Teatr heç nədən asılı olmamalıdır
Afaq Bəşirqızı:
İncəsənətin vəziyyətini
qənaətbəxş hesab etmirəm
"Bu gün
Azərbaycan incəsənətinin vəziyyətini o
qədər də qənaətbəxş hesab etmirəm. İncəsənətimizin
inkişaf etməsi üçün mütləq konsepsiya olmalıdır.
Bu, heç bir qərar və qanunla həyata keçən bir şey deyil.
Ümumiyyətlə, incəsənətin
vəziyyətini yaxşılaşdırmaq
üçün dünən
hər bir sahənin rəhbəri onun konsepsiyasını fikirləşməlidir. Bunun
təkcə təşkilat
və idarələrin
üstünə qoymaq
olmaz". Bu sözləri APA-ya açıqlamasında bu
gün 52 yaşını
tamamlayan xalq artisti Afaq Bəşirqızı
deyib. Azərbaycan kinosu və teatrının durumuna toxunan aktrisa bildirib ki, vəziyyətdən
çıxmaq üçün
hamının əl-ələ verməsi vacibdir. O, Azərbaycanda teatrlara sərbəstlik verilməsini vacib hesab edir: Teatrlara
mütləq sərbəstlik
verilməli, onlar heç nədən asılı olmamalıdır. Bu sərbəstlik repertuar seçimindən tutmuş
aktyor seçiminə
qədər olmalıdır.
Yalnız bundan sonra teatrın inkişafından danışmaq
olar. Hər halda, Azərbaycan
teatrı püxtələşməlidir.
Bunun nə zaman
reallaşacağını demək isə çətindir".
Azərbaycan kino və
teatr sənətinin inkişafı üçün bu
günə kimi əlindən gələni
əsirgəmədiyini deyən aktrisa bundan sonra da
bacardığını edəcəyini söyləyib:
"Mənə verilən qiymətdən belə nəticəyə
gəlirəm ki, fəaliyyətim heç də pis deyil.
Sənətimi sevənləri çox şeylər
gözləyir və mən də bunun üçün
bacardığımı edəcəyəm". Doğum
günündə özünə cansağlığı
və ailə xoşbəxtliyi arzuladığını
deyən A.Bəşirqızı daima səhnədə olmaq,
sevib-sevilmək istəyir: "Bu gün 52 yaşım tamam
olur. Bu illər ərzində sevib sevilmişəm. Çox şükür ki, yetərincə sevilirəm
və bununla fəxr edirəm. Məni sevənlərin gözünü heç zaman yolda qoymayacağam.
inşallah, sentyabrda bir sıra layihələr
həyata keçirəcəyəm".
A.Bəşirqızı onu
da deyib ki, sentyabrda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında hazırlanacaq Tamara Vəliyevanın və Faiq Sücəddinovun
"Dəyərəm min
cavana" tamaşasında
oynayacaq.
Yeni Azərbaycan.- 2007.- 16 avqust.- S. 8.