məsələn, Almaniyadakı
solistlərin hər birinin öz məktəbi var. Qulaq asanda
özün seçməyə başlayırsan. Adam cavan
olduğu üçün çox şey öyrənmək
istəyir. Bizdə problem əsasən
maliyyə ilə bağlıdır. Belə
bir layihədə iştirak etmək çox baha başa
gəlir. Ona görə də solistləri
tək-tək göndərirlər. Bu
isə çox azdır.
- Hər bir opera
solistinin arzusu daha böyük səhnələrə
çıxmaqdır. Bu mənada harada oxumaq
istərdiniz?
- O qədər məşhur teatrlar
var ki...
- Bəs niyə
arzularla imkanlar üst-üstə düşmür?
- Azərbaycan Avropadan bir az aralıdır. Buradan Avropaya
çıxmağın müəyyən
çətinlikləri var. Bizdə struktur da başqadır.
Azərbaycandan çıxmaq üçün
pul lazımdır.
Ancaq özümüzdə
teatrın direktoru Akif Məlikov cavanlara çox
köməklik göstərir. Məsələn, 20 il
bundan əvvəl qoyulan "Riqoletto" və
"Trubadur" operasında gənclərin oxumasına imkan
yaratdı. Bundan əlavə "Bohema",
"Traviata" operalarında oynamışıq. Əlbəttə, bu tamaşaların daha çox
olmasını istərdik.
- Gərək ki,
"Koroğlu" operasında da gənclərə
üstünlük veriləcək.
- Koroğlunu Samir
Cəfərov hazırlayır. Mən isə
Həsən xan rolunu oynayacağam. Düzdür, bu obraz
bir az yaşlı adam üçün daha
münasibdir, ancaq "Riqoletta"dan sonra məncə bu
barədə də fikirləşmək olar. Çünki
mən heç vaxt Azərbaycan operalarında
çıxış eləməmişəm.
- Bəs bizdə
sponsorların sənətə marağını hiss
eləmirsiniz?
- Qətiyyən hiss eləmirəm
ki, bizdə sponsor var. Bizdə bu sistem işləmir. Nə olursa, hökumət tərəfindən
həyata keçirilir. Vaxtilə Hacı
Zeynalabdin Tağıyev özü kimi varlı insanları
başına yığıb "gəlin, bunlara kömək
edək" deyirdi. İndi hamı
dildə "Vətən, mədəniyyət" deyir.
Xaricdə bizim mədəniyyətimizlə
yüksək qiymət var. Ancaq gəlin özümüz
də ona qiymət verək. Xaricdə
proqram əsasında imkanlı adamların gəlirindən 5
faiz mədəni layihələrin həyata
keçirilməsinə yönəldilir. Əcnəbi
varlı adamların Bakıdakı "Roto-reklam" klubu kimi
xaricdə də klublar var. Onlar tamaşadan sonra
yığışaraq gələn il
hansı tamaşalara qulaq asmaq istədiklərini
müəyyənləşdirir və bunun əsasında
festivalı təşkil edirlər. Bizdə də belə olsaydı,
yaxşı olardı!
Dünyagörüşümüz
azdır
- Dediniz ki,
xaricdə bütün tamaşalarınız, konsertləriniz
anşlaqla keçdi və tamaşaçılar bütün
ifalara həssaslıqla yanaşıblar. Bəs
bizdə publikanın dinləmək mədəniyyəti
necədir?
- Azərbaycanda Opera Teatrı da,
orkestri də yeganədir. Xaricdə isə
belə deyil. Qərb operanın
məkanıdır. Operanı italyan
dilində oxuyanda bilirsən ki, zalın yarısı
əsərin sözlərini əzbər bilir. Bizdə isə bu cür fanatlar çox azdır.
Orada sanki publika qarşısında imtahana,
bizdə isə tamaşaya çıxırsan. Bir neçə dəqiqə onların
imtahanından keçdinsə, sonra tamaşaya baxmağa
başlayırlar. Ancaq onu da deyim ki, bizim
tamaşaçılar daha səmimidir. Almanları
isə bir qədər silkələmək lazımdır.
Buna isə vaxt çox gedir. Bununla belə, konsertdən sonra onlar bizə çox
səmimiyyətlə yaxınlaşdılar. Hətta bizdən ayrıldıqları
üçün ağlayanlar da oldu. Lüdviq Bauman dedi
ki, bunlar çox nadir hallarda belə reaksiya verirlər. Bunlar soyuq insanlardır, ancaq necə təsir
etmisinizsə, ağlayırlar. Mən
belə münasibəti olduğum digər
ölkələrdə - İtaliyada, Romada, Fransada, Rusiyada da
görmüşəm. Xaricdə musiqimizi
başa düşürlər. Sözlərini
anlamasalar da reaksiya verirlər. Onlar
çox duyğusal insanlardır.
-
İtaliya - operanın vətəni yaddaşınızda
necə qalıb?
- Romada italyan operalarından ibarət
ariyalar ifa etdim. Onlar inana bilmirdilər ki, mən
İtaliyada birinci dəfəyəm. Deyirdilər
ki, yəqin Milanda və
- Xaricə
səfərləriniz praktika baxımından sizə nə
verir?
- Dünyaya bir az
gözümü açır. Bilirsən ki,
orada adamların zövqü necədir. İnsanların
nəyi sevdiyini öyrənirsən. Yaxşı
mənada nəsə oğurlamaq istəyirsən. Bir sözlə, məktəbdir. O cür ustad
dərslərini burda da yaratmaq olar. Düzdür, Yelena
Obraztsova, Qalina Vişnevskaya burada ustad dərsləri
keçirlər. Əbülfəs Qarayevlə
də bu barədə danışmışıq. Belə ustad dərsləri çox olsa, daha
yaxşı olar. Qapılar açıq
olmalıdır. Gərək qonaq
gəlsin, sən qonaq gedəsən. Bunsuz
mümkün deyil. Bizdə kişi
tembrlər çox azdır. Demək olar ki,
cəmi bir nəfər qalıb. Ona
görə də xaricdən ustad dərsləri
keçməyə gəlsələr, daha yaxşı olar.
Məsələn, orada baritonları
dinləmək mənə çox maraqlı oldu. Məktəb lazımdır - oxumaq heç kimə
ziyan verməz.
-
Gördükləriniz və eşitdiklərinizlə
müqayisədə Azərbaycan opera məktəbinə
necə qiymət verərdiniz? Samir Cəfərovun dediyi kimi
əyalət məktəbi, yoxsa öyrənmək
üçün Avropaya can atan gənclərin marağı?
- Çətin sual oldu... İnkişafa doğru irəliləyiş var, ancaq
zəifdir. Çünki
dünyagörüşümüz bir az
azdır. Biz onların məktəbi ilə
- Bu gün vokal
sənətinə tələbələrin axını
necədir?
- Yaralı yerimizdir. Oxumaq
istəyirlər, ancaq birinci kursda pul qazanmaq haqqında
fikirləşib şou-biznesi üstün tutur, restoranlarda
işləməyə başlayırlar. Bu
baxımdan axın çox zəifdir. Konservatoriyaya
gələnlər çoxdur, ancaq bitirənlər azdır.
Təbliğat və sponsor lazımdır. Opera
yolu çox çətindir, ancaq imkanlı adamlar bu yolu
fikirləşsələr, bu yolla da pul qazana bilərlər.
Xaricdə agentlər solistlərlə
müqavilə bağlayır və 20 faiz qazanc
götürürlər. Bizdə də
bunun yolunu tapmaq lazımdır.
- Dediniz ki,
gözəl səslər çoxdur, bu sənətə
gəlirlər, ancaq qalmırlar. Onda belə
çıxır ki, siz fanatlarsınız?
- Bəli... Düzdür,
iki ay bundan qabaq mənimlə Samir Cəfərova
Əməkdar artist fəxri adı və prezident
mükafatı verdilər. Bu
yaxşıdır. Ancaq şou-bizneslə
tərəziyə qoyanda onlar üstün gəlir.
Sən
təyyarə ilə uçacaqdın...
- Bayaq ixtisasca
mühəndis olduğunuzu dediniz. Solist kimi
oxumağa başlayandan sonra mühəndisliyin
daşını birdəfəlik atdınız?
- Demək olar ki, hə... Aviasiya Akademiyasında oxuyanda səsimin olduğunu
bilmirdim. Televizora baxa-baxa özüm
üçün oxuyurdum. Sənətə
gəlməyimdə Respublika Qadınlar Cəmiyyətinin
sədri Zemfira Verdiyevanın çox böyük
köməkliyi oldu. Bu sənət məni
daha çox cəlb elədi. Özümü burada balıq
suda olan kimi hiss edirəm.
- Opera
Teatrının səhnəsinə yol tapmaq çətin
olmadı ki?
- İnstitutun sonuncu kursunda
oxuyanda Akif Məlikov məni Puçininin "Bohema"
tamaşasına dəvət elədi. Yəqin ki,
bacardım. Çünki ondan sonra
mənə rollar verdilər. İlk səhnə
təəssüratlarım da xoş oldu. Həsən
Enami və Gülnaz İsmayılova ilə səhnəyə
çıxdım. Artıq
ilyarımdır ki, operanın solistiyəm. Hər dəfə də səhnəyə eyni
həyəcanla çıxıram. Tamaşa
boyu həyəcan adamı tərk eləmir. Sanki ölməlisən, əvəzində yeni insan
doğulmalıdır. Mən
"Riqoletto"nu sonuncu dəfə oxuyanda sanki
yavaş-yavaş ölürdüm. Sonra
yeni bir insan doğulurdu. Tamaşadan sonra
güclə özümə qayıdırdım. Bu bariton üçün ən mürəkkəb
operalardan biridir.
- Hər
dəfə "ölmək", yenidən
"dirilmək" çətin prosesdir?
- Çətin də olsa,
maraqlıdır. Özündə nəsə
yeni rənglər, yeni üzlər tapır, sanki
özünü təzədən tanıyırsan. Fikirləşirsən ki, içimdə yeni insan var.
Bu, çox maraqlı prosesdir.
- Heç o
barədə fikirləşmisinizmi, bəlkə
mühəndis işləsəydiniz, daha imkanlı
olardınız, nəinki opera solisti kimi.
- Çox fikirləşmişəm.
Aviasiya Akademiyasını qurtarandan sonra yapon
mətbəxində aşpaz işləyirdim. Bəlkə də orada işləsəydim,
qazancım buradakından da çox olardı. Ancaq dünyagörüşüm belə olmazdı.
Biz öz sənətimizə entuziazmla yanaşırıq.
Pulun olub-olmayacağı ikinci
məsələdir. Şou-biznesdə "filan iş
mənə gəlir gətirəcək" - deyə
fikirləşirlər. Bizdə isə belə
deyil. Bu, çox mürəkkəb və
çətin yoldur. Mən
Konservatoriyanı iki dəfə atmaq istəmişəm.
Bütün sənədlərimi
yığıb pul qazanmağa getmək istəyirdim. Hətta bir dəfə Bakı-Ceyan layihəsi
ilə Mingəçevirə aşpaz işləmək
üçün getdim. Bir həftə
qalandan sonra başa düşdüm ki, gərək pulu
fikirləşməyəsən. Yenidən
qayıtdım. Allah bu səsi veribsə,
qalanlarını da verəcək.
-
Maraqlıdır, sizi mətbəxə çəkib aparan
hansı həvəs idi?
- Ailəmizdə bacılarım
yaxşı konditer, anamsa aşpaz idi. Həmin
izlərlə gəlib mətbəxə düşdüm.
Dostum yapon mətbəxində işləyirdi.
Hərbi xidmətdən qayıdandan sonra
işsiz olduğum üçün onun dəvəti ilə
yapon mətbəxində işləməyə başladım.
Sonra baş aşpaz kimi
çalışdım. Elə
mətbəxdə də oxuyurdum. Sonradan bu
sənətdən əl çəkib Musiqi Akademiyasına
getdim. Ancaq bişirmək
vərdişimdən hələ də əl
çəkməmişəm. Fərqi
yoxdur, insanlar istər aşpaz kimi bişirdiklərini
yeyəndə və yaxud səhnədə səni
dinləyəndə sevinirlərsə, bu, hər şeyə
dəyər. Demək, nəsə yarada
bilirsən. Artıq 5 ildir ki, bu
sənətdəyəm. Özüm-özümə
inana bilmirəm ki, bunları edirəm. Hər
dəfə səhnəyə çıxanda
gözlərimə inanmıram: "axı sən bunu
oxumamışdın, sən təyyarə ilə
uçacaqdın. İndi isə
səhnədə oxuyursan"- deyə öz-özümə
deyirəm.
- Onda belə
çıxır ki, səhnənin romantikası
göylərinkindən daha cəlbedicidir?
- Səhnədə oxuyanda elə
göylərə qalxır, həmin hissləri
yaşayırsan. Ancaq hər dəfə
səhnəyə çıxanda fikirləşirəm ki,
istədiyim alınmır. Bunu daha da
yaxşı eləmək olardı. Hələ
özümdən razı deyiləm.
- Bu bəlkə
özünüzə qarşı sadəcə bir
inamsızlıqdır?
- Bu, həm
tələbkarlıqdır, həm də təcrübə
azlığı. Gərək çox oxuyasan.
Ancaq inanıram ki, hər şey yaxşı
olacaq. Əziyyət çəkən insan
üçün yol açılır.
Kaspi.-2007.-
18-20 avqust.-S.22-23.