Yusifov E.

 

Qədim və zəngin tariximizi əks etdirən muzey

 

Zaqatala tarix-diyarşünaslıq muzeyinin direktoru Şuay Xəlilovla görüşüb muzey barədə məlumat verməyi ondan xahiş etdik. O dedi:

- Zaqatala tarix-diyarşünaslıq muzeyi 1967-ci ildə yaradılıb. Sahəsinin kiçik olmasına baxmayaraq, muzey çox qədim tarixi eksponatlarla zəngindir. Burada 4261 eksponat qorunur. Ekspozisiyada 700-ə yaxın eksponat nümayiş etdirilir.

Muzeyimizin ilk zalı Zaqatala bölgəsinin flora və fauna aləminə aiddir. Kənd təsərrüfatı sahələri, bitki və heyvanat aləmi, nadir dərman bitkilərinə aid eksponatlar öz əksini tapmışdır (Zaqatala meşələrində 800-dən çox bitki və 32 heyvan növü qorunur).

Həmçinin bu muzeydə bəşər tarixinin ən qədim dövrü-ibtidai icma quruluşu dövrü öz əksini tapmışdır. Ekspozisiyadakı diaqram və fotoşəkillər qədim insanların dünyagörüşləri haqqında təsəvvür yaradır. Bölgəmizin ərazisində aparılan arxeoloji qazıntılan nəticəsi göstərir ki, burada da qədim insan məskənləri olmuşdur. Tapılan materiallar qədim daş və orta əsrlər dövrlərini əhatə edir. Bizim eradan əvvəl III-IV əsrlərdə Şimali Azərbaycan və Cənubi Dağıstan ərazisində alban tayfa ittifaqları əsasında Albaniya dövləti yarandı. Dövləti hökmdarvə kahin idarə edirdi, paytaxtı Qəbələ şəhəri idi. Yeni eranın əvvəllərində burada ilk xristian cəmiyyətləri meydana gəlmişdir. Rayonumuzun ərazisində də o dövrə aid xristian abidələri vardır. Ekspozisiyada bu abidələrin (abidələr Mamrux və Danacı kəndlərində yerləşir) fotoşəkilləri vardır. Muzeydə eramızın əvvəllərinə aid küp qədim albanların taxılçılıqla məşğul olduğundan xəbər verir. Ticarət yolları Albaniya paytaxtını (Qəbələ) müxtəlif ölkələrlə birləşdirirdi. Qazıntılar zamanı alimlər rnüxtəlif ölkələrin pullarını da tapmışlar. Bu onu göstərir ki, Qəbələ bazarına uzaq ölkələrdən də karvanlar gəlirdi.

Ekspozisiyada əks etdirilən tunc geyim və silah nümunələri, bölgə ərazisində yerləşən istehkamlar yerli əhalinin xarici işğalçılara qarşı apardıqları mübarizədən xəbər verir.

Zaqatala bölgəsindən tapılan tunc çıraq, pullar və s. burada sənətkarlığın inkişafına dəlalət edir. Orta əsrlərdə Azərbaycan alimləri təbabət, riyaziyyat, astronomiya, tarix, coğrafiya, ədəbiyyat ilə məşğul olur, əsərlər yaradırdılar. Şərq xalqlarının elm və mədəniyyəti sıx qarşılıqlı münasibətdə tərəqqi edirdi. Azərbaycanda musiqi, rəsm, ədəbiyyat və memarlıq inkişaf edirdi.

Məscidlərin, sarayların divarları, qəbir daşları, dulusçuluq məmulatları və s. hərfi ornamentlərlə bəzədilirdi. Xəttatlar tərəfindən əsərlərin üzü məharətlə köçürülür, onlara bəzək vurulurdu, kitabların ömrünü uzatmaq üçün dəri və başqa materiallardan nəfis cildlər hazırlanır, kağız, mürəkkəb və rənglərin keyfiyyəti qayğısına qalırdılar. Bu əlyazma kitabların əksəriyyətinin üzü yerli xəttatlar tərəfindən köçürülmüş və onların şəxsi şərhləri verilmişdir.

Uzun müddət məscid və mədrəsələr yeganə bilik mənbələri olmuşlar, minlərlə görkəmli alim və ədib ilk təhsillərini burada almışlar.

Muzeyin zəngin əlyazmalar fondu yerli əhalinin elm və ədəbiyyata olan hədsiz marağına sübutdur.

Muzeydə xovlu və xovsuz xalçalarla yanaşı, məişətdə istifadə olunan xalçaçılıq məmulatları - məfrəş, xurcun, heyvə, çul-çuval və s.

vardır. Bu əşyalarda rənglərin aydınlığı və təravəti, naxışların məharətlə əlaqələndirilməsi xalq sənətkarlarının ustalığına dəlalət edir.

Zəngin etnoqrafik materiallar XIX əsrdə Zaqatala bölgəsində sənətkarlığın inkişafını nümayiş etdirir.

Burada qalaylanmış müxtəlif ornament və naxışlarla işlənmiş mis qablar - sini, dolça, qazan və s. görmək olar. Döymə, qravür, basma naxış üsulları ilə nəqş olunmuş həndəsi və nəbati ornamentlər ərəb yazıları ilə tamamlanırdı. Qabların kompozisiyasında Qafqaz Albaniyasının qədim misgərlik sənətinin cizgiləri seçilir.

Metalişləmə sənətində silahları, at, yəhər ləvazimatını bəzəmə xüsusi yer tuturdu. İncə zövqlə bəzədilmiş soyuq silahın bədii tərtibatı üçün döymə, oyma, tökmə, simçəkmə və s. texniki üsullardan istifadə olunurdu. Minasazlıq üsulu ilə əşyanın üzərində oyulmuş rəsmin, yaxud naxışın içi rəngli mina maddəsi ilə doldurulurdu. Sümük və ya metal üzərində naxış salmaq ustadan böyük məharət tələb edirdi. Xəncərin dəstəyi tam gümüşdən düzəldilirdi, qızıl suyuna çəkilirdi.

Qadın paltarına əlavə olaraq ustalar müxtəlif qiymətli toqqalar, alın-gicgah, boyun, döş bəzəkləri, sancaqlar, zəncirlər, dəbdəbəli tac və kəmərlər düzəldirdilər. Şəbəkə, simuzər, minasazlıq və s. bəzək üsullarından geniş istifadə olunurdu. Gümüş üzərinə həkk edilmiş daş-qaş və naxışlar bir-birini tamamlayır. Bəzəklərin sayının çoxluğuna, çeşidliyin müxtəlifliyinə baxmayaraq kompozisiyada ağırlıq hiss olunmur. Hər bəzək əşyası qadın geyiminin ayrılmaz hissəsidir, funksional və dekorativ cəhətcə zəruridir.

Şamil və müridizm - bu guşədə Şeyx Şamilin ailəsinə aid fotoşəkillər, o dövrə aid silahlar, Şamilin şəxsi möhürü ilə yazılmış məktublar nümayiş etdirilir.

1941-1945-ci illər Böyük Vətən müharibəsində Zaqatala döyüşçüləri də Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçmiş və yüzlərlə həmyerlimiz böyük şücaətlərinə görə orden və medallarla təltif olunmuşlar. Zaqatala rayonundan 6909 nəfər cəbhəyə çağırılmış, 3600 nəfər həlak olmuşdur. Həmyerlimiz Səlahəddin Kazımov ən yüksək fəxri ada - Sovet Ittifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Zalın ekspozisiyasında müharibə dövrünü əks etdirən eksponatlar və müharibə veteranlarının fotoşəkilləri nümayiş etdirilir.

Həmçinin bu zalda rayonumuzda mədəniyyət, maarif, səhiyyə, turizm, idman və s. digər sosial sahələrdə əldə edilmiş nailiyyətlərə aid eksponatlar nümayiş etdirilir. Ekspozisiyada rayonumuza gəlrniş xarici qonaqların muzeyimizə verdiyi hədiyyələr də nümayiş etdirilir.

Muzeyimizdə ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın əldə etdiyi nailiyyətlər və bu nailiyyətləri əks etdirən fotoşəkillər də öz əksini tapmışdır.

Keçmiş SSRİ dağıldıqdan sonra tam istiqlaliyyət əldə edən Azərbaycan təcavüzkar qonşumuz və tarixi düşmənimiz olan Ermənistan tərəfindən elan edilməmiş müharibəyə düçar olmuşdur. Xalqımız bu müharibədə yüzlərlə şəhid vermişdir. Ekspozisiyada bu qanlı müharibədə rayonumuzdan şəhid olmuş döyüşçülərin və respublikamızın müstəqilliyi naminə canlarını qurban vermiş milli qəhrəmanlarımızın keçdikləri döyüş yolu və onların şücaətini əks etdirən materiallar nümayiş etdirilir.

 

Respublika.- 2007.- 22 avqust.- S. 8.