Əbülfəs Qarayev söz verdi

 

Nazir deyib ki, işğal altında olan rayonlarda fəaliyyət göstərmiş muzeylər bərpa olunacaq

 

"Azərbaycanın işğal altında olan rayonlarında fəaliyyət göstərmiş muzeylər, binalar, evlər Azərbaycan xalqına qayıtdıqdan və haqq öz yerini tapdıqdan sonra bərpa olunacaq. Azərbaycan mədəniyyətşünaslıq və muzey sahəsində çalışan insanların bu cür təcrübəsinin mövcud olduğu bir dövrdə bütün problemlər həll olunduqdan sonra orada yaşayan insanlarımızın xatirəsi əziz tutulacaq.

APA-nın məlumatına görə, bu sözləri Mədəniyyət və Turizm naziri jurnalistlərə açıqlamasında deyib. Nazir bu gün  mövcud problemlə bağlı  hər bir vicdanlı azərbaycanlının ürəyinin ağrıdığını deyib: "Hər birimizin  ürəyi yanır ki, bu gün biz  orada bir şey edə bilmirik. Azərbaycanın milli  sərvətləri, tarixi abidələri  dağıdılmaqdadır. Azərbaycan mədəniyyəti  bədnam qonşular tərəfindən mənimsənilir. Lakin biz nikbin olmalıyıq. Dövlət başçısının apardığı siyasət gec-tez bu məsələnin həllinə gətirib çıxarmalıdır". Ə.Qarayev bu gün beynəlxalq təşkilatlar qarşısında bu məsələlərin qaldırıldığını təbliğat aparıldığını vurğulayıb: "Biz bu gün vəziyyəti hər yerdə bəyan edirik. Onlara deyirik ki, bu, bizim ağrıyan yerimizdir bunun üçün biz mənəvi əziyyət çəkirik. Hesab edirəm ki, dünya ictimaiyyəti artıq çoxdan Azərbaycanın haqlı olması qənaətinə gəlib. Biz deyə bilərik ki, Azərbaycanın tarixi mədəniyyəti ilə bağ olan hər bir tarixi yerimiz bizə məxsusdur".

 

Şərq.- 2007.- 23 avqust.- S. 14.