Abbasov F.

 

Qalalarımız - qürurumuz, vüqarımız

 

Respublikamızda yeni-yeni ənənələr, bayramlar yaranmaqdadır. Şəki təntənə ilə ipək bayramını, sənətkar gününü qeyd etdi. Göyçay nar bayramını keçirdi. Şənliklərə yerli camaatla, ətraf rayonların, dövlət qurumlarının nümayəndələri ilə birlikdə respublikamızda akkreditə olunmuş xarici ölkə səfirliklərinin nümayəndələri də qatıldılar. Həmin şənliklər hələ də təəssüratlarda yaşamaqdadır. Xarici ölkə vətəndaşlarının təsirləndiklərinin, mütəəssir olduqlarının ifadəsi isə mətbuat səhifələrindədir. El şənliklərinin hər il keçirilməsi qənaəti də məhz bu ovqatdan yaranıb. Bu təşəbbüsə digər rayonlar da qatılmaq əzmini nümayiş etdirməkdədir. Hətta bəzi rayonlar özləri üçün ənənəvi olan sahələri də müəyyənləşdiriblər. İsmayıllı rayonu isə ənənəvi sahələrlə zəngin olsa da, "Qalalar günü"nü qeyd etmək, tədbirə bütün əlaqəli dövlət orqanlarından, eləcə də xarici ölkə səfirliklərindən, beynəlxalq qurumların Bakı nümayəndəliklərindən qonaqlar dəvət etmək fikrindədir. Oktyabr ayına planlaşdırılan bu tədbirə indidən ciddi hazırlıq görülür.
Niyə məhz "Qalalar günü"? Bu sualı çoxları verə bilər. Çünki milli qürurumuz, vüqarımız, şanlı tariximiz olan qalalarımızın aqibəti, taleyi elə bəd gətirib ki, elə bir vəziyyətdədir ki, çətin bununla öyünə bilək. Tariximizə qarşı unutqan olduğumuz kimi, onun yadigarları olan qalalarımıza da biganəlik göstərmişik. Bu gün belə yadigarlar ya tamamilə məhv olub sıradan çıxmaq üzrədir, ya da əyləncə yerlərinə, kababxanalara, restoranlara çevrilməkdədir. Qəhrəmanlıq, mərdlik, milli qürur, mətanət, yenilməzlik, əyilməzlik simvolu olan qalalarımız yer üzündən silinib itmək təhlükəsi qarşısındadır. Bununla da özümüz birbaşa olaraq bizi dünyaya qəhrəman, tarixi ənənələrə malik xalq kimi yox, başqa-başqa çalarlarda tanıtmaq istəyən bədxahlarımıza, düşmənlərimizə rəvac veririk. Bizə həmin qalaların xarabalıqları, divar qalıqları gəlib çatıb. Bu gedişlə gələcək nəsillərin hətta bundan da məhrum olacaqları reallıqdır. "Qalalar günü"nü qeyd etmək təşəbbüsündə olan İsmayıllı Rayon İcra Hakimiyyətinin məqsədi də diqqəti məhz bu reallığa yönəltməkdir. Bu təşəbbüsün İsmayıllıda ünvan tapmasının səbəbi isə rayonun belə tarixi abidələrlə zənginliyidir. İsmayıllı qalalar diyarıdır.
Strateji mövqeyinə, bərəkətli torpaqlarına və nemətlərinə görə Azərbaycan bütün dövrlərdə yadelli işğalçıların diqqətini cəlb edib və buna görə də tarix boyu müharibələr meydanına çevrilib. Yalnız silaha, qeyrətə və qol gücünə arxalanmaqla güclü orduların qarşısını almaq mümkün deyildi. Yurdu və xalqı məhv olmaqdan qorumaq üçün həm də etibarlı sığınacaqlar lazım idi. Belə maneələr adətən düşmən önündə zəhmli bir sipərə çevrilən qalalarımız olub. Təsadüfi deyil ki, təkcə Azərbaycanın şimal hissəsində 360-dan artıq dağ qalası tikilib. Xalqımızın qeyrət simvoluna çevrilən qalaların çoxluğu həm ulularımızın mübarizə əzmindən, həm də bu mübarizənin son dərəcə ağır olduğundan xəbər verir.
Belə qeyrət simvollarından biri də Cavanşir qalasıdır. Bu qala VII əsrdə tariximizdə çox parlaq izlər qoymuş bacarıqlı dövlət xadimi və görkəmli sərkərdə, Girdman hökmdarı, Mehranilər sülaləsinin ən görkəmli nümayəndəsi Cavanşirin adınadır. O Cavanşirin ki, Babəklə, Koroğlu ilə, Qaçaq Nəbi ilə bir sırada qürurumuzdur. Həmişə onun adını bayraq etmişik, övladlarımızı Cavanşir çağırmışıq. Onun qalasını isə dəyərincə qoruyub ziyarətgaha çevirə bilməmişik. Hətta çoxumuz belə bir qalanın mövcudluğundan da xəbərsizik. Cavanşir qalası isə milli fəlakətimiz olan unutqanlığımıza baxmayaraq, dağıntılara sinə gərərək günümüzə qədər gəlib çatıb.
Talıstan kəndindən 4 kilometr şimalda, Ağ çayın sağ sahilindədir. Qaladan xeyli aralı "Səngər yeri" adlı kiçik düzənlik var. Sözsüz ki, bu toponim təsadüfi deyil. Burada qalaya olan hücumların qarşısı alınıb, ciddi müqavimətlə qarşılaşan, itki verən düşmən hücumu tam gücü ilə davam etdirmək iqtidarında olmayıb.
Qala kirəc məhlulu ilə irili- xırdalı çay daşlarından tikilib. Sahəsi elmi ədəbiyyatda 1,5 hektar göstərilsə də, əslində 2 hektara yaxındır. Yer sürüşməsi nəticəsində qərb divarları tamamilə uçulub. Üç tərəfdən Ağ çayın dərin və keçilməz dərəsi ilə dövrələnən qalaya giriş yalnız cənub tərəfdəndir. Burada eni 2,5 metr olan darvaza yeri qalmaqdadır. Cənub divarları çox möhtəşəmdir. Həmin hissədə divarların qalınlığı 2, hündürlüyü isə 10 metrdən çoxdur. Hətta bir sıra yerlərdə 12-15 metrə çatır. Divarların üstündə bir-birindən 40- 50 santimetr aralı və 1-1,2 metr hündürlüyü olan daraqvari dişlər ucalır. Qalada 6 bürc var. Onlardan bəzilərinin diametri 8 metrə çatır. Divarları möhkəmləndirmək məqsədilə tikilmiş bu bürclər cənub tərəfdə dördkünc, digər tərəflərdə isə dairəvi formadadır.
Qüdrətli bir müdafiə istehkamı olan Cavanşir qalası əsasən iki hissədən ibarətdir: qala və Narınqala deyilən iç qala. Narınqala şimal hissədədir. Onu əsas qaladan ayıran divarlar güclü dağıntıya məruz qalıb, bir sıra yerlərdə isə yalnız bünövrənin izləri görünür. Qalanın şimal qurtaracağında baş müşahidə məntəqəsi yerləşir. Oradan "Səngər yeri" və ümumiyyətlə cənub vadi aydın görünür.
Güman edilir ki, Cavanşir qalasının şimal-şərq hissəsində gizli yol olmuşdur. Müharibə zamanı ərzaq və su gətirilən bu yolun olduğu tərəfdən qalaya hücum üçün heç bir imkan yoxdur.
Cavanşirin hökmranlıq etdiyi Girdman Azərbaycanın qədim dövlətlərindəndir. Bu dövlət VI əsrin sonu - VII əsrin əvvəllərində Girdman çayının hövzəsində təşəkkül tapıb. Dövlətin paytaxtı sonralar Bərdəyə köçürülüb. Cavanşirin atası Varaz Qriqorun hakimiyyəti dövründə bu dövlətdə xristianlıq qəbul edilib. Odur ki, Girdman dövlətinin əhatə etdiyi ərazilərdə xristian abidələrinin mövcudluğu təbiidir.
Cavanşir 616-cı ildə doğulub. Onun hökmranlığı dövründə (637-680-ci illər) Girdman dövləti özünün ən yüksək tərəqqi dövrünü yaşayıb. Alban tarixçisi Musa Kalankatlının yazdığına görə, Cavanşirin hökmranlıq etdiyi vilayətin hüdudları Gürcüstan sərhədlərindən tutmuş Hunlar qapısı (Dərbənd) və Araz çayınadək uzanırdı. Cavanşir Girdman dövlətini yadelli işğalçılardan - Bizans imperiyasından, xəzərlərdən qorumaq üçün müharibələr aparmışdır. O, 7 il ərəblərə qarşı vuruşmuş, misilsiz şücaət göstərmişdir. Cavanşir diplomatiya sahəsində də qabiliyyəti ilə seçilirdi. O, bununla Albaniyanı dəfələrlə dağıdıcı müharibələrdən, qarət və soyğunlardan xilas etmişdir. Belə məqsədlərlə Cavanşir hətta iki dəfə xəlifə Müaviyənin görüşünə də getmişdir. Xəlifə bu görüşlər zamanı Cavanşirin nüfuzu ilə hesablaşmışdı.
Yenə Musa Kalankatlının verdiyi məlumata görə, Cavanşirin bütün hökmranlığı onun adına yalnız şöhrət və iftixar qazandırıb. Dövrünün ustad şairi Dəvdək onun ölümünə həsr olunmuş 140 misralıq qəsidə yazıb.
Cavanşir 680-ci ildə sui- qəsd nəticəsində öldürülüb. Deyilənlərə görə, vəsiyyət edib ki, məni düşmən sərhədində basdırın, oğullarda qeyrət olsa, qəbrimi düşmən tapdağına verməzlər. O, sağ ikən ağlı və qolunun gücü ilə, öləndən sonra isə məzarı ilə vətəninin keşiyində dayandı. Təəssüf ki, biz yurdun sərhədini keçən o müqəddəs məzarın yerini bu gün bilmirik. Bilmək bir yana, yurdumuzun beşdə biri düşmən tapdağındadır. Bəlkə o böyük sərkərdə elə o torpaqlarda uyuyur?! Biz özümüzü Cavanşir övladı adlandırırıq. Qürurlanırıq bununla. Cavanşir qalası isə uçub dağılır, misqal-misqal itir. Torpaqlarımız da ki yağı tapdağı altındadır.
Hər qala tariximizin rəvayətlər, əfsanələr, nağıllar ünvanı olan səhifələridir. Təəssüflər ki, həqiqətlər hələ də rəvayətlər, əfsanələr pərdəsi arxasındadır. İsmayıllı rayonundakı "Qız qalası" da respublikamızın bütün dağlıq bölgələrində mövcud olmuş eyni adlı qalalar kimi məchulluq ünvanıdır.
Bu qala Xanagah kəndi yaxınlığında, Axox çayının sahilində, "İsmayıllı" dövlət yasaqlığının ərazisində yerləşir. XI-XII əsrlərə aid qala Axox çayının sağ sahilində sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın zirvəsində tikilmiş müdafiə istehkamıdır. Sahəsi 1,5 hektardır. Qalaya giriş yolunun üstündəki dərənin boğazında uzunluğu 26,6 metr, eni 1,3 metr, hündürlüyü isə 7,7 metr olan sədd var. Divarları daşdandır. Bəzi yerləri kərpiclə üzlənilib. Abidənin şimal hissəsində sahəsi 300 kvadratmetr olan terrasdakı "İç qala"dan Cavanşir qalasına yeraltı yolun olduğu güman edilir.
Qasımxan qalası. Qalacıq kəndinin təqribən 7-8 kilometr şimalında Göyçay çayının mənbəyinə yaxın bir sahədə, "Səngər" adlanan ərazidə, qayaların üstündədir. Qalanın mövcudluğu yalnız torpaq səddən və kərpic qırıntılardan məlumdur. Ən çox dağıntıya məruz qalan tarixi abidələrdəndir. "Qasımxan" qalasının XVIII əsrdə tikilməsi güman edilir. Qədim zamanlarda qalanın yaxınlığından Dağıstana yol gedirmiş. Bu yolun qalıqları indi də müşahidə olunur. Qala müdafiə məqsədli istehkamdır. Qalanın özünə qədər nəqliyyat yolu yoxdur.
Girdman qalası. İndiki Lahıc qəsəbəsinin qədim Girdman dövlətinin mərkəzi -olduğu güman edilir. Rayon mərkəzindən 37 kilometr şərqdə Girdman çayının sol sahilində yerləşir. Erkən orta əsrlərdə Girdman vilayətinin, daha sonra Layizan məlikliyinin inzibati ərazisi olmaqla bərabər, eyni zamanda qədim Albaniya dövlətinin alınmaz qalası sayılıb. Lahıc qəsəbəsində 1980-ci ildə yaradılmış Tarix və Mədəniyyət Qoruğu fəaliyyət göstərir. Qoruq ərazisində 93 tarix və mədəniyyət abidəsi mühafizə olunur ki, bunlardan 71-i şəxsi yaşayış evləri, 22-si isə müxtəlif təyinatlı tikililərdir. Qoruğun ərazisi 80 hektardır.
Xan qalası. Abidədən bu gün bir neçə metr uzunluğu olan, nisbətən hündür daş divar qalıb. Bu, qala divarlarının qalıqlarıdır. Qalanın içərisində saray kompleksi - Şirvan hakimlərinin yay iqamətgahı olub. Həmin saray kompleksinə aid edilən otaqlardan ikisi Milli Elmlər Akademiyasının əməkdaşları tərəfindən bir neçə il əvvəl təmizlənib. Qalanın XII-XIII əsrlərdən gec olmayaraq tikildiyi güman edilir.
Haram qalası Sulut kəndi yaxınlığında, Haramçayın sağ sahilində, çox da hündür olmayan və son dərəcə mənzərəli bir sahədə yerləşir. Yerli sakinlər bu qalaya Qırxotaq və ya Qırxqız qəsri də deyirlər. Kirəc məhlulundan istifadə etməklə tikilən bu abidə olduqca yaxşı mühafizə olunub. Müəyyən hissələrini nəzərə almasaq, abidənin divarları bütünlüklə salamatdır. Abidə "Qırxotaq" adlandırılsa da, oradakı otaqların sayı daha çoxdur. İri dəhliz yerləri aydın görünür. Rəvayətə görə, Şirvan xanları hər otaqda bir gözəl qız (hərəm) saxlayırmışlar və onların bir-birindən xəbəri olmazmış. Belə fikir yürüdülür ki, Haram qalası həm də hərəm qalası olub.
"Fit dağı". Qalanın adı hündürlüyü dəniz səviyyəsindən 1810 metr yüksəklikdə yerləşən Fit dağının adından götürülüb. Qədim hərbi strateji əhəmiyyətə malik qala Şirvanşahların iqamətgahı - sığınacağı olub. Qalaya getmək üçün Sulut kəndi yaxınlığındakı Haramçayın yatağından piyada və ya atla dik qalxmaq lazımdır. Qala yaxınlığında daşdan müdafiə səddi çəkilib. Ətrafında orta əsrlərə aid tikili qalıqları, hamam yeri, meydançalar var. Qalanın XVIII əsrdə tikildiyi güman edilir. Hal-hazırda Fit dağının şərq yamacında Haramçaydan 250-300 metr yüksəklikdə iri daşlardan tikilmiş sədd qalmaqdadır.
Basqal 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Qalabaşı məhəlləsi ərazisində XIV əsrdə tikildiyi güman edilən, qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bugünədək qalmaqdadır. "Basqal" toponimi təmiz türk sözüdür və "qala başı", "qala qur", "qala yarat", "qala ucalt", "baş qala" mənasını ifadə edir. Basqal Tarix-Mədəniyyət Qoruğuna XVI əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir.
"Buzxana" rayonun Sulut kəndi yaxınlığında yerləşir. Uzunluğu 12 metr, eni 7 metr olan bu tarixi abidə çay daşından tikilib. Abidənin üstü dağvari formada tamamlanıb. Onun əsas hissəsi yerin altında, üstünün tağı isə yer səthindədir. İçəri tərəfdən divarlarının bir hissəsi hamar və yonulmuş daşlarla üzlənib. Buzxananın cənub-qərb burnunda onun kiçik və darısqal qapısı yerləşir. "Buzxana" adı ilə məlum olan bu tikilidən hansı məqsədlə istifadə edildiyi məlum deyil. Lakin bura daha çox kiçik həbsxana kamerasına oxşayır.
Oxucu fikir verdisə, ən çox işlətdiyimiz ifadə "güman edilir" oldu. Təəssüflər ki, tariximizə aid çox mətləblər kimi, qalalarımızın hansı məqsədlərlə tikildiyi, istifadəsi və strukturu da gümanlar üzərində qurulub. Xarabalıqları, uçuq-sökük divarlarının qalıqları, yerləşdikləri məkan, öz əzəmətini indinin özündə belə itirməyən bu misilsiz abidələr ulularımızdan bizə yadıgardır. Qürurumuz, vüqarımızdır. Biz onları qorumalıyıq, öyrənməliyik, qarış-qarış tədqiq etməliyik. Bununla biz ilk növbədə özümüzə, əslimizə-kökümüzə hörmət etmiş olarıq. Ancaq belə olduqda başqalarını bizə, tariximizə hörmətlə yanaşmağa məcbur edə bilərik. İsmayıllı Rayon İcra Hakimiyyəti bu təşəbbüsdə birincidir. İnanırıq ki, ismayıllılar məqsədlərinə çatacaqlar və onların bu vətənpərvərlik təşəbbüsləri bölgədən-bölgəyə ötürüləcək, ümumdövlət, ümumxalq əhəmiyyətli bir ənənəyə çevriləcəkdir.

Azərbaycan.-2007.-18 avqust.-S.6.