Banu
Rejissorun xarakteri onun hazırladığı tamaşadan
bəlli olur
Loğman Kərimovun sözlərinə
görə, teatrlarda dramaturgiya materialı problemi yoxdur
Gənc Tamaşaçılar Teatrının
Azərbaycan və rus bölmələrində
90-a yaxın aktyor çalışır. Teatrın baş
rejissoru Loğman Kərimov etiraf edir ki, bu
qədər aktyorla işləmək çətindir.
Onun sözlərinə
görə, baş rejissor həm də inzibatçıdır:
"Yəqin mənimki
onlarla tutur ki, birgə işləyirik. Şükür ki, işlər
qaydasında gedir.
Ümumiyyətlə, hansısa aktyorun
rejissoru və yaxud rejissorun aktyoru bəyənməməsi
təbii haldır.
Əsas odur ki, rejissor
istədiyini aktyordan almağı bacarmalıdır.
Mən bu qənaətdəyəm
ki, rejissor xeyirxah olmalıdır".
Teatrların repertuarından söhbət
açan L.Kərimovun
söylədiyinə görə,
əslində mədəniyyət
ocaqlarında dramaturgiya
materialı problemi yoxdur. Çünki əsərlər kifayət qədər çoxdur. Rejissorun fikrincə, Məhəmməd
Füzulidən, Nizamidən
tutmuş Elçinin,
Anarın və digər xalq yazıçılarımızın maraqlı əsərləri
var. Deməli, klassiklərin
və müasirlərin
əsərlərinə müraciət
etmək lazımdır.
O deyir ki, əsər qıtlığı
barədə söylənilən
bəhanədir. "Adil İsgəndərov deyib ki, rejissor
rejissor olarsa, ütünün pasportu ilə tamaşa hazırlayar. Maraqlıdır ki, dünya teatrları Elçinin, Anarın əsərlərini
səhnələşdirir. Tofiq Kazımov İlyas Əfəndiyevin "Sən
həmişə mənimləsən"
əsərini 1967-ci ildə
səhnələşdirib. Buna baxmayaraq, teatrlar
vaxtaşırı bu
əsərə müraciət
edirlər. Sadəcə,
istək, təşəbbüs
göstərmək lazıdır",
- deyə rejissor söyləyir. O əlavə
edir ki, Azərbaycan klassikləri ilə yanaşı, rejissorlarımız Şekspirin,
Şillerin, Balzakın
yaradıcılığına müraciət edə bilərlər.
L.Kərimova gəldikdə, öyrəndik
ki, ona həm
hisslər, həm də fəlsəfi dramaturgiya yüklü əsərlər yaxındır.
Xatırladaq ki, onun son tamaşalarından biri də Elçinin "Hamının günahı"dır
ki, rejissor bu əsərin fəlsəfi məna kəsb etdiyini söyləyir.
Aktyorlarla iş prinsipindən danışan
baş rejissor deyir ki, istedadlı,
nizam-intizamlı, öz
işinə can yandıran
aktyorları xoşlayır.
Zəhmətkeş aktyorlarla işləməkdən
zövq aldığını
dilə gətirən
müsahibim "əgər
söhbət insani münasibətlərdən gedirsə,
ola bilər ki, mən hər
hansı aktyoru insan kimi bəyənmirəm.
Ancaq o, mənə bir aktyor kimi
çox lazımdır",
- dedi. Öyrəndik ki, rejissorun
belə tələbkar
olması təsadüfi
deyil. Belə ki, o, çox
işlək adamdır
və sənətini sevir. Bunun müqabilində qazandığı isə
mənəvi ehtiyaclarının
ödənməsidir. O, bəzi aktyorların rejissordan daha böyük gözləntilərinin
olduğunu vurğulayaraq
"bilirsiniz, stəkanın
içində fırtına
yaratmaq olmur. Əgər aktyorda istedad yoxdursa, rejissorun ondan nəyisə çıxarması çox
müşkül məsələdir.
Unutmaq olmaz ki, raketin
öz sürəti var, təyyarənin öz". Rejissor onu da etiraf edir ki,
heç vaxt tamaşadan tamamilə razı qalmır. Dediyinə görə, aktyorlardan yalnız istədiyinin 80 faizini ala bilib.
Quruluş verdiyi tamaşaların
ünvanına deyilən
tənqidi qəbul etdiyini söyləyən L.Kərimov onu da qeyd edir
ki, yalnız obyektiv tənqidi qəbul edir. Dediyinə görə, tənqidin deyilmə qaydası da var.
Vaxtilə səhnəyə
aktyor kimi gəldiyini xatırladan L.Kərimov söyləyir
ki, məktəbdə
oxuduğu illərdə
rejissor olmaq istəsə də, bu arzusuna sonralar
çatıb. Hazırda peşəkar
teatr rejissorluğu ilə məşğul olan müsahibim xatırladır ki, aktyor tamaşada bir rol, rejissor
isə 10 rol oynayır. Odur ki, o, aktyorluq
etmədiyi üçün
peşmançılıq hissi
keçirmir. O xatırladır
ki, hər bir rejissorun, bəstəkarın xarakteri
onun çəkdiyi filmdə, hazırladığı
tamaşada, yazdığı
əsərdə görünür.
Xatırladaq ki, L.Kərimov
"Qəzəlxan" filmində
yaratdığı obrazına
görə yaddaşlarda
bir aktyor kimi qalıb. Həmin filmin ardınca daha iki filmə
çəkilən müsahibim
söyləyir ki, sonralar filmə çəkilmək dəvəti
alsa da, ssenarini bəyənmədiyindən
imtina edib. Kinonu sevdiyini dilə gətirən L.Kərimov
"bəziləri kinonu
teatrdan ayırır.
Mənim
üçün isə
kino ilə teatr eynidir", - deyir. O əlavə edir ki, yaradıcı
insanlar bir az utopiyadan
uzaq olmalıdırlar.
Teatrların tamaşçı qıtlığı məsələsinə
toxunan L.Kərimovun qənaətincə, hər
bir tamaşanın, şounun, teatrın öz tamaşaçısı
var. Odur ki, heç kimi güclə hansısa tamaşaya baxmağa vadar etmək olmaz. O bu qənaətdədir ki, hər bir məkanın
öz tamaşaçısı
var və heç vaxt futbol azarkeşini gimnastikaya baxmağa məcbur etmək olmaz. Deməli, hər bir şəxs öz zövqünə görə
tamaşa salonunu seçir.
Rejissor xatırladır ki, dövlət başçısının
qərarı ilə Gənc Tamaşaçılar
Teatrı beynəlxalq
standartlara uyğun təmir edilir. Amma müsahibim bundan daxili narahatlıq keçirdiyini etiraf edir. Dediyinə görə, bu
binada daha yaxşı tamaşalar hazırlamağın vacibliyini
anlayır.
Ayna.-2007.-25 avqust.-S.21.