Bu gün Afaq Bəşirqızının ad günüdür

 

Atam sağ olsaydı, mən bu sənətə gəlməzdim

 

Aktrisa Afaq Bəşirqızı sənətdə ifa etdiyi rollarla milyonların sevgisini qazanıb. Bu istedad ona atasından keçdiyini söyləyən aktrisa "Hər yerdə, bütün müsahibələrimdə bunu xüsusilə qeyd edirəm ki, bəlkə atam sağ olsaydı, mən bu sənətə gəlməzdim. Çünki inanmıram ki, o mənim aktrisa olmağıma imkan verərdi" deyə vurğuladı.
   Evlərinə daim böyük aktyorların gəlib-getdiyinin söyləyən Afaq xanım onları hər zaman həvəslə izlədiyini gizlətmədi: "Mən aktrisa olmaq qərarına birdən-birə gəldim. Əslində şərqşünas olmağı arzulamışam. Hətta aktrisalığa yeni başlayanda şərqşünaslara baxıb həsəd aparırdım. Amma sonralar tamaşaçı sevgisini qazandıqdan sonra düşündüm ki, səhv etmişəm.
   Yaxşı ki, aktrisa oldum". Özünü xoşbəxt hiss etdiyini deyən aktrisa bu qədər tamaşaçı alqışı, tamaşaçı sevgisi ilə əhatə olunduğunu söyləyərək yaratdığı rolların müqabilində xalqdan bu mükafatı aldığını qeyd etdi":. İfa etdiyim hər bir rol mənə doğmadır, onları öz balam kimi sevdiyim üçün arada ayrıseçkilik sala bilmərəm. Çünki tamaşaçı məni tək bir rola görə yox, hərə bir rola görə rəğbət bəsləyib.
   Ad gününə gəldikdə isə Afaq xanım "bunu ailəmin mənə yaxın olan bir neçə sənət dostumun əhatəsində, ev şəraitində qeyd edəcəm" deyə bildirdi. 52 yaşını qeyd edən aktrisa hazırda çalışdığı Musiqili Komediya Tetarının kollektivinin onun ad gününə Əli Əmirlinin "7 məhbusə anası" tamaşasını həsr etdiyini bildirdi. Lakin qeyd edək ki, aktrisanın sözlərinə görə, 2 il gecikməsinə baxmayaraq bu tamaşa əslində onun 50 illiyinə həsr olunub. Sadəcə tamaşa bir neçə ay bundan əvvəl hazırlanaraq, ictimaiyyətə təqdim olundu

 

Üç nöqtə.-2007.-15 avqust.-S.13.